Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Basıb tutun!

Ağ əllərin dalda çatın,

Qafillicə başın kəsin.

Alca qanın yerə tökün,

Elin-günün basıb soyun.

Ordusunu yəğmalayın,

Ev-uşağın əsir qılın!

 

Məgər təkur məclisində

Casusu var Bəkilin də.

Varıb gəldi:

– Nə yatıbsız, mərə, durun,

Başıvıza çarə qılın –

İş belədir!

Üstünüzə yağı gəlir.

Deyə, xana xəbər verdi.

 

Düşkün igid

Sağa baxdı, sola baxdı,

Göylər qısnaq, yerlər qatı,

Heç tərəfdən mədəd yoxdu.

Oğlancığın çağırıban,

Söy söylədi, nələr dedi:

 

– Oğul, oğul, canım oğul!

Aydınlıca göz işığım,

Əl ağacım, qanım oğul,

Sən bax mənim bir işimə,

Nələr gəldi gör başıma.

 

Bayındır xan məclisindən

Dura gəlib,

Qazlıq atım bütün minib,

Quş quşladım, ov ovladım.

 

Boynu sınsın, Ala ayğır

Sürüşübən büdürədi,

Məncığazı yerə çaldı.

Sağ ayağım burxuluban

Sınar oldu.

Qara-qara bu dağlardan

Xəbər aşdı,

Qanlı-qanlı gur sulardan

Aşıb keçdi.

Azğın dinli düşmənlərim

Xəbər tapdı.

Ala atlı Şöklü Məlik,

Qatı susmuş,

Mən Bəkili yatar yerdə

Tapın, demiş.

Qarğısından ağ əllərin

Çatın demiş.

Ordusunu yəğmalayıb

Çapın, demiş.

Ağca üzlü qız-gəlinin

Əsir qılıb tutun, demiş.

Qalxıbanı öz yerindən

Durgil, oğul!

Qara yallı Qazlıq atın

Mingil, oğul!

Canım oğul, öpüm gözün!

Əyri yatan bu dağlardan,

Daşğın axan gur sulardan

Keçib-gedib,

Ağ alınlı Bayındır xan

Divanına yetir özün.

Ağız-dildən ulu xana

Salam verib,

Qırış günü öndən təpən,

Bəylər bəyi Xan Qazanın

Əlin öpüb

Söyləgilən:

– Ağ saqqallı qoca Bəkil

Bükülübən bükük qalmış.

Söyləmiş ki, hələ həlbət

Özün mənə yetir, əlbət.

Hüdudumuz pozuluban

Ölkəmizə yad soxulur,

Qız-gəlinim düşmənlərə

Əsir olur.

Bəlli bilgil!

 

İgid oğlan babasını

Dinləyərək söy söylədi.

Baxaq görək quzu aslan

Nə düşünüb, nələr dedi:

 

– Canım baba, gözüm baba,

Nə söylərsən, nə ağlarsan?

Ürəyimi nə dağlarsan?

Qalxıbanı öz yerimdən

Durmağım yox!

Qara yallı Qazlıq ata

Minməyim yox!

Əyri qübbə Ala dağı

İlqayıban aşmağım yoxl

Ağ alınlı Bayındır xan

Divanına getməyim yox!

Qazan kimdir? Onun əlin

Öpməyim yox!

 

Altındakı Ala atın

Vergil mənə,

Meydanlarda çapızdırım

Sənin üçün!

 

Əynindəki bərk əyinli

Dəmir donun vergil mənə,

Yeni yaxa sökdürərəm

Sənin üçün!

Qara polad qılıncıvı

Vergil mənə,

Qafalıca baş kəsərəm

Sənin üçün.

Qarğı dallı, ilan dilli

Süngüvü sən vergil mənə,

Köksüsündən ər sancaram

Sənin üçün!

Ağ yelikli ötgün oxun

Mənə vergil,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info