Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Əfyunun kölgəsində,

Baş atıb yatır-yatsın.

 

Öz aynasına baxsın,

Müntəzir əllərilə

Abestərə yaratsın.

 

Mən gördüyüm dünyada

Hər şey aşkar, aydındır,

Günəş var, işıq salır!

 

İnsanlar məhkum deyil,

Çiçək açır, bar verir,

Həyatından zövq alır!

 

İnsanlıq var, dostluq var,

Sevgi var, məhəbbət var,

Mən gördüyüm dünyada!

 

Təmtəraqlı bir dastan,

Təntənəli bir aləm,

Əzəmətli bir məna!

 

İnsan tək özü deyil,

Keçmişi, gələcəyi,

Eşqi var, məqsədi var!

 

Quru, boş xəyal deyil

Bu aləm, bu kainat,

Bu qış, bu yay, bu bahar!

 

İtil, ey düşkün xəyal,

Səfıl röyalarınla!

Dünyamdan çıx, tək dolan!

 

Get, varlığı, həyatı,

Eşqi, dostu, insanı

Hər nə ki, sanırsan, san!

 

Mən tək özüm deyiləm,

Xalqımın, ellərimin

Nəbzi mən ilən vurur!

 

Hər qəlbim çırpınarkən

Köksümdə bir ürək yox,

Milyon ürək çırpınır!

 

Mən o kəpənəyəm ki,

Dünyada “Həyat” adlı –

Şöləyə vurulmuşam!

 

Yansam da, bakim yoxdur,

Əzəldən bu sevdada,

Yanmağa doğulmuşam!

 

İçimdə, ürəyimdə

İnsan idealının,

Üfuqsüz dünyası var!

 

Eşqimin, inamımın

Dalğası dağlar boyda,

Sahilsiz dəryası var!

 

Mən tək özüm deyiləm,

Keçmişdən doğulmuşam,

Məndən doğur gələcək!

 

Mən tək özüm deyiləm,

Çürüsəm də, ölsəm də

Varlığım ölməyəcək!

 

Qoyun, sarsaq səfıllər

Söyləsin belə deyil,

“Almıram mən özümə”!

 

Desinlər bu sözlərlə,

“Başsağlığı verirəm

Mən özüm öz-özümə”.

 

* **

Aşıq, çal sazıvı, aç dastanıvı,

Çaldığın nəğmələr həyat marşıdır!

İnsanın həyatı, yolu vuruşdur,

Vuruşu zülmətə, zülmə qarşıdır!

 

Həyat tək bu saat, tək bu gün deyil,

Dünəni var imiş, sabahı da var.

Keçən gün bu günü doğduğu kimi,

Bu gün də vəqt ilə sabahı doğar.

 

Danış, gözüm aşıq, gözüvə qurban!

Keçmişlərdən danış, dünəndən danış.

Özüvə, sazuva, sözüvə qurban!

El-obadan danış, vətəndən danış!

 

El-oba sözündə, vətən sözündə,

Yəqin bir ülviyyət, bir həqiqət var.

Boşbeyin adamlar deyilmiş, şəksiz,

Bu yolda baş verib, canın qoyanlar.

 

Vətəndir həyatın, ömrün hamısı,

Vətənsiz insanın günü hədərdir.

Vətəndir igidin irzi, namısı,

Vətənə yan baxan bir dərbədərdir.

 

Üfuqsüz göylərdə qanadlansa da,

Dönüb yuvasında daldalanar quş.

Vətənsiz yaşayan səhman tapanmaz,

Xarabada yatar uğursuz bayquş.

 

Danış, dilim aşıq, dilin var olsun,

Ardı kəsilməsin qoy bu dastanın!

Danış, keçənlərin izilə bəlkə

Əlindən yapışaq yol axtaranın!

 

Danış şirin canın əlində tutub,

Ölüb vətənini yaşadanlardan!

Danış çıraq kimi özünü yaxıb,

Dünyamıza işıq parladanlardan!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info