Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

 

Yolun çəkib gedən bu qafilənin

“Kamal” adlı yüksək bir məqsədi var.

Bu gedişdə insan həm yolkəsəndir,

Həm qafilədir, həm qafilə salar.

 

Şeytan da, mələk də, cin də, pəri də

Onun yonduğudur, yaratdığıdır.

Hər nədir, özüdür xeyir də, şər də,

Öz yatırtdığıdır, oyatdığıdır.

 

Ayaqlar qabardır, yollar daşlıdır,

Hər addımda müdhiş bir uçurum var.

Lakin qafiləni çəkir, aparır,

Sönməz bir iştiyaq, dönməz bir ilqar.

 

Yorqunlar yorulub qaldıqcan çavuş

Yeni yolçulara “gəl gedək” – deyir.

Yiyəsiz qalmayır dəmir çarıqlar, –

Atalar çıxarır, oğullar geyir.

 

Əgər çıxa bilsək mücərrədlikdən,

Həyatı həqiqət gözilə görsək.

Ölüm “həyat” – deyə, “yenilik” – deyə,

Bir dəyişikliyə çeviriləcək.

 

Bir dəyişiklik ki, nəticəsində

Çürük çevriliri cavan qüdrətə.

Qafilə yeni güc, yeni qüvvətlə,

Yolun çəkib gedir əbədiyyətə.

 

Demək, Xəyyamların əsəflənməsi

Yersiz olmasa da, ancaq yanlışdır,

“Kuzəçi” yeni bir “qədəh” düzəldir,

Dalıyca köhnəni “çalır, sındırır”[1].

 

Çətinliklər bizə basqın edirsə,

Silahsız deyildir həyatda insan.

Təbiət tükənməz qüvvələrini

Ona qul yaradıb yaradan zaman.

 

Ömür burulğanına atılan insan

Sanma əl-qol çalıb axır boğulur.

Bu vuruşmalardan, ziddiyyətlərdən

Yenilik cücərir, kamal doğulur.

 

Burda ölməz bir söz düşdü yadıma,

Sabirdən – o böyük ölməz insandan:

Bu çaxnaşmaları viranlıq sanma,

Çalxanır, ayrılır kərə ayrandan![2]

 

Yenə də şerimin dənizi daşır,

Qoy daşsın, dalğası daha yüksəlsin!

Dağıtsın şeri həzyana çəkən

Sarsaq itginlərin qarğı küməsin.

 

* * *

Oxucum, sən tanıq ol,

Bəlkə də “belə deyil,

Almıram mən özümə”.

 

Deyirlər bu sözlərlə

“Başsağlığı verirəm

Mən özüm öz-özümə”.

 

Günlər ömür yolunda

Sim ağacları kimi

Gəlib keçir birbəbir,

Hamılar görə bilmir

Bu yolun, bu gedişin

Axırı hara gedir.

Bəzən düşkün xəyallar

Zəhləsiz şəbəh kimi,

Mənə də qarşı durub.

 

Sarsıdığı duyğular

Ölüm zınqırovu tək

Qulağımda zəng vurub.

 

Məgər bu həyat nədir?

Görünməz bir məqsədin

Daşlı-torpaqlı yolu?

 

Yaxud Dünya adlanan

Bu “susuz biyabanda”,

Bir yarımçıq kuzə su?

 

Hər “mənasız bir həvəs”

Yandırır içimizi,

İçdirir onu bizə?!

 

“Həvəs”lərin sayı yox,

Atəş sönülməz, atəş

Boşalır hər an kuzə?!

 

Mənə belə gəlir ki,

Bir dustaq məhkum kimi,

Dirəyə bağlanmışam.

 

Əcəlin dələr oxu,

Bağrımı yarmaq üçün,

Növbətə dayanmışam.

 

Düşünmüşəm o anı –

Müntəzir məhkumların,

İztirabın, dəhşətin.

 

Görmüşəm boş xəyaldır,

Özüm də anmayıram

Məhkumların halətin.

 

Qoy tək bir ədəd kimi,

Mücərrədliyə cuman

Doğruçuluq məhkumlar.

 

Belə düşünsün ancaq.

Məncə ömrün, həyatın

Başqa həqiqəti var.

 

Qoy hansı itkin səfıl,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info