Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Xatın buna qatlaşmayıb

Geri döndü.

Qırx incə qız yoldaşların

Atlandırdı.

Bədöy atın səyridərək,

“Oğul” deyibən yola düşdü.

Qışda, yazda qarı, buzu

Əriməyən Qaba dağa

Atın sürdü,

Alçaqlardan ucalara

Çapıb çıxdı.

Bir dərənin üzərində

Quzğunları uçar gördü,

Bədöy atın o tərəfə

Qamçıladı.

 

* * *

Oğlan atdan yıxılarkən

Göy-boz atlı Xızr İlyas

Başı üstə hazır olub,

Bərəkətli əllərilə

Yarasını sığıyaraq:

– Bu yaradan qorxmagilən,

Sənə ölüm yoxdur ondan.

Dağ çiçəyi, ana südü

Məlhəmindir sənin, oğlan! –

Deyə, dönüb qeyb olmuşdu.

 

Xızr gedir, oğlan iki

Tazisilən qumlar üstə

Düşüb qalır.

Qarğa-quzğun qan görübən

Yaralını qavmarlayır.

Kəlbəciklər mırıldayıb

Dövrəsinə dolanırlar.

Quzğunları qovalayıb

Qonmaqlığa qoymayırlar.

 

* * *

Başılovlu yazıq ana

Al qanına batıb yatan

Balasının leşi üstə

Çapar yendi.

Oğlanını duymaz gördü,

Çağırıbən nə söylədi:

 

– Yuxu almış qara, xumar

Gözlərini bir aç axı!

 

Gözlərini kədər tutmuş

Bu anaya bir bax axı!

 

Tanrı verən şirin canın

Seyrandaymış indi axı!

 

Dil-ağızdan, şirin candan

İki kəlmə xəbər mənə!

 

Qara yazı, qara başım

Qurban olsun, oğul, sənə!

 

Qarşı yatan uca dağlar

Ucalarkən alçaq olsun!

 

Qazlıq dağdan axan sular

Axar ikən, axmaz olsun!

 

Bu dağlarda bitən otlar

Bitən yerdə bitməz olsun!

 

Qayalarda qaçan ceyran

Qaçar ikən qaçmaz olsun.

 

Qəza səni hardan tutdu?

Aslandanmı, qaflandanmı?

Bədənində canın varsa,

Dil-ağızdan xəbər mənə.

Qara yazı, qara başım

Qurban olsun, oğul, sənə!

Anasını dinləyərək

Gözlərini açdı oğlan,

Görək dili tutar-tutmaz

Nə söyləmiş anasıylan:

 

– İrəli gəl, sinəsindən

Qana-qana

Süd əmdiyim ağ birçəkli

Qadın ana!

 

Qazlıq dağdan axan sular

Günahsızdır, qarğama gəl!

 

Bu dağlarda bitən otlar

Günahsızdır, qarğama gəl!

 

Qarşı yatan uca dağlar

Günahsızdır, qarğama gəl!

 

Sıldırımda ceyranlar da

Günahsızdır, qarğama gəl!

 

Aslanlar da, qaflanlar da.

Günahsızdır, qarğama gəl!

 

Qarğasan, babamı qarğa,

Bu iş mənə babamdandır –

Deyə, oğlan yenə dedi:

 

– Ana, nə qorx, nə də ağla,

Göy-boz atlı Xızr İlyas

Başım üstə gəldi mənim,

Ox yarama çəkdi əlin:

– Bu yaradan sənə ölüm

Yoxdu! – dedi.

Dağ çiçəyi, ana südü

Dərmanındır, – demiş – sənin.

 

* * *

Yaralının sözlərini

Dinlədikdə qırx gülbədən,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info