Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Açır eşqin yazını,

Nəğmələri oynadır

Çəmənlərin qazını.

 

Çəmən gülür, gül gülür,

Dağlar gülür, el gülür,

Gülüşdükcə təbiət

Nəğmə gülür, tel gülür.

 

Gülür çəmən, gülür çay,

Gülür dağın lalası,

Gülüşlərdən zövq alır

İnsanlığın anası.

 

Coşur aşığın qəlbi,

Dolanır hər diyarı,

Deyir Qorqud Dədədən

Sazının dodaqları.

 

* * *

Sərin-sərin əsən zaman

Salxım-salxım dan yelləri,

Qaqqıldaşıb səyirəndə

Boz irəgli torağayı,

Uzunsaqqal, uzunətək

Tat, dam üstə banladıqda,

Bədöy atlar yorğalayıb

Yollar üstə uğradıqda.

 

Üfüqlərdən baş qavzayıb

Qaş atanda qızıl laçın,

Köksü gözəl Qaba dağa

Döşəyəndə sarı saçın,

Hər tərəfdən xanlar, bəylər,

Qoç igidlər mindi atın,

Yollar üstə toz qoparıb

Uğradılar axın-axın.

 

* * *

Xan oğlu xan Xan Bayındır

Toy edərdi ildə bir gün,

Qonaqlayıb toylayardı

Oğuzların xanın, bəyin.

 

Demək, yenə xanlar xanı

Bir gün yerdən durmuş idi,

Qızılqübbə Şam günlüyün

Yer üzündə qurmuş idi.

 

Ala seyvan göy üzünə

Ucalıban asınmışdı.

Min bir yerdə ipək xalça

Döşənmişdi, salınmışdı.

 

At öldürüb, dəvə kəsib,

Buğur, ayğır qırdırmışdı,

Hər tərəfdə üç irəgdə

Çadır-otaq qurdurmuşdu.

 

– Oğlu olanı ağ çadıra,

Qızı olanı al çadıra,

Oğlu-qızı olmayanı

Qara keçə üzərində

Əgləndirin!

Qara qoyun yəxnisindən

Yemək verin! Yesə, yesin,

Yeməz, getsin!

Oğlu-qızı olmayanı

Tanrı-taala qarğamışdır,

Biz də dəxi qarğıyırız!

Hamı bunu bəlli bilsin! –

Deyə, o gün Xan Bayındır

Hökm etmişdi.

 

* * *

Qalın Oğuz ellərində

“Dirsə xan” – şöhrəti olan

Bir bəy varmış, lakin onun

Nə oğlu var, nə də qızı.

O da başqa bəylər kimi

Ala sabah yerdən durur,

Qırx igidin atlandırır,

Yola düşür.

Bayındırın igidləri

Soyuqluqla qarşı çıxır.

Dirsə xanı aparırlar

Qara evə.

Çadırına qara keçə

Döşəyirlər.

Yemək vaxtı onun üçün

Qara qoyun bozbaşından

Gətirirlər.

 

Belənçilik qarşılanmaq

Dirsə xana ağır gəlir.

– Məndən hansı əskikliyi

Gördünüz ki, məni bu cür

Həqir sandız?

Məndən əskik kişiləri

Ağ otağa, al otağa

Qondurdunuz?!

Qılıncımdan, ya süfrəmdən? –

Deyə, Dirsə sual verdi.

– Görüklü xan, Bayındır xan

Buyuruğu belədir ki,

Oğlu-qızı olmayanı

Tanrı-taala qarğamışdır,

Biz də dəxi qarğıyırız! –

Deyə, onlar aytdılar.

– Qalxın gedək, igidlərim!

Bu qara eyb

Ya məndən, ya xatındandır –

Deyə, Dirsə yerdən durdu,

Evə gəldi.

Xatınını çağırıban nə söylədi:

 

– Bəri gəl, hey başım baxtı,

Evim taxtı,

Evdən çıxıb sallananda

Sərv boylum,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info