Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Axmaq Dirsə, Qorqud Dədə

Odumlamış qatı yayı

Ələ aldı.

Üzənginin üstə qalxdı,

Yayı çəkdi, öz oğlunun

Kürəyinin arasını

Nişanladı.

Ox kamandan sıçıradı,

İldırım tək uçub şaxdı,

Buğac xanın kürəyindən

Dəyib yaxdı.

Alca qanı şorulladı,

Bədöy atın uzun boynun

Qucaqlayıb yerə düşdü.

Ol namərdlər Dirsə xanı

Oğlanının nəşi üstə

Getməyə də qoymadılar.

Atlarını döndəribən

Qayıtdılar.

 

* * *

 

Yazıq xatın:

– Oğlancığın ilk ovudır,

Gərək Oğuz bəylərini

Toyluyalım – deyə, qalxıb

Yumurlanıb uru durdu.

At öldürdü, dəvə kəsdi,

Buğur, ayğır, qoç qırdırdı.

Qırx incə qız dövrəsində

Dirsə xana qarşı vardı.

 

Qıpıqların qaldıraraq,

Dirsə xana nəzər saldı,

Sol-sağına göz gəzdirdi,

Oğlancığın görənmədi.

Qara bağrı sarsılıban

Yanar oldu.

Qara xumar gözlərinə

Qan-yaş doldu.

Çağırıban Dirsə xanı

Söy söylədi.

Görək xatın nə söylədi:

–  Bəri gəl, hey başım baxtı,

Evim taxtı,

Xan babamın göygüsü,

Qadın anamın sevgisi,

Atam, anam verdiyi,

Göz açıban gördiyim

Könül verib sevdiyim!

Qalxıbanı sən yerindən

Uru durdun.

Qara yallı bədöy atın

Bütün mindin.

Köksü gözəl Qaba dağa

Ova çıxdın.

İki vardın, bir gəlirsən?!

Yavrum hanı?

Bu dövranda min diləklə

Yetirdiyim oğul hanı?

Çıxsın mənim gözüm, Dirsə,

Yaman səyrir.

Kəsilsin bu, oğlan əmən

Süd damarım, yaman sızlar.

Sarı ilan dişləmədən

Ağca tənim qalxıb şişər.

Yalqız oğul görünməyir,

Bağrım yanar.

 

Quru çaylar üzərinə

Suçu saldım,

Qara donlu dərvişlərə

Nəzir verdim,

Ac qarınları doyurdum,

Yalınçıqları donaltdım,

Təpə kimi ət qaladım,

Gölmüş kimi süd caladım,

Min diləklə bir oğlanı

Güclə tapdım.

Yalqız oğul xəbərini

Aman, Dirsə, degil mənə!

 

Qarşı yatan Ala dağdan

Uçurtdunsa, degil mənə!

 

Qəltan axan daşqın suya

Axızdınsa, degil mənə!

Ala donlu, azğın dinli

Kafərlərə aldırdınsa,

Degil mənə!

 

Xan babamın ordusuna

Mən varayım,

Ağır ləşkər, pul, xəzinə

Mən alayım,

Azğın dinli kafərlərə

Od vurayım.

Yaralanıb Qazlıq atdan

Düşməyincə,

İti qılınc şah damarım

Biçməyincə,

Yalqız oğul yollarından

Dönməyəlim!

Yalqız oğul xəbərini

Degil mənə!

Qara başım qurban olsun,

Ərim, sənə!

 

Dirsə bir söz söyləmədən

Gəlib keçdi,

Xatınının cavabında

Dinməz oldu.

Ol qırx namərd qarşı gəlib:

– Oğlun sağdır, ovlaxdadır,

Gün arası harda olsa,

Gəlib çıxar.

Bəy sərxoşdur, ona görə

Cavab verməz – söylədilər.

 

* * *



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info