Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Qoyub qaçır.

Lakin oğlan tərpənmədən

Öz yerində durub qalır.

 

Bunu görən qızğın buğa

Buynuzların şüşlədərək,

Oğlancığa hücum edir.

Oğlan isə çəkinmədən

Yumruğun düyünləyir.

Buğa ona çatan zaman

Endiriri qaşqasından.

 

Yumruğun zərbəsindən.

Əsrək buğa gicəllənir,

İgid oğlan sıçırayıb

Yağısını buynuzlayır.

 

Nər oğlanla qızğın buğa

Qabaq-qənşər dartışırlar,

Lakin güclər

Bir-birinə üstün olmur.

Hər ikisi aralıqda

Durub qalır.

Oğlan bir az fıkrə dalır:

– Dam dayanar dirək ilən.

Bir sarayın dirəyini

Çəkər olsan, ev yıxılır.

Mən nə üçün bu heyvana

Dirək olum? – deyə, oğlan

Düşünərək nagəhandan

Əllərini heyvancığın

Buynuzundan götürübən,

Sıçırayır.

Qızğın buğa

Başı üstə yerə dəyir.

Oğlan isə macal vermir,

Bıçağilə başın kəsir.

 

Bunu görən xanlar, bəylər

Yığılırlar

Kəl oğlanın dövrəsinə:

– Hanı, gəlsin Qorqud Dədə,

Bu oğlanın adın qoysun.

Əlin tutub, babasından

Onun üçün taxt istəsin,

Bəylik alsın! – Deyə-deyə.

 

Çağırdılar, Dədəm Qorqud

Gələr oldu.

Oğlancığın əlin tutdu.

Babasına varıb getdi.

– Hey, Dirsə xan, oğlanına

Kürsü vergil, bəylik vergil,

Ərdəmlidir!

Boynu uzun bədöy at ver,

Minər olsun, hünərlidir!

 

Ağ ayıldan tümən-tümən

Ağ qoyun ver, bu oğlana

Şişlik olsun,

Ərdəmlidir!

 

Qatar-qatar dəvə vergil,

Qoy oğlana yüklət olsun,

Hünərlidir!

 

Qızılqübbə çadır vergil,

Bu oğlana kölgə salsın,

Ərdəmlidir!

 

Çiyni quşlu cübbə vergil,

Qoy bu oğlan geyər olsun,

Hünərlidir!

Ağ meydanda buğa basıb,

Onun adı “Buğac” olsun!

Adını mən qoydum, yaşın

Tanrı-təala özü versin!

 

* * *

Hünərlinin parlayanda

Hünərinin günəşi,

Hamı gözlər işıqlanmaz,

Hamı ürək şad olmaz.

 

Çox kor olmuş göz vardır ki,

İşıq görsə qamaşar,

Çox yaramaz bayquş kimi,

Abadlığa qapılmaz.

 

* * *

Buğac xanın taxta çıxıb

Bəylik donun geyməsi,

Atasının qırx igidin

Həsadətə qapatdı.

– Gərək bunu atasına

Çuğullayaq,

Ola bilər ki, öldürə.

O ölərsə, yenə bizim

İzzətimiz, hörmətimiz

Çoxalacaq – deyə, onlar

Himləşdilər.

Sonra iki bölük olub,

Dirsə xana yanaşıban

Söylədilər:

– Bilirsənmi nələr olmuş?

Yarımasın sənin oğlun,

Gəncliyindən bar yeməsin!

Qırx igidin götürübən,

Qalın Oğuz ellərinə

Basqın etmiş.

Harada bir gözəl görsə,

Çəkib almış.

Ağ saqqallı qocaların

Ağzın söymüş.

Ağ birçəkli qarıların

Südün dartmış.

Aydın axan gur sulardan

Xəbər keçə,

Qarşı yatan Ala dağdan

Aşıb keçə,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info