Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Topuğunu saçı döyən

Qara saçlım,

Qara qaşı yaya bənzər

Çatma qaşlım,

Qoşa badam sığışmayan

Dar ağızlım,

Yanaqları güz alması

Al yanaqlım,

Ev dirəyim, əl düləyim,

Bilirsənmi nələr oldu?

Qalxıbanı Xan Bayındır

Yerdən durmuş,

Bir yerdə ağ, bir yerdə al,

Bir yerdə də qara çadır

Qurdurmuşdur.

Oğlu olanı ağ çadıra,

Qızı olanı al çadıra,

Oğul-qızsız sonsuzları

Qara evə qondururu!

Qara keçə üzərində əgləndirir,

Qara qoyun yəxnisindən

Yemək verir.

Buyurmuş ki, oğlu-qızı olmayanı

Tanrı-taala qarğamışdır,

Biz də dəxi qarğayayız!

 

Beləliklə qarşıladı

Onlar məni.

Söylə görüm, bu qara eyb

Səndəndirmi, məndəndirmi?

Səbəb nədir, Tanrı bizə

Bir igidmən oğul verməz?

Sonra demiş:

 

– Xan qızı, mən aşnalığı ataram,

Yaxalayıb boğazından tutaram,

Bu sövdada nahaq qana bataram,

Söylə mənə, səbəb nədir bu işə?

Söyləməsən,

Qara polad qılıncımı çəkərəm,

Al qanıvı yer üzünə tökərəm,

Ayrılığın şərabını içərəm,

Söylə mənə, səbəb nədir bu işə?

 

Acıqlanmış aslan kimi

Dodaqların çeynəyərək,

Dirsə xanın cavabında

Nələr dedi xatın görək:

 

– Hey, Dirsə xan, mənə qəzəb eyləmə,

İncinibən acı sözlər söyləmə.

Dur ayağa, çadırların qurgilən,

Qoyunları qənarəyə vurgilən.

Təpə kimi ət, yağ qala bu düzə,

Gölməş kimi qımız cala bu düzə.

Ac-yalavac qalanlara yemək ver,

Əyniyalın çılpaqları geyindir.

İç Oğuzu, Dış Oğuzu qonaqla,

Borcluların borclarını qıl əda.

Sən elə bax, alqışlasın el səni,

Haqq unutmaz el qəmini görəni.

Hacət dilə, el sənə nəfəs versin,

Bəlkə Tanrı səsimizə səs versin.

 

* * *

Demək, Dirsə qadınını dinlədi,

Nəzr eləyib böyük bir toy eylədi.

Qoyun-quzu kəsdi, qırdı at, dəvə,

Oğuz ellərini yığdı bir yerə.

Harda bir ac gördü, doyurdu onu,

Yalınçıq olana geydirdi donu.

Borclu olanların borcunu verdi,

Xərcliksiz qalanm qəmini gördü.

Hər yerdə dağ kimi ət, yağ qaladı,

Su kimi çaylara qımız caladı.

Hansı atılan ox hədəfə dəydi,

Bir ağzıgöyçəyin sözü göyərdi.

Xatın o günlərdə hamilə oldu,

Çox zaman keçmədən bir oğlan doğdu.

 

* * *

Oğlancığı dayalara

Tapşırdılar, saxlatdılar.

At ayağı külək olur,

Ozan dili yügrək olur.

Zaman keçdi, il dolandı,

Oğlan boya-başa çatdı,

On beş yaşlı bir gənc oldu.

 

* * *

Deyirlər ki, Bayındır xan

Sarayında iki əsrək buğa varmış.

O buğalar qara daşa

Buynuz vursa, ovularmış.

Yaz olanda güz olanda

Toy tutallar, buğaları

Döyüşdürüb xanlar, bəylər

Təfərrücə[2] yığılarmış.

Yenə bir yaz Bayındırın

Ordusunda toy başladı.

Ağ meydanı süpürdülər,

Suladılar.

Buğaların hər birini,

Altı dəmir zəncir ilən

Zəncirləyib, altı kişi –

Üçü sağdan, üçü soldan

Zəncirlərdən yapışaraq

Çəkə-çəkə gətirdilər.

Gün görməmiş buğaların

Biri ancaq

Zəncirlərin çəkib qırır,

Kişilərin əllərindən

Buraxılır.

 

Meydan dəyir bir-birinə,

Dirsə xanın oğlanı da

İki nəfər yaşıdıyla

Bir tərəfdə aşıq oynur.

Ağürəklər qaçıb tezir,

Oğlancığın dostları da



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info