Qonaq Kitabı
XOSROV və ŞİRİN

Qəssabdan qəsəbbaf durur çox uzaq.

Qəsəbbaf - kətan toxuyan.

Beytin mənası: Qəssabla qəsəbbafı müqayisə etmək Şirinlə Şəkəri müqayisə

etməyə bənzər. Yəni - Şirin Şəkərdən üstündür.

 

[111]                    Belə yumşaqlıqla sərtlik nə gərək?

Qaquma yaraşmaz olsun kirpitək.

Qaqum - yumşaq dərili sincabdır (dovşan fəsiləsindən).

Beytin mənası: sən qaqum kimi yumşaq ikən, kirpi kimi iynəli olma (sancma).

 

[112]                    Ləli uzərindən mərcanı açdı.

Gövhərləri düzdü, mirvari saçdı.

Yəni Şirin sözə başladı.

 

[113]                    Qalmadı şüardan bir "şəir" də tək,

Ərəbcə bilmirsən - bir "arpa" demək.

Burada şüar sözü şəir (arpa) sözü ilə qarşılaşdırılır.

Beytin mənası: verilən vədələrdən bir arpa qədər də əlamət qalmadı.

 

[114]                    Yüz Yusif yuxusu əzbərin olsa,

Yenə də hamansan, eşşək və İsa.

"Yusif və Züleyxa" dastanında Yusif həbsdə ikən məhbusların yuxusunu yozur və

hadisələr də onun dediyi kimi baş verir. Sonra Əzizi-Misr yuxu görür. Yusif onun da yuxusunu düz yozub ölkəni üz verəcək qəhətlik və fəlakətdən xilas edir. Buna görə də yuxu yozmaqda Yusif şöhrət tapır. İsa peyğəmbər isə həmişə eşşək minib gəzərmiş, məlumdur ki, kimin minməyindən asılı olmayaraq eşşək yenə də eşşəkdir. Bu barədə, Nizami kimi, Sədi Şirazi də demişdir: İsanın eşşəyini Məkkəyə də aparsalar, yenə də hacı olmayıb, eşşəkliyində qalar.

 

[115]                    Bir deyləm idin sən, indi şah oldun,

Baltanı sataraq bir nizə aldm.

Deyləmilər – Gilan vilayətində hərbçi bir tayfanın adıdır. Eyni zamanda deyləm

qul mənası verir. Yəni sən qul ikən şahlıq rütbəsinə yüksəldin.

 

[116]                    Babil Harutusa onun camalı,

Hindu cadugərsə o qara xalı.

Beytin mənası: camalı mələk qədər gözəl idi, qara xalı sehrlər yaradırdı.

 

[117]                    Şirin bu səfrnım özü duymuşdu.

Şəkərin altına sirkə qoymuşdu.

Səfra - sarılıq və ödə işarədir. Məlum olduğu kimi, öd acılıq əlamətidir. Beytin

mənası: Şirin bu acılığı özü yaradırdı, o, şirin dilinin altına sirkə tökmüşdü; yəni: Şirin nazlanaraq qəsdən acı danışırdı.

 

[118]                    Yarımcan quş kimi səndələyirdi,

Nərgizdən səmənə dürr ələyirdi.

Nərgiz - göz; səmən - yanaq; dürr - göz yaşı deməkdir.

Beytin mənası: həyəcandan çırpınaraq gözlərindən yanaqlarına inci danələri axıdırdı (ağlayırdı).

 

[119]                    Manqala dönmüşdu əlindəki ud,

Könüllər yanırdı onda, sanki ud.

Ud sözünün iki mənası var. O həm çalğı aləti, həm də ətirli maddə adıdır.

Beytin mənası: Onun əlindəki ud (çalğı aləti) manqal xasiyyəti daşıdığından ud (ətirli maddə) kimi öz nəğməsilə könülləri yandırırdı.

 

[120]                    Barbədlə çənk səsi axıb, muxtəsər,

Tük ilə rəng kimi birləşmişdilər.

Nizami bu beytdə musiqi sənəti ilə rəssamlıq sənətini yanaşı qoymuşdur.

 

[121]                    Sənin şəkər dolu dodaqlarından

Qeyri, badamıma olmaz toxunan.

Beytin mənası: mənim gözlərimdən öpməyə ancaq sənin ixtiyarın vardır. Bu

səhifədəki beytlərdə Şirinin bədən üzvləri müxtəlif meyvələrin adı ilə ifadə

edilmişdir: Badam - göz; püstə, innab - dodaq; nar, narı- məmə; alma - yanaq və s.

 

[122]                    Pis gözdən gizlənən abi-həyattək

Məndən yayınmısan, bu nəyə gərək?

Abi-həyat - dirilik suyu; guya insanların gözündən iraq yerdə - zülmətdə imiş,

ancaq Xızr bu sudan içərək, ölməzlər cərgəsinə daxil olmuşdur.

 

[123]                    Sərxoş əyyar kimi göstərib ülfət,

Səcdə etdi şaha o gözəl afət.

Əyyar - olduqca çevik, sürətlə qaçan, bacarıqlı, əlindən hər iş gələn adama deyilir.

 

[124]                    Yenə Xosrov dedi: "Bu ulduz cirmi,

Nəyə minmiş, söylə, bir kəs bilirmi?"

Ulduzun cirmi - onun kütləsi deməkdir. Xosrov bilmək istəyir ki, ulduzları

fəzada saxlayan qüvvə nədir.

 

[125]                    Çoxları bu işə meylini vermiş,

Rəsəd göstərdi ki, mahaldır bu iş.

Rəsəd - ulduzlar aləminin tədqiqi deməkdir. Buna görə də rəsədxana müasir elmi

dildə observatoriya adlanır.

 

[126]                    Qolu yorulsa da, zillət çəkərək

Tutub küngürədən yapışar bərk-bərk...

Küngürə - qala divarlarının üstündə olan diş-diş çıxıntı. Yıxılmamaq üçün bu

"diş"dən tutan adamın qüvvədən düşüb onunla birlikdə yıxılacağı göstərilir.

 

[127]                    Büzürgümid birdən açıldı gültək,

Qırx məna açdı, qırx nağıl deyərək.

Büzürgümid bu beytdən sonra məşhur hind əfsanəsi, alleqorik təmsillərdən ibarət

olan "Kəlilə və Dimnə"dən ibrətamiz hekayətlər söyləməklə şaha təsir göstərir.

 

[128]                    Fələklər zicini cədvəlbəcədvəl,

Fikrin üstürlabı eyləmişdir həll.

Ziç - ulduzların mövqeyini və səyyarələrin mədarını göstərən cədvəl, ustürlab

həmin cədvəli tərtib etmək üçün xüsusi alətdir.

 

[129]                    Xətləri müxtəlif olan nöqtədən,

İlk gələn hərəkət “Əlif”di bil sən.

Əlif - ərəb (fars) əlifbasının ilk hərfinin adıdır. Bu hərf iki nöqtəni birləşdirən düz

şaquli xətdir. Sonrakı beytlərdə xətlərin çarpazlaşmasından cisimlərdə səth (bəsit) və həcmin yaranması göstərir.

 

[130]                    Dünya Zöhhak kimi qan içəndir, qan!

Sənə öz arxandan yaratdı ilan.

Firdovsinin "Şahnamə" əsərində təsvir etdiyi qaniçən Zöhhaka işarədir. Zöhhak

çiyinlərindən çıxan ilanlara insan beyni yedirərmiş. Beytin mənası: bu qaniçən dünya sənin qatilin olmaq üçün öz belindən bir ilan yaratdı. Burada ilan - Xosrovun Məryəmdən olan oğlu qatil Şiruyəyə işarədir.

 

[131]                    Quyuya düşsən də, olma pərişan,

Yusifi xatırla, təmkinlə dayan!

Beytdə məşhur "Yusif və Züleyxa" dastanına işarə edilir. Yusifi öz qardaşları

paxıllıqdan quyuya salıb getdikdən sonra tacirlər quyu başına gəlir və Yusifi tapıb ölümdən xilas edirlər. Nizami də bununla çətinliyə düşərkən ümidli olmağı təbliğ etmək istəmişdir.

 

[132]                    Dünyada nə qədər rus var, zənci var,

Bundan daha yaxşı toy etməz onlar.

Bu beytdə rus - ağlıq əlaməti kimi gündüzə, zənci - qaralıq əlaməti kimi gecəyə

işarədir. Beytin mənası: dünya durduqca bundan yaxşı toy edilməyəcəkdir.

 

[133]                    Nə uçmaq mümkündür, üstündə çənbər,

Nə onun bəndini aça bilərlər.

Çənbər - halqa, çəpər, örtü, tor deməkdir. Şair özünü tora düşmüş quşa bənzədir.

 

[134]                    Turşənglə təlxəki seçməyən hacı

Öldü, tapılmadı dərdə əlacı.

Təlxək son dərəcə acı bitkidir, buna əbucəhl qarpızı da deyilir. Turşəngi təlxəkdən

ayırmamaq cəhalət və nadanlığa işarədir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info