Qonaq Kitabı
ÇAY DƏSTGAHI

Hansı nökər bu tövr qulluq edər?

 

 

(ətəklərini göstərir)

 

 

Edirəm altı aydı mən xidmət,

 

Amma görməm məvacibi heç vəqt.

 

Köhnə paltar mənim vəzifəmdir.

 

Belə paltar görək nə aləmdir?

 

Bircə dəsmal verib mənə xanım,

 

Onilə evdə qab-qacağı silim.

 

O da itmişdi çay qoyanda dünən,

 

Nəyinən bunları sileydim mən?

 

 

(uşaqları göstərir)

 

                         

 

S a m a v a r

 

 

(Samavar başını əyib aşağa, bir az fikir edir)

 

 

Bələdəm zatına sənin, Nökər,

 

Dəyməz heç bir pula bu cür sözlər.

 

İş qurtardı və qaldı bircə sözüm,

 

Bundan əqdəm dedim sizə mən özüm—

 

Ki, tutaq insaf ilə hər işi biz,

 

Bunu da indi siz nəzərdə tutuz.

 

Nə üçün eşşəyi kənara qoyaq

 

Və günahsız palanı tapdalayaq?

 

Hansı evdə olar belə neybət,

 

 

(Əlini göstərir)

 

 

Bu qoyan çayə kim edər rəğbət?

 

Çünki rəğbət edər buna ağamız

 

Qiylü qalə səbəb odur şəksiz.

 

Bu qoyan çay ona güvarə gəlir,

 

Hansı ki, ağzının dadın bilmir.

 

Hansı ki, çay içir nədən ötəri—

 

Ki, içirlər çayı həm özgələri.

 

Amma keçmiş zamanda mən bədbəxt

 

Eylər idim bir evdə mən xidmət,

 

Ax cavanlıq, şükufəsi ömrün!

 

Doğrudur çatmaz heç keçən günə gün.

 

Mən o evdə nə tövr ömr elədim!

 

Olmaz idi o evdə dərdü qəmim.

 

Çay içən vəqtdə məni nökər

 

Mizin üstə qoyardı şamü səhər,

 

Çay tökərdi həmişə xanım özü.

 

Heç olarmı belə günün əvəzi!

 

Görmürəm beylə hörməti indi,

 

Nökərin mənzili məkanımdı.

 

Hər tərəfdə kömür, sabın, piy, şam,

 

Qalaram orda mən səhər, axşam.    

 

Mənə rəhm etməyib həmin nadan

 

 

(Nökəri göstərir)

 

 

Çirklənəndə silir məni qumnan.

 

Amma bilmir onu ki qırmızı yağ

 

Məni eylər həmi təmiz, həmi ağ.

 

Heyf o qəndə, o çayə, ay ağalar—

 

Ki, onu xar edər belə nökər!

 

Etmişəm beylə təcrübə hasil:

 

Çay qoyub içməyi bilən aqil

 

Çün tutar çox ziyadə qədrimizi,

 

Silər o bizləri həmişə özü.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info