Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

D ə l i l ə r. Nə eybi var, həkim özü təşxis versin kimdir ağıllı, kimdir dəli. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum?

 

M ö m ü n l ə r. Nə eybi var, həkim özü təşxis versin, kimdir dəli, kimdir ağıllı. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum?

 

 

 

Çamaat içindəəkilin, çəkilin" səsi düşür, həkim Lalbyuz girir camaatın içinə və o tərəf-bu tərəfə baxır.

 

 

 

F ə r r a ş   Ş i m r ə l i  (həkimə). Cənab həkim, sizə mühəvvəl olunur təşxis vermək kimdir burada dəli, kimdir ağıllı? Zira bu barədə mübahisə və münaqişə vaqe olub.

 

 

 

Cəmi dəlilər həkimə təzim edir, camaat sükutda və müntəzirdir ki, həkim nə tövr rəftar edəcək. Həkim at üstündəki xurcuna diqqət verib, sümüklərə gözü sataşır və təəccüb edə-edə oraya yavuqlaşıb, istəyir əlini vura sümüklərə. Xurcun sahibi çavuş Əlalfəlah həkimin əlini öz əli ilə rədd edir ki, əli sümüklərə dəyib, murdarlamasın. Həkim təəccüblü çavuşa baxır və işarə ilə soruşur ki, bu sümüklər niyə buraya qoyulub və hara aparırlar?

 

 

 

Ç a v u ş  (həkimə). Cənab həkim, bu sümüklər cənnət-məkan atamın sümükləridi; allah-taala cəmi mömün bəndələrini ərşi-əlada hurilər ilə həmcəlis eləsin ....  Bu sümükləri aparıram ətəbati-aliyata həzrətin türbəti-mübarəklərinə tapşıram. Çünki həzrət Museyi-Kazimdən  rəvayətdir ki, çün meyitra dəfn künənd dər bərabəri-qəbri-hərət [Elə ki, meyiti həzrətin qəbrinin yanında dəfn elədilər ....]   (ağlayır və başına döyür; cəmi dəlilər qah-qah çəkib gülürlər).

 

 

F a z i l   M ə h ə m m ə d. Vaveyla va müsibəta!....  Gör nə günlərə qaldıq!

 

M ö m ü n l ə r. Vaveyla va müsibəta!....

 

H a c ı   B a ğ d a d. Atam-anam sənə qurban, ya həzrət! (ağlayır, dodaqları vird edir: "sübhanallah, sübhanallah!").

 

K a b l a   T ü r b ə t. Fəda olum sənə, ya həzrət! (Ağlayır. Dodaqları vird edir: "sübhanallah, sübhanallah").

 

M ə k k ə   M ə h ə m m ə d. Lahövlə vəla qüvvəta illa billahü əliyyül-əzim.

 

 

 

Həkim Lalbyuz qalır məəttəl; bilmir dəli kimdir, ağıllı kimdir.

 

 

 

M o l l a   A b b a s  (həkimə, gülə-gülə). Hə, belə məəttəl qalarsan ha? Elə bilirsən dəlilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ salıbsan, ya özünü ələ salıbsan? Sən ki, bu camaatın dilini bilmirsən, indi tap görüm dəli kimdi, ağıllı kimdi? Hə, niyə məəttəl qalmısan? Niyə lal olmusan, cənab Lalbyuz? (qah-qah çəkib gülür, dəlilər də gülürlər).

 

 

 

Həkim yenə bilmir nə eləsin və bir qədər də o adama, bu adama diqqət edəndən sonra gedir ağlayan və başına döyən Çavuş Ələlfəlahın papağını çıxardır və qırxıq başına və gözlərinə diqqət edir. Sonra dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Hacı Bağdadın başına və gözlərinə diqqət yetirir. Farmasyon Rüstəm və Sərsəm Heydər gülüşür. Mömünlər narazı və məyusdurlar. Sonra həkim gedir dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Kabla Türbətin başına və gözlərinə baxır. Dəlilər gülüşür. Bu minval ilə Məkkə Məhəmmədə də baxandan sonra həkim cibindən lüğət kitabını çıxardıb, bir söz axtarır və kitabın bir yerində barmağını qoyub, bu kəlməni çətinliklə höccələyir və deynr: "dali". Dəlilər gülüşür, mömünlərin gileyi-güzarı və narazılığı intihaya çatır: "Bu necə həkimdi? Bu nə qayırır? Həkimin iştibahı var" sözləri ucalır. Fərraş Şimrəli dəliləri və ağıllıları şallaqlaya-şallaqlaya camaatı sakit edir.

 

Ç a v u ş avazla oxuyur: "Zi türbəti-şühəda buyi-sib miayəd". [Həzrətlərin qəbrinin torpağından alma iyi gəlir.]

 

 

Camaat salavat çevirir.

 

 

 

F a z i l    [M ə h ə  m m ə d.]   Ey məşərül-xəlayiq! Vay dəlilərin bəxti-qarə övrətləri! Hər kəs öz ərinin qardaşına siğə olmağa və həzrətin ziyarətinə getməyə razıdırsa, daxil olsun kəcavəyə.

 

 

 

(Ümmi  Gülsüm başını aşağı salıb gedir, kəcavəyə daxil olur)

 

 

 

Bəli, bu gedən şieyi-salihə Ümmi Gülsüm, Farmasyon Rüstəmin bədbəxt övrətidir.

 

 

 

Rüstəm arvadının kəcavəyə tərəf ketməyinə baxıb, "ğu, ğu" eləyir. Molla Abbas və Sərsəm Heydər gülüşürlər, Sona və Qurban ağlaşırlar, Cinni Mustafa dabanlarını yerə vurub çığırır. Sonra kəcavəyə Ümmi Gülsümün dalınca gedir Hacı Bağdad, ondan sonra gedir Əminə

övrət - Sərsəm Heydərin arvadı. Heydər də arvadına "ğu-ğu" edir, dəlilər gülüşürlər. Bunun dalınca Kabla Türbət, ondan sonra Səkinə övrət, dalınca Məkkə Məhəmməd. Dəlilər "ğu-ğu" edib gülüşür. Fazil Məhəmməd siğəni alçaqdan oxuyur: "əngəhtü mərətül-məlumə". Oxuyub tamam edəndən sonra üzünü tutur camaata.

 

 

 

F a z i l    [M ə h ə m m ə d.]  Bəli, məlumdur ki, bu vilayətdə hamıdan artıq dəliliyi ilə şöhrət qazanan mənim bədbəxt bəradərim dəli Molla Abbasdır ki, onun biçarə övrəti Pırpız Sonanı həzrətin ziyarətinə aparmaq zəhməti mənim öhdəmə mühəvvəl olunubdu. O, rəhim allahdan istiqasim budur ki, öz astanasında bu bəxti-qarə övrətə şəfa kəramət edib, bu mərəzi-nagəhanidən xilas edə. Daxil olsun kəcavəyə qol-qıçı açıq, mömün bəndələrin nəzərində küçə və bazarda dolanan Pırpız Sona!

 

 

 

(Fazil Məhəmməd ibn Yəqub başı aşağı, gedir kəcavəyə tərəf və çönüb görür ki, Sona gəlmir. Sona dəlilərin içindən qabağa çıxır, üzünü tutur Molla Abbasa və deyir:)

 

 

 

P ı r p ı z    [S o n a.]  Molla Abbas, qorxuram! Molla Abbas, məni tut, mən qorxuram! (əllərini qabağa uzadır və yalvarır). Molla Abbas, o arvadlar ki, öz ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan qorxuram dünya və aləm dağıla, külli-küfan ola. Molla Abbas, qorxuram ulduzlar yerə tökülə (titrəyir). Vay, nələr gördüm, Molla Abbas!

 

 

 

(Ağlayır və titrəyir. Fazil Məhəmməd istəyir qayıda gələ Sonanı apara, Sona da istəyir qayıda gələ dəlilərin yanına).

 

 

 

M o l l a   A b b a s  (Sonaya). Sona, get, get, mən sənə izin verdim. Səni aparan mənim qardaşımdı.

 

 

 

Fazil Sonanı zor ilə çəkir kəcavəyə tərəf, Sona çığırır. Dəlilər hücum edirlər Fazilin və möminlərin üstə. Fazil və camaat hamısı qorxub qaçır, dəlilər onları qovalayır. Molla Abbas Sonanı qucaqlayır və ətrafa baxıb görəndə ki, bir kəs yoxdur, dizi üstə düşüb, başlayır Sonanın əllərindən öpməyə və ona deyir:

 

 

 

M o l l a   A b b a s.  Neçə ildi özümü (öz üstünə baxır) bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan! Yazığım sənə də, yazıq özümə də! Çünki dəxi bizim günümüz belə keçəcək və axırda da divarlar dibində can verəcəyik. Indi ki, getmədin, getmə, qoy o bacı-qardaşlar (əlini zəvvara tərəf tutur) o qayın-baldızlar əyləşsinlər kəcavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ gətirsinlər və həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşlarımızın içində qalaq. Doğrudur, onlar, həzrətin zühuruna inanmırlar, həzrətin zühurunda mayallaq aşırlar, amma heç olmasa, səni də çimdikləmirlər. (Dəlilərə tərəf üzünü tutub çığırır: "Yoldaşlar!" Dəlilər gülə-gülə qayıdıb gəlirlər. Dəlilərə tərəf acıqlı). Nəyə gülürsünüz? Mən sizə min dəfə demişəm ki, əgər siz məni vaiz hesab eləyirsiniz, gərək mən vəz edən vaxt siz mənim moizəmə huş-guş ilə qulaq asasınız. (Dəlilər başlarını aşağı salıb dinmirlər. Molla Abbas bir qədər fikrə gedəndən sonra, bəlağət ilə deyir:) Hindistan hükəmasından bilmirəm hansıdı -- adı yadımdan çıxıb, -- kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyldən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük.

 

 

 

Dəlilər gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zəvvara tərəf tutub çığırır.

 

 

 

P ə r d ə

 

 

 

Axırı



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info