Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

 

P ə r d ə

 

 

 

BEŞINCI MƏCLIS

 

 

Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zəvvardırlar. Çavuş oxuyur:

 

 

Düşüb könlüm mənim də iştiyaqə,

Gedin məndən qabaqca siz qabaqə,

Edin izzət bu izzətli qonaqə,

O həzrətdən sizə fərman çıxıbdır.

Bər Məhəmməd və alihü səlavat!....

 

 

 

Camaat salavat çəkir, çavuş Ə l ə l f ə l a h,  F a z i l  M ə h ə m m ə d  i b n Y ə q u b,  H a c ı  B a ğ d a d, K ə r b ə l a y ı  T ü r b ə t  və M ə k k ə   M ə h ə m m ə d,  bunlardan sonra övrətlər -- Ü m m i  G ü l s ü m,  Ə m i n ə,  S ə k i n ə....  Ə l ə l f ə l a h bir atın cilovundan çəkir, atın üstündə xurcun, içində ölü sümükləri görsənir. Adamların dalınca dörd kəcavə, hərəsi bir qatıra yüklənmiş. Bunlardan savayı çox kişi və övrət gəlməkdədir. Hacı Məhəmmədəli fərşfüruş, Hacı Xudaverdi Hacı Cəfər də burada durub ağlayırlar. Bir tərəfdən dəlilər, Molla Abbas, Farmasyon Rüstəm, Sərsəm Heydər, Həmzad Qurban, Cinni Mustafa, Pırpız Sona, Şimrəli əlində şallaq dəliləri gözləyir.

 

 

 

F a z i l  M ə h ə m m ə d   i b n   Y ə q u b  (əllərini qaziyul-hacata qalxızıb, bəlağət ilə deyir). Allahümmə inni əsəlükə biismikə ya rəhman ya rəhim! Sübhanallah, lailahə illa əntəl-qövs-əlqövs külli şeyin qədir. Ey məşəril-xəlayiq! Ey islam ümməti! Ey yer üzünün şiələri! Bilin və agah olun ki, dünyanı bədbəxtlik hər tərəfdən əhatə edibdi. Bunun ümdə səbəbi gün-gündən artmaqda olan məsiyyətlərin vücudi ki, ibarət olsun dəli kişilərin övrətlərinin sahibsiz qalmağından. Bir surətdə ki, əz həzrət Yəqub mərvist ki, əgər övrəti-müslimə müddəti bisahib manəd, həftad həzar mələk bəəhaliyi-on vilayət lənət günəd. [Həzrət Yəqubdan rəvayətdir ki, əgər müsəlman arvad bir müddət sahibsiz qalsa, yetmiş min mələk o vilayətin əhalisinə lənət oxuyar.]

 

 

C a m a a t. Lənət!

 

F a z i l   M ə h ə m m ə d  (ağlayır). Indi bir mülahizə buyurun görün, bir məmləkətə ki, yetmiş min mələk lənət oxuya, əlbəttə, orada dünya-aləm dərhəm-barhəm olacaq. Ey yer üzünün şiələri, bu gün cümə günüdür, yəni bina bərəvayəti-ibn Həsən Səid ibn Ömər Həsən qeyr vahid, qalə yəxrucü qiamüna əhlül-beyt yövmül-cümə....  Baxın məğrib tərəfinə: gün oradan tülü edir; baxın məşriq tərəfinə: gün oradan qürub edir. (başını qalxızıb göyə baxır. Camaat təəccüblü məqrib və məşriq tərəfə baxır).

 

F a z i l   M ə h ə m m ə d  (moizəsini eləyir). Odur, az qalır ulduzlar yerə tökülsün; az qalır vəlvəleyi-səthi-xakdan olsun; az qalır zəlzəleyi-səqfi asiman olsun. Bu özgə bir şey deyil, məgər sahibül-əsr vəzzəmanın zühurunun əlamətidir.

 

 

Dəlilər təzim edirlər, Həmzad Qurban və Pırpız Sona qorxularından titrəyirlər və ağlayırlar. Farmasyon Rüstəm və Sərsəm Heydər gülürlər və Cinni Mustafa  çığırır. Molla Abbas çıtmıq çalır, düşür oynamağa, camaat acıqlanır və onu oradan çıxardır.

 

 

 

C i n n i   M u s t a f a. Ədə, imam gəldi! Ədə, Molla Abbas, imam gəldi. (Dizlərini yerə döyür).

 

 

 

Küçədə camaat bu sözü eşidib, həyəcanla yavuq gəlib, imamı  axtarır.

 

  

 

F a z i l   [M ə h ə m m ə d]  (moizə edir). Ey yer üzünün şiələri, bu gün bu ağanın (çavuşa işarə edir) buraya müsafirətinin illəti budur ki, bütün yer üzünün şiələrinə elam olunsun ki, həzrət sahibül-əsr vəzzəman cümə günü Qaf dağının dalından min övladı ilə düşmənin qabağına davaya çıxıb, elani-müharibə edəcək.

 

M o l l a   A b b a s  (uzaqdan qah-qah çəkib gülür). Az da yox, min evladı ilə!

 

 

 

Şimrəli və mömünlər Molla Abbası bir xeylək döyürlər.

 

 

 

F a z i l   M ə h ə m m ə d.  Bəli, əzhər minəş-şəmsdir ki, həzrətin ümmətinin törəyib artmağına böyük zərurət müşahidə olunur və bu səbəbdən o həzrətdən təvəqqe sadir olub ki, (bir kağızı əlində tutub) bəndeyi-həqir həzrətin birinci nayibi-xassı Məhəmməd ibn Yəqub Küleyni ki, ibarət olsun "Üsuli-Kafi" kitabının sahibindən ki, şiə məzhəbinin mədari-dəyanəti hesab olunur. Bilin və agah olun ki, budur o həzrətin hökmünün məzmunu: bu vilayətdə olan dəli kişilərin övrətləri bir surətdə ki, müvafiqi-şər’i-şərif ərlərindən boş və azaddırlar, gərək öz ərlərinin qardaşlarına siğə olub, bu kəcavələrə əyləşsinlər, həzrətin ziyarətinə müşərrəf olsunlar. Zəmani ki, həmin dəli kişilərin övrətləri öz dəli ərlərinin qardaşlarına siğə oldular, xudavəndi-zülcəlalın qüdrəti ilə bu övrətlərdən (dəlilərin üç övrətinə işarə edir) yetmiş günün ərzində yetmiş min övlad ərsəyə gələcək.

 

 

 

Molla Abbas və dəlilər gülüşürlər

 

 

və bunlar o büzürgüvarın köməyinə gedəcəklər və o məlun düşmənə zəfər yetirib, səğərin dib bucağına vasil edəcəklər və pak olan şiələrin nicatına bais olacaqlar və bəlkə bu qədər intəhasız savabın müqabilində də bu biçarə dəlilərə bir nicat yolu tapalar.

 

 

 

Hamı övrətlər kəcavələrə tərəf hücum edirlər.

 

 

 

F a z i l   [M ə h ə m m ə d]  (övrətlərə). Ey ağıllı övrətlər, bir səbr ediniz, ta ki siğələr cari olsun.

 

F a r m a s y o n   R ü s t ə m  (övrəti Ümmi Gülsümə ağlaya-ağlaya). Ay mənim övrətim Ümmi Gülsüm, vallah, mən dəli deyiləm; məni qoyub getmə.

 

H a c ı   B a ğ d a d  (qardaşı Rüstəmə). Qardaşım, allaha yalandan and içmə, günaha batdın.

 

S ə r s ə m   H e y d ə r  (övrəti Əminəyə yalvarır). Ay mənim övrətim Əminə, məni tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır).

 

K a b l a   T ü r b ə t  (Heydərə). Qardaşım, Heydər, allaha yalandan and içmə, günaha batdın.

 

H ə m z a d   Q u r b a n  (Səkinəyə). Ay mənim övrətim Səkinə, uşaqları tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır).

 

M ə k k ə   M ə h ə m m ə d. Qardaş, Qurban, and içmə, günaha batdın.

 

Ç a v u ş   (oxuyur).   Hər ki  darəd həvəs həzrətna, bismillah!....

 

 

 

Camaat salavat zikr edir: "Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd". Dəlilər təzim edir. Övrətlər yenə kəcavəyə hücum çəkirlər.

 

 

 

[F a z i l]   M ə h ə m m ə d   i b n   Y ə q u b.  Ey salihə övrətlər! Macal verin, siğələr cari olsun. (Fazil gəlir durur camaatın arasında və başlayır siğə oxumağa) Əlhəmdü lillahilləzi əhəllət-təzvicə vənnikahə, vəssəlatü vəssəlamü əla xeyri xəlqihi və əcməin əüzü billahis-səmiil-əlimi minəş-şeytanir-rəcimi. Ənkəhtül-mərətəl-məlumata lirrəcülil-məlumi ələssədaqil-məlumi. Qəbiltün-nikahə.

 

C i n n i   M u s t a f a  (dabanını yerə vurur və çığırır). Oxuma, oxuma siğəni. Biz dəli deyilik.

 

 

 

Həmzad Qurban və Sona ağlayırlar Farmasyon Rüstəm və Sərsəm Heydər qah-qah çəkib gülürlər. Mömünlərin bir neçəsi: "sübhanallah, sübhanallah", bir neçəsi: "lahövlə vəla qüvvətə illa billahü əliyyül-əzim" deyir. Cinni Mustafa peydərpey çığırır: "biz dəli deyilik! Biz dəli deyilik!".

 

 

 

F a z i l   M ə h ə m m ə d  (dəlilərə). Necə dəli deyilsiniz ki, dünya və aləm içrə bizim irz və namusumuzu götürübsünüz?

 

 

 

Qeyri mömünlər də dəlilərin üstə çığırırlar.

 

 

 

Necə dəli deyilsiniz ki, dünya və aləm buna şahiddir?

 

 

 

Qeylü-qal dəxi də şiddət edir.

 

 

 

Ç a v u ş   Ə l ə l f ə l a h  (Fazilə).  Xub, bir surətdə ki, bu allah bəndələri (dəliləri göstərir) öz dəliliklərini inkar edirlər, xub, mən eşitdiyimə görə, bu vilayətdə Əmristandan təzə varid olan və ruh əmrazinə ixtisas yetirmiş təbibi-haziq var. Xub, haman təbibi dəvət edin, özü təşxis versin ki, aya bu camaat içində kimdir ağıllı, kimdir dəli; dəxi mübahisəyə nə hacət? Dəxi münaqişəyə nə lüzum, ey məşərül-xəlayiq?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info