Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

F ə r r a ş   Ş i m r ə l i. Ədə, qoymayın, dəlilər qaçdılar!

 

 

 

Fazil iki əli ilə üzünü örtür və uşaq kimi ağlayır.

 

 

 

H ə k i m  (Heyran və mat qalıb deyir). Kim dali? Kim dali?...

 

 

 

P ə r d ə

 

 

 

ÜÇÜNCÜ MƏCLIS

 

Küçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca  Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar.

 

 

 

M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyəcəklər.

 

 

 

Uşaqlar atdıqları daşın biri küçə qapılarının birinə dəyir, haman qapı açılır və oradan M ə ş ə d i   H a c ı - əlində təsbeh, dodaqları dua vird edir, - hövlnak küçəyə çıxır və qabaqca uşaqların üstünə çığırıb, onları söyüb qovur.

 

 

 

[M ə ş ə d I]   H a c ı.  Cəhənnəm olun buradan, köpək uşağı köpək! (Sonra üzünü Molla Abbasa tutur). A kişi, genə bu yazıq övrəti qol-qıçı açıq yanına salıb küçələri dolandırırsan? Allah sənə də lənət eləsin, səni əkib-doğan kişiyə də lənət eləsin!

 

 

 

Dəlilər başlarını aşağı salıb, günahkar kimi baxırlar. Məşədi Hacı Sonaya bir qədər yavuq gəlib, onun qol-qıçına vəravürd edir və deyir.

 

 

 

Allah şeytana lənət eləsin!

 

 

 

Küçə qapılarının o birisindən   N ə c ə f ü l-Ə ş r ə f   çıxıb, dəlilərin üstə çığırır.

 

 

 

N ə c ə f ü l-Ə ş r ə f (həmişə əlində təsbeh, dodaqları dua vird edir). A kişi, genə bu bambılılar bilmirən xalqdan nə istəyirlər? (Övrətin qol-qıçını vəravürd edir və öz-özünə deyir). Allah şeytana lənət eləsin!

 

H a c ı   I s l a m  (həmişə əlində təsbeh, dodaqları dua vird edir, o biri qapıdan çıxır və dəlilərə çığırır). A kişi, bu məlun oğlu məlun genə buradadır? Bəs bunları aparacaqdılar dəlixanaya? Bəs burada nə qələt eləyirlər? (Övrətə vəravürd eləyir və öz-özünə deyir). Allah şeytana lənət eləsin!

 

 

 

Dəlilər başları aşağı təzim edirlər.

 

 

 

M ə ş ə d i   H a c ı   (Molla Abbasa). Hə, sözün nədi, təbiət oğlu təbiət?

 

N ə c ə f ü l-Ə ş r ə f   (Molla Abbasa).  Axı bir de görüm, nə deyirsən? Axı yəni deyirsən cəmi məxluqat öz başına yaranıb da? Yəni bunları yaradan yoxdur da? Yəni allah-zad yalandı da? (Bu sözləri deyə-deyə Nəcəfül-Əşrəf Molla Abbası çənəsinin altından yuxarı dümsükləyir).

 

H a c ı   I s l a m (Molla Abbasa tərəf yumruğunu çəkib çığırır). Məlun oğlu məlun! And olsun allaha, şeytan deyir vur başı-gözü yarılsın (Övrətə tərəf vəravürd edir və özü-özünə) Allah şeytana lənət eləsin!

 

 

 

Dəlilər təzim edirlər.

 

 

 

M ə ş ə d i    H a c ı (övrətə yavuqlaşır və diqqət ilə qol-qıçına baxır). Allah şeytana lənət eləsin!

 

N ə c ə f ü l-Ə ş r ə f (övrətin yanına gedir və qol-qıçına vəravürd edir və deyir). Allah şeytana lənət eləsin!

 

H a c ı   Ə b d ü l ə z i m (əlində təsbeh, dua vird edə-edə küçə ilə gəldikdə). Genə bu dəli bambılılar nə düşüblər küçənin canına? Bəs bu gün bunları dəlixanaya qatacaqdılar? Allahü əkbər! And olsun Əbülfəzl Abbasa, ağayi-Nəcəfül-Əşrəf, biz bu dəli-divanənin ucundan rüsvayi-cəhan olub gedəcəyik. Belə xəta burasındadır ki, bu məlun oğlu məlun (Molla Abbasa işarə) dilini farağat qoymur, qoymur; qardaş, qoymur; əmirəl-mömüninə and olsun qoymur.

 

M ö  m ü n l ə r. Xeyr, qoymur.

 

 

 

Dəlilər təzim edirlər.

 

 

 

H a c ı  Ə b d ü l ə z i m.  Dünən qəbristandan əhli-qübur ziyarətindən gəlirdim. Gör bu mürtəd oğlu mürtəd (Molla Abbasa işarə) o qədər camaatın içində mənə nə deyir? Deyir o hansı balıq idi ki, həzrət onu çağıran kimi başını sudan çıxardıb cavab verdi? Deyirəm. "Kərkərət ibn Mərmərət ibn ərərə idi, buynuzları da var idi". Bu qədər adamın içində bu farmasyon oğlu farmasyon (Molla Abbası göstərir) qah-qah çəkəəkə gör nə deyir; deyir: balıq da danışarmı?

 

 

 

Burada Molla Abbas çıtmıq çalır, düşür oynamağa, Sona ona baxıb o da oynayır.

 

 

 

M ö  m ü n l ə r.  Allah sizə lənət eləsin! Allah sizə lənət eləsin!

 

H a c ı   M ə d i n ə  (əlində təsbeh, dodaqları vird eləyir. Küçə ilə gəldikdə Molla Abbasa). And olsun Fatmeyi-Zəhraya, səni bu küçədə yıxıb, o qədər ayaqlaram ki, beynin torpağa qarışar! Həpənd oğlu həpənd, həzrətin tuman bağı ilə nə işin var? (Hacı Mədinə bu sözləri deyəndən sonra üzünü Sonaya tərəf çöndərib, onun qol-qıçına vəravürd eləyir).

 

M ə ş ə d i   H a c ı  (Hacı Mədinəyə) Ağayi Hacı Mədinə, əstəğfürullah, o nə sözdü fərmayiş edirsən? Əstəğfürullah!

 

M ö  m ü n l ə r.  Əstəğfürullah, rəbbi və ətubi ileyhə!

 

H a c ı M ə d i n ə. Ağayi-Məşədi Hacı, allahın min bir adına and olsun, bu babi oğlu babi dünən küçədə camaatı başına yığıb, həzrətin tuman bağına lağ eləyir ki, guya nəüzibillah, həzrət eşiyə çıxanda tuman bağını tapşırardı sarbanına. Və çün tuman bağı da xeyli qiymətli imiş, onun üçün də sarbanın gözü düşür tuman bağına və küffarın qoşunu həzrəti şəhadətə yetirəndən sonra, sarban gəlir haman tuman bağını həzrətin tumanından çıxartsın, həzrət əvvəl sağ əlini, sonra sol əlini qoyur tuman bağının üstə, amma o haramzada həzrətin əllərini kəsib, tuman bağını qəsb eləyir. (Ağlayır və mömünlər də ağlayırlar).

 

 

 

Molla Abbas başını salıb aşağı dinmir, mömünlər ağlaya-ağlaya deyirlər "Tuman bağına qurban olum, ya seyyidüş-şühəda!", başlarına döyürlər. Həkim Lalbyuz və fərraş Şimrəli xəlvətcə bunlara tamaşa edir. Molla Abbas da mömünləri yamsılamaq babətindən öz-özünə tez-tez deyir.

 

 

 

[M o l l a   A b b a s.] Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Və birdən qah-qah çəkib gülür və çıxıb qaçır. Sona da qaçır).

 

M ö  m ü n l ə r  (bunun, dalınca). Allah sənə lənət eləsin!

 

 

 

Fərraş Şimrəli dəliləri tutub saxlayır, həkim də gəlib durur mömünlərin qabağında.

 

 

 

F ə r r a ş   Ş i m r ə l i  (dəlilərə). Dayanın, hara qaçırsınız? Iki saatdı sizi axtarıram. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tuman bağını məzhəkəyə qoymazsınız.

 

H a c ı   I s l a m  (fərraşa). Ay Şimrəli, allah sənə Kərbəla qismət eləsin, allah valideyninə rəhmət eləsin; bu dəlinin öhdəsindən bəlkə sən gələsən; yoxsa, vallahi, biabır olduq. Bir də bu məluna deyən gərək, axı sənin həzrətin tuman bağı ilə nə işin var? Qurban olum həzrətin tumanına da, tuman bağına da!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info