Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

M ö m ü n l ə r  (ağlaya-ağlaya). Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Başlarına döyürlər).

 

 

 

Həkim gəlir ağlayanların yanına və təəccüb ilə əvvəl  bunlara və sonra fərraş Şimrəliyə tərəf baxıb, işarə ilə soruşur ki, guya bunlar niyə ağlayır.

 

 

 

F ə r r a ş   Ş i m r ə l i  (həkimə). Bir səbəb yoxdu, ancaq riqqəti-qəlb üz verib.

 

M o l l a   A b b a s   (həkimə). Həkim, həkim, gəl görək kim yaxşı mayallaq aşar. (Özü mayallaq aşır).

 

M ə ş ə d i   H a c ı.  A kişi, bu bədbəxt lap dəli olubdur.

 

 

 

Bu heyndə günorta əzanı deyilir və küçə ilə hambal, bir tay dalında, keçir. Kənarda bir pingçi dükanı görsənir. Əzan deyilən kimi mömünlər, hambal və pingçi şagirdi ayağa qalxıb, birdən başlayırlar əllərini qulaqlarına qoyub əzan çağırmağa "Allahü-əkbər!", "allahü-əkbər!"  "əşhəən lailahə illəllah!" həkim təəccüb ilə əzan çağıranlara baxır və yenə Fərraş Şimrəlidən işarə ilə soruşur ki, bəlkə bunlar dəlidirlər? Sonra gəlir Nəcəfül-Əşrəfin yanına və cibindən lüğət kitabını çıxardır, bir söz axtarır, amma tapa bilmir: sonra gəlir Hacı Mədinənin yanına və əyilib bunun üzünün o tərəfinə baxır, bu tərəfinə baxır, başına və alnına diqqət yetirir va axırda gözlərinə diqqət verir. Molla Abbas da qabağa yeriyib, xahiş edir ki, ona da baxsın; həkim onun da üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən "pıqq" eləyib, göyə tullanır və həkimi elə qorxudur ki, həkim az qalır yıxıla. Molla Abbas və Sona qaçırlar, fərraş istəyir tuta, amma həkimi qoyub gedə bilmir. Mömünlər yerdən daş götürüb, dəlilərin dalınca qaçırlar. Fərraş Şimrəli həkimi qucaqlayıb, qoymur yıxılsın və ona deyir:

 

 

 

[Fə r r a ş]  Ş i m r əl i  (həkimə). Vallah, həkim, sən ki, dəlidən belə qorxansan, gərək bir dua yazdırıb yanında saxlayasan.

 

 

 

Həkim  altdan yuxarı baxır Şimrəliyə və bir söz demir.

 

 

 

P ə r d ə

 

 

 

 

DÖRDÜNCÜ   MƏCLIS

 

 

Dəlixana. Dəli   M o l l a   A b b a s   ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər:   P ı r p ı z   S o n a,   F a r m a s y o n   R ü s t ə m,  S ə r s ə m   H e y d ə r, H ə m z a d   Q u r b a n, C i n n i  M u s t a f a.   Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.

 

 

 

M o l l a   A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....

 

S ə r s ə m   H e y d ə r  (ağlaya-ağlaya yalvarır). Ay Molla Abbas qardaş, sən allah bizə nağıl de, qulaq asaq.

 

M o l l a   A b b a s  (hirsli). Necə nağıl de?! Nə zəvzək-zəvzək danışırsan? Necə nağıl de? Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? Sözə bax, sən allah! Deyəsən mən nağılçıyam! (hirsi tutur və gözləri qızarır. Sərsəm Heydər və Həmzad Qurban ağlayırlar. Cinni Mustafa acığından dizlərini yerə çırpır və yumruğunu sağa-sola tullayır. Molla Abbas birdən qah-qah çəkib gülür). Bəs bu nağıl deyil, nədi? Bəs bu dediklərim nağıl deyil, nədi? (gülür).

 

H ə m z a d   Q u r b a n. Sən allah, Molla Abbas, bir az moizə elə qulaq asaq.M o l l a   A b b a s  (guya Həmzad Qurbanın sözünü eşitmədi). Bəli, xudavəndi-aləmin izni ilə biz buraya cəm olmuşuq ki, bu beş günlük dünyayi-fanini quyudatından kənara düşüb, allahın yolundan azanlara üzümüz sataşmasın. Onun üçün də fürsəti qənimət bilib, Ağayi-Məclisidən sizə moizə edəcəyəm ki, feyziyab olasınız.

 

F a r m a s y o n   R ü s t ə m (cəld durur ayağa və əllərini ölçə-ölçə). De, de, ay atam-anam sənə qurban olsun! Eləcə Ağayi-Məclisidən de!

 

M o l l a   A b b a s. Bəli, ey mənim huş və zəkavət, əql və fərasət sahibi olan yoldaşlarım! Ərz olsun xidməti-şərifinizə ki, Ağayi-Fazil Məclisi öz "Ixtiyarat" kitabında belə rəvayət edir ki, (avaznan) əz həzrət imam Məhəmməd Baqir mənqul əst ki, hər kəs rəcəb ayının birinci günü iki min rükət namaz qıla və qabaqkı rükətdə iki min dəfə tövhid zikr edə və üç min dəfə "inna ənzəlna" oxuya və oxuyub qurtarana kimi üzü qibləyə dura, haman şəxs ayın axırına kimi qarın ağrısı görməz; vallahi görməz, billahi görməz.

 

 

 

Burada  F a r m a s y o n   R ü s t ə m  və  S ə r s ə m   H e y d ə r  qah-qah ilə gülürlər;  Həmzad   Q u r b a n   və   P ı r p ı z   S o n a   ağlayırlar;  C i n n i  M u s t a f a  da dizlərini yerə döyür və çığırır. Bir neçə  m ö m ü n   əllərində təsbeh, ağlaya-ağlaya daxil olub soruşurlar: "biz də mərsiyəyə, ağlamağa gəlmişik. Ağlayın ey şiələr!".

 

 

 

C i n n i   M u s t a f a  (ara sakit olandan sonra). Bax, Molla Abbas, istəyirsən mən dabanımı yerə vurum, buradan bir quş çıxsın? Bax, deyirsən vurum? Mən Ağayi-Məclisidən qorxmayacağam ki! (Dabanlarını vurur yerə). Bax, mən də üzü qibləyə durmuşam. Bəs Ağayi-Məclisi niyə üzü qibləyə durur?

 

H ə m z a d   Q u r b a n  (Cinni Mustafaya yalvarır). Ay Mustafa qardaş, sən allah dabanlarını yerə vurma, mən quşdan qorxuram.

 

F a r m a s y o n   R ü s t ə m  (dik qalxır ayağa). Molla Abbas, Molla Abbas, mənim bir atam var idi, peşəsi səhərdən-axşama kimi ağacdan-ağaca uçmaq idi. Axırda xoruz oldu banladı. (Özü də xoruz kimi banlayır). Sən öləsən, Molla Abbas, yalan demirəm, odu bax (göyə baxır), atam uçdu getdi. (Qalan dəlilər də göyə baxırlar, guya bir şey axtarırlar).

 

M ö m ü n l ə r (bir-birinə). A kişi, bunlar bir özgə cürə danışırlar, gəlin çıxaq gedək (gedirlər).

 

M o l l a   A b b a s. Mən hələ quşdan savayı ağacların da göyə uçmağını görmüşəm, daşların da göyə uçmağını görmüşəm.

 

C i n n i  M u s t a f a (çağırır). Mən ölüm, Molla Abbas, boş-boş danışma! Ağacların uçmağını deyirsən de, amma daşların uçmağını demə; bu yalan oldu.

 

 

 

Həmzad Qurban və Pırpız Sona ağlayırlar

 

 

 

[P ı r p ı z]  S o n a. Sən allah, ay Mustafa qardaş, acığın tutmasın, mən qorxuram.

 

M o l l a  A b b a s  (Cinni Mustafaya). Hələ mənim dayımın oğlunun xoruzu var idi, heç həyətdə olmazdı, həmişə damnan dama uçardı.

 

F a r m a s y o n   R ü s t ə m (qah-qah çəkib gülür). Mən ölüm, Molla Abbas, sən də banna (bu da, Heydər də gülürlər, Həmzad Qurban və Sona ağlayırlar, Mustafa dabanlarını yerə çırpır).

 

S ə r s ə m   H e y d ə r (dik qalxır). Sən öləsən, Molla Abbas, mənim uşaqlıqda bir xoruzum var idi (gülür).

 

[H ə m z a d]   Q u r b a n (ağlaya-ağlaya). Niyə mənim xoruzum yoxdu? Niyə hamının xoruzu var, mənim xoruzum yoxdu?

 

M o l l a   A b b a s (ucadan, avaznan).  Ey məşərül-xəlayiq! Eşidin və agah olun ki, dörd yüz il bundan müqəddəm mən getmişdim yəcuc-məcucların vilayətinə. (Hamı dəlilər sakit olub, qulaq asırlar). Orada bu dılğır vətənim mənim yadıma düşdü; məni bir ağlamaq tutdu ki, bir də gördüm (əllərini dizlərinə çırpır) dəryaların suyu qalxır yuxarı, az qalır məni qərq edə; mən də qalxmışam suyun üzünə.

 

[P ı r p ı z]   S o n a  (az qalır ağlaya). Qorxuram mən də qərq olam Molla Abbas. (Titrəyir və gəlir özünü salır Molla Abbasın qucağına; Molla Abbas bunu kənar edir).

 

M o l l a   A b b a s (Sonaya acıqlı). Mən moizə elədiyim yerdə, sənin ixtiyarın yoxdu mənim yanıma gələsən.

 

 

 

(Sona indi də gedir Mustafanın qucağına, o da rədd edir).

 

 

 

C i n n i   M u s t a f a  (çox acıqlı). Çəkil kənara, axmağın qızı! Sən xoruzdan qorxanda, mən də gərək pişikdən qorxam. Mau-mau (pişik kimi movuldayır, Rüstəm və Heydər gülürlər).[H ə m z a d]   Q u r b a n (birdən yerindən qalxıb, başını elə bərk vurur pəncərəyə ki, şüşəsi sınır tökülür). Ədə, qoymayın! Ümman dəryası daşdı! Mən boğuluram!

 

 

 

Bu heyndə  F ə r r a ş  Ş i m r ə l i  girir içəri və əlindəki şallağ ilə Qurbanı bərk döyür. F a r m a s y on   R ü s t ə m  və   S ə r s ə m  H e y d ə r  qaçıb bucağa sığınırlar. H ə m z a d   Q u r b a n  və  S o n a   ağlayırlar, C i n n i  M u s t a f a   ayaqlarını yerə vurub çığırır. M o l l a  A b b a s  başlayır çıtmaq çalıb oymamağa. Fərraş Şimrəli Sonaya diqqət salır və sonra Molla Abbasa deyir:

 

 

 

F ə r r a ş  Ş i m r ə l i. Ay biçarə dəli, molla da məgər oynar?

 

 

 

Rüstəm və Heydər gülüşürlər. Qurban va Sona ağlaşırlar, Mustafa çığırır. Şimrəli Sonaya tərəf gedir və xəlvətləyib onu çimdikləyir Sona çimdiyin ağrısından vuyulduyur. D o k t o r   L a l b y u z  girir içəri. Ara sakit olur, çünki dəlilər hamısı ayağa durub, doktora təzim edirlər.

 

 

 

[F ə r r a ş]   Ş i m r ə l i   (doktora). Cənab həkim, bizim şəhərin dəliləri bu altı nəfər adamdı ki, yığıb gətirdim buraya. Bu, dəli Molla Abbasdı. Bu, onun arvadı dəli Sonadı. Bunun adı Farmasyon Rüstəmdi. Bu, Sərsəm Heydərdi. Bu, Həmzad Qurbandı. Bu da Cinni Mustafadı.

 

H ə m z a d   Q u r b a n (həkimə şikayət edir). Ay həkim, sən allah, bu dəliyə deginən (Şimrəlini göstərir) bizi döyməsin!

 

C i n n i   M u s t a f a (həkimə). Axı bu dəlini (Şimrəliyə işarə) gətirib buraya qatmısınız, bizim günahımız nədi ki, bizi şallaqlayır?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info