Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

[P ı r p ı z]  S o n a. Axı mən sənin yanında oynadım, qorxuram acığın tuta.

 

F a z i l  [M ə h ə m m ə d] Yox qızım, acığım tutmur. Istəyirsən genə oyna. (Sona əllərini qalxızır, istəyir oynasın, o tərəf-bu tərəfə baxıb, istəyir gedə çölə).

 

[P ı r p ı z[   S o n a.   Qoy gedim Molla Abbası çağırım.

 

F a z i l  [M ə h ə m m ə d]  (qabağını kəsir). Yox, getmə,getmə, dayan, dayan, gör nə deyirəm. (Sona Fazilə baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilə tərəf baxır. Fazil bir qədər Sonaya baxandan sonra) Ay qız, bizə yazığın gəlsin; əgər o bədbəxt Molla Abbasa yazığın gəlmirsə, barı mənə yazığın gəlsin, ağlını yığ başına. Axı bir mənə de görüm, sən nə deyirsən, nə istəyirsən və özünü bu günə salmaqda xəyalın nədir?    

 

[P ı r p ı z]   S o n a.   Fazil dadaş, mən imamı axtarıram.

 

F a z i l  [M ə h ə m m ə d]. Necə imamı axtarırsan?

 

[P ı r p ı z]   S o n a.   Mən imam sahibbəzzəmanı axtarıram.

 

F a z i l   [M ə h ə m m ə d.]   Neyləyirsən imam sahibbəzzəmanı?

 

[P ı r p ı z]   S o n a.  Mən imam sahibbəzzəmana ərə gedəcəyəm.

 

F a z i l   [M ə h ə m m ə d.]  Qızım, sən dəlisən, onun üçün belə danışırsan.

 

[P ı r p ı z]   S o n a.   Yox, Fazil dadaş, sən özün dəlisən, onun üçün belə danışırsan.

 

F a z i l   [M ə h ə m m ə d.]  (bir qədər fikirdən sonra). Nə deyim, qızım? Imama istəyirsən, imama get; amma axı sən ağıllanmasan, imam səni bu surətdə qəbul eləməz.

 

[P ı r p ı z]   S o n a.  (ağlamsına-ağlamsına). Mən necəyəm ki? (öz üst-başına baxır). Mən necəyəm ki? Yox, yox, mən imamı istəyirəm. Məni apar imamın hüzuruna; mən imam sahibbəzzəmanı istəyirəm.

 

F a z i l   [M ə h ə m m ə d.]  (bir qədər Sonaya baxandan sonra). Qızım, mən özüm imamın nayibiyəm, mənim sözüm imamın sözüdü (başlayır ağlamağa və diz üstə çöküb, başını əyir döşünə; əlləri ilə üzünü yumur. Bir qədər bu halətdə hərəkətsiz qalandan sonra, başını dikəldir və əllərini qaziyül-hacata qalxızıb deyir). Ey  ricalül-qeyb, hardasınız, niyə həzrət sahibəzzəmanı gətirmirsiniz? Niyə onun rikabi-mübarəkində zühür etmirsiniz ki, cahanı küfri-küffardan pak edəsiniz? Bari pərvərdigara, and verirəm səni yetmiş iki şühədanın nahaq tökülən qanına, sən əvvəla, mənim bəradərim Molla Abbasın təqsirindən keç və nə qədər ki, indiyədək küçə və bazarda sənin cəlalına istehzalar törədib, sənin qüdrətinə şəkk gətirib və nə qədər ki, bundan savayı küfrə və nasəza danışmağı özünə peşə edib, sən onu əfv et; zira sən ərhəmərrahiminsən. Xudaya, and verirəm səni məzlumi-Kərbəlayə, bu biçarə Sonanın qüvveyi-əqliyyəsinə bir qədər sihhət kəramət elə; ta qolu, qıçı və üzü açıq naməhrəmlər nəzərində gəzib dolanmağı tərk etsin və biz aciz bəndələrin hədsiz məsuliyyətlərinə bais olmasın, Allahümmə bəlliğ mövlayi-sahibəzzəman səlavatullahi əleyhi əlaənnə cəmiül-mömininə vəlmöminat, fi məşariqül-ərz və məğaribəha! Qoy zühur etsin və asi bəndələrinə rəhmi gəlsin; qoymasın dünya dərhəm-bərhəm ola.  (Əllərini daha da yuxarı qalxızır və həvəslənir, cuşə gəlir və gəldikcə səsini ucaldır). Zühur et, ey sahibbəzzəman! Zuhur et! Və hidayət elə siratül-müstəqimə günahkar bəndələrini

 

 

M o l l a   A b b a s  və   S o n a   çöl qapıdan başlarını uzadıb xəlvətcə baxırlar.

 

 

 

Ey sahibül-əsr vəz-zəman, zühur et! Mənəm sənin nayibin Məhəmməd, atam Yəqub, künyəm Küleyni (üzünü çöl qapıya tərəf tutub çığırır). Ey məşərül-xəlayiq, elan olunur bu gündən sizə ki, mən ricalül-qeybin ətəyindən tutub, həzrətin zühurunu istida etdim (gözləri səqfə baxır, əlləri duada, cuşa gəlir, ağzı köpüklənir).

 

 

 

[P ı r p ı z]   S o n a  (Fazili bu halda görüb, Molla Abbası çağırır və ağlayır). Molla Abbas, bura bax, bura bax! Fazil dadaşım dəli olub (çığırır).

 

 

 

Küçədə   f ə r r a ş   Ş i m r ə l i  əlində şallağ daxil olur və Pırpız Sonaya deyir

 

 

 

F ə r r a ş   Ş i m r ə l i.   Tərpənmə, həkim gəlir.

 

 

 

H ə k  m   L a l b y u z   daxil olur, bir əlində mizanül-hərarə, o biri əlində yenə həkimlikdə lazım olan qulaq lüləsi. Fazil Lalbyuzu görüb, çox təəccüb edir. Molla Abbas çöl qapıda durub, adamların cəmisinə təzim edir; habelə Pırpız Sona.

 

 

 

F ə r r a ş   Ş i m r ə l i  (Fazilə). Həzrət Fazilə ərz olsun ki, bu cənab (həkimi nişan verir) məşhur professor Lalbyuzdur ki, dəlilərə elə bir dava verir ki, dəli üç gün çəkmir ki, şəfa tapır və sənin-mənim kimi ağlı başına gəlir.

 

F a z i l    M ə h ə m m ə d.  (ayağa durub, həkimə hörmət edir) Buyurun, əyləşiniz (üzünü fərraş Şimrəliyə tutub). Bəli, bəli cənab doktorun şəhərimizə təşrifini eşitmişəm. Bəndeyi-həqir Əmristan mütəxəssislərinin tibb elmində məharətlərinə şəkk və tərəddüdüm yoxdu və lakin ruh mərəzlərinin şəfası ki, bu alicənablar (həkimə işarə edir) öz öhdələrinə götürüblər,--elə bir müşkül əmrdir ki, bu barədə bir nəticəyə nail olmaqlarına mənim mütəəssifanə çox iştibahım var. Zira ki, həqq-təala özü buyurublar ki, qülir-ruhü min əmri-rəbbi. Həənd əmr ləfzinin keyfiyyət və mahiyyətinin mənasını bəyan buyurmayıblar, lihaza əql heyrətdə qalır və üqəlanın ixtilafı məhz bu barədədir ki, aya ruh cövhər qəbilindəndir ya ərəz və cövhər olduqda da aya mücərrəddir ya qeyri-mücərrəd. Çün həzrəti Imam Cəfər Sadiqdən rəvayətdir ki, zəmani ki, xudayi-təala öz bəndəsinin qəbzi-ruhini mələkül-mövtə həvalə elədi, buyurdu: çıxart bəndələrimin ruhunu, gətir mənim yanıma ki, mən onu rahət edim (başlayır ağlamağa, həkim təəccüb edir və yavaş-yavaş gedir Fazilin yanına) və onlara rəhmət bəxş edim. Ruhların hamısını mələkül-mövt gətirir xudayi-təalanın yanına (ağlayır, həkim gedir, əlini qoyur Fazilin alnına və üzünü fərraşa tutur və təəccüb edir).

 

M o l l a   A b b a s  (həkimə yalvarır). Ay həkim, mənim bu Fazil qardaşım dəlidi; ona bir dava ver, ağlı başına gəlsin.

 

F ə r r a ş   Ş i m r ə l i  (Molla Abbasa acıqlanır). Sarsaq, sarsaq danışma, düş qabağıma səni aparacağam dəlixanaya!

 

 

 

Fazil əlləri ilə üzünü örtüb ağlamaqdadır, həkim adamdarın üzünə baxır və bir şey başa düşmür.

 

 

 

F ə r r a ş   Ş i m r ə l i  (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (Molla Abbası göstərir), biri də bunun övrəti Pırpız Sonadı (göstərir).

 

[P ı r p ız]  S o n a  (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (ağlayan Fazili göstərir), biri də....

 

 

 

Fərraş onu itələyib istəyir çıxartsın, həkim əllərini qalxızıb fərraşın qabağını kəsir.

 

 

 

F a z i l   [M ə h ə m m ə d]  (başını qalxızıb yuxarı). Xudaya, sən ərhəmərrahiminsən. (Həkimə). Ey həkim, and verirəm səni Isa və Məryəmə, əgər sənin ixtiyarında olan dava-dərmanlarda kəramət varsa, bu biçarə övrətə bir əlac elə ki, bəlkə bu qədər naməhrəm içində qol-qıçı açıq gəzmək məsiyyətindən xilas olub, nə qədər nəfəsi var, cənabınıza sənaxan olsun.

 

 

 

Doktor Sonanın qol-qıçına vəravürd edir və nəbzini əlinə alıb soruşur.

 

 

 

D o k t o r. Sənin ad nə? (Sona dinmir). Sənin ad nə? (Sona yenə dinmir).

 

F ə r r a ş   Ş i m r ə l i  (Sonaya). Ay qız, həkim soruşur adın nədi? Cavab ver də! Kar deyilsən ki!

 

M o l l a   A b b a s   (həkimi yamsılayır). Sənin ad nə?

 

 

 

Adamlar gülüşür.  Fərraş Molla Abbas tərəfə hücum edir, Molla Abbas qaçır, Sona ağlayır.

 

 

 

[P ı r p ı z]  S o n a. Niyə mənim Molla Abbasımı döyürsünüz? (Həkimə). Ay həkim, qoyma bu dəlilər mənim Molla Abbasımı döysünlər (ağlayır).

 

F a z i l    [M ə h ə m m ə d]  (həkimə). Ay həkim, and verirəm səni o yeri-göyü yox yerdən xəlq edən bir pərvərdigara, sən mənim bu dəli qardaşım Molla Abbasa da ətfi-nəzər edib, bunun da dərdi müalicəpəzir olan surətdə, o da öz məsləhətinizdi. Nə eybi var, girəm ki, bu bədbəxt bu qədər müddətin ərzində ki, xəbti-dimağ gətirib, çöllərə düşüb, xüdavəndi-aləmin əqlləri heyran qoyan mahiyyət, kəmiyyət və keyfiyyətini istehzaya qoyub danışmağı özünə bir vəzifeyi-şəniə qərar verib. Və şayəd bundan baş verən küfr və nasəzanın müqabilində xüdavəndi-təbarək və təala tərəfindən (uşaq kimi ağlayır) bu övrətə də bir müalicə iltifat ediniz, ta ki, üzü-gözü açıq gəzib, bizi naməhrəmə baxmaq günahi-kəbirəsindən xilas etsin.

 

 

[P ı r p ı z]   S o n a  (həkimə yalvarır). Ay həkim, sən allah, sənə qurban olum, mənim bu Fazil dadaşıma da bir dava ver, ağıllansın və məni çox çimdikləməsin.

 

 

 

Hamı gülüşür, doktordan və Fazildən savayı.

 

 

 

F a z i l   [M ə h ə m m ə d]  (başını qalxıhzıb Sonaya bərk və çox ucadan acıqlanır). Yalan danışma, bihəya!

 

[P ı r p ı z]   S o n a  (istəyir ağlaya). Buy, buy! Yalan niyə danışıram? Bəs bunları kim çimdikləyib? (Qolunda və canındakı çimdik yerlərini göstərir, Molla Abbas qapıdan qah-qah çəkib gülür).

 

F a z i l    [M ə h ə m m ə d]  (əllərini göyə qalxızıb). Əstəğfürullah rəbbi və ətubi ileyh, lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim.

 

 

Dəlilər  (Fazili yamsılayırlar). Fərraş onlara həmlə edir. Dəlilər qaçır çölə. Fərraş qaçır onların dalınca və çığırır.

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info