Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

M o l l a  A b b a s (həkimə). Axı mən ki, oynayıram, bunun kimə bir ziyanı var ki, bu dəli mənim oynamağıma lağ eləyir?

 

 

 

Rüstəm və Heydər gülürlər.

 

 

 

[ P ı r p ı z]  S o n a  (həkimə, ağlaya-ağlaya). Ay həkim, bu dəli kişi (Şimrəlini göstərir) məni çimdiklədi.

 

 

 

Rüstəm və Heydər gülür, Qurban ağlayır.

 

 

 

F ə r r a ş  Ş i m r ə l i (həkimə).  Cənab doktor, bunlar dəliliyin havasına danışırlar.

 

S ə r s ə m   H e y d ə r (dik atılır). Buy, həkim and olsun allaha, biz dəli deyilik, özü dəlidi.

 

D ə l i l ə r  (hamısı birdən). Vallah, dəlidi!

 

F ə r r a ş  Ş i m r ə l i (həkimə). Doktorun başı üçün, mən bunları döyməmişəm.

 

L a l b y u z   (Şimrəliyə). Bu, bu ....  (bilmir nə danışsın).

 

 

 

Dəlilər hamısı həkimə baş yendirib ədəblə dururlar.  Həkim  mat-məəttəl qalır, əvvəl ehtiyatla gedir dəlilərin nəbzinə baxır, sifətlərinə və gözlərinə baxır, sonra Sonaya yavuq gəlib, qol-qıçına diqqət salır, nəbzinə baxır, çənəsini əlləyir

 

 

 

[P ı r p ı z]  S o n a (ağlaya-ağlaya). Ay həkim, mən səndən qorxuram; qorxuram sən də məni çimdikləyəsən.

 

 

 

Molla Abbas, Rüstəm və Heydər gülüşürlər. Qurban və Sona ağlaşır. Mustafa dizlərini yerə vurur, çığırır. Daxil olurlar  H a c ı  B a ğ d a d, K a b l a  T ü r b ə t, M ə k k ə  M ə h ə m m ə d, Ü m m i  G ü l s ü m, Ə m i n ə, S ə k i n ə. S o n a  bunları görcək başlayır qorxub gizlənməyə və ağlaya-ağlaya deyir:

 

 

 

[P ı r p ı z]   S o n a. Həkim, bu dəliləri qoymayın bura gəlsinlər, mən onlardan qorxuram. (Titrəyir. Dəlilər də Sonanı tdsdiq edir, adamlar narahat, həkim məəttəl, çavuş dəlilərə təpinir və aranı sakit edir).

 

K a b l a  T ü r b ə t (əlində təsbeh, dodaqları "sübhanallah" vird edir). Cənab həkim, mən bir işdən ötəri sizə zəhmət verməyə gəlmişəm. Mən bu dəli, sərsəm Heydərin ata bir, ana bir qardaşıyam. Ərz olsun ki, mənim bu bədbəxt bəradərim, bir ildən artıqdı ki, dəlilik azarına giriftar olub. Dua qalmayıb ki, yazdırmamış olaq; dərman qalmayıb ki, yedirtməmiş olaq.

 

 

 

Heydər durur ədəblə qardaşı Kabla Türbətə baş yendirir.

 

 

 

Dərdi-sər verməkdən məqsəd budur ki, bu gün seşənbə, bəli, çəənbə, pəncşənbə, cümə günü, yəni rəcəb ayının on doqquzunda, həzrətin zühurudur ki, cəmi dəli kişilərin övrətləri haman gün öz yavuq qohumlarının biri ilə bahəmlikdə həzrətin ziyarətinə müşərrəf olmalıdırlar.

 

 

 

Molla Abbas mayallaq aşır.  Rüstəm  və  Heydər gülüşürlər, "ğu-ğu" eləyirlər. Sona  və  Qurban ağlaşırlar, Mustafa  çığırır.

 

 

 

K a b l a   T ü r b ə t  (Molla Abbasa). Allah sənə lənət eləsin! Gərək imamın zühurunun söhbətində bu mürtəd mayallaq aşa. (Həkimə). Həkim cənablarına bu dərdi-səri verməkdən məqsəd bilməkdi ki, aya bu üç günün ərzində bu bədbəxt Heydərin ağıllanmağına bir ümid var ya yox? Çünki şayəd xudavəndi-aləmin şəfaəti sadir ola, ağıllana; əgər ağıllanmasa, mən özüm məcburam övrəti Əminəni (Əminəyə tərəf baxır) aparam həzrətin ziyarətnnə....

 

Ə m i n ə  (gedir sərsəm Heydərin üzünə boğma çıxardır. Heydər mat-mat baxır). Yalansa, bunun başına kül! Bir ildən artıqdır bu gün ağıllanır, sabah ağıllanır; məni də sərgərdan qoyubdu.

 

 

 

Cinni Mustafa çığırır.

 

 

 

K a b l a   T ü r b ə t (həkimə). Cənab həkim, sizin rəyinizi bilmək bizə lazımdı.

 

H ə k i m    (çiyinlərini atır). Akademik, akademik.

 

 

 

Heç kəs başa düşmür. Rüstəm və Heydər gülüşür. Sona və Qurban ağlaşırlar, Mustafa çığırır.

 

 

 

M ə k k ə   M ə h ə m m ə d   (əlində təsbeh, dodaqları vird edir və həkimə deyir). Cənab həkim, sizə dərdi-sər verməkdən məqsəd budur ki, ərz edirəm. Mənim də bu bədbəxt ata bir, ana bir qardaşım Həmzad Qurban bir neçə müddətdi ki, dəli-divanə olub çöllərə düşübdü. Bu da onun övrəti Səkinədi. Dua qalmayıb ki, yazdırmamış olaq; dava-dərman qalmayıb ki, yedirtməmiş olaq. (Qurban durur ayağa, qardaşı Məkkə Məhəmmədə baş yendirir). Dərdi-sər verməkdən məqsəd budur ki, cümə günü həzrət zühur edir; hökmdür ki, cəmi dəli kişilərin övrətləri öz yavuq qohumları ilə birlikdə həzrətin ziyarətinə müşərrəf olalar.

 

 

 

Molla Abbas mayallaq aşır, mömünlər bu dəfə onu döyə-döyə salırlar çölə. Rüstəm  və Heydər gülüşürlər, Sona  və Qurban ağlayırlar.

 

 

 

M ə k k ə   M ə h ə m m ə d  (Molla Abbasın dalınca). Hər vaxt ki, imamın zühurundan söhbət düşür, bu məlun oğlu məlun gərək mayallaq aşa. (həkimə). Həkim cənablarına dərdi-sər verməkdən məqsəd bilməkdir ki, aya, bu üç günün ərzində bu bədbəxt Qurbanın ağıllanmağına bir ümid var ya yox?

 

 

 

Səkinə gedir Həmzad Qurbana boğma çıxardır.  Qurban mat-mat baxır.

 

 

 

S ə k i n ə. Bunun başına kül! Nə qədər vaxtdı ki, elə ha bu gün ağıllanır, sabah ağıllanır; məni də sahibsiz qoyub.

 

 

Cinni Mustafa çığırır, dabanlarını yerə çırpır.

 

 

 

H ə k i m (çiyinlərini atır). Akademik, akademik!

 

 

 

Heç kəs həkim dediyini başa düşmür.

 

 

 

M o l l a   A b b a s  (qapıdan). Ay müsəlmanlar, vallah bu həkim dəlidi.

 

 

 

Molla Abbas qapıda oynayır, Rüstəm və Heydər gülüşürlər, Sona və Qurban ağlayırlar; Mustafa çığırır va dabanlarını yerə çırpır. Şimrəli Molla Abbasa bir şallaq çəkir.

 

 

 

[P ı r p ı z]   S o n a (ağlaya-ağlaya, həkimə). Ay həkim, sən allah bu dəlilərə de, mənim Molla Abbasımı döyməsinlər.Uzaqdan çavuş carlayır, camaat salavat çəkir. Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info