Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

H a c ı  M ə h ə m m ə d ə l i.  Pəh, pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə; necə də ki, ərəblər deyiblər: zahir batinin ayinəsidir, eləcə doktorun zahirindən elm yağır. A kişi, bizim müsəlmanların yəni həkimləri də bir həkimdilər? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillər. Həkim, bax, buna deyərlər ey! Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir.

 

H a c ı   C ə f ə r.  Yəni, Hacı ağa, nə eybi var ki, bilmir?

 

H a c ı   X u d a v e r d i.  Yəni, Hacı ağa, bizim dildə nə mətləb var ki, onu bilsin ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə olacaq?

 

H a c ı  M ə h ə m m ə d ə l i  (hacılara). Hacı ağa, and olsun allaha, mən ona təəccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-bilməyə dəlilərə necə müalicə edəcək? Genə özgə azar ola, genə bilməsə də, o qədər eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh məsələsi var, burada dəlinin əhvalını yoxlamaq məsələsi var.

 

H a c ı  X ud a v e r d i.  Xudaya, şükr sənin cəlalına!

 

H a c ı   C ə f ə r.   Lahövlə vəla qüvvətə illa billahü əliyül-əzim!

 

H a c ı  N a y i b.  Yəni Hacı Məhəmmədəli ağa, dili bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur. Odur Həzrət Əşrəf də bizim dili bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var? Həkim də bunun kimi. Nə eybi var? Həkiminki odur ki, azarın özünə yaxşı təşxis versin.

 

H a c ı  M ə h ə m m ə d ə l i  (Hacı  Nayibə). Xeyr, məni əfv buyurasınız, Hacı ağa! Həzrət Əşrəfin işi bir özgədir: o hakimdi, onun vəzifəsi ancaq əmr etməkdi, çığırıb bağırmaqdı ki, burada bir özgə dili bilmək əsla lazım deyil; amma həkim bir az bilsə, nə eybi var?

 

H a c ı  N a y i b.  Bəli, hələ bu belə. Indi, hacılar keçək məsələnin o biri tərəfinə. Məlumdur ki, hər təşəbbüsat ki, məmləkətin abadlığı yolunda başlanır, hökumət xəzinəsinə çox da ağırlıq düşməsin deyə, ağayani-tüccarın himmətinin vücudu ilə nəticəbəxş olur; buna binaən Həzrət Əşrəf dəlixananın təsisinin məsarifini siz cənabların öhdəsinə mühəvvəl edibdi ki, indi biz bu saat doktor həzrətlərinin müsvəddəsindən həmin binagüzarlığın məxaricini təxmin edə bilərik. (Əyilib doktorun kağızına baxır).

 

 

 

Doktor gah kağızları, gah lüğət kitablarını açır, Hacı Nayabə nişan verir.

 

 

 

Bəli, doktorun hesabı mövcibincə, əgər biz istəyək şəhərimizdə bir dəlixana təsis edək, onun ildə iyirmi min tümən məsarifi olacaq.

 

H a c ı  M ə h ə m m ə d ə l i  (təəccüblü). Iyirmi min tümən?

 

H a c ı   N a y i b.  Bəli, Hacı ağa.

 

H a c ı   X u d a v e r d i   (təəccüblü).  Iyirmi  min tümən?

 

H a c ı   N a y i b. Bəli, Hacı ağa.

 

H a c ı   C ə f ə r  (təəccüblü). Iyirmi min tümən?

 

H a c ı   N a y i b. Bəli, Hacı ağa.

 

 

 

Hacılar bir-birinə baxıb, başlarını bulayırlar.

 

 

 

H a c ı  M ə h ə m m ə d ə l i  (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni səyyidüş-şühədaya, boşla getsin.

 

H a c ı  X u d a v e r d i  (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni qərib Imam Rzaya, boşla getsin.

 

H a c ı  C ə f ə r  (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni çəhardəh məsuma, boşla getsin.

 

H a c ı  M ə h ə m m ə d ə l i  (Hacı Nayibə). Ərz olsun Hacı Nayib ağanın hüzuri-mübarəkinə ki, o biçarə dəlilərin ağlını alan o gözə görünməyən pərvərdigari-aləmdir ki, öz yaratdığı bəndəyə lazım olan yerdə ağlı verir də, alır da. Bu bir məşiyyəti-yəzdanidir ki .... (Iki əlini yuxarı qalxızıb, gözlərini allaha tərəf axıdıb, bu halətdə olan vaxt Həzrət Əşrəf içəri qapıdan yavaşca başını çıxardıb çığırır).

 

H ə z r ə t   Ə ş r ə f.  Pul, pul!....  (Həzrət Əşrəf yenə yox olur. Hacılar xövfə düşürlər).

 

H a c ı   M ə h ə m m ə d ə l i  (Hacı Nayibə) Hacı ağa, bu nə fərmayişdi? Pul budur bizim cibimizdə. Bizim malımızın da, canımızın da təəllüqü Həzrət Əşrəfdir. And olsun xaliqi-ləmyəzələ ki, burada xilaf yoxdu. Bu nə fərmayişdi?

 

 

 

Fərraş Şimrəli daxil olur.

 

 

 

H a c ı   X u d a v e r d i  (Hacı Nayibə). Hacı ağa, and verirəm səni o uzun qollu Həzrət Abbasa, axı Həzrət Əşrəfin nahaq yerə qeyzi tutur; biz bir söz ki, demirik. Bir surətdə ki, Həzrət Əşrəf fərmayiş buyururlar, bizim nə sözümüz ola bilər?

 

H a c ı l a r. Nə sözümüz ola bilər?....

 

H a c ı   X u d a v e r d i. Axı, qurban sənə, Hacı ağa, bircə mətləb burasındadır ki, hərənin öz damarına görə qan alarlar. Axı sən özün bir mülahizə buyur gör, o iyirmi min tüməni biz üçümüz verə bilərik ya yox? Görək aya bu şəhərdə bizdən də savayı tacir var ya yox?

 

H a c ı   C ə f ə r. Yaxşı, biz bədbəxt nə deyirik ki! Xub, yarısını biz verək, yarısını qeyri tacirlər versin.

 

H a c ı   N a y i b. Hacı Məhəmmədəli ağa, and verirəm səni mövlayi-müttəqiyanə, bu sözləri mənə deməyin. Sözünüz var idi, bayaq Həzrət Əşrəfin özünə ərz edəydiniz. Əgər pul vermək xəyalınız yox idi, heç öhdənizə götürməyəydiniz.

 

H a c ı   X u d a v e r d i.  Ay Hacı ağa, axı biz bədbəxt nə vaxt öhdəmizə götürdük?

 

H a c ı   C ə f ə r. Allah şeytana lənət eləsin!

 

H a c ı   X u d a v e r d i.   Xudaya, şükür sənin cəlalına!

 

H a c ı  M ə h ə m m ə d ə l i  (üzü həkimə). Cənab həkim, gəl sən bu daşı ətəyindən tök!

 

 

 

Həkim təəccüblü baxır hacılara tərəf və bir şey başa düşmür.

 

 

 

H a c ı  X u d a v e r d i  (həkimə). Ay həkim, Hacı Məhəmmədəli ağa yaxşı deyir, axı bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərdi-sər verirsiniz? Biz eşitdiyimiz budur ki, dəliliyin bir səbəbi var. Bu bir bəladır; bu bir qismətdir ki, hər bir yaranmış ki, bu dərdə mübtəla olur, gərəkdir ki, tutduğu işin müqabilində cəzasını çəksin. Bunun çarəsi "Cövşəni-kəbir" ya "Cövşəni-səğir" duasıdır ki, yazıb tikirlər dəlinin paltarına; özü də gərək sol qoluna tikilsin. (Əli ilə qolunu göstərir).

 

 

 

Həzrət Əşrəfin başı içəri otaqdan görsənir.

 

 

 

H ə z r ə t   Ə ş r ə f   (çox ucadan və hirsli). Pul! Pul!

 

H a c ı l a r   (təşvişə düşürlər və qorxa-qorxa deyirlər). Bəçeşm, bəçeşm. Pul hazırdır. (Əllərini ciblərinə uzadırlar).

 

Küçədə Ç a v u ş carlayır:

müjdə verilir şəhərimizin dəlilərinə, şəhərimizə bir həkim gəlib, daha bundan sonra hamı dəlilər ağıllanacaq. Ay muştuluğumu verənlər, ay xələtimi verənlər!

 

 

H a c ı   M ə h ə m m ə d ə l i  (Hacı  Nayibə). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzəldərik. Amma and verirəm səni Imam Museyi-Kazimə, həkimi bir tövr başa sal, xərci azaltsın; yoxsa bizim şəhərimizdə o qədər çox dəli yoxdu ki, iyirmi min tümən onların müalicəsinə sərf olunsun.

 

H a c ı   C ə f ə r.  Xeyr, xeyr, o qədər dəli harada idi? Cəmisi beş-altı nəfər ancaq olar.

 

H a c ı  M ə h ə m m ə d ə l i  (Hacı Cəfərə). Xeyr, Hacı ağa, bimari-Kərbəlaya and olsun, dörd nəfərdən artıq deyil: biri dəli Molla Abbasdı, biri onun övrəti Pırpız Sonadı, biri, biri....

 

H a c ı   X u d a v e r d i.  Biri o Farmasyon Rüstəmdi-nədi, biri odu, bir-ikisi də ola-olmaya....

 

H a c ı   N a y i b  (əyilib həkimin hesabına baxır). Burada əvvəl davaların xərci yazılıb, məsələn: psixikum-sulfirikum-bromatum, min tümən ....  Nə bilim, çoxusunu oxuya bilmirəm.

 

 

 

əri otaqdan həzrət Əşrəfin başı görsənir.

 

 

 

H ə z r ə t   Ə ş r ə f   (çığırır). Pul! Pul!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info