Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

 

 

Hacılar tələsə-tələsə və qorxa-qorxa ciblərindən bir qədər qızıl pul çıxardıb, tökürlər Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır aparır içəri, Həzrət Əşrəfə verir, qalan yarısını qoyur həkimin qabağına, həmin pulları dəstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir; hacılar ilə əl-ələ verir. Hacılar xahi-nəxahi əl verəndən sonra, əllərini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna təəccüb edib və üzünu Hacı Nayibə tutub, guya bu işin mənasını bilmək istəyir. Hacılar narazı bir halətdə istəyirlər çıxıb getsinlər, bu heyndə küçədə qilü qal qopur. Daxil olur  H a c ı   B a ğ d a d  və    Ü m m i - G ü l s ü m

 

 

 

H a c ı   N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nə qeylü-qaldı?

 

H a c ı   B a ğ d a d  (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni o gözə görünməyən pərvərdigara, bizi bu mərəkədən xilas et.

 

H a c ı   N a y i b.  Nə var, nə mərəkədi?

 

H a c ı   B a ğ d a d.  Hacı ağa, bizim qiylü qal ilə işimiz yoxdu. Biz allahın fəqir və mömin bəndəsiyik. Mənim o bədbəxt dəli qardaşım Farmasyon Rüstəmin əlindən bilmirik hara baş götürüb qaçaq. Bu övrət (Ümmi Gülsümü göstərir), ayıb olmasın, haman dəli qardaşımın övrətidir. Indi bir-iki ay olar ki, mən onu müvafiq-şəri-ənvər özümə siğəsini oxudub, həlal eləmişəm. Siğəsini də Fazil Məhəmməd özü oxuyub. Çünki gərək məlumunuz ola ki, Fazil Məhəmməd özü keçən il elan eləmişdi ki, cəmi dəlilərin övrətləri ərlərindən boşdular və azaddılar. Indi haman dəli Rüstəm qardaşım bu saat gəlib yapışıb bu biçarə övrətin yaxasından ki, şəhərimizə həkim gəlib, mənə dava verəcək, ağlım başıma gələcək. Indi istəyir zornan övrəti götürüb aparsın. Aman günüdür, Hacı ağa, bizi dəli Rüstəmin şərindən xilas elə.

 

 

 

Hacı Nayib və qeyriləri  mat qalırlar.

 

 

 

H a c ı l a r.   Lahövlə vəla qüvvətə illa billahü əliyyül-əzim!

 

 

 

Yenə küçədə mərəkə və qeylü-qal qopur. Daxil olurlar K ə r b ə l a y ı   T ü r b ə t,  M ə k k ə M ə h ə m m ə d,  Ə m i n ə  ö v r ə t, S ə k i n ə  ö v r ə t  və bunlardan savayı  k ü ç ə   ə h l i. Daxil olanlar bir-biri ilə bu tövr giley-güzar edir: "A kişi, belə də iş olar, necə ağıllanacaq, biçarə arvadın günahı nədi?"  Küçədə Çavuş yenə carlayır: "Ey şiələr, şəhərimizə həkim gəlib, dəlilərə müjdə olsun. Hamısı bir neçə günün müddətində ağıllanacaq. Ey mənə muştuluq verən, ey mənə xələt verən!" Sonra adamlar başlayır çığırışmağa: "Ədə, dəlilər gəlirlər!" Qiylü qal qopur, ara qarışır, Həzrət Əşrəf başını içəri otaqdan çıxardıb çığırır: "Sükut!" F ə r r a ş şallaq ilə camaatı sakit edir.

 

 

 

H a c ı  N a y i b  (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kərbalayı Türbət, Məkkə Məhəmməd! Ey-yer üzünün şiələri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cənabları xudavəndi-aləmin mərhəməti ilə şəhərimizin cəmi dəlilərini ağıllandıracaq. O ki, siz ərz edirsiniz dəlilərin bir neçəsinin övrətləri öz qardaşlarına ərə gediblər, bu məsələlər şəri bir məsələ olduğu halda, bunun həllini Həzrət Əşrəf mühəvvəl edir şəhərimizin şəriətmədarı Fazil Məhəmməd ibn Yəqubun öhdəsinə ki, bu barədə hər nə sərəncam olsa, ona təbəiyyət etmək cəmi yer üzünün şiələrinin vəzifəsidir. Dəxi burada bir özgə söhbət ola bilməz.

 

 

 

Hacı Nayib sözünü qurtaran kimi küçədə səs düşür ki, dəlilər gəlir, C i n n i  M u s t a f a  gəlir. Adamlar qarışır bir-birinə, qaçan qaçır, qalan qalır.

 

 

 

P ə r d ə    s a l ı n ı r.

 

 

 

 

IKINCI MƏCLIS

 

 

Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti  M ə ş ə d i  Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r  öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli  M o l l a  A b b a s  və dəli övrəti   P ı r p ı z   S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.

 

 

 

M ə ş ə d i   Z e y n ə b  (acıqlı). Itilin cəhənnəmə buradan!

 

P ı r p ı z   S o n a.  Buy,buy, buna bax, sən allah! Biz niyə cəhənnəmə itilək?  (Molla Abbasa) Molla Abbas, sən allah biz cəhənnəmə gedəcəyik? (istəyir ağlaya). Molla Abbas, sən allah qoyma məni cəhənnəmə aparsınlar; mən cəhənnəmdən qorxuram (qorxusundan titrəyir).

 

M o l l a   A b b a s  (Sonaya acıqlı). Kəs səsini, bihəya qızı bihəya! (Bir qədər acıqlı baxır Sonanın üzünə). Çəpik çal, oynuyum. (Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa).

 

M ə ş ə d i   Z e y n ə b   (acıqlı və ucadan). Cəhənnəm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Əlində bir şey tutub  istəyir ata dəlilərə. Onlar istəyir qaçalar çölə, amma  uşaqların qorxusundan  qapıdan yenə evə qayıdırlar).

 

M o l l a  A b b a s   (az qalır ağlasın).  Axı mən hara gedim? Uşaqlar məni daşa basır.

 

(Sona əyri-əyri baxır. Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir, Zeynəb ona bir-iki yumruq vurur).

 

M o l l a   A b b a s   (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın.

 

F a z i l   M ə h ə m m ə d   (daxil olub, başmaqlarını çıxardır). Genə bu nə qiylü qaldı? (Molla Abbasa). Genə bu küçə uşaqlarını niyə bura yığmısan? Nə istəyirsən bunlardan? Min dəfə sənə demişəm bu colma-çocuğa qoşulma. (Sonaya) Hə, Sona, kefin necədi, qızım?

 

 

(Sona da, Molla Abbas da ikiqat baş yendirirlər və bir söz demirlər).

 

 

F a z i l  [M ə h ə m m ə d]  (Molla Abbasa) Abbas, genə səndən yana giley-güzar eşidirəm; genə səndən şikayətlər qulağıma çatır. Bir az özünə toxtaxlıq ver; axı eyibdir. Sən mənim ata bir, ana bir qardaşımsan; sən camaatı üstünə güldürəndə, mən xəcalətimdən küçəyə çıxa bilmirəm. Vallah biabır olmuşam. Bir də bu qədər küfr, nasəza danışmağı tərgit: allah ilə, peyğəmbər ilə işin olmasın, yoxsa camaat səni səngsar elər.

 

 

 

Dəlilər ikisi də Fazilə təzim edirlər, Zeynəb də oturub qulaq verir.

 

 

 

F a z i l   [M ə h ə m m ə d]    (Molla Abbasa). De, de, de, görüm axı nə vaxtadək dəlilik eləyəcəksən? Axı bir söz de görüm nə deyirsən?

 

M o l l a  A b b a s (Fazilə). Dadaş, izin ver oynuyum.

 

P ı r p ı z   S o n a   (Fazilə). Fazil dadaş, izin ver mən də oynuyum.

 

F a z i l  [M ə h ə m m ə d] (acıqlı). Siz gərək mənnən zarafat eləməyəsiniz; mən Faziləm, mənə hörmət lazımdı. Tutaq ki, mən izin verdim; siz mənim yanımda nə tövr cürət edib oynarsınız?

 

M o l l a   A b b a s  (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istəyirsən oynuyum? (əllərini qalxızır ki, oynasın).

 

F a z i l  (çığırır). Sarsaqlama!

 

Molla Abbas qorxub qaçır çölə.

 

 

 

[ P ı r p ı z ]  S o n a.  Fazil dadaş, gör mən nə yaxşı oynuyuram (Sona əllərini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninə tökülmüş halda süzə-süzə dolanır, gəlir Fazilin qabağından keçir).

 

F a z i l   [M ə h ə m m ə d]  (bir qədər mat-mat tamaşa edəndən sonra üzünü kənara tutub). Lənət şeytana!

 

P ı r p ı z  S o n a.  (Məşədi Zeynəbə). Zeynəb, ay qız, dur sən də oyna! (Zeynəb Sonanı itələyir kənara, Molla Abbas oynaya-oynaya girir içəri).

 

F a z i l  [M ə h ə m m ə d]  (Molla Abbasa). Cəhənnəm ol buradan!

 

M o l l a  A b b a s. Dadaş, əgər oynamağıma razı deyilsən, izin ver mayallaq aşım (mayallaq aşır).

 

F a z i l  [M ə h ə m m ə d]  (durur Molla Abbası evdən qovur). Cəhənnəm ol! Çıx get! Yoxsa, vallah, bilmirəm ki, nə elərəm!

 

(Molla Abbas və Sona qaçırlar çölə, ara bir qədər sakit olur).

 

F a z i l   [M ə h ə m m ə ə d]  (Zeynəbə). Zeynəb, sənə bir söz deyəcəyəm. (Zeynəb dinmir, qulaq asır). Qulaq as gör nə deyirəm. Şəriətdə belə yazılıb ki, bir kişi ki, dəli oldu, onun övrəti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mənim bədbəxt qardaşım Molla Abbasın dəli övrəti Pırpız Sonadır ki, mənim qabağımda qol-qıçı açıq gəzir və mən də ona xahi-nəxahi nəzər etməyə məcbur oluram, buna şəriət sahibi bəhər hal razı ola bilməz.

 

M ə ş ə d i    Z e y n ə b   (Fazilə). Bəs nə eləmək istəyirsən?

 

F a z i l   [Mə h ə m m ə d]  (bir qədər dinmir). Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də deyəsən bir haray yoxdu. (Bir qədər dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gəlsin danışdırım. (Zeynəb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrə gedir, Zeynəb Sonanın əlindən yapışıb çəkəəkə gətirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gəl, sənə söz deyəcəyəm. (Sona təzim edir). Sona, gəl razı ol, səni yaxşıca geyindirim, bəzəndirim, yuyundurum, səliqələndirim; amma bu şərtnən ki, ağıllanasan, dəxi üzü-gözü açıq küçələrə düşüb, dəlilik eləməyəsən.

 

[P ı r p ı z]   S o n a   (qorxur, az qalır ağlaya). Fazil dadaş, mən səndən qorxuram.

 

F a z i l   [M ə h ə m m ə d]   (yumşaqlıqnan). Niyə məndən qorxursan, qızım?

 

[P ı r p ı z]   S o n a.  Qorxuram məni döyəsən.

 

F a z i l   [M ə h ə m m ə d]   (mehriban). Qorxma, qızım, döymənəm; niyə döyüm? (yavuq gedir).

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info