Qonaq Kitabı
DƏLI YIĞINCAĞI

DƏLI YIĞINCAĞI

 

 

 

Komediya 5 məclisdə

 

 

M Ə C L I S   A D A M L A R I

 

 

 

H ə z r ə t  Ə ş r ə f - hakim, 55 yaşında.

 

H a c ı  N a y i b - (hakimin müavini), 45 yaşında.   

 

H a c ı  M ə h ə m m ə d ə l i   f ə r ş f ü r u ş - dövlətli  tacir,  50 yaşında.

 

H a c ı   X u d a v e r d i   Ş ü r ə k a - dövlətli tacir, 50 yaşında.

 

H a c ı  C ə f ə r  K o m p a n I - dövlətli tacir, 50 yaşında.

 

D o k t o r   L a l b y u z - (həmişə gözündə eynək), 55 yaşında.

 

F ə r r a ş  Ş i m r ə l i - 30 yaşında.

 

F a z i l   M ə h ə m m ə d   i b n  Y ə q u b   K ü l e y n i - 45 yaşında.

 

M ə ş ə d i   Z e y n ə b - onun övrəti, 30 yaşında.

 

D ə l i  M o l l a  A b b a s  i b n  Y ə q u b - Fazilin qardaşı, vaiz, mərsiyəxan, yaxşı səs sahibi, saqqalı və başı ağarmış, 60 yaşında (Dəlilikdə meyli şadlığadır).

 

P ı r p ı z  S o n a - dəli. Gah şad, gah qəmli. Molla Abbasın arvadı, gözəl saçları  dağınıq, 35 yaşında.

 

F a r m a s y o n   R ü s t ə m - dəli, 40 yaşında (meyli şadlığadır).

 

S ə r s ə m   H e y d ə r - dəli, 35 yaşında (meyli şadlığadır)

 

H ə m z a d   Q u r b a n - dəli, 25 yaşında (meyli  qəmginliyədir).

 

C i n n i  M u s t a f a -  dəli, 40 yaşında (həmişə acıqlı).

 

H a c ı  B a ğ d a d - Farmasyon Rüstəmin qardaşı, 45 yaşında.

 

K ə r b ə l a y ı  T ü r b ə t - sərsəm Heydərin qardaşı, 40 yaşında.

 

M ə k k ə  M ə h ə m m ə d - Həmzad Qurbanın qardaşı, 40 yaşında.

 

Ü m m i  G ü l s ü m - Farmasyon Rüstəmin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 35 yaşında.

 

S ə k i n ə - Həmzad  Qurbanın  arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 22 yaşında.

 

Ə m i n ə - Sərsəm Heydərin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 30 yaşında.

 

Ç a v u ş  Ə l ə l f ə l a h - 35 yaşında.

 

B i r  k i ş i ,  o ğ l u  i l ə  b ə r a b ə r.

 

Bunlardan savayı çox camaat.

 

Cəmi mömünlər ki, burada iştirak edirdilər, hamısı əli təsbehli və dodaqları dua vird edir; məsəla: "sübhanallah, sübhanallah"....

 

 

 

 

BIRINCI  MƏCLIS

 

 

Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t  Ə ş r ə f i n   idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini  H a c ı  N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib  d o k t o r   L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı  M ə h ə m m ə d ə l i  fərşfuruş, H a cı   X u d a v e r d i  Ş ü r ə k a,  H a c ı  C ə f ə r  K o m p a n i. Qapının yanında durub fərraş  Ş i m r ə l i.  H ə z r ə t   Ə ş r ə f   H a c ı  N a y i b ə  qanılmayan dildə yavaş-yavaş bir söz deyir.

 

 

 

H a c ı  N a y i b  (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.

H a c ı  C ə f ə r  K o m p a n i  (Hacı Nayibə).  Hacı ağa, and verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və mətləbi bizim dildə bəyan ediniz ki, başa düşək: çünki məcə də ki, sizə məlumdur. Həzrət  Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qədər yavaş deyir). Doğrusu, Hacı ağa, peyğəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük. Bəs buna görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətində bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ əlini basır ağzına).

 

H a c ı M ə h ə m m ə d ə l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da əlini ağzına basır).

 

H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ əlini ağzına basır).

 

 

 

Hacı Naib Həzrət Əşrəf tərəfə əyilib ona yavaşca bir söz deyir və o da buna yavaşca bir neçə söz deyir. Həzrət Əşrəf durub gedir içəri otağa, sonra Hacı Nayib üzünü tutur hacılara.

 

 

 

H a c ı  N a y i b. Hacılar, əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abad və əhalinin istirahət və səadətidir. Və Həzrət Əşrəfin amalı və arzusu, bu məmləkətə təşrif gətirəndən indiyədək həmişə bu yolda olubdur. Buna da allah-təala özü şahiddir; bu da ki, əzhər minəş-şəmsdir. Həmin bu cənab (doktora işarə edir) ki, ismi şərifləri doktor Lalbyuzdur.

 

H a c ı  M ə h ə m m ə d ə l i. Lalbyuz?

 

H a c ı  N a y i b. Bəli, Lalbyuz, doktor Lalbyuz ki, təzəlikdə Əmristandan bizim vilayətə təşrif gətiriblər ki, ruh azarının burada camaat içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, cünunluq mərəzinin xasiyyətini, tarixini, indiki Əmristan darül-elmlərində təhsil etdikləri elmi-psixikə tətbiq buyursunlar.

 

 

 

Burada doktor bir lüğət kitabına barmağını qoyub deyir.

 

 

 

D o k t o r. Dali, dali (yəni istəyir desin "dəli").

 

H a c ı  N a y i b (həkimə baxıb). Yəni həkim cənablarının ixtisası həmin dəlilik mərəzinin, yəni ruh dairələrinin öz təbii mahiyyətindən ixrac olub, rəxnə tapmağıdır ki, bunun nəticəsində insanın qüvveyi-əqliyyəsinə xələl yetişir. Bəistilahi-türk, insan dəli olur. Bəs belə olan surətdə insaf və mürüvvətdən uzaq olar, əgər biz doktor cənablarının şəhərimizə təşrifini qənimət saymayaq. Həzrət Əşrəfin iradəsi bu yerdə qərar tutub ki, bundan sonra şəhərimizdə bir nəfər də dəli və divanə küçə-bazarda sərgərdan dolanmasın və doktor cənabları o biçarələr üçün bir məkan qərar verib, onların müalicəsinə məşğul olsun .... Belə bir iqdamatın iki qism gözəl nəticəsi ola bilər: biri budur ki, şəhərimizin küçələrindən dəliləri rədd etmək ilə vilayətimizin abadlığı yolunda təlaş etmiş olarıq ki, bu özü bizim üçün müqəddəs bir vəzifədir; ikincisi də budur ki, o bəxtiqarə dəlilərin xeyir-duasının feyzi bizim özümüzə də kifayət edər, valideynimizə

də kifayət edər və abavü əcdadımıza da kifayət edər. Nə deyirsiniz, hacılar?

 

H a c ı  M ə h ə m m ə d ə l i  (əllərini qalxızır duaya). Bari pərvərdigara, belə hakimlərin sayəsini biz aciz bəndələrin başının üstündən əskik eləmə öz birliyin xatirinə.

 

H a c ı  X u d a v e r d i (əlləri duada). Ey gözə görünməyən pərvərdigar, bizə rəhmin gəlsin!

 

H a c ı  C ə f ə r  (əlləri duada). Amin!

 

 

 

Hacılar təəccüblə doktora tamaşa edirlər.

 

 

 

H a c ı  M ə h ə m m ə d ə l i. (Hacı Nayibə) Hacı ağa, mən belə məsləhət görürəm ki, doktor cənablarının şəhərimizə vürudu çavuş vasitəsilə əhaliyə elam olunsun və car çəkilsin və o biçarə dəlilərin qohum-əqrəbasına müjdə verilsin ki, xudavəndi-aləmin lütf və mərhəməti sayəsində o binəva dəlilər mübtəla olduqları cünunluq mərəzindən tez bir vaxtda şəfa tapacaqlar.

 

H a c ı l a r  (Şimrəliyə tərəf). Bəli, bəli, elam olunsun, car çəkilsin.

 

H a c ı  N a y i b.  (Şimrəliyə) Şimrəli, hacıların məsləhəti pis deyil. Durma get, binagüzarlıq elə.

 

Ş i m r ə l i. Çeşm (çıxır, gedir).

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info