Qonaq Kitabı
SEVİL

S e v i l. Balaş! Özünüzü itirməyin! Gülüş, mənim üçün bayramdır, mən bu gün çalmaq, oxumaq, oynamaq, əylənmək istəyirəm. Çalğı varmı?

G ü l ü ş. Var, Sevil, var! Gəlin bağçaya!

D i l b ə r. Yaxşı demişlər, qozbeli qəbir düzəldər.

 

Hamı gedir. S e v i l getmək istərkən, B a l a ş onu saxlayır.

 

B a l a ş. Sevil, getmə, bir az dayan!

S e v i l. Nə istəyirsiniz?

B a l a ş. İki söz!

S e v i l. Söyləyin!

B a l a ş. Yadındadırmı, bir zaman məni sevdiyini, mənsiz yaşaya bilməyəcəyini söyləyirdin?

S e v i l. Yadımdadır. Mən ki, sözümdən qaçmadım.

B a l a ş. Indi mənə qarşı bu soyuqluq nədir?

S e v i l. Lakin, siz qaçdınız.

B a l a ş. Mən müqəssirəm, Sevil.

S e v i l. Olsun!

B a l a ş. Sevil, məni bağışla.

S e v i l. Bağışlayıram!

B a l a ş. Sən məni öldürürsən, Sevil. Mənə rəhmin gəlsin, mən səndən belə cavab gözləmirdim.

S e v i l. Məndən nə istəyirsən?

B a l a ş. Təqsirimə qarşı töhmət, təhqir. Bu mənim üçün bir toxtaqlıq olar.

S e v i l. Mən sizi müqəssir bilmirəm. Deyirlər ki, həyat mübarizədir. Mən mübarizəyə hazır deyildim, qoç döyüşünə qoç dayanarmış. Mən basıldım, səhnədən çıxdım. Həyatın istəyinə qarşı ancaq dahilər çıxa bilər. Sən ki, onsuz da, qısa ömrünü mənim üçün çürütməzdin. Beşgünlük həyat, sədəqə veriləcək qədər ucuz bir şey deyildir. Sən elə də istədin, elə də etdin, elə də olmalı idi və olmalıdır.

B a l a ş. Yox, Sevil, yox. Mən elə istəmirdim. Mən səni sevirdim, fəqət, həyat, həyat məni şaşırdı. Mühit bir məngənə kimi mənim varlığımı sıxırdı, ayağımı istədiyim yana atmaq istərkən, görmədiyim qara bir qüvvə ayağımdan tutub, onunbunun bəyənəcəyi tərəfə atırdı. Mən də istər-istəməz gedirdim. Mən gücsüz qadını təkbaşına həyatın dəhşətləri içinə atdım.

S e v i l. Mən tək deyildim, mənim yoldaşlarım çox idi.

B a l a ş. Sevil, inan ki, bütün bu ayrılıq illərində, mən hər gün sənin taleyini düşünürdüm.

S e v i l. Eləmi? İnanmıram...

B a l a ş. O gücsüz halında sən nə edə bilərdin?

S e v i l. Ehtiyac həyatın müəllimidir. Mən tez öyrəşdim. Mən gündüzlər acacına oxuyur, gecələr isə sahilə çıxırdım. Göz altına aldığım bir kişinin yanından keçir, çiyninə toxunur, sonra da qarşı-qarşıya gəlib, sağ gözümü yavaşcadan qırpırdım: bax, belə... O görürdü...

B a l a ş. Dəhşət... Dəhşət!

S e v i l. Mən hər gecə bir parça çörək üçün, bir doyumluq çörək üçün öz könlümü satır, istəyimi, öz mənliyimi qurban verirdim. O kişi mənim ardımca düşürdü...

B a l a ş. Dəhşət... Bəsdir!

S e v i l. Qaranlıq bir küçədə biz qiymətləşirdik...

B a l a ş. Bəsdir! Bəsdir, Sevil, bəsdir daha, daha danışma!

G ü l ü ş (otaqdan çıxıb, bir qədər onların söhbətinə qulaq asdıqdan sonra). Sevil, sən neçin özünə böhtan deyirsən?

S e v i l. Sən, Gülüş, qatışma.

G ü l ü ş. Onsuz da səhərdən o mənim baş-beynimi aparırdı.

S e v i l. Dur, mən bu saat onun baş-beynini elə aparım ki, özü də afərin desin. (Balaşa) Hə, acıyırsanmı?

 

Gülüş keçir içəri.

 

B a l a ş. And iç, Sevil! Söylə ki, bunlar hamısı yalandır. Sən belə namussuzluq etməmişsən. Söylə ki, bunların heç biri olmamışdır. Söylə ki, hamısı yalandır.

S e v i l. Lakin, bunların hamısı doğrudursa?

B a l a ş. Axı, Sevil, bu əxlaqsızlıqdır, namussuzluqdur. Yox, ola bilməz. Yalvarıram, Sevil, söylə ki, bunların hamısı yalandır. Sən əvvəlki kimi əxlaqlı və namuslusan...

S e v i l. Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. Indi isə üzünə deyirəm: fahişə!

B a l a ş. Sevil! Sən indi nə etmək istəyirsən?

S e v i l. Mən öz işimə gedəcəyəm.

B a l a ş. Sən yenə də hər gecə sahiləmi çıxacaqsan?

S e v i l. Orasını mən özüm bilərəm.

B a l a ş. Yox, Sevil, mən artıq səni tək buraxmaram.

S e v i l. Heyhat!.. Keçmiş ola!

B a l a ş. Sevil... Mən sənsiz yaşaya bilmərəm, mən səni sevirəm.

S e v i l. Eləmi? Ha... Ona görə ki, indi mənim çəkmələrim lak, tumanım qısa və dabanlarım dikdir?

B a l a ş. Yox, Sevil, yox, inan ki, o gözlər, o baxışlar daima məni təqib edir.

M ə m m ə d ə l i. Hamısı yalandır: məhəbbət də yalandır, sevgi də yalandır. Əxlaq da boş şeydir. Namus təbiətin çirkinliyindədir. Məqsəd, türkün sözü, işlək mal törətməkdir.

 

İçəridən Gülüşün oxumaq səsi gəlir.

 

Gəlmə, gəlmə, get a gülüm,

Keçdi gün, dolandı hava.

Mən sənin kimi bivəfa

Yarı neylərəm, a gülüm.

 

B a l a ş. Sevil!

S e v i l. Eşidirsinizmi, deyəsən, Gülüş oxuyur.

 

Oxumaq səsi gəlir.

 

Mən dilərkən eşqə dəva,

Sən sürürdün onda səfa.

Mən sənin kimi bivəfa

Yarı neylərəm, a gülüm.

 

B a l a ş. Sevil, diz üstə çöküb bir çocuq kimi yalvarıram: məni öldür, rədd etmə! Mən səni bir çocuq kimi oxşar, bir kukla kimi atıbtutaram. Sevil, yalvarıram sənə, mənə rəhmin gəlsin, mən sənsiz yaşaya bilmərəm.

S e v i l. Mən sənə doğrudan da acıyıram. Qalx, Balaş! Mən elə bilirdim ki, sən bu illər içində dəyişmişsən, yazıq ki, sən əvvəlki kimi ayaqlara qapanacaq bir meşşan, özgəsindən səadət sədəqəsi istəyən bir dilənçisən. Mən isə artıq əvvəlki Sevil deyiləm. Mən atılıb tutulacaq bir kukla deyiləm. Mən indi boynumu kişilərin qolları arasına, bu mərhəmət boyunduruğuna, bu dəmir obruçlara, bu çəlik məngənələrinə keçirə bilmərəm. Indi mən həyata qarşı aciz deyiləm. İndi məndə qoç döyüşünə qarşı aslan pəncəsi vardır.

D i l b ə r (içəri girir). Balaş, bu nədir, nə edirsən? Gülüş, siz görürsünüzmü? Bu nədir, sən nə edirsən?

G ü l ü ş. Kim bilir, bəlkə əriniz yeni bir vals düzəltmişdir.

D i l b ə r. Eşidirsənmi, Balaş! Bu nədir? Bu tərbiyəsizlikdir. Yüksək cəmiyyətlərdə bu, nəzakətsizlikdir, əxlaqsızlıqdır.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.

B a l a ş. Tərbiyə, nəzakət, əxlaq – hamısı şablondur. İstəmirəm, apar. Mən onu istəyirəm, mən onu sevirəm.

D i l b ə r. Gülüş, buna siz nə deyirsiniz? Bunun başına havamı gəldi, bu rəzalət deyilmi?

G ü l ü ş. Mən bilmirəm, Edilya. Siz deyirdiniz ki, həyat mübarizədir, qoç döyüşünə qoç dayanar.

S e v i l. Ha... ha. Yox, Gülüşcan, qoç döyüşünə qoç dayanmaz, qoç döyüşünə aslan pəncəsi dayanar. Vals! Çalğıçılar, vals, mən oynamaq istəyirəm.

G ü l ü ş. Edilya, sizdəmi vals oynayacaqsınız?

D i l b ə r. Yox, mənim başım hərlənir, verin, mənim papağımı, mən gedirəm.

S e v i l. Mənim isə artıq başım hərlənmir. Mən həyata sərxoş girib, ayıq çıxmışam. Vals!

M ə m m ə d ə l i. Nə ay var, nə gün, nə dünya var, nə axirət, heç nə yoxdur.

B a b a k i ş i. Adə, Atakişi, türkün sözü, gəmidə oynadığımız oyundandır ha!..

A t a k i ş i. Di onda, başla, Babakişi.

B a b a k i ş i. Dayan bir, türkün sözü, çəkmələrimin bağını sarıyım.

G ü l ü ş (Dilbərə). Xanım, siz deyəsən, tək qaldınız?

D i l b ə r. Mənim burada işim yoxdur, mən gedirəm.

G ü n d ü z. Tapdım, tapdım, tapdım!

G ü l ü ş. Nəyi tapdın, gülüm!

G ü n d ü z. Mən sabah dunya səyahətində də yol başına bütün çocuqlardan tez çatacağam. Mən daha gəmilə getməyəcəyəm, bununla gedəcəyəm, bununla!

G ü l ü ş. Sonra?

G ü n d ü z. Sonra.

G ü l ü ş. Hansı yol ilə qayıdacaqsan?

G ü n d ü z. Qayıtmağı mən heç düşünməmişəm.

S e v i l. Yox, balam, sən qayıtmayacaqsan.

G ü n d ü z. Mən qayıtmayacağam, mən daima irəliyə doğru gedəcəyəm – Marsa, Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm.

S e v i l. Gəl, oğlum, gəl!

B a l a ş. Sevil, sən hara gedirsən?

S e v i l. Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm. Qadınların azadlıq yolu ancaq oradadır!

 

P ə r d ə



[i] Pulemyot.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info