Qonaq Kitabı
SEVİL

D i l b ə r. İstəməz, istəməz, bu o qədər də mühüm məsələ deyildir, deyişməsinə dəyməz.

Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, elə mən də bu saat onu düşünürdüm.

M ə m m ə d ə l i. Doğru deyil, bu əsas bir məsələdir. Bu bizim gələcək mədəni gedişimizin ən canlı, döyüşkən bir məsələsidir. Bununla biz, Şərqin Avropa mədəniyyətinə qarşı münasibətini aydınlaşdırmalıyıq.

Ə b d ü l ə l i b ə y. O da doğrudur, mən də bu saat onu düşünürdüm. Xaricilər də hələ mədəniyyəti bizdən əxz eləmişlər. Biz islam mədəniyyətini işlətməmişik. Ərz olsun, pas atıb qalmışdır. Biz onu yaxşılaşdırmalıyıq. Mən demirəm, xaricilərdən mədəniyyət almayaq. Nə eybi var: namazdır, bu vaxta qədər yerdə qılırdıq, indi stol üstə qılarıq, bu vaxtadək xalçanı yerə salırdıq, indi divara vurarıq.

M ə m m ə d ə l i. Heç yox: bu vaxtadək arağı gizlin içirdik, indi aşkar içirik, bu vaxta qədər rumka ilə içirdik, indi kasa ilə içirik.

B a l a ş. Müsaidəniz ilə bir neçə kəlmə mən də ərz edim.

D i l b ə r. Burada deyişməkdən isə, o biri otaqları gəzib baxsaq, yaxşı olmazdımı?

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm.

B a l a ş. Rica edirəm, buyurun!

M ə m m ə d ə l i. Heç doğru deyil.

Ə b d ü l ə l i b ə y. Nə doğru deyil?

M ə m m ə d ə l i. Hə... Bilmirəm, sən nəyi deyirdin?

Ə b d ü l ə l i b ə y. Mən heç nəyi.

M ə m m ə d ə l i. Mən də heç nəyi.

Ə b d ü l ə l i b ə y. Edilya! Dayınızın kağızını unutmayın ha...

D i l b ə r. Aha, yaxşı yadıma düşdü. Balaş, bir az toxtayın (Axtarır). Nə oldu, o kağız nə oldu? Alın, buna qol çəkin.

B a l a ş. Dilbər! Mən bu işlə tanışam, bu çoxdankı bir işdir, on iki min manatlıq bir məsələdir.

D i l b ə r. Qol çək.

B a l a ş. Edilya!..

D i l b ə r. Bu işə mənim dayım da qarışıbdır, ponimayeş?

B a l a ş. Edilya!..

D i l b ə r. Nu, dovolno! Mən söz vermişəm, bitdi, getdi. Gərək düzəlsin, vəssalam.

B a l a ş. Yaxşı, Edilya, mən sizin sözünüzdən çıxa bilmərəm, qol çəkirəm; ancaq bu iş ortalığa çıxsa, oğurluq kimi bir şeydir.

D i l b ə r. Niçeqo podobnoqo; özləri min iş görürlər, karvanı malı ilə yeyirlər, sarvanı şalı ilə. Çəkdiniz? Di yaxşı, indi gəl!

B a l a ş. Ancaq, Edilya! Doğrusu, mən layiq bilməzdim ki, belə bir məclisə, mən rica edirəm mümkün isə...

D i l b ə r. Yenə külfətinizimi deyirsən?

B a l a ş. Əvət, çünki heç yeri deyildi, çünki xəstədir, bir də...

D i l b ə r. Qoy bacın gəlsin, arvadın istəməz; amma atan mütləq gəlməlidir; olmaz ki, dayım gəlsin, onu görməsin.

B a l a ş. Dilbər!..

D i l b ə r. Mənim sözüm dəyişməzdir. İstəyirsiniz, etməyə də bilərsiniz, ancaq mən burada dayanmaram və bir də səninlə görüşmərik (Keçir o biri otağa).

B a l a ş. Sevil!.. Sevil!..

S e v i l. Nə istəyirsən, Balaş?

B a l a ş. Kişi haraya getdi?

S e v i l. Yerini salmışam, çoxdan yatıbdır, vallah. Heç həyətəzada çıxmamışdır.

B a l a ş. Heç bilmirəm nə edim! Qonaqlar da onu görmək istəyirlər, mən də qalmışam belə.

S e v i l. Bilmirəm, özün bil, deyirsən gedim çağırım.

B a l a ş. Vallah, heç özüm də bilmirəm nə edim. Di yaxşı, çağır görək nə olar.

 

S e v i l gedir, A t a k i ş i n i çağırır.

 

B a l a ş. Indi nə edim, qonaqlar da səni görmək istəyir, özüm də qalmışam belə.

A t a k i ş i. Görsünlər də.

B a l a ş. Axı belə olmaz, bu paltarda yaramaz, gərək belə olsun ki, bir az abırlı olsun.

A t a k i ş i. Indi olanı budur də, özün bir bax gör.

B a l a ş. Sən bir dayan, bir baxım görüm bəlkə nimdaş bir şey tapa bildim.

 

Balaş gedir. Bu aralıq D i l b ə r o biri otaqdan, S e v i l isə o biri otaqdan çıxıb üz-üzə gəlir və qışqıraraq qayıdırlar.

 

D i l b ə r. Balaş, bəs nə oldu?

S e v i l. Ay əmi, bəs nə oldu?

B a l a ş (əlində paltar qayıdır). Hə, bircə o çuxanı çıxar.

A t a k i ş i. Nə edirsən, Balaş?

B a l a ş. Sən bircə bu çul-çuxanı çıxar.

A t a k i ş i. Balaş, oğlum, sən olasan öz Allahın, qoy mən gedim, bir yana çəkilim, öz dərdimi çəkim, mən iş adamıyam, onlar mənim əynimdə davam etməz.

B a l a ş. A kişi, bu bir şey deyildir, bir saatlıq gey, sonra yenə də çıxar; axı bu paltarlar ilə adam arasına çıxmaq olmaz.

A t a k i ş i. Oğlum, başına dolanım, onda məni öldür, bir söz demərəm, bu ki ölü paltarıdır, kişi dünən ölüb, meyiti heç soyumamışdır.

B a l a ş. İndi mən yazıq başıma nə kül töküm! Öz ailəmdə belə kimsə məni anlamır, kimsə mənim mövqeyimi belə düşünmür. Siz məni bu evdə adam bilirsinizsə, necə mən deyirəm, elə də olmalıdır.

A t a k i ş i. Yaxşı, oğlum, acıqlanma, necə deyirsən, hələ edim də.

B a l a ş. Acıqlanmıram, ancaq yaxşı deyil, tez bu çuxanı çıxar.

A t a k i ş i. Bu mənim əynimə gəlməz.

B a l a ş. Bir saatlıq eybi yoxdur, sonra çıxar, tulla. Dayan, hə, belə... Özün də yaxşı-yaxşı nəzakətli, danışanda bir az incə-incə, zərif danışarsan. Əfəndilər, gəlişinizdən pək məmnunum, deyərsən, hə... Məmnunəm yox, osmanlı sayağı – axırda num. Məsələn, aparmaram yox, aparmarım. Burasını özüm də yaxşı bilmirəm ki, “marım” deyirlər, ya “mazım”. Məsələn, aparardıq yox, aparıyordız. Zəhrimar nə çox dızıldadı. Nə isə, yaxşısı budur ki, sən dinməz-söyləməz otur, heç ağzını açıb danışma. Deyərəm laldır.

A t a k i ş i. Laldır?

B a l a ş. Hə... hə... Laldır, o yaxşıdır.

D i l b ə r (səsi gəlir). Balaş, nə oldu?

B a l a ş. Gəldim; sən dur, bu saat gəlirəm (Sevil gəlir, Atakişini bu paltarda görüb qışqırır, qayıdır). Yavaş, yavaş, niyə bağırırsan?

S e v i l. Ölü gəlib, ölü...

 

P ə r d ə

 

 

İKİNCİ PƏRDƏ

 

Yenə də həmin ev.

 

B a l a ş. Edilya! Bağışlayın, mən sizi bu qədər tək buraxdım.

D i l b ə r. Bizim gələcək həyatımız bu gecədən asılıdır. Balaş, gərək bunların yanında öz məhəbbət və iltifatınızı mənə göstərəsiniz.

B a l a ş (Dilbərin əllərini tutur). Mən sizin ayaqlarınızdayam. Mən heç bir vaxt sənin əmrindən çıxmamışam və çıxmayacağıma and içirəm.

D i l b ə r. Atanız buraya gələcəkdir?

B a l a ş. Əmr etsəniz, bütün ailəmiz o gözəl əllərinizdən öpər. Ancaq, Dilbər, mənim atam laldır, onun buraya gəlməsi...

D i l b ə r. Tem i luçşe, liş bı gözə görünsün.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.

M ə m m ə d ə l i. Heç doğru deyil, nə doğrudur? Mən nə desəm, sən hələ

deyəcəksən doğrudur?

B a l a ş. Əfəndilər! Arkadaşlar! Kim nə istəyirsə, buyursun, mən də çalanlara

deyim, başlasınlar.

D i l b ə r. Oturun. Bu gecə əylənmək, bütün dünyanı əyləndirmək istəyirəm

(Pudra çıxarır). Qospoda! Tovarişi! Üzünüzü o yana çevirin, bir... iki... üç... (Məmmədəliyə). Sən hara baxırsan?

M ə m m ə d ə l i. Hara lazımdır, oraya, daha mən də onlar tərəfə baxa bilmərəm ki.

D i l b ə r. Çevirin üzünüzü.

Ə b d ü l ə l i b ə y. Doğrudur, palaza bürün, el ilə sürün.

M ə m m ə d ə l i. Heç yox, mən el ilə kəfənə bürünərəm, palaza yox.

D i l b ə r. Balaş, siz dönə bilərsiniz, biz sizin atanızı gözləyirik.

B a l a ş. Bu saat gələcəkdir. Siz oturun, atam da bu saat gələr (Orta qapını açaraq). Atacan, buyurun, qonaqlar sizi gözləyir... Bu saat (Keçir o biri otağa).

D i l b ə r. Bu saat sizdən ayrılıb bu otağa getdim, bir də gördüm lap otağın içində kakoy-to çoban dayanmışdır, həm də çılpaq, ponimayete?

M ə m m ə d ə l i Yəqin, Balaşın qohumlarındandır.

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm.

D i l b ə r. Yox, canım, sizə çoban deyirəm, xalis çoban.

Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki, var.

M ə m m ə d ə l i. Çox güman ki, o heç gəlməsin.

D i l b ə r. Mənim əmrimə qarşı durulmaz, mən əmr etdim, gələcəkdir.

 

B a l a ş A t a k i ş i ilə gəlir.  Bu aralıq G ü l ü ş də o biri qapıdan içəri girib, atasına təəccüblə baxır.

 

G ü l ü ş. Ata! Ata! Səni belə gülünc hala kim saldı? Sənə nə olmuşdur?

A t a k i ş i. Qızım, mən heç bilmirəm başıma nə gətirirlər.

D i l b ə r. Nə olmuşdur?

G ü l ü ş. Yaxşı, ata, dodaqlarını büzmə, mənim anam da belə idi: göz yaşları ovcunda idi, hay demədən ağlardı (Dilbərə). Xanım, bağışlayın, mən sizi görmədim, görüşümüzdən çox sevinirəm. Ata, papağınızı çıxarın, əziz qonaqların yanında papaq ilə oturmaq nəzakətsizlikdir; onsuz da bu papaq başınızda dayanmayacaqdır; sənə yaxşı papaq lazımdır, bax, bundan (Başındakı furajkanı göstərir). Özünü də mıxlamaq lazımdır.

A t a k i ş i. Necə, mıxlamaq?

G ü l ü ş. Mıxlamaq, bəli, mıxlamaq, yoxsa dayanmaz. Ancaq bunu yox, bu çox köhnədir, həm də yaramazdır. Sən qorxma, həyat özü mıxlayacaqdır, sən özün bilməyəcəksən. Hələlik çıxar.

B a l a ş. Gülüş!

G ü l ü ş. Balaş! Siz durun, mən onu qonaqlar ilə tanış edim. Ata! Qonaqlar ilə tanış olun! (Balaşı göstərir). Bunu ki, tanıyırsınız. Öz oğlunuzdur, özü də yaxşı boyaqçıdır. Ancaq bir az rəngi üzdən çəkir, bilmir ki, astarsız boyaq tutmaz (Dilbəri göstərir). Bu, cəmiyyətimizin ziyalı qadınlarından biridir. Parisdə manikürlük kursunu bitirmişdir, burada maldarlıq ilə məşğul olmaq istəyir. Adı Dilbərdir, incə düşmək üçün Edilya deyirlər. Xanım, siz ki, yüksək cəmiyyətin qaydalarını bilirsiniz, atama elə əl verin ki, öpə bilsin (Atasına). Dul qadınlara əl verəndə, öpərlər... Öp...

A t a k i ş i. Necə, öpüm?

G ü l ü ş. Öp... öp... deyirəm sənə, qorxma, öp... Yox, yox, üzündən yox, əlindən, yoxsa Balaş acıqlanar (Əbdüləlini göstərir). Bu əfəndinin də qabaq qızıl satan dükanı var idi, sonra dəllallıq edirdi, indi də qəzet çıxarmaq istəyir; adına özü olanda – Əbdüləli bəy, olmayanda – Əbdülbəli bəy deyirlər. Tanış olun... Kişiləri öpmək olmaz.

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. İnşallah, yövmi bir cəridə nəşrinə iqdam edəcəyəm.

G ü l ü ş. Yox, yox, onun üzündən öpmə (Məmmədəlini göstərir). Bu isə qəzetçi şair olub, şairlikdən filosof, sonra da nə olacaq, bilmirəm. Özü də, original görünmək üçün, nə desələr, zidd gedir. Adını deməyə özüm də qorxuram, birdən boynuna düşsə, öz adını da danar. Əsl adı Məmmədəlidir.

M ə m m ə d ə l i. Heç yox, ad məşrut bir şeydir, sözləşəndə Məmmədəli əvəzinə Tabaq bəy də deyilə bilər, ona görə də əsl ad təbiri doğru deyildir.

G ü l ü ş. Çox gözəl, Tabaq bəy olsun. İndi, ata, siz oturun, mən qonaqlar ilə məşğul olum. Mən bu gün parlaq imtahan vermişəm, özüm də sportdan gəlirəm, çox sevincəm, bu gün sizə özüm qulluq edəcəyəm. Bu saat (Keçir otağa).

D i l b ə r. Balaş! Siz parlaq sportdan sonra bacınıza bir qədər brom, ya valerian versəniz, yaxşı olmazmı?

B a l a ş. Edilya! Yalvarıram, məni bağışla. O heç bir zaman danışdığını bilmir.

D i l b ə r. Evinizdə bizim əlaqəmizi bilirlərmi?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info