Qonaq Kitabı
SEVİL

D i l b ə r. Alik isə mənim çox xoşuma gəlir: tərbiyəli və zərifdir. Dünən gecə sizdən ayrılandan sonra, onunla bir yerdə gəldik. Nə qədər dadlı, gözəl dili vardır! Deyir: Dilbər mən sizə pərəstiş edirəm. Siz mənim olsaydınız, gecə-gündüz sizi atıb-tutar, bir kukla kimi oynadardım. Mənə deyir: mən Rafael olsaydım, Madonna əvəzinə sizing gözlərinizi çəkərdim. Gözlərimi bərk xoşlayır. Üzünə ki, baxıram, dildodağı dolaşır, yalvarır ki, baxma. Mənə deyir: saçlarınız boynuma dolaşarsa, min il yerimdən tərpənmərəm.

Ə b d ü l ə l i b ə y. Doğrudur, qadın saçı zəncirdən möhkəmdir.

D i l b ə r. Bu gün parikmaxer də mənə deyir ki, xanım, bu vaxta qədər bu cür yumşaq saç görməmişəm, darağa ipək kimi gəlir. Gözlərinizi yumun, corablarımı dəyişirəm, baxmayın ha!

Ə b d ü l ə l i b ə y. Ərz olsun, baxanda qiyamət olmaz ki. O gözəl qədəmlərə baxmaq, böyük səadətdir. Siz məni o səadəti-əzimədən məhrum edirsiniz.

D i l b ə r. Yaxşı, açın gözlərinizi, doğrusunu deyin, baxmadınız ki?

Ə b d ü l ə l i b ə y. Siz, ərz olsun, deyəndən sonra mən gözlərimi necə aça bilərəm.

D i l b ə r. Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. Mən ki, sizing gözlərinizi əlimlə tutmamışdım. Halbuki Alik olsaydı, o belə səadətə göz yummazdı. Qadınlar, hər şeydən artıq, gözəlliklərinə göz yumanları sevməzlər.

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm. Bir də desəniz, gözlərimi yummayacağam, huşuyar olmaq lazımdır.

D i l b ə r. Necə yummayacağam? Siz özünüz xalqı müsəlmanlığa çağırırsınız, bəs şəriətdə özgə arvadlara baxmaq olarmı?

Ə b d ü l ə l i b ə y. Doğrudur, şəriət ancaq avam adamlar üçündür. qara camaat üçündür, anlamaz və qanmazlar üçündür, zövq əhlinə, ariflərə nə şəriət! Bir də, Dilbər xanım, sənə, mənə nə şəriət!

D i l b ə r. Nu, nu, yaxşı dizinizi qoyun, nə qədər dilbilməzsiniz. Bax, belə, çəkmələrimi düymələyəcəyəm, anladınızmı?

Ə b d ü l ə l i b ə y. Ərz olsun, belə buyurdunuz, anladım, ancaq, ərz olsun, daha gözlərimi yummayacağam (Dilbərin çəkməsini düymələyir). Rəbbəna atina fiddünya həsənə və fil-axirəti-həsənə, vəqina əzabənnar, birəhmətikə ya ərhəmərrahimin (Oxuya-oxuya Dilbərin ayağını qucaqlayır. Dilbər çığırır).

B a l a ş (gəlir). Müsaidənizlə...

D i l b ə r. Hələ bu nədir? Bax, bunu mən heç sevmirəm. Min yol demişəm: qapını döymək lazımdır.

B a l a ş. Bağışlayın, Edilya, mənim yadımdan çıxdı.

D i l b ə r. Bəlkə, biri otaqda soyuncaqdır.

B a l a ş. Necə, soyuncaqdır? Mən eşitdim ki, buradan kişi səsi gəlir, ona görə də bildim ki, soyuncaq olmazsınız.

D i l b ə r. Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. Nə haqq ilə sən qapı dalında durub, bizim sözlərimizə qulaq asırdın?

B a l a ş. Necə yəni qulaq asırdım? Mən heç qulaq asmırdım, sözlər özü mənim qulaqlarıma gəlirdi.

D i l b ə r. Nəhayət, bu tərbiyəsizlikdir. Tərbiyə görmüş mədəni bir cəmiyyətdə buna dayanmaq olmaz.

B a l a ş. Lənət sənə, kor şeytan! Işə düşmədik! Dilbər, and içirəm ki, mən qulaq asmırdım. Kişi səsi eşitdim, bildim ki, soyunmuş ola bilməzsiniz.

D i l b ə r. Nədən bildiniz? Mən bəlkə də soyunmuş olaydım?

B a l a ş. Onda elə bilin: mən də özgə kişilərdən biri.

D i l b ə r. Balaş, rica edirəm, sözlərinizə diqqət edin. Yüksək cəmiyyətdə belə rəftar barbarlıqdır. Özgə, özgə, belə sözlər demək tərbiyəsizlikdir.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.

D i l b ə r. Mən belə barbarlığa dözmərəm.

B a l a ş. Allahü əkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm.

Ə b d ü l ə l i b ə y. Balaş, sizin təməssükün vaxtı dünən qurtarmışdır. Çünki mən zəmanət vermişəm.

D i l b ə r. Elə sözlər sizin kömürçülər arasında deyilə bilər, yüksək bir cəmiyyətdə yox.

B a l a ş. Axı, Dilbər, Allahü əkbər, mən, mən onu demirdim. Deyirsən, gedim üzr istəyim. Əfəndim, üzr istəyirəm və mənim arvadımı əyləndirdiyiniz üçün təşəkkür edirəm.

D i l b ə r. Arvadım, arvadım! Sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər görməzdin.

B a l a ş. Dilbər, axı sən məni şaşırırsan. Yaxşı, qadın olsun, xanım olsun. Lənət kor şeytana, işə düşmədik! Mən neçə dəfə Əli bəyi görmüşəm ki, qapını döyməmiş sizin yanınıza girmişdir. Halbuki siz deyirsiniz ki: o tərbiyəlidir, nəzakətlidir.

D i l b ə r. Ona mən özüm müsaidə etmişəm.

B a l a ş. Necə mən özüm müsaidə etmişəm? Doğrusu, Dilbər, mən anlaya bilmirəm. Bizlərdə belə şey yoxdur. Bu olsa, sənin dediyin cəmiyyətin işi ola bilər. Özgəsi qapını döyməmiş içəri girərmiş, amma mən, sizin öz əriniz...

D i l b ə r. Yenə də özgəsi? Balaş, məni əsəbiləşdirirsiniz. Gedin, öz otağınıza, sinirlərim bir az dincəlsin, sonra gələrsiniz.

B a l a ş. Yaxşı, Dilbər, mən gedirəm, ancaq sizə söz deyəcəyəm.

D i l b ə r. Sonra, sonra. Belə sinirli bir halda sənin ilə danışa bilmərəm.

B a l a ş. Çünki bu gecə səhərə kimi işləyəcəyəm. Deyirəm, birdən bu kağızları qurtara bilmərəm, sabah yəqin lazımdır.

D i l b ə r. Daha ona mən nə edə bilərəm?

B a l a ş. Dedim, bəlkə, iki saat sən də mənə kömək etdin.

D i l b ə r. Hələ o qalmışdı! Yox, yox, pojaluysta, mən bacara bilmərəm. Hələ o qalmışdı!

B a l a ş. Yaxşı, yaxşı, sinirlənməyin, mən gedirəm (Gedir).

D i l b ə r. Getdi? O qədər kobuddur ki, qiyamətə kimi əl çəkməyəcəkdir. Onunla adam arasına çıxmağa utanıram. Gördüyünüz kömürçülər arasında nə tərbiyə ala bilər?

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də onu düşünürdüm. Yüz olsa, gəda gədadır, bəy bəydir, rəiyyət də rəiyyətdir. Insanın nəzakəti əsilzatında olmalıdır.

D i l b ə r. Ayda iki cüt çəkmə, iki dəst paltar alanda, yainki, gündüz 3-4 manat faytona verəndə, özünü itirir. Elə bil mən də onun üçün çit-alaca geyəcəkdim; çünki özü bu şeyləri görməmişdir.

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ bu saat onu düşünürdüm. Xalqın təməssükü qalıb, əgər sizin xatiriniz olmasa idi.

D i l b ə r. Yaxşı, Əbdüləli bəy, deməli, biz gedək sizə, o da oraya gələcəkdir!

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm.

D i l b ə r. Gəlin! Aha, vinovat, Alikin kağızı qaldı. O qədər məni sinirləndirir ki, az qalmışdı yadımdan çıxsın. Balaş, Balaş!

B a l a ş. Nə var, Dilbər?

D i l b ə r. Balaş, mən istəyirəm ki, sən məni sabah öz naziriniz ilə tanış edəsən. Ponimayeş, birinin bir kağızı var, istəyirəm ona düzəltdirəm.

B a l a ş. Necə yəni? Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim arvadım ilə tanış ol?

D i l b ə r. Niyə, sən onunla tanış deyilsən?

B a l a ş. Tanışam, ancaq qulluqda. Aparıram kağızlara qol çəkir, çıxıram, vəssalam.

D i l b ə r. Yaxşı, al, onda özün bunu düzəlt. Qatışdır hələ verəcəyin kağızlara. Axır ki, özün bil də...

B a l a ş. Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş hələ də məhkəmədədir. Kim bilir ki, nə olacaq. Indi də bunun məsuliyyəti!

D i l b ə r. Yenə də məsuliyyət, yenə köhnə nəğmələr. Düzəlt! Sağ ol! Deməli, biz getdik teatra. Əbdüləli bəy, gəlin!

 

Gedirlər.

 

B a l a ş. Tafta, Tafta, ay qız, Tafta! Sən bir də get Gülüşü çağır. Deyinən vacib işim vardır.

T a f t a. Sən deyəndən sonra mən yenə qaça-qaça getdim dedim, gəlmək istəmir.

B a l a ş. Onda gedək evlərini mənə göstər. Mən özüm onun yanına gedəcəyəm.

T a f t a. Evləri bu küçənin o biri başındadır.

 

Gülüş gəlir.

 

G ü l ü ş. Siz məni çağırmışdınızmı?

B a l a ş. Gülüşcan, bacıcan, bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq gəzirsən?

G ü l ü ş. Çünki, Balaş, biz artıq yabançılarıq.

B a l a ş. Gülüşcan, mən böyük ağırlıq içindəyəm. Hər günüm bir cəhənnəm əzabıdır. Mən sənə şikayət etmək istəyirəm.

G ü l ü ş. Balaş! Mən bura gələrkən qapınızın yaxınlığında bir qadın yıxılmışdı. Kişilər başına toplaşmışdı. Get, onu içəri gətir. Tafta, sən də get. Deyəsən, bayılmışdır, ya da bəlkə ölmüşdür?

B a l a ş. Bu saat, Gülüş (Gedir gətirir). Sağdır, sağdır, ürəyi döyünür, ancaq bayılmışdır.

G ü l ü ş. Kimdir?

B a l a ş. Bilmirəm, bir qadındır. Lampanı yaxına gətirir. Odur, odur!

G ü l ü ş. Kimdir?

B a l a ş. Odur, Sevildir, Sevil. Altı illik yoxsul həyatımın əmək yoldaşı.

G ü l ü ş. Sevil, Sevil. Odur. Bir az su verin! Yastıq verin!

B a l a ş. Dayan, budur! Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş! O yazıq ömründə bir gün görməmiş.

G ü l ü ş. Çəkil! O zamanlar ki, sən yoxsul idin, hətta dilənçi kimi idin, o yazıq günlərlə ac qalır, öz payını gizlədir və sənə yedirirdi. Balaş qoy doysun, deyirdi. Sevil, Sevil, qorxma, qalx. Yavaş, yavaş! Bu yana çəkilin! O bu evdə zəncirli bir it kimi çırpınır, çalışırdı, lakin heyhat kimin üçün, nə üçün?

B a l a ş. Gülüş! Sənə bir söz demək istəyirəm, ancaq qorxuram, çünki sən çox mərhəmətsizsən. O yazıq belə bir halda, bu qapılarda...

G ü l ü ş. Sevil, qalx, qalx!

S e v i l. Nə var, nə üçün mənim başıma toplaşmışsınız? Mən haradayam? Balaş, sənsən? Gülüşcan, sənsən? Məni bura kim gətirdi?

G ü l ü ş. Sevil, bəsdir, ağlama!

S e v i l. Mən buraya gəlmək istəmirdim, mənə acıqlanmayın!

G ü l ü ş. Sənə kimsə acıqlanmaz, Sevil!

S e v i l. Mən elə bildim ki, mənə acıqlanacaqsınız. Mən buraya gəlib sənin evində, sənin dincliyini pozmaq istəməzdim. Qulluq etdiyim yerdə şirni paylayırdılar: mənə bir az alma, şirni pay vermişlər. Mən uzaqda gəzirdim, oğlumu gözləyirdim ki, bəlkə bayıra çıxar. Dayandım, axır yoruldum, oturdum. Sonra bilmirəm nə oldu. Budur, ancaq mən oğlum üçün gəlmişəm. Mənə acıqlanmayın.

B a l a ş. Sevil, sən heç qorxma. Mən çalışaram bəlkə, səni bu evdə bir yerə düzəltdik.

 

G ü n d ü z gəlir.

 

S e v i l. Oğlum, oğlum!

 

Gündüzü qücaqlayır və çarşabının ətəyindəki almaları ona verir. D i l b ə r gəlir.

 

D i l b ə r. Eto çto yeşyo! Bu nədir, nə olmuşdur! Bu arvad kimdir, bunu buraya kim gətirdi?

S e v i l. Mən, mən gedirəm, indicə gedirəm. Mən oğlumu görmək istəyirdim, indicə gedirəm.

D i l b ə r. Balaş! Mən səndən soruşuram: bunu mənim yataq otağıma kim gətirdi? Şəhərdə “zaraza” azmış, bir də...

B a l a ş. Dilbər, o öz oğlunu görməyə gəlmişdir. Yazıq bayırda donub qalmışdı.

D i l b ə r. Sən... sən... ağlayırsan? Yaman olmaz, hər yoldan ötəni mənim yataq otağıma soxmaq!

B a l a ş. Edilya... O başqa evdə qulluqçuluq edir. Öz oğlunu görməyə gəlmişdir. Yazıqdır, gör necə baxır. Mən deyirəm, mümkün isə, sən razı olsan, bizə onsuz da bir qulluqçu lazımdır.

D i l b ə r. Seyças je ubrat, seyças, mən sənə deyirəm. Balaş, mən sənin iki gözünü bir deşikdən çıxardaram. Məni oynatmaq düşündüyünüz qədər asan deyil.

S e v i l. Xanım! Onda bir təqsir yoxdur, ona acıqlanmayın. Mən özüm gəlmişəm, bağışlayın. Mən indicə gedirəm, ancaq başım gicəlir, ona görə bir az...

D i l b ə r. Balaş! Eşidirsən, səndən soruşuram: bunu bura kim gətirdi?

B a l a ş. Gülüş gətirdi.

D i l b ə r. Gülüş öz evində ağalıq edə bilər.

S e v i l. Yaxşı, xanım, acıqlanmayın, mən özüm gedirəm.

D i l b ə r. Balaş, sən sərxoşsan? Mən sənə deyirəm: bu saat qolundan tut, bayıra at!

B a l a ş. Dilbər, onsuz da gedir.

D i l b ə r. Sənə deyirəm qolundan tut, bayıra at! Çünki mən belə istəyirəm.

B a l a ş. Sevil!

D i l b ə r. Balaş, eşidirsənmi? Mən sənə deyirəm: bu saat qolundan tut, at bayıra!

B a l a ş. Sevil, sən... get...

G ü l ü ş. Balaş!

S e v i l. Burax! Mən sənin dincliyini, xoş gününü pozmamaq üçün onsuz da gedəcəyəm. Məni bağışla! Gülüş, bu neçə vaxtda sən nə qədər dedin, mən şübhə edirdim. Bu gün səndən gizlin bu küçəyə gəlmişdim. Ancaq yazıq mən, bütün ömrümdə onu bütün dağlar qədər enməz bilirdim. Buradan gedəndən sonra mən daima sənin mənəvi hökmranlığın altında, hər bir hərəkəti sənin xoşuna, acığına gələcəyi ilə ölçürdüm, ruhum daima bu evdə səninlə yaşayırdı. Ancaq heyhat, keçmiş ola!

B a l a ş. Sevil!

S e v i l. Artıq uzaq! Mən bu gün buraya, uzaqdan da olsa, uşağımı görmək üçün gəldim.

D i l b ə r. Çocuğunuzu apara bilərsiniz. Mən dayəliyə alışmamışam.

G ü l ü ş. Onu mən aparacağam!

S e v i l. Mən indi heç bir şey istəmirəm. Mən gedirəm, bir gün yenə qayıdaram, onda danışarıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info