Qonaq Kitabı
SEVİL

A t a k i ş i. Oğlum!

B a l a ş. Uzun danışmaq istəməz, çıx!

A t a k i ş i. Dayan dəymə! Nankor övlad! Mən boğazımdan çörəyi kəsib sənin boğazına dürtmüşəm, səni oxutdurmuşam; mənim qapım saldat üzünə də açıq olmuşdur, indi sən mənim qonağımı evdən qovursan? Daha bəsdir! (Paltarını çıxarıb atır). Al... al... al... al... istəmirəm, verin mənim kürk-çuxamı!

G ü l ü ş. Ha... ha... ha... Al! (Paltarları ocağa atır). Bu sənin kürkün, bu da çuxan... Bu da bu, bu da bu, getdi. Həyat yolu uçurum üstündə çəkilmiş dar bir körpüdən keçir. Geriyə yol yoxdur, qayıtmaq olmaz, yol ancaq irəliyədir!

A t a k i ş i. Gülüş, qışın bu soyuğunda, çılpaq...

G ü l ü ş. Çılpaq, bəli, çılpaq. Sən indi həyata qarşı çılpaqsan. Yazı yatdın, qış çatdı. Səni o soyundurmamışdır, səni həyat soyundurmuşdur, o özü də geyindirəcəkdir. Ancaq bu ölü paltarı sənə yaraşmır. Sənə yaxşı bir paltar lazımdır.

A t a k i ş i. Nankor övlad, nankor övlad!

 

Babakişi ilə bərabər çıxır.

 

B a l a ş. Bu gün bütün dünya mənə qarşı ayaqlanmışdır.

G ü l ü ş. Ha... ha... ha... Dedim ki, dərindən mıxlamaq lazımdır, mıxlamaq! (Gedir).

M ə m m ə d ə l i. Deyirlər gün var – doğru deyil, ay var – doğru deyil; deyirlər dünya var – doğru deyil, vəssalam.

Ə b d ü l ə l i b ə y. Adə, bəs nə var?

M ə m m ə d ə l i. Heç nə, heç nə!

 

Gedirlər.

 

D i l b ə r. Mən gedirəm.

B a l a ş. Dilbər, məni bağışla. Sən görürsən ki, mən bir cəhənnəm əzabı içindəyəm, öz ailəmizdə məni anlayan yoxdur.

D i l b ə r. Görürəm, Balaş, sənin lal atan mükəmməl orator imiş!

B a l a ş. Dilbər.

D i l b ə r. Balaş, son sözümdür: bu evdə səndən və məndən başqa kimsə olmamalıdır!

B a l a ş. Dilbər, qoy Sevil bir çuval kimi bir küncdə otursun, qalsın. O, qiyamətədək səsini çıxarda bilməz, mən isə daima səninlə olaram.

D i l b ə r. Olmaz. Mən qəti deyirəm: istəməzsən, həmişəlik ayrılarıq, istəyirsən bu əlim, bu dodaqlarım; intixab et!

B a l a ş. Mən hər əmrinizə hazıram... (Öpür).

S e v i l (əlində su stəkanı içəri girir). Balaş...

B a l a ş. Səni kim çağırdı, buraya gəldin?

S e v i l. Vallah, Balaş, mən buraya gəlmirdim, məni Gülüş göndərdi ki, su istəyirsiniz.

G ü l ü ş (gəlir). Onu mən göndərdim. Bu evdə yaşayanlar bir-birinə yabançıdır, bu çaxçalar, bu ləmələr, bunlar, bu ər-arvad – hamısı bir-birinə yabançıdırlar. Budur, zavallı, sənə dediyim zəlzələ. Dedim ki, gec-tez bu ev dağılacaqdır, qoy biryolluq bitsin.

D i l b ə r. Çto ona, s uma soşla çto li?

G ü l ü ş. Xanım, siz deyəsən, valsın gerisini oynamaq istəyirsiniz. Bu saat. Çalğıçılar, vals! (Sevilə) Zavallı, donub qalma, gəl, həyat döyüşdür, qoç döyüşünə qoç dayanar, gəl!

S e v i l. Burax, başım hərlənir!

G ü l ü ş. Hərlən. Həyatın acı oyunlarında başın hərlənirkən, kimsə sənin üçün valsı saxlamaz. Sən, ayaq üstə dura bilmək üçün çox yıxılacaqsan.

S e v i l. Burax, dayana bilmirəm.

G ü l ü ş. Mən səni həyatın baş gicəldən oyunlarına atıram: dayana bilməzsənsə – yıxıl, yaşamaq istəyirsənsə – qalx, yoxsa tapdanacaqsan.

 

S e v i l  D i l b ə rlə  B a l a şın ayağı altına yıxılır.

 

D i l b ə r. Ha... ha... ha... Gülüş, axır ki, tək qaldın!

G ü l ü ş (Sevilin uşağını qucağına alıb oynayır). Mən tək deyiləm, həm də söz son gülənindir.

 

P ə r d ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

D i l b ə r i n otağı. B a l a ş ı n evində Avropa səliqəsilə bəzənmiş bir otaq.

 

B a l a ş.

Bülbül güldən ayrı düşər, nitqi lal olur.

Cəh-cəh vurar o vəslinə bais məlal olur.

Əl dəymə, bağban, gülə, qaldırma naləsin.

Nazikdi bərgü şaxəsi, tez payimal olur...

Vermərəm könlümü bir dilbərə bundan sonra,

Olmaram mail o siminbərə bundan sonra.

Aldı imanımı əldən, məni bidin elədi,

Baxmaram bir də mən ol kafərə bundan sonra.

 

Ay qız, Tafta, Tafta!

T a f t a. Nə deyirsən, ağa!

B a l a ş. Gündüz haradadır?

T a f t a. O biri otaqdadır.

B a l a ş. Gətir onu bura.

T a f t a. Yox, ağa, Dilbər xanım buyurmuşdur ki, Gündüzü onun otağına gətirməyim, acıqlanar.

B a l a ş. Necə acıqlanar?

T a f t a. Bilmirəm, hələ-belə, acıqlanar.

B a l a ş. Indi özü haradadır?

T a f t a. Kim bilir, səhərdən axşamacan, axşamdan səhərəcən gedir, gəlir, ağzını dirəyir divara, bir düdkeşi də alır əlinə mırtamırt, vurtavurt. Səhər bilmirəm ki, kim ilə danışırdı, dedi polutmaxtra gedəcəyəm.

B a l a ş. Bəs, bayaq harada idi?

T a f t a. Kim bilir, bayaqdan dırnaqlarını tutdurmağa getmişdi. Can kimi qayçımız var, meşəyə sal, odun qır. Bir saat evdə otursun, yoxdur. Səhərdən axşamacan bir arvad suvaqlayır-malalayır, suvaqlayırmalalayır.

B a l a ş. Bu gün mən beş yol evə zəng çalmışam.

T a f t a. Tatar qızı getdi, dedi ona, işi var idi, gəlmədi.

B a l a ş. Bəs, o şeytan qızı deyirdi ki, evdə yoxdur.

T a f t a. Özü dedi, yazıq tatar qızında təqsir yoxdur. Özü dedi: get, de evdə heç kəs yoxdur.

B a l a ş. Elə niyə?

T a f t a. Mən nə bilim, bir kişi ilə oturmuşdu, kartdır, qumardır, nədir, ondan oynayırdı. Mən dolçanı gətirirdim, səsi gəlirdi ki, getsəm, kağızlarıma baxarsan.

B a l a ş. Bəs sənə haçan dedi Gündüzü bu evə gətirmə?

T a f t a. Gələr kartı-martı qarışdırar; yəni axtarsan, o tatar qızından başqa heç birimizi bu evə qoymur.

B a l a ş. Yaxşı, yaxşı, sən get Gündüzü buraya gətir (Tafta gedir).

 

Vermərəm könlümü bir dilbərə bundan sonra,

Olmaram mail o siminbərə bundan sonra.

Aldı imanımı əldən, məni bidin elədi,

Baxmaram bir də mən ol kafərə bundan sonra.

 

Gəl, gəl, yanıma, Gündüz, harada idin?

T a f t a. Deyinən, o biri otaqda.

B a l a ş. Gündüz, sənin anan haradadır? Tafta, sən bilmirsən Sevil haradadır?

T a f t a. İndi bilmirəm, ağa. Harada olacaq, Allah kafər balasını onun gününə salmasın. Qabaqlar gördüm, göz gərək ruzigarına ağlasın.

B a l a ş. Haçan gördün?

T a f t a. Neçə ay olar. Burdan gedəndən sonra Hacı Səmədgildə qulluqçuluq edirdi. Sonra Gülüş ona dərs deyirdi. Gör necə həyalı arvaddır ki, qabaqlar özüm gördüm, Gülüş ona dil çıxartdı ki, daha bu çadranı at, bəsdir, hələ yox dedi ki, yox. Bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə yalvarırdı; sən allah, uşağıma yaxşı bax. Sonra səni soruşdu, gözlərindən yaş damcıdamcı tökülürdü.

B a l a ş. Yazıq, indi kim bilir, nə haldadır?

T a f t a. Bir haldadır ki, Allah göstərməsin, elə bil taxta üstündən qaçmışdır. Gözləri çuxura düşmüşdür. Baxışları adama yapışır. O al yanaqlar necə olub, sapsarı.

B a l a ş. Yaxşı, Tafta, al bu uşağı apar. Get xalanın yanına. Gedib bir Gülüşü buraya çağırarsan.

T a f t a. Gəlmir, deyir: mənim sizin evinizdə işim yoxdur. Sevil gedəndən bəri ayağını bu evə basmayıb. O da başıaçıq, baldırı açıq yığıb 24 uşağı, cərgə ilə düzüb, təlim verir. Uşaq bağçası olub. Bu uşaqlar necə oxuyur, necə atdanır, gəl görəsən! Gündüzü də istəyəndə, mən aparmadım.

B a l a ş. Yaxşı, Tafta, mən bir az yatıram. Dilbər gələndə mənə deyərsən (Gedirlər).

 

D i l b ə r, Ə b d ü l ə l i b ə y və M ə m m ə d ə l i gəlirlər.

 

D i l b ə r. Ay yoruldum, ayaq üstə dura bilmirəm.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də onu düşünürdüm, Amma da piyada gəlmişik ha!

M ə m m ə d ə l i. Heç yox, görən də desin ki, nə qədər piyada gəlmişik, aşağı tindən yuxarı tinə vur-tut beş addım, bir çərək.

D i l b ə r. Mən həmişə oradan evə fayton ilə gəlirdim. Ancaq bu gün yox idi. Əvvəlləri Balaş bankda olanda, bankın faytonu səhərdən axşamacan məni gəzdirirdi, indi bankdan çıxmışdır, daha hələ-belə faytonlarda gəzirəm. Odur ki, piyada bir addım belə gedə bilmirəm.

Ə b d ü l ə l i b ə y. Doğrudur, bu qədər incə ayaqlar piyada gedə bilməz. Qadın vücudu zərif yaranmışdır, odur ki, qədimlərdə qadınlar kəcavə ilə gəzirdilər. Qadınınkı odur ki, hara getsə, tez dəyib qayıtsın, yoxsa, piyada gəzmək qadınlara yaramaz...

M ə m m ə d ə l i. Heç yox. Küçədə bir arvad gördüm, bir uşağı çarşab ilə dalına sarımış, birini də qucağına almış, başında bir taya paltar, həsir, dənizdə yumuşdu, gətirirdi bu soyuqda, özü də ayaqyalın.

D i l b ə r. No, eto prosto ne çelovek!

M ə m m ə d ə l i. Heç yox. Xalis çelovek, s serdsem i duşoy – yupyumru üzü, qapqara qaşları, xırdaca burnu, nazikcə dodaqları.

D i l b ə r. Bəsdir siz allah. Sizin üçün paltar yuyan arvadla qubernator arvadında heç bir fərq yoxdur.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.

M ə m m ə d ə l i. Nə, nə düşünürdün? De də!

Ə b d ü l ə l i b ə y. Mən, ərz olsun, onu deyəcəkdim ki, “Hər cayi süxən, hər nüktə məqami darəd”, yəni “hər şeyin öz qiyməti var, hər yerin öz adamı!”. Paltaryuyan arvad, işçi arvad bir başqa. Dilbər xanım bir başqa. Bir gün, ərz olsun, Şah Abbas cənnət məkan bir meşənin qırağından keçəndə görür ki, bir kəndli arvadı köçdən düşdü, doğdu, uşağı bələdi, aldı qucağına.

M ə m m ə d ə l i. Bilirsən, Əbdüləli bəy, nə var, mən dünəndən bir az bayat kefliyəm, sən bir saxla, mən bu qonşudakı aptekə gedim, beş-altı kasa vurum, başımı düzəldim, sonra, sən burda, mən burda, səhərdən axşamacan de Şah Abbasdan, görək işi hara çıxacaq.

D i l b ə r. Yaxşı, bəsdir, sən allah, siz prosto inad edirsiniz.

M ə m m ə d ə l i. Yaxşı, gedək görək başımıza nə gəlir: ya mən Şah Abbasın atasını yandıracağam, ya da Şah Abbas mənim atamı (Gedir).

Ə b d ü l ə l i b ə y. Yaxşı, bu Balaşı neyçin bankdan çıxartdılar?

D i l b ə r. Bilmirəm. Mən onun işinə qarışmıram. Nə işimə? Heç bilmək də istəmirəm. Dayımın bir kağızı var idi, verdim qol çəkdi. Siz ki, bilirsiniz. Deyir guya onun üstündə. Nə məsələ isə çıxmışdır, o gün deyirdi, mən heç qulaq da asmadım.

Ə b d ü l ə l i b ə y. O gün Əli bəy də deyirdi ki, ərz olsun, sizə bir işi düşmüşdür.

D i l b ə r. Bilirəm, mənə dedi. Işi Balaşlıq deyil, ancaq mən söz vermişəm işini düzəldəcəyəm. Qoy hələ bir-iki dənə yaxşı tanış tapım, o qədər iş düzəldərəm ki!

Ə b d ü l ə l i b ə y. Əlbəttə, sahib mənsəbdən adamın, ərz olsun, tanışı olması hər zaman lazımdır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info