Qonaq Kitabı
SEVİL

G ü l ü ş. Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. Bir gün mədəniyyət zəlzələsi bu evi, bu taxçaları, bu boğçaları uçuracaqdır, sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan; unutma ki... maşın “metralyoz”[i] kimi bir şeydir, ardında olsan – qulundur, qabağında olsan – ölümündür. Hələlik sağ olun!  (Getmək istəyir).

S e v i l. Dayan, dayan! Sən deyirsən ki, zəlzələ olacaq, özün də bu taxçalarıboğçaları uçuracaqsan. Ay qız, bir məni başa sal görüm, zəlzələ nə vaxt olacaq?

G ü l ü ş. Hər halda, Sevil, sənin üçün tez-tez olacaq.

S e v i l. Sən bir tez qayıt, məni başa sal, yoxsa bağrım çatlar, ay qız. Srağagün Balaş deyirdi ki, bu gün qonağım olacaq, bəlkə gəldi çıxdı, təkəm, tez qayıt ha...

G ü l ü ş. Yaxşı, yaxşı (Gedir).

A t a k i ş i. Yaxşı, qızım, di gəl vedrələri ver, mən də gedim.

 

Gedir. Səs gəlir.

 

S e v i l. Ay kimdir? (Qapıya gedir). İçəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb?

 

B a b a k i ş i gəlir.

 

B a b a k i ş i. Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar türkün sözü, quru keçdi, mən də borca düşmüşəm. Bir az kömür gətirdim ki, satım, o da türkün sözü, pula getmədi, gəldim, bəlkə, türkün sözü, şəhərdə bir iş tapım, bir təhər ilə dolanaq, Allah kərimdir.

S e v i l. Çox da yaxşı oldu gəldin; mən hələ Atakişi əmiyə kömək etmək üçün bir adam tutacaqdım.

B a b a k i ş i. Yox, qızım, türkün sözü, mən burada qalsam, sənin də günün qara olar.

S e v i l. Yox, ata, indi, Allaha şükür, işimiz çox yaxşıdır. Doğrudur, altı ildən bəri çox korluq çəkirdik, amma yaxınlarda ki, padşahı yıxmadılar, onda Balaş o böyüklərdən oldu, sonra lap böyük oldu, indi lap böyük olmuşdur. Tağıyevin bacısı oğlu onu qonaq çağırır. Silisçinin dilmancı ona salam verir, köhnə pristavın qohumu onun üçün ayağa durur. Belə qiyamətdir! Sən demə bütün işlərimizi korlayan bu yerə batmış köhnə padşah imiş.

B a b a k i ş i. Demək, türkün sözü, o, böyüklərdən olubdur?

S e v i l. Hə... Lap böyüklərdən; o ki, köhnə padşahın xəzinəsi yox idi, payapayda hamısı ona çatıbdır.

B a b a k i ş i. Yəni, türkün sözü, lap özünə?

S e v i l. Həri, lap özünə; adamlara borc verir, sonra yığır. O gün qapının deşiyindən baxdım, bir xozeyin gəldi, qarnı lap böyük, özü də lap kök, qızıl saat qolunda, barmağında qızıl üzük, Balaşa deyirdi: Mən ölüm, gəlsənə bu işi düzəldəsən! Balaş da kağızına qol çəkdi, baş vura-vura getdi (Şkafdan pulları çıxarır, göstərir). Bax, görürsən, bu pulların hamısı bizimdir. Bu da çoxlu-çoxlu puldur, hələ, deyir, o padşahın yerində olan nədir? Lap ondan olacağam.

B a b a k i ş i. İstəməz, qoy hələ pulları, türkün sözü, bərk tutsun.

S e v i l. Pullar bizimdir; yox, sən qorxma, işimiz Allaha şükür çox yaxşıdır, mən hələ onsuz da bir adam tutacaqdım.

B a b a k i ş i. Allaha şükür olsun, qızım, deməli, sən məni sevindirdin, türkün sözü.

S e v i l. Çörəyimizi o-bu yeyir; yox, daha səni buradan buraxmaram.

B a b a k i ş i. Yaxşı, qızım, qoy sən deyən olsun, onda mən daha, türkün sözü, oturmayım, mənə bir parça çörək ver, gedim görüm kəndə gedən varsa, türkün sözü, bu çuvalları göndərim.

S e v i l. Otur, çörək ye, sonra gedərsən.

B a b a k i ş i. Yox, yox, hələ, türkün sözü, yeyə-yeyə gedərəm.

S e v i l. Çox yaxşı, ala, get, ancaq tez qayıt, mən də sən gəlincə xörək hazırlaram.

Gedir. S e v i l də uşağı götürüb o biri otağa keçir və oxuyur.

S e v i l.

Sənə nə olub, zalım yar?

Qadan-balan alım yar.

Sən ki, belə deyildin,

Səni bir öyrədən var.

Aman, ay aman, zalım yar...

 

B a l a ş (gəlir). Sevil, ay qız, Sevil!

S e v i l (gəlir). Balaş, sənsən, bəs haçan keçdin ki, mən səni görmədim? Boynum sınsın, hələ səhərdən gözüm pəncərədədir ki, birdən keçərsən, görmərəm. Tez ol, soyun, acından öldün, dünəndən yəqin ki, bir şey yeməmişsən, tez ol görüm, çıxar bunu.

B a l a ş. Bircə dayan, dəymə, soyunmağa vaxtım yoxdur; sənə demişdim qonağım gələcək.

S e v i l. Sən bircə otur, bir az çörək ye, acından ürəyin getdi. Mən də acam, bir yerdə yeyərik. Qonaq da gəlsə, hər şey hazırdır: ətdir aldırmışam, hər şey evdə, nə deyərsən elərəm.

B a l a ş. Odur də, deyirəm mənim həyatım zəhərlidir. Deyirlər belə. Dilimdə söz tapşırmışam, gecə yarıdan keçmişdir, indi deyir nə desən elərəm.

S e v i l. Axı bilmirdim ki, yəqin qonaq gələcək.

B a l a ş. Yaxşı, yaxşı, bəsdir... Səndən ki, adam olmayacaqdır. Daha kimi gözləyirsən, tez ol da, tez evi yığışdır, ocağı qala! Heç bilmirəm şeyləri kim daşısın, qonaqların yanında kim otursun?

S e v i l. Mən bacarmaram? Balaş! Təzə örpəyim vardır, istəyirsən örtüm, xörəyi mən verim.

B a l a ş. Bircə, yox, sən ortadan qapını bağla, heç bir tərəfdə görünmə; kişi üçün də bu dal otaqda yer sal, tez yatsın, çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq.

S e v i l. Yaxşı, onda özün oturarsan qonaqların yanında.

B a l a ş. Olmaz da, olmaz; yenə təkcə kişilər gəlsə idi, dərd yarı idi, arvad olacaqdır, gərəkməz ki, bizim evdən bir arvad olsun, stolu döşəsin?

S e v i l. Balaş, bu şəkildəki arvad da gələcək?

B a l a ş. Əsli hələ o gələcəkdir; gələndə nə olar ki?

S e v i l. Heç bir şey, soruşuram da. O da kişilər ilə bir yerdə oturacaq?

B a l a ş. Kişilər ilə bir yerdə oturmayıb daha gəlib səninlə bir yerdə düşbərə bükməyəcək ki?

S e v i l. Balaş! Nə üçün sən məni həmişə adam arasına qoymursan, özünlə bir yerə aparmırsan? Mən başqa arvadlardan, hələ bu şəkildəki arvaddan çirkinəmmi?

B a l a ş. A qız, daha mənə “vəzzariyyat” oxuma, mən indi böyük cəmiyyət adamıyam, doktorlar, ədiblər, filosoflar ilə oturub-dururam.

S e v i l. Balaş! Yenə pristavın qohumu sənin üçün ayağa durur?

B a l a ş. Axı bu paltar ilə, bu başmaq, corab ilə səni hara çıxara bilərəm?

S e v i l. Nə üçün? Sən də mənim üçün yaxşı paltar al...

B a l a ş. Axı, sən özün adam arasına çıxarılmalı deyilsən; sən Allahın boş bir yerişini yeriyə bilmirsən; danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən; danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən; Allahın bir portağalını soya bilmirsən; bu sayaqla mən səni hara çıxara bilərəm ki, dəvə zərgər dükanına düşən kimi, qab-qacağı qırasan?

S e v i l. Süfrə döşəmək, portağal soymaq bir şey deyil ki; mən saatda yüz adamın xörəyini bişirərəm, süfrəsini döşəyərəm, hələ qovun-qarpızını da soyaram.

B a l a ş. Ah, mən səni qiyamətə kimi başa sala bilməyəcəyəm. Doğrudur, sən bizim arvadlar üçün, kətti-küttülər üçün bacarırsan,ancaq, o cəmiyyətdə ki, indi mən dolaşıram, orada sən yaramazsan; orada bir portağal soymağın min cür şəkli vardır; bir dəsmalı min cür bükürlər; axı bu hal ilə mən səni ortaya çıxara bilmərəm; mən də utanıram, deyərlər bu ayını meşədən kim ürküdüb çıxarmışdır? Hələ öz atamı, bu çuxa ilə hara çıxara bilərəm? Deməzlər ki, özünə bax, atasına bax?

S e v i l. Balaş, on üç yaşında mən bu evə gəlmişəm, altı ilə yarıac, yarıtox quru çörək ilə keçirmişik: bir gün, bir düyün görməmişəm; indi Allah bizim üzümüzə baxıb bir parça çörək yetirmişdir; amma indi də sən məni bir yerə çıxarmırsan. Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan, bir yol bilmərəm, iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm. O biriləri, hələ bu şəkildəki arvad, bildiklərini anasının qarnından gətirməmişlər ki!

B a l a ş. O arvad oxumuşdur, özü də böyük, zəngin bir ailədəndir, keçmişdə atası qubernator olmuşdur; yerin altını da bilir, üstünü də. Parisdə manikürçülük kursunu bitirmişdir. Ruscanı rusdan, fransızcanı fransızdan yaxşı danışır, fəlsəfəni beş barmağı kimi bilir. Sən nə bilirsən, heç bilirsən ki, fəlsəfə nədir?

S e v i l. Fəlsəfət... Fəlsəfət...

B a l a ş. Sən hələ heç adını da düz deyə bilmirsən.

S e v i l. Nə üçün bilmirəm? Səflət bükməkdirsə, İvanın arvadından öyrənmişəm, lap altı barmağım kimi bilirəm.

B a l a ş. Heyhat, bu zəhərli həyat içində yaşamaq, bu cəhalət bucağında can çürütmək – bir cəhənnəm əzabıdır, cəhənnəm!

S e v i l. Dayan, dayan, bəlkə sən hələ yer-yemiş üçün səbət toxumağı deyirsən.

B a l a ş. Yox, şit fətir bişirməyi deyirəm!

S e v i l. Balaş! Sən mənə de görüm fəlsəfət deyirsən, şalpit deyirsən? Yeməlidir, içməlidir, geyməlidir, bir yol görüm fəlsəfəti necə eləyirlər, sonra o arvaddan yaxşı bacarmasam, əllərimi kəsərəm.

B a l a ş. Nə isə, keçmiş ola, daha mənim üçün hüquq məcəlləsini açma. Sənə deyirəm o biri evdə otur, ortadan qapını bağla, bu yana çıxma, vəssalam, qurtardı getdi.

S e v i l. Yaxşı, Balaş, deyirsən çıxmaram (Ağlayır).

B a l a ş. Di indi də yasxana açma! Stəkanımız varmı?

S e v i l. Stəkanımıza nə gəlib, əlli adama çatar.

B a l a ş. Onlardan yox, xırda araq stəkanı.

S e v i l. Araq da içəcəklər?

B a l a ş. Yox, daha gəlib sizin üçün bikəyallah namazı qılmayacaqlar ki!

S e v i l. Balaş! O arvad da araq içir?

 

Qapı döyülür.

 

B a l a ş. Gəldilər, tez, tez, sən o biri evə keç, ortadan qapını bağla, bu yanlara çıxma!

S e v i l. Yaxşı, Balaş, deyirsən mən onların gözlərinə görünmərəm, birdən arvad özu o biri evə keçdi...

B a l a ş. Keçməz, keçməz. Kişinin yerini sal, həyətə-zada çıxmasın. Birdən Gülüş gəlsə, məbada bu evə keçsin ha, yoxsa, o dəlidir, birdən bu evə keçib bir söz deyər, mənim üçün ölümdən bədtərdir. Eşitdinmi?

S e v i l. Balaş, vallah, mən Gülüşə bir söz deyə bilmərəm. Qorxuram. Onsuz da bayaq deyirdi ki, təşti-tabağı sındıracağam.

B a l a ş. Necə yəni, təşti-tabağı sındıracağam?

S e v i l. Mən nə bilim, deyirdi ki, bütün pərdə-mərdəni yırtacağam; özü də, deyir zəlzələ olacaq, ev də uçulacaq.

B a l a ş. Necə yəni, pərdə-mərdəni yırtacağam?

S e v i l. Mən nə bilim, özü deyirdi.

B a l a ş. Yaxşı, yaxşı, sən keç, mən özüm gəlib deyərəm. Qırılmışın hərəsi bir cür dəlidir; bilmirəm Allah məni haçan bu dəlixanadan qurtaracaqdır.

 

Balaşı çağırırlar.

 

B a l a ş. Gəldim, gəldim.

A t a k i ş i (o biri otaqdan çıxır). Ay gədə, qapını döyən, kimsən hey...

S e v i l. Ay əmi, ay əmi, getmə, bəri gəl, bu biri evə keçmə, tez, tez, Balaşın qonağı var, dedi, həyətə-zada çıxmasın.

A t a k i ş i. Həyətə-zada çıxmasın? Hansı evə keçim!

S e v i l. Bu evə, bu evə, tez bu evə keç!

A t a k i ş i. Yaxşı, deyirsən, keçim də.

 

Sevil ilə Atakişi gedir. B a l a ş qonaqlarla gəlir.

 

B a l a ş. Buyurun, buyurun, rica edirəm, xoş gəlibsiniz! Edilya, gəlişinizdən nə qədər məmnun olduğumu bilsəydiniz, məsud olardım.

D i l b ə r. Ancaq mən bir az da heyrət edirəm, evinizdə adam qarşılayacaq başqa bir kimsə yoxdurmu?

B a l a ş. Doğrusu, Edilya, sizin qulluğunuzda bulunmaq şərəfini bir kimsə ilə bölüşdürmək istəməzdim.

D i l b ə r. O öz yerində; ancaq onsuz da sizi hər gün evimizdə görürəm; siz gəlişimin səbəbini çox gözəl bilirsiniz; mən bütün ailənizi görmək istəyirəm.

B a l a ş. Dilbər!

D i l b ə r. Həm də bu, tərbiyəli bir külfətdə qonağa qarşı ən azı, bir hörmətsizlikdir.

B a l a ş. Mən layiq bilmədim ki...

D i l b ə r. Sizin arvadınızda araya çıxacaq bir ləyaqət yoxsa, deyirlər bacınız vardır. Dayım da demişdir gələcəyəm. Hər halda atanız buraya gəlməlidir, yoxsa, bu nədir?

B a l a ş. Edilya! Mənim bacım bir cürdür, atam da ki, belə...

D i l b ə r. Mən qəti deyirəm, yoxsa bu saat geyinib gedəcəyəm. Olmaz ki, dayım gəlsin, atanı burada görməsin. Eviniz çox gözəldir, ancaq fu... Kak bezvkusno ubrano! Po moyemu, bu stolu buraya, bu şeyləri də buraya yığsaydınız, daha gözəl olardı. Deyilmi, Əbdüləli bəy?

Ə b d ü l ə l i b ə y. Doğrudur, elədir ki var, mən də onu düşünürdüm.

M ə m m ə d ə l i. Nədir? O nədir?

Ə b d ü l ə l i b ə y. Elə mühüm bir hadisə yoxdur, biz ancaq orasını fərz edirik ki, piyano, qarderob kimi alat və əsbabi-qərbiyyə ilə taxça və kasa kimi alatişərqiyyə bir-birinə taraz gəlmir, ərz olsun, üslubu xələldar edir.

M ə m m ə d ə l i. Kim deyir onu?

Ə b d ü l ə l i b ə y. Dilbər xanım buyurdular, biz də onu düşünürdük.

M ə m m ə d ə l i. Heç yox, biz elə düşünmürdük. Beləcə çox gözəldir, belə də lazımdır. Bu üslubsuzluq özü də bir üslubdur.

Ə b d ü l ə l i b ə y. O da doğrudur, indicə mən də onu düşünürdüm...

D i l b ə r. Siz ki, bəhsə başladınız, iş bitdi.

M ə m m ə d ə l i. Yaxşı, mən sizə sübut edə bilərəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info