Qonaq Kitabı
SEVİL

 

B a l a ş.

Nə bu gün bağda bir gül, nə meyim var mənim,

Seyri-gülzardə bihüdə nəyim var mənim.

Sizi tanrı, yetirin piri-xərabatə məni

Ki, bu gün saqi əlindən gileyim var mənim.

Can sənin, cisim sənin, əmr sənin, fel sənin,

Bilmirəm bu aralıqda nəyim var mənim.

 

G ü l ü ş (gəlir). Balaş, nə üçün içəri girmirsən?

B a l a ş. Gülüş, Gülüş, ver mənim ailəmi! Sən mənim həyatımı pozdun. Bu gün mənim çocuğum məni tanımır. Ver mənim çocuğumu, ver mənim atamı! Göstər mənə, Sevil haradadır?

G ü l ü ş. Eləmi? Ha... ha... ha... Onları burax. Balaş, bu, həyatın amansız qanunudur. Bu gün dünəni bəyənmir, sabah bu günü bəyənmir. Gəl, baharın gözəl günəşli bir günü yarpaqlar öpüşür, çiçəklər oynaşır, hər bir şey, bütün aləm çalıb oxuyur, eşidirsənmi?

M u s i q i

Mən bir güldüm, açılmadan budağımdan dərdilər,

Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər.

Çox çəkmədən yazıq soldum, torpaqlara sərdilər,

Ağla, bülbül, yazıq bülbül, sənə xəzan yaraşır,

Ağla, könlüm, yazıq könlüm, sənə hicran yaraşır.

 

B a l a ş. Eşidirsənmi, Gülüş, nə oxuyurlar? Mən indi oraya nə üçün gedim, orada mənim kimim vardır? Ah, Gülüş, sən məni məhv etdin.

G ü l ü ş. Mən... Mən?

B a l a ş. Sən... Sən! Buludlar üzləşirkən, sən onları çaxnaşdırdın. Göylərin qüvvələrini bir ildırım kimi başımda partlatdın. Mənim atamı qışın soyuq gecələrində çılpaq, sən bayıra atdın. Sən mənim ailəmi dağıtdın. Gülüş, bacıcan, məhv oluram. Söylə, Allah eşqinə, atam haradadır? Söylə, Sevil haradadır? O zavallılar indi haradadır? Sağdırlarmı? Ah... Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin... Söylə, onlar sağdırlarmı?

G ü l ü ş. Mən heç bir şey bilmirəm, Balaş, sən pişik kimi qorxaqsan.

B a l a ş. İndi mən nə etməliyəm, Gülüş? Sən söylə!

G ü l ü ş. İçəri gəl, Balaş, çocuq olma. Nə edəcəksən, həyat özü göstərər, gəl.

 

Oxumaq səsi gəlir.

 

Ey bivəfa yar səni

Necə salım yada mən?

Çərxi-fələk qoymadı

Kam alım dunyada mən.

Aman, ay aman, zalım yar...

 

B a l a ş. Burax, Gülüş, gəlmərəm. Orada artıq mənim işim yoxdur. Burax, mən gedirəm.

G ü l ü ş. Çocuq olma, Balaş! Hara getmək istəyirsən?

B a l a ş. Mən gedib bir tərəfdə oturmaq, düşünmək, ağlamaq, ağlamaq istəyirəm.

G ü l ü ş (gülür). Ha... ha... ha... Ağlamaq istəyirsən? Ha... ha...ha... Get, get, düşün, ağla yorulanda yenə gələrsən.

B a l a ş. Mənə gülürsən, Gülüş. Mən gülüncəm. Gül, ancaq mən ağlamaq, ağlamaq istəyirəm, ağlayacağam... Ağlayacağam (Çıxır).

G ü n d ü z. Bibican, bayıra bir qız gəlmiş, deyəsən səni istəyir.

 

S e v i l gəlir.

 

G ü l ü ş. Kimi istəyirsiniz?

S e v i l. Ha... ha... ha... Gülüşcan! Gülüş!

G ü l ü ş. Sevil!.. Sən harada idin? Necə də gözəlləşmişsən! Sevil, harada idin?

S e v i l. Heç sorma, Gülüş! Moskvadan gəlirəm. Mən yeri, göyü, bütün dünyanı dolaşmışam, sonra anladaram, mən qatardan indicə düşmüşəm. Bu gün nə cür olursa-olsun buraya çatmağa can atırdım, gecikərəm deyə qatardan düşüb, qaçıb gəlmək istəyirdim. Bu gün mənim oğlumun onilliyidir, deyilmi, Guluş? Oğlum sağdırmı? Söylə, sağdırmı?

G ü n d ü z. Bibican, bəlkə bu qız mənim anamdır?

G ü l ü ş. Budur, Gündüz, bu sənin anandır!

 

Qucaqlaşırlar.

 

G ü n d ü z. Ana! Sən məni qoyub hara getmişdin?

S e v i l. Mən getmişdim, oğlum, həyatın amansız dalğaları məni yelkənsiz bir gəmi kimi alıb aparmışdı. Dayan, mən sənin üçün yaxşı bir şey gətirmişəm (Aeroplanı çıxarıb verir).

G ü n d ü z. Bu nədir, anacan?

S e v i l. Bunun, bax, burasını burub buraxırlar, uçur.

G ü n d ü z. Necə uçur?

S e v i l. Uçur... Uçur, bax belə.

G ü n d ü z. Bax, bu yaxşı şeydir, bu yaxşıdır.

G ü l ü ş. Sevil, içəridə qonaqlar vardır.

S e v i l. Kimdir?

G ü l ü ş. Gənclər. Bir zaman gördüyün adamlar da vardır. Görsən, hamısını tanıyarsan.

S e v i l. Artıq fərq etməz, kim olur-olsun. İndi mən dünyanın istisoyuğuna alışmışam. Bu gün mənim üçün bayramdır. Mən çalmaq, oynamaq, əylənmək istəyirəm. Hələ bir dur, görüm kimlərdir (Baxır). Aha, hamısını tanıyıram. Gün aydın, köhnə dostlar! Gün aydın, köhnə dostlar! Gün aydın!

G ü n d ü z. Hara, ana, mən səni qoymaram.

S e v i l. Getmirəm, oğlum, getmirəm, paltarımı dəyişəcəyəm (Keçir o biri otağa).

Ə b d ü l ə l i b ə y (qonaq otağından çıxır). O qız kimdir? Gözümə tanış görünürdü.

B a b a k i ş i (bayırdan). Keç yoldan, mən çox yaxşı tanıyıram.

G ü l ü ş. Kimdir?

B a b a k i ş i. Yoldan keç deyirəm, türkün sözü, vuraram dişlərin tökülər.

G ü l ü ş. Bunlar kimdir? Kimi istəyirsiniz?

A t a k i ş i. Gülüş, qızım! Mənəm də, tanımırsan? Bu da Babakişidir.

 

Qucaqlaşırlar.

 

M ə m m ə d ə l i (çıxır). Deyirlər gün çıxır – doğru deyil; deyirlər gün batır – doğru deyil; deyirlər dünya var – doğru deyil; heç bir şey doğru deyil.

D i l b ə r (çıxır). Bunlar kimdir?

G ü l ü ş. Yaxşı, ata, bu nə işdir, bu nə görünüşdür, siz harada idiniz?

A t a k i ş i. Mən, qızım, gəmidə işləyirəm.

B a b a k i ş i. Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı.

M ə m m ə d ə l i. Siz hara, gəmi hara, bu paltar hara?

A t a k i ş i. Məsələ çox uzundur. Bu, iş paltarıdır, yaxşı paltarımız da vardır.

B a b a k i ş i. Biz o gecə bayıra çıxdıq. Gecə qaranlıq və şaxta idi...

A t a k i ş i. Mən çılpaq idim...

G ü l ü ş. Bilirəm.

A t a k i ş i. Qaranlıqdan yol görünmürdü. Bütün gecəni birnəfəsə getdik.

B a b a k i ş i. Türkün sözü, kəndə getmək istəyirdik. Yol çalaçuxur idi.

A t a k i ş i. Bir yerdə xirtdəyədək tıxandıq murdova.

B a b a k i ş i. Zığ çataldan yuxarı, soyuq, şaxta...

A t a k i ş i. Qarın da ac, tanrı, gəl borcunu apar...

B a b a k i ş i. Elə burada idik ki, gördük, türkün sözü, qabaqdan bir dəstə çıxdı. Dan yeri qızarırdı...

A t a k i ş i. Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. Mən birini yanladım ki, hara? Fabrikə, dedi, çörək və yaşamaq dalınca...

B a b a k i ş i. Bizə də türkün sözü, hələ bu lazımdı...

A t a k i ş i. Ac qarın qılınca gələr, qoşulduq...

B a b a k i ş i. Türkün sözü, o qoşulmaqla qoşulduq...

A t a k i ş i. O fabrikdən bu fabrikə...

B a b a k i ş i. O zavoddan bu zavoda...

A t a k i ş i. O gəmidən bu gəmiyə, habelə. Indi mən qazançıyam...

B a b a k i ş i. Türkün sözü, mən də ocaqçı.

G ü l ü ş. Bəs əlin necədir?

A t a k i ş i. Sağaltdılar... Gəmi həkimi baxdı.

B a b a k i ş i. Türkün sözü, girəc qoydular, sarıdılar, bax belə.

A t a k i ş i. Sağaldı.

 

S e v i l və G ü n d ü z gəlir.

 

G ü l ü ş. Gündüz, dayan, Sevil qonaqlar ilə görüşsün.

S e v i l. Ata! (Babakişilə qucaqlaşır).

B a b a k i ş i. Qızım, bu nədir, dənizdə mayak kimi parlayırsan.

A t a k i ş i. Mayak deyil, dan ulduzudur.

S e v i l. Atakişi əmi, sənsən? (Atakişilə də qucaqlaşır).

D i l b ə r. Hələ bir bu çatmırdı.

G ü l ü ş. Gözlə, Sevil, bu dəfə də Əbdüləli bəyi öpməyəsən.

S e v i l. Öpmək... Hə... Yadımdadır... Ha... ha... Artıq mənim üçün qorxma, Gülüş, indi ustalaşmışam: indi mən arvadlar ilə açıqda, kişilər ilə isə gizlində öpüşürəm.

D i l b ə r. Vot kak!

Ə b d ü l ə l i b ə y. Xoş gördük. Sevil xanım!

S e v i l. Gün aydın, dostlar!

B a l a ş (gəlir). Qaytar, qaytar mənim ailəmi. Məhv oluram. Bu çiçəklərin öpüşməsi, bu ulduzların gülüşməsi, bu baharın ilıq nəfəsi, bütün bu qovuşan, oynayan təbiət məni boğur, məhv oluram. Gülüş, ver mənim ailəmi!

G ü l ü ş. Balaş, yorulmadınmı?

D i l b ə r. Bu nə oyundur?

B a l a ş (Sevili görür). Sevil, Sevil!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info