Qonaq Kitabı
SEVİL

D i l b ə r. Siz dəlimi olmuşsunuz?

S e v i l. Mən əvvəldən dəli idim. Bir il bundan əvvəl Gülüş mənim çadramı açıb, məni ortalığa çıxartdı, qoç döyüşünə qoç dayanar dedi. Mən onda anlamadım. Ondan sonra mənə çox dedi, mən yenə də anlamadım. Yazıq, yeddiillik ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq içində sürünmüşəm. Artıq, al! (Çarşabı atır). Daha bu mənə gərək deyil, sənə gərəkdir, mən isə gedirəm.

G ü l ü ş. Elə, elə, Sevil, qoç döyüşünə qoç dayanar.

B a l a ş. Sevil, dayan, getmə, hara gedirsən?

S e v i l. Eşidirsənmi? Gülüş deyir: qoç döyüşünə qoç dayanar. Kəlləmi bərkitməyə gedirəm.

B a l a ş. Sevil, getmə! Sən bu halda hara gedə bilərsən?

S e v i l. Haramı? Fahişəliyə gedəcəyəm. Mən hər gün ürəyimi satacaq, beynimə yedirəcəyəm. Sağlıq olsun!

 

P ə r d ə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

G ü l ü ş ü n otağı. Şüşəbənd bir evin həyətində bir hovuz.

G ü n d ü z həyətdə oynayır.

 

G ü l ü ş (gəlir). Nə edirsən, Gündüz?

G ü n d ü z. Bax, bibi, biz dünən məktəbdə uşaqlar ilə dünya səyahətinə çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. Bax, Avropanın sahilinə kimi gəlmişəm. Indi əsil hədəfə qısa bir yol axtarıram.

G ü l ü ş. Dünən getdiyiniz yollar yaramazmı, Gündüz?

G ü n d ü z. O yollar, yox! Ancaq mən tapmasam, sən mənə göstərməlisən, yoxsa mən geridə qalaram.

G ü l ü ş. Yox, gülüm, mən bildiyim yollar köhnədir, onları özgələri də bilə bilər. Sən, geridə qalmamaq üçün çalış, yeni bir yol tap.

G ü n d ü z. Gecə səhərə kimi düşünəcəyəm, nə olursa-olsun, yeni bir yol tapacağam.

G ü l ü ş. Düşün, Gündüz, artıq düşünmək və yeni yollar tapmaq sənin borcundur.

G ü n d ü z. O nə kitabdır, bibican? Yəqin, içində yaxşı-yaxşı şəkillər vardır.

G ü l ü ş. Bu, yeni çıxmış bir kitabdır.

G ü n d ü z. Üstündə yazılan nədir? Sevil... Sevil... Dayan, dayan, bibican, sən deyirdin mənim anamın adı Sevildir.

G ü l ü ş. Sevildir, gülüm.

G ü n d ü z. Deməli, bu kitabı o düzəldibdir. Bircə dayan, adını yaxşı-yaxşı oxuyum (Oxuyur). “Azərbaycan qadınlığının azadlıq yolu”. Bu kitabı mənim anammı düzəltmişdir?

G ü l ü ş. Bilmirəm, gülüm, Moskvaya gedəni ondan kağız almamışam.

G ü n d ü z. Bibican! Bəs sən demişdin ki, on yaşım olanda məni anamın yanına aparacaqsan?

G ü l ü ş. Demişdim.

G ü n d ü z. Bəs deyirsən bu gün mənim on yaşım tamamdır. Qonaqlıq da mənim yaşıma görə deyilmi?

G ü l ü ş. Elədir, gülüm. Ananı görmək istəyirsənmi, Gündüz?

G ü n d ü z. Çox istəyirəm, bibican. Anam gözəldirmi?

G ü l ü ş. Çox gözəldir, gülüm.

G ü n d ü z. Bəs, bu gecə bura gəlməyəcəkmi?

G ü l ü ş. Kim bilir, gülüm.

G ü n d ü z. Bibican, sən həmişə məni aldadırsan, gah deyirsən anan bilmirəm haradadır, indi də deyirsən Moskvadadır. Mən Moskvanın yolunu çox gözəl bilirəm. Ox, bibican, bircə anamı görsəm!..

G ü l ü ş. Nə edərsən, Gündüz?

G ü n d ü z. Boynuna sarılacağam, üzündən, gözündən, dodaqlarından öpəcəyəm, bax, belə! (Gülüşün boynuna sarılır).

G ü l ü ş. Yaxşı, gülüm, sən şeylərini yığışdır, mən görüm qonaqlar necə oldu? (Gedir).

Ə b d ü l ə l i b ə y (Məmmədəli ilə gəlir). Bəlkə bu Sevil, hələ o Sevildir?

M ə m m ə d ə l i. Heç yox. Sənə deyirəm, Sevil fransız sözüdür. Türklərdə belə ad yoxdur.

Ə b d ü l ə l i b ə y. O da doğrudur, ancaq kitabın üzərində yazılıb, “Azərbaycan qadınlığının azadlıq yolu”. Fransıza nə düşmüşdür ki, Azərbaycan qadınının gününə yansın.

M ə m m ə d ə l i. Heç yox. Fransızlar Quranı tərcümə etmişlər, türklər haqqında, türklərin özlərindən çox yazmışlar.

Ə b d ü l ə l i b ə y. Ola bilər, ancaq yenə də bir Gülüş xanımdan soruşaq.

 

G ü l ü ş gəlir.

 

M ə m m ə d ə l i. Gün aydın, Gülüş xanım!

G ü l ü ş. Gün aydın, köhnə dostlar! Buyurun, siz hələ də sağsınızmı?

M ə m m ə d ə l i. Heç yox. Mən bu gecəlik Əbdüləli bəyi anatomiçeskiy pakoydan prokata götürmüşəm.

Ə b d ü l ə l i b ə y. Gülüş xanım, biz eşitdik ki, bu gün uşağınızın onilliyidir, ona görə də sizi təbrik etməyə gəldik. Bu kiçik hədiyyəni qəbul etmənizi rica ediriz (Verir).

G ü n d ü z. Bibi, o nədir, lap gəmiyə oxşayır.

G ü l ü ş. Yox, bu qədim şeydir, gülüm.

G ü n d ü z. Sən onu ver, bibican, suya salım, görüm yeriyirmi?

G ü l ü ş. Gülüm, qızıl sudan ağır olduğu üçün su üstündə durmaz.

Ə b d ü l ə l i b ə y. Elədir, elədir, bala, gedər suyun təkinə.

M ə m m ə d ə l i. Heç yox. Su buraxmasa, dayanar.

G ü n d ü z. Baxım, bəlkə yeridi. Aha, batdı, batdı, yaramadı, yaramadı, batdı.

G ü l ü ş. Yaxşı, gülüm, şeylərini apar bir yerə yığ; gör yoldaşların bağçaya gəlmişlərimi? Siz də buyurun, bağçada qonaqlarımız vardır.

Ə b d ü l ə l i b ə y. Gülüş xanım, qabaqca sizdən bir şey soruşmaq istəyirik, bəlkə orada danışmaq olmadı. Qəzetlər bir aydan bəridir ki, bir kitab haqqında yazırlar, kitabın adı nə oldu...

M ə m m ə d ə l i. “Azərbaycan qadınlığının azadlıq yolu”.

Ə b d ü l ə l i b ə y. Hə, budur, bu Sevil kimdir? Kitabı yaxşıdır, ancaq bir şey anlamaq olmur.

G ü l ü ş. Ola bilər. Kitabda dərin bir analiz və bir çox da fəlsəfi fikirlər vardır ki, oxucu birdən-birə qavraya bilməz.

M ə m m ə d ə l i. Heç yox. Bir türk qadını qiyamətə kimi, belə bir kitab yaza bilməz. O ya fransızdır, ya da, hər halda fransızdır.

Ə b d ü l ə l i b ə y. Doğrudur, mən də hələ onu düşünürdüm ki, türk arvadında belə baş, belə qabiliyyət ola bilməz. Ancaq, Gülüş xanım, sizin yadınızdadırmı 7–8 il bundan qabaq Mirzə Balaşın bir zövcəsi var idi, o nə oldu?

G ü l ü ş. Mən ona bir neçə vaxt dərs verdim, sonra işçi fakültəsinə girdi, sonar son illərdə Maarif Komissarlığından stipendiya alaraq, Moskvada darülfünunda oxuyurdu.

Ə b d ü l ə l i b ə y. Gördünüzmü, gərək ki, onun da adı Sevil idi.

 

B a l a ş və D i l b ə r gəlirlər.

 

M ə m m ə d ə l i. Heç yox. Göydə də oxusa, bu yerə çata bilməz.

D i l b ə r. Bonjur mademuazel, privet i pozdravleniye sizə və vospitannikinizə. Bəs özü haradadır?

G ü l ü ş. Indicə gələr. Bağçadadır, yoldaşları gəlmişlər, indi gələr. Gündüz, Gündüz, gəl, atan gəlmişdir.

G ü n d ü z. Kim? Atam, anam da gəldimi?

G ü l ü ş. Yox, ancaq atan gəlmişdir, görüşmək istəmirsən!

B a l a ş. Gündüz!

D i l b ə r. Mən elə körpəcikdən, belə gözəl bir çocuq çıxacağını heç düşünməzdim. Məni tanımırsanmı, Gündüz? Səni bir il saxlamışam.

G ü n d ü z. Mən sizi heç tanımıram.

B a l a ş. Gündüz, oğlum, gəl yanıma!

G ü l ü ş. Xoş gəlibsiniz!

D i l b ə r. Bu çiçəkləri alın, al, bu çiçəklər sənin üçündür.

G ü n d ü z. Bibican, belə solğun nə üçün?

G ü l ü ş. Gündüz, adam hər bildiyini danışmaz. Çiçəklər yaxşıdır, ancaq çoxdan dərildiyindən bir qədər solmuşdur.

B a l a ş. Təzə çiçək heç yerdə yoxdur.

Ə b d ü l ə l i b ə y. Hə... Biz də tapa bilmədik.

M ə m m ə d ə l i. Heç yox. O yanlarda var, ancaq uzaqdır, getmək olmadı.

D i l b ə r. Allah bu bolşeviklərin bəlasını versin, bizdə nə qoydular. Maşınımızı almasaydılar, yerdən çıxardardıq.

G ü n d ü z. Onda bunları aparıb, suya salacağam, bəlkə açıldı.

G ü l ü ş. Yaxşı, gülüm, istəyirsən apar. Siz də buyurun bağçaya!

Ə b d ü l ə l i b ə y. Bağışlayın, Gülüş xanım, sözümüz yarımçıq qaldı. Biz o kitab məsələsini danışırdıq.

D i l b ə r. Siz yenə o kitabdanmı bəhs edirsiniz?

M ə m m ə d ə l i. Yox, biz o kitab yazanı bilmək istəyirik.

Ə b d ü l ə l i b ə y. Yoxsa, bəlkə, həmin biz tanış olduğumuz Sevil yazmışdır.

D i l b ə r. O ki, araya çıxanda əli-ayağı, dili-dodağı titrəyirdi və mənim ilə öpüşdükdən sonra, Gülüş olmasa idi, gərək ki, Məmmədəlini öpəcəkdi.

M ə m m ə d ə l i. Məni yox, Əbdüləli bəyi öpmək istəyirdi.

D i l b ə r. Və bir ildən sonra gərək ki, Əbdüləli bəy gördü, üstübaşı cırımcındır, mənim ayaqlarıma qapanmışdı.

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.

D i l b ə r. Siz deyirsiniz o Sevil, o baş-göz ilə belə bir kitab yazdı? Gülüş, yadınızda varmı, siz olmasaydınız, Məmmədəlini öpəcəkdi.

M ə m m ə d ə l i. Məni yox, canım, Əbdüləli bəyi. Yazar, yazmaz, ay yazdı ha!..

G ü l ü ş. Mənə qalırsa, Əbdüləli bəyi öpmək belə böyük bir iş deyildir, onu bəziləri bilərək, bəziləri də bilməyərək, bəziləri açıqda, bəziləri də gizlində öpə bilərlər və çox güman ki, Əbdüləli bəy bundan darılmaz. Artıq o Sevil olub-olmadığını bilmirəm.

D i l b ə r. Hər halda dünən ayaq altında sürünən miskin bir arvad, belə bir kitab yaza bilməz.

G ü l ü ş. Kim bilir. Deyirlər Hindistanda böyük fillər vardır ki, illər uzunu gücsüz insanları boyunlarında daşıyır və onların bizlərinə dözürlər. Bir gün isə incəlmiş gönlərinə biz çox dərindən sancıldıqda, xortumlarını uzadıb boyunlarındakı adamın boynundan yapışır, ayaqları altına salıb, köksünə çıxırlar. Deyirlər ki, su meymunun boğazına çıxanda, öz balasını tapdayıb başına çıxır. Kim bilir?

Ə b d ü l ə l i b ə y. Doğrudur, hələ mən də bu saat onu düşünürdüm.

M ə m m ə d ə l i. Heç yox, ola bilməz.

D i l b ə r. Nəhayət, deyirlər ki, o kitab bizim üçün yaramaz. Əldüləli bəy deyir ki, o kitab qadınlarımızı əxlaqsızlığa alışdıra bilər.

M ə m m ə d ə l i. Kitab burada vardır.

D i l b ə r. Görən nə yazır?

M ə m m ə d ə l i (oxuyur). “Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir”.

D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi?

M ə m m ə d ə l i (oxumaqda davam edir).“Qadının qəti azadlığı üçün, yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən, azad deyildirlər. Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır”.

D i l b ə r. Bu, əxlaqsızlıq deyilmi?

M ə m m ə d ə l i. Bu, heç yox!

G ü l ü ş. Bəlkə də... Ancaq əxlaq da elastiki bir şeydir. Bunu hər kəs öz arşını ilə ölçə bilər. Nəhayət, sözdə bir, işdə başqa adamlar da az deyil. Düşündüklərini açıq yazanlarda, heç olmasa, bir səmimiyyət vardır ki, o da, məncə, dəyərsiz deyildir.

Ə b d ü l ə l i b ə y. Əlbəttə, bizi Şura hökumətimizin proqramında gərək bütün əvamünnas oxusun.

G ü n d ü z. Çiçəklər yaramadı, bibi, su dəyən kimi yarpaqları bürüşdü, töküldü, ancaq kötükləri qaldı. Gör bir nə oldu?

G ü l ü ş. Vaxtı keçmiş çiçəklər belə olur, gülüm. Apar qoy bir yana. Siz də buyurun içəri, orası daha yaxşıdır.

 

İçəridə musiqi çalınır. Balaşdan başqa hamı gedir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info