Qonaq Kitabı
ŞAMDAN BƏY

N i y a z b ə y. Şamdan dəli olubdur....

 

 

Xədicə danışmayıb təəccüblə Niyaz bəyə baxır.

 

Y u s i f. Yox, ha?

N i y a z b ə y. Sizin canınız üçün.

Y u s i f (fikrə gedir). Kim dedi?

N i y a z b ə y (çay içə-içə). Mən özüm gördüm.

X ə d i c ə. Harda?

N i y a z b ə y. Dünən bazardan keçirdim. Bir də gördüm ki, biri meydanın ortasında durubdur və xalq də başına yığılıb. Yavuq gedib görürəm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqətlə baxıb görürəm ki, hənuz özü.... Yazığım gəldi. Amma qoy hələ bu gündə olsun ki, qəbahətini anlasın.

Y u s i f. Yəqinimdir ki, indi başa düşübdür və çox da peşmandır. Elə ki, mən onu tanımışam heç kəs tanımaz. İnandırıram sizi ki, hərgah bir də fənd bağlaya, çox işlər körər.

N i y a z b ə y. Yox.... Dəxi ölən yeridir ki, ölübdür. A kişi, bilmirsən bu zalım oğlu dünyanı bir-birinə necə vurdu.

 

Nazlı gəlir.

 

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

Nazlı və qeyriləri.

 

N a z l ı. Xədicə xanım, səni Hacı ağa çağırır.

 

Xədicə gedir.

 

N i y a z b ə y. A kişi, mənim və Hacı İbrahimin yanında bir cürə söhbət edibdir ki, lap quruyub qalmışam.

Y u s i f. Haçan?

N i y a z b ə y. Pəh.... Görükür xəbəriniz yoxdur. Qıza hələ elçi göndərməmişdən əvvəl Hacı eşitmişdi ki, qızı istəyir. Bunu bir gün qonaq çağırıb istəyir ki, iidi bundan söz alsın. Mənim yanımda özünü bir dərəcəyə çıxartdı ki, özüm də mat qaldım.

Y u s i f. Yaxşı, nə deyirdi ki?

N i y a z b ə y. Dəxi iə deyəcək. Deyirdi ki, belə basdım, belə kəsdim. Nə bilim, qubernator mənim xatirimi belə istəyir, filan knyaz məni belə qonaq elədi, filan xan mənimlə belə rəftar elədi. Sizin canınız üçün, mən onun yerinə qızarmışam.

Y u s i f. Hacı da, görükür, inanıbdır.

N i y a z b ə y. Bəs nədir. Elə gedəndən sonra mənə deyir ki, gördün necə hünərli oğlandır. Buna qızımı verməyib kimə verəcəyəm. Sonra da bu iş aşkar olandan sonra özü məni çağırıb deyir ki, mən böyük səhv etmişəm. A kişi, təəccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır.

H a m ı (gülürlər). Ha! Ha! Ha!

 

Hacı İbrahim, Nigar və Xədicə daxil olurlar.

 

 

 

DOQQUZUNCU GƏLİŞ

 

Yusif, Niyaz bəy, Hacı İbrahim, Nigar və Xədicə.

 

H a c ı İ b r a h i m. Yenə nə var, gülürsünüz?

 

Yusif və Niyaz bəy ayağa dururlar.

 

N i y a z b ə y. Heç....

H a c ı İ b r a h i m. Doğrudan nə var?

 

Hərəsi bir kürsü üstə əyləşir.

 

N i y a z b ə y. Zalım oğlunun sözünü danışırıq.

N i g a r. Şamdanınmı?

Y u s i f. Bəli.

N i g a r. A bala, Xədicə, ağana çay tök. Evdə içmədi ki, gedərəm bağçada içərəm.

H a c ı İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bəlasını Allah ona veribdir. Mən bircə Yusif bəyə təəccüb edirdim ki, ona necə aldanıb, halbuki neçə vaxt da onunla dostluq edibdir.

N i y a z b ə y. Söz odur, hünər elə gərək.

Y u s i f b ə y. Xeyr, xeyr.... Bir hünər istəməz ki, bu aşkar şeydir. Mən on il bundan müqəddəm onunla bir yerdə oxumuşam. Və oxuyan vaxtda mənim həqiqət, bununla yeyib-içməyim bir yerdə olubdur və bir elə ittifaq da düşmüyübdür ki, mən onu əməlli tanıyam. Zira ki, oxuyan zaman da zindəganlığımız uşaq zindəganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildən sonra gəlib. Dəxi mən nə bilim ki, bu nə tövr adamdır.

H a c ı İ b r a h i m. Bəli, adam tanımaq çox çətindir.

N i g a r. Sənin özün də ona lap aşiq olmuşdun.

N i y a z b ə y. Mən ki, onu elə gördüm, çox adamın evini yıxardı.

X ə d i c ə (əlində stəkan istəyir Şamdan tərəfə su töksün. Birdən onu uzanmış görüb bərkdən çığırır və stəkanı əlindən buraxıb). Vay!

 

Bu vaxt qeyriləri gəlib Xədicə duran yerə, ölünü görüb hamısı

heyran qalırlar və Yusif baxıb deyir.

 

Y u s i f. Axırda bu günə düşməyin təbiidir.... Yaman dil başabəladır! Xain və yalançı bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz xilas olmaq həmişə mümkündür....

 

Pərdə

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info