Qonaq Kitabı
ŞAMDAN BƏY

 

X ə d i c ə (Nazlının əlindən tutub). Nazlı! Mənim dərdim günü-gündən artır və özün də bilirsən ki, səbəbi nədir. Səni özümə başdan yavuq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. İndi özün bil. Bundan artıq dəxi dayana bilmirəm. (Ağlayır).

N a z l ı. Nə var, xanım Xədicə! Nə olubdu? (Xədicə ağlayır, Nazlı yavuq gedib qolundan tutur). De görüm, axı nə olubdu? Göz yaşını nə üçün tökürsən?

Xəd i c ə. Of.... Sən Allah yaramı təzələmə, tabım yoxdur. təzədən açıb sənə ürəyimin dərdini deyim.... Ancaq.... (İstəyir danışsın, ağlamaq tutub qoymur) Ancaq.... Səndən təvəqqe edirəm ki, bu gün necə olsa, Yusifə deyəsən mənim yanıma gəlsin. Belə vaxt heç ələ düşməz. Atam-anam dayımgilə gediblər, özləri də gec gələcəklər. Yusifə deyərsən ki, səninlə gəlsin. Elə ki, Yusif darvazadan içəri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gələn olsa xəbər etsin. Onda Yusifi dal qapıdanyola salarıq.

N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün də, sənin üçün də xarabçılıq olar.

X ə d i c ə. Görünür ki, hələ uşaqsan. Məhəbbət meyvəsini dadmayıbsan. Hərgah dadsaydın, bu sözü deməzdin. Sən elə bilirsən bizim məhəbbətimizi heç kəs bilmir? İnandırıram ki, bu işdən hamı xəbərdardır.

N a z l ı. Doğrudur, bir neçə adam bilir və Yusiflə sən əvvəlinci dəfə görüşmürsən. İki-üç dəfə olubdu. Amma genə yaxşıdır ki, bir neçə vaxt hələ gizlin tutasınız.

X ə d i c ə (tərəfə). Pərvərdigara! Məhəbbət hissiyyatı olmayan adam ilə nə müşküldür danışmaq? (Gedib Nazlının əlindən tutur) Nazlı! İnsan hər şeyi pünhan tutsa, məhəbbəti pünhan tuta bilməz. Allahı istərsən, mənim dərdimə əlac et....

N a z l ı (tərəfə). Gələsən atası anası ilə danışdığı söhbəti açıb deyim.... (Fikrə gedir)

X ə d i c ə (əlindən tutur). Niyə fikrə getdin? Yoxsa bir şey bilirsən? Hə? De.... De, görüm.

N a z l ı. Doğrusu.... Yusifin tərəfindən bir şey eşitməmişəm. Amma yaxşı olardı ki, bu fikirləri yavaş-yavaş başından çıxardasan. Çünki necə ki, mən görürəm bunun axırı puç olacaqdır....

X ə d i c ə (təəccüblə). A.... Görükür, səndə xəbər çoxdur. İndi de görüm, nə var? Yoxsa, and olsun bu məhəbbətimə özümü burada həlak edərəm. (Şey gəzir) .

N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sənə birbəbir deyim: dünən axşam çay vaxtı atan və anan bağçada oturub sənin sözünü danışırdılar. Mən də ağacın altında oturub çay hazır eləyirdim. Sözlərindən görükür ki, səni Yusifə verməyəcəklər.

X ə d i c ə (təəccüblə). Məni?.... Yusifə?

N a z l ı. Bəli.

X ə d i c ə (tərəfə). Pərvərdigara! Nə acı sözlərdir mən eşidirəm. (Nazlıya tərəf) Səbəbini bilmədinmi?

N a z l ı. Səbəbi odur ki, necə ki, atan deyirdi Yusif kasıbdır....

X ə d i c ə. Sən bunu yəqin eşidib deyirsən?

N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstərir).

X ə d i c ə. Uf! Fələk!.... (Əyləşib üzünü əlləri ilə tutur və bir az fikirdən sonra). İndi ki, belədir, get bu saat Yusifi çağır gəlsin, heç olmasa axırıncı dəfə onun üzünü görüm və dərdimi ona bəyan edim. Ta bir az ürəyimin odu sönsün.

N a z l ı. Buyurursan, gedərəm. (Nazlı dişqarı çıxır)

X ə d i c ə (tək, üzünü xalqa). Pərvərdigara! Dünyanın işinə bax, insanı heyvan dərəcəsində tuturlar. Məni Yusifə vermək istəmirlər. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrə gedir) Uf! (Ürəyini əli ilə tutur) Ruzigara bax.... İstəyirlər məhəbbəti pulla puç edələr. Görükür, ata və ana qızı verəndə onun gələcək xoşbəxtliyini dövlətdə görürlər. Dəxi bunu bilmirlər ki, məhəbbət etdiyi işləri heç dövlət etməz.... (Saçını əli ilə tutub bərkdən) Uf! Bu bəlalı başıma necə fikirlər gəlir. (Fikrə gedir) Yox, yox ... bundan sonra mən dəxi yaşamaram ... And olsun Yusifin canına, hərgah bu iş başa gəlməsə, özümü həlak edəcəyəm.... (Fikrə gedir) Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm ki, Yusiflə məni ayrı sala. Bir az səbir edim.... İndi yəqin ki, gələr. (Səs gəlir) Gərək ki, gələn odur. (Baxır, Yusifi görüb başını aşağı salır).

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Yusif və Xədicə.

 

Y u s i f (təəccüblə). Xədicə! (Yavuq gedib qucaqlayır. Xədicə başını aşağı salıb cavab vermir.) Xədicə! Niyə danışmırsan? Nə olub sənə? Desən görüm. (Xədicə cavab vermir) Xədicə! Sən mənim canım, de görüm nə üz veribdir? Bəsdir, məni az incit. (Xədicə ağlayır) Bircə de görüm, nə üçün ağlayırsan?

X ə d i c ə. Necə ağlamayım ki, illərlə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir.... (Ağlayır).

Y u s i f. Necə? (Qucaqlayır) Necə? .... Bir də de görüm!

X ə d i c ə. Yusif! Səni and verirəm bizim məhəbbətə, qoy bir az sənin qucağında, nəfəs alım. Bəlkə bu axır görüşümüz oldu.

Y u s i f (birdən ayağa durur). Xədicə! Sən nə söyləyirsən? Fikrin özündədirmi? Necə ki, axır nəfəsdir, ha? De görüm, yoxsa and olsun sənin bu zülflərinə, özümü bu saat həlak edərəm. (Əlini cibinə uzadır).

X ə d i c ə (Yusifi bərkdən tutub). Ay, bircə səbir et.

Y u s i f (qucaqlayır). De görüm, bu nə sözlərdir, sən deyirsən?

X ə d i c ə. Bircə de görüm, məni nə vaxt xoşbəxt edəcəksən?

Y u s i f. Nazlı Xədicə, sənin xoşbəxt olmağın qalıb ata və anana. Onlar da deyirlər ki, guya sən hələ toya hazır deyilsən.

X ə d i c ə. Bəli, hərgah atam-anama qaldısa, ikimiz də bədbəxt olmuşuq.

Y u s i f. Nə üçün?

X ə d i c ə. Görükür, onlar indi fikirlərini dəyişiblər. Məni sənə vermək istəmirlər. Bu xəbəri mən bu gün eşidib sənə adam göndərdim ki, hamı əhvalatı sənə deyim, ta başımıza bir çarə qılaq.

Y u s i f. Axı, səbəbi nədir ki?

X ə d i c ə. Səbəbi odur ki, guya dövlətin yoxdur və guya məni dövlətli istəyir.

Y u s i f. Xədicə! Bunlar ara sözüdür, belə sözlərə inanma. (İrəli gəlib Xədicəni qucaqlayır və Xədicə Yusifə qəmgin baxır).

X ə d i c ə. Of! Yusif! Gərək ki, sənin üzünə axır baxışımdır. (Üzünü tutub ağlayır).

Y u s i f (Xədicəni qucaqlayıb). Xədicə! Sən onu yəqin bil ki, sən mənimsən, mən sənin. Və ondan savayı niyə bir fikir etmirsən ki, hərgah sənin özgəyə meylin olmasa, kimin hünəridir səni verə, zira ki, şəriətə müxalif işdir.

X ə d i c ə. Hərgah şəriətlə iş görsələr, mənim qorxum yoxdur. Amma nə fayda ki.... (Ağlayır).

Y u s i f (tərəfə). Bunu Xədicə doğru deyir. Pərvərdigara! Gör pul insanın gözlərini necə tutur ki, şəriət də unudulur və o məhəbbət ki, gələcəkdə iki nocavan onunla xoşbəxt olacaqlar, nahaq yerə puç edilir.... (Fikrə gedir və bərkdən). Uf! Uf! Xədicə (gedib Yusifin əlindən tutur). Yusif! Biz burada çox qala bilmərik; çünki indi anam gələr. Ancaq bir söz xəbər alacağam.

Y u s i f. De görüm!

X ə d i c ə. Səni and verirəm mənim sənə olan məhəbbətimə, doğrusunu de görüm, hərgah ruzigar belə bivəfa oldu ki, bizi bir-birimizlə ayırdı, onda tədbirin nədir?

Y u s i f. Uf!.... Sənin sözlərin mənim ürəyimi dağlıyır. And olsun (ayağa durur, bərkdən) bizim məhəbbətə! And olsun bu yolda tökülən göz yaşlarıma! And olsun bu zülflərə (əli ilə göstərir) ki, məni kəmənd edibdir! Hərgah məqsuduma çatmasam, özümü bir dəqiqədə həlak edərəm....

X ə d i c ə (əlini ürəyinə qoyub). Dəxi bir az sakit oldum. (Tərəfə) Mən bundan elə bu sözləri gözləyirdim. (Yusifə) Dəxi mənim üçün bu sözlər kifayət edər.

 

Dişqarıda səs gəlir.

 

Y u s i f (tələsmiş). Mən dəxi gedim, gəlib bizi burada görərlər, yaxşı olmaz.

X ə d i c ə. Gedə bilərsən....

Y u s i f (Xədicənin əlini öpüb). Salamat qal! (Dişqarı çıxır).

X ə d i c ə. Xoş gəldin! (Xədicə, tək) Məhəbbət, həqiqət yaxşı şeydir! Mən Yusiflə asanlıqla ayrıldım. Çünki istəmədim onun ruhuna zəhmət verim. Hərçənd o gedəndə ağlamaq istədim, amma xeyr, mən ağlasaydım Yusifin ürəyi xarab olardı, mən dəxi ona tab gətirə bilməzdim.... Eybi yoxdur, səbir edərəm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Əyləşib üzunü tutur).

 

Anası içəri daxil olur və Xədicəni bu halda, görüb onun yanına gedir.

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Xədicə və Nigar.

 

N i g a r. Xədicə, ay balam, nə üçün belə oturubsan, yatırsan?

X ə d i c ə (birdən qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram.

N i g a r (tərəfə). Görəsən genə nə olub? Üzündən qəm dəryasına batmış görünür.... Ay balam, genə allaha şükür, nə olub sənə belə pozulubsan?

X ə d i c ə. Heç....

N i g a r (yavuq gedib). Axı de görüm, nə olub sənə? Hərgah azarlısan, adam göndərim həkim gəlsin.

X ə d i c ə (başı aşağı). Mənim həkimim ... sizsiniz....

N i g a r. Yəni kim?

X ə d i c ə. Səninlə atam....

N i g a r. Mən sənin sözlərindən əsla baş aça bilmirəm. (Yavuq gedib əlindən tutur.) Ay balam! Bircə dərdini desən görüm. (Tərəfə) Qaydadır, görmüşük qızın nə dərdi olsa anasına deyər. Amma bu evi yıxılmışın qızı heç görmədim ki, bir otura mənimlə söhbət edə. Eh, özün bil, sabah-birigün ərə gedərsən, sənin də canın qurtarar, mənim də.

X ə d i c ə (tərəfə). Uf!....

N i g a r. Heç ah-vay eləmə. Az qalıbdır, iş düzəlibdir. Bir ay çəkməz ki, toyun olar....

 

Hacı İbrahim içəri daxil olur.

 

 

 

BEŞİNCİ GƏLİŞ

 

Hacı İbrahim, Nigar və Xədicə.

 

H a c ı İ b r a h i m (Xədicəni qəmgin görüb). Genə nə var, ana-bala oturub kimin qeybətini edirsiniz.

 

Xədicə ayağa durur.

 

N i g a r. Heç kəsin. Öz dərdimiz məgər azdırmı?

H a c ı İ b r a h i m. Nə olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda ərə verərsən gedər.

N i g a r. Doğrudan, iş nə tövr oldu?

 

Xədicə dişarı çıxır.

 

H a c ı İ b r a h i m. Kişiyə söz verdim. İndi gərək hazırlaşaq.

N i g a r. Yaxşı, de görüm, yerinə yetibsənmi, görək necə adamdır: atası kimdir, anası kimdir?

H a c ı İ b r a h i m. Arvad, sən Allah, qoy görək. Yenə arvadlığına salma. Nəyinə lazımdır kimin oğludur, kimdir və ulu babasının adı nədir? Pulu ki var, hamısından yaxşıdır.

N i g a r. Məgər pulu çoxdurmu?

H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünəmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dəxi nə istəyirsən? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövləti qoyub Yusifə mən niyə verim? Doğrudur, oxuyub, əli qələmlidir, amma aldığı altmış manat məvacibdir. Onunla külfətini necə dolandırsın? Sən indi adam göndər qızın dayısına, gəlsin toyun tədarükünü görək. (Nigar çıxır).

H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demək, Yusif də pis oğlan deyil. Amma nə fayda ki, az məvacib alır. Mənim bir qızımdan savayı heç kəsim yoxdur və qızımı da versəm, yeznəm mənimlə gərək olsun. Yeznəm də kasıb olsa, mənim dövlətimi iki ilin ərzində yeyib gedəcək. Amma hərgah dövlətli olsa, bu dövlət qurtaran deyil....

 

Nigar daxil olur.

 

 

ALTINCI GƏLİŞ

 

Nigar, Hacı İbrahim.

 

N i g a r. Adam göndərdim. İndi ay kişi, bir iş var ki, qız bu işə razı olmaya. Ondan ötəri ki, qonşu arvadların sözünə görə qızın könlü Yusifədir.

H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belə sözlər danışma, necə ki, qızın könlü Yusifədir? Sən qız anasısan. Sən gərək ona nəsihət edəsən və hərgah razı olmasa de ki, biz onun gələcəyi üçün çalışırıq və istəyirik ki, gələcəkdə o,bir parça çörək yiyəsi olsun. Zəmanəmiz pul zəmanəsidir, ondan da savayı, kişinin əsli bəydir.

N i g a r. Özün bil. Amma bu iş çətin olacaqdır.

H a c ı İ b r a h i m. Heç bir çətinliyi yoxdur. Sən arvadsan, mən bilən işləri sən bilməzsən. Qoy dayısı gəlsin, o, başa düşər.

 

Niyaz bəy içəri daxil olur.

 

 

YEDDİNCİ GƏLİŞ

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info