Qonaq Kitabı
ŞAMDAN BƏY

Y u s i f. Bağışlayın, siz söhbətə məşğul olun, mən dəxi bir neçə şey lazımdır hazır edim. (Deyib dişarı çıxır).

S u l t a n. Siz öz işinizdə olun. Bizdə də o qədər qüvvə olar ki, qonağımızı qoymarıq qəmgin olsun.

 

Hamı gülür.

 

Ş a m d a n (baş əyir). Çox razıyam! Qəzetlərdə yazılan əxbara görə məlum olur ki, bu şəhərin müsəlmanları alış-verişlə çox tərəqti ediblər və ona görə də deyirlər, guya burada olan dövlət Zaqafqaziyanın heç yerində yoxdur.

M y r a d. Bəli, elədir.... Fəqət nə xeyri?

Ş a m d a n. Necə ki?

S u l t a n. Murad cəmiyyəti-xeyriyyəni nəzərdə tutub bu sözü deyir.

R ə s u l. Aşkar deməli, pulları çoxdur, amma millətə xeyirləri az.

Ş a m d a n. Bəli, indi anladım. Hənuz buyurduğunuz sözləri mən neçə dəfələrlə "Tərcüman" qəzetəsində oxumuşam və mən dəxi bu barədə öz yerimizdə neçə dəfələrlə camaata demişəm və bir neçəsi dəxi sözümü eşidib Şirvanda dördəcən məktəb açdırmışam. (Yusif içəri daxil olub Qulu ilə stolu hazır edirlər). Və lazımdır ki, siz də burada bu barədə bir iş görəsiniz.

Y u s i f (əyləşir). Bəli, insan ancaq dövlətlə bəxt qazana bilməz. Xoşbəxt olmaq üçün mədəniyyət dəxi lazımdır, o da ki, bizim müsəlmanda yoxdur.

M u r a d. Şamdan bəy! Eyib olmasın, bağışlayın, bir şey sual edəcəyəm: evlisiniz, ya yox?

Ş a m d a n. Xeyr və heç fikrimdə yoxdur evlənmək....

S u l t a n. Səbəb?

R ə s u l. Görünür, istəyirsiniz ömrünüz azadlıqla keçsin.

Ş a m d a n. Xeyr, ondan savayı mən doğrusu, alsam, oxumuş qız alacağam. O da ki, hələ bizim müsəlman arasında çox az tapılar. Hərgah, həqiqət, bu səbəb olmasaydı, mən indi çoxdan evlənmişdim. Çünki çox qızlar mənim səbəbimə bədbəxt olublar.

M u r a d. Necə ki?

Ş a m d a n. Doğrusunu demək, bilmirəm məndə nə görüblər ki (bığını burur), görən kimi mənə aşiq olurlar. Mən də almaq istəməyib, görürsən özlərini biçaralər həlak edirlər.

H a m ı s ı. Bəli, mümkündür!

 

Stol hazır olub qəhvə ortalığa gəlir.

 

Y u s i f. Zəhmət çəkib buyurasınız, qəhvə içək.

 

Hamı durub mizin ətrafında əyləşir.

 

M u r a d. Bəli, oxumuş övrət çox yaxşıdır, amma həqiqət, məhəbbətsiz də evlənmək bir şey deyil.

Ş a m d a n. Bizlərdə iki tərəfdən məhəbbət çətin tapılar. Çünki bizim adətdə övrət kişiyə görünmək yoxdur.

 

Qəhvə içib qurtarırlar.

 

Y u s i f (gəlir, ikinci dəfə qəhvə təklif edir). Ah! Ah! (Hamı Yusifə diqqət ilə baxır).

M u r a d. Bu barədə Yusif özünü xoşbəxt hesab edə bilər.

Ş a m d a n. Necə ki?

S u l t a n (Şamdana tərəf). Siz buyurduğunuz şərtlər hamısı Yusifdə vardır.

R ə s u l. Bəli, həmi oxumuş, həmi məhəbbət....

Ş a m d a n. Yusif! Həqiqət necə ki, eşitmişəm və indi də ki, rəfiqlərin deyirlər, sənə insanın paxıllığı tutar.

M u r a d. Xudavəndi-aləm elə eləsin ki, bu iş tezliklə başa gəlsin.

H a m ı s ı. İnşaallah! İnşaallah!

Y u s i f. Təşəkkür edirəm! (Qəhvə təklif edir) Buyurunuz.

H a m ı s ı. Xeyr, dəxi zəhmət çəkməyin.

 

Qulu stəkanları yığışdırır.

 

S u l t a n (yoldaşlarına tərəf). Dəxi biz gedək. Şamdan bəy də yoldan gəlib yorğundur, bir az yatıb dincini alsın.

 

Hamı – Murad, Sultan, Rəsul durub əl verib çıxmaq istəyirlər.

 

Ş a m d a n. Siz məndən arxayın olun; mən çox da yatmaq sevmiyirəm. Bu gün dörd gündür mən yuxusuzam. Çünki gələn gündən bir az müqəddəm bizim şəhərə Tiflisdən gürcü knyazları ki, mənim ilə əvvəldən dostluğumuz var, gəlmişdilər. Onlar ilə dörd gün-dörd gecə ov eləmişik....

H a m ı s ı. Bəli, bəli, bədənin salamatlığındandır. (Baş əyib dişqarı çıxırlar). Salamat qalın!

Ş a m d a n və Y u s i f. Xoş gəldiniz!

Y u s i f. Əzizim! Get otağa, bir az dincini al.

Ş a m d a n. Çox gözəl. (Gedir).

Y u s i f (tək). Həqiqət, çox xoşbəxtlikdir ki, ürəyin istəyən dostu qonaq saxlayıb bacardığın hörməti ona eyləyəsən. Hərçənd məndə o qədər qüvvə yoxdur ki, Şamdana layiqincə hörmət edim. Amma eybi yoxdur, Şamdan elə yoldaş deyil ki, mənə çox da diqqət tuta. Özü bilir ki, mən bir dərviş adamam.

 

 

ALTINCI GƏLİŞ

 

Qulu və Yusif.

 

Q u l u. Ağa! Pərzad qarı gəlib səni görmək istəyir.

Y u s i f. De gəlsin.

 

Qulu dişqarı çıxır və Pərzad içəri daxil olur.

 

 

 

YEDDİNCİ GƏLİŞ

 

Yusif və Pərzad.

 

P ə r z a d. Salaməleyküm, Yusif bəy!

Y u si f. Xoş gəlibsən, Pərzad nənə. Əyləş. (Stul göstərir).

P ə r z a d. Zəhmət çəkmə, mənim dədəm-babam stul üstə əyləşməyiblər.

Mən yerdə oturacağam. (Yerdə əyləşir).

Y u s i f (gülə-gülə). Hə ... hə... yaxşı, yaxşı! Əyləş görək nə var, nə yox?

Təzə xəbərdən-zaddan?

P ə r z a d. Təzə xəbər-zad yoxdu. Ancaq yoldan gedirdim yadıma düşdü ki, səndən soruşum görüm, axı işi nə yerdə qoydun?

Y u s i f. Necə iş?

P ə r z a d. Necə ki, necə iş? Toyu deyirəm da....

Y u s i f. Toy hələ qalıbdır. Qızın atası-anası bu gün-sabaha qoyurlar. Görək nə tövr olacaqdır.

P ə r z a d. Pəh, pəh, pəh! Ölmə eşşəyim ölmə, yaz açılar yonca bitər!.... (Əlini oynadır) Səndən görürəm, toy eləyən olmayacaq.

Y u s i f. Necə olmayacaqdır ki, gecə-gündüz toyun fikrini çəkirəm. Amma nə edim ki, deyirlər hələ səbir et....

P ə r z a d. Onlar hamısı sözdü. Belə bilirəm qızı dəxi sənə vermək istəmirlər. Ondan ötəri ki, qızı çox dövlətliləristəyirlər.

Y u s i f. Onlar boş işdir. Bu ara sözüdür və belə sözlərə inanma.

P ə r z a d. Genə sənə versəydilər, mən də bir parça çörək yiyəsi olardım. Heç olmasa toyda bir az pul yığardım. Görəsən hansı iraq adama verəcəklər. Xeyri də özgələr görəcək.... (Fikrə gedir). Sən bilirəm, ay Yusif bəy, ona arxayın olubsan ki, qız səni sevir, amma sənin öz canın üçün inanma. Qızı da yoldan çıxardarlar.

Y u s i f. Kim çıxardacaq?

P ə r z a d. Mənim kimi küpəgirən qarı azdımı? Vallah elə cadu-pitilər qayırarlar ki, qızı yatdığı yerdə gecə vaxtıgətirərlər....

Y u s i f (gülə-gülə). Hə ... hə ... hə .... Nə edək! Qoy etsinlər. Sən ki, Allaha şükür, sağsan. Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun.

P ə r z a d. Ah! Keçəl dərman bilsə, öz başına sürtər. Mən hərgah dərman bilsəydim özümə elərdim ki, belə tez qocalmıyam....

Y u s i f. Pərzad nənə, qocalıq məgər pis şeydirmi?

P ə r z a d. Ah, Allah kəssin belə şeyi! Qocalıqdan yaman şey yoxdur, ay balam! Sözünə nə gəlin qulaq asır, nə oğul, nə nəvə. Bir parça çörək hərdənbir versələr verirlər, verməsələr gərək ağzı möhürlü oturasan. Elə ki, bir az dindin, deyirlər: "Qoca köpək, dinmə, səsini kəs". Bunlar hamısı da oğuldan keçir. Mənim oğlumu görürsənmi, arvadına bir söz deyə bilməz. Ancaq acığı tutanda ağzına gələni mənə deyir. Belə oğulun başına at torbası keçirim. (Bərkdən).

Y u s i f. Pərzad nənə, görükür, oğlun övrətini çox istəyir.

P ə r z a d. Çox istəyir dedin, qoydun. Bir gün olmaz ki, əliboş gəlsin: bir gün tumanlıq alır, bir gün köynəklik alır, bir gün nə bilim, başına yaylıq alır. Mən yazıq  qalıram baxa-baxa. Üç ildir bircə don alıb, indi də gəlinim ağzını açanda deyir ki, "anam, donu belə tez xarab eləmək olmaz ki? Ərim yazıq deyilmi?" (Ağlayır). Nə bilim, vallah, cavablarını bir pərvərdigar versin. Xoş sənin ananın halına ki, Allahın rəhmətinə gedibdir, gəlin üzü görməyibdir.

Y u s i f. Pərzad nənə, sən elə bilirsən hamı oğullar səninki kimi olur?

P ə r z a d. Elə demə, arvad alandan sonra sənə deyərəm. Sənin canın üçün Yusif bəy, arvad xeylağı elə şeytan olurlar ki, kişini bir öpüşlə aldadırlar.

Y u s i f (tərəfə). Özü də şeytan oldu! Ay Pərzad nənə, sən özün sən Allah, gəlin olanda qaynananla necə dolanıbsan?

P ə r z a d. Mənim işim özgə. Ondan ötəri ki, mənim qaynanamın ağzı çox yava idi. Harada oturardı deyərdi ki, "mənim gəlinim yox olsun". Ondan ötəri ki, atası evinə çörək-zad göndərəndə həmişə ərimə deyərdim. O da onun üzünü danlardı. Doğrusu, elə vaxt da olub ki, iki-üç gün onu ac qoymuşam....

Y u s i f (tərəfə). Hə ... hə.... Nə tökərsən aşına, o da gələr qaşığına.

P ə r z a d ı n g ə l i n i. Ay əmidostu! U!....

P ə r z a d (tez ayağa durur). Gördün hələ, boynu qırılmış gəlinimin səsidir, tumanını çəkə-çəkə gəlib məni tapıb. (Gedup.) Salamat qal, Yusif bəy!

Y u s i f (dalınca gedə-gedə). Xoş gəldin!

 

 

Pərdə

 

İkinci məclis

 

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Hacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.

 

X ə d i c ə. Pərvərdigara! Nə vaxtadək mən qanlı yaşlar tökəcəyəm! (Üzünü yuxarı tutur) Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? Ya rəbb! Görəsən məhəbbətdən qüvvətli şey olarmı? Qaranlıq gecələri aydın göstərən, insanı ay və ulduz ilə danışdıran məhəbbət deyilmi? Ya rəbb! Mən bədbəxt bir şəxsin oduna yanım, rəvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdən əli ilə başını tutur və bərkdən) Uf!.... Nə yaman fikirdi mənim başıma gəldi! (Gah gəzinir, gah dayanıb durur) Bəyəm məhəbbət ondan ötəridir ki, illərlə bəslədiyin gözəl fikirlər axırda bir dəqiqənin ərzində puç ola? Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm. Əlbəttə, hərgah məhəbbət ancaq mənim tərəfimdən olsaydı, mümkün olardı ki, bu iş başa gəlməyə. Amma mənim yəqinimdir ki, Yusifin mənə məhəbbəti mənimkindən az deyil. Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. (Fikrə gedir) Görüm, ya rəbb, nə vaxt yarımla görüşəcəyəm?! (Fikrə gedir) Yusiflə görüşməyi hərdəm yada salıb ruhum təzələnir.... (Fikrə gedir) Ah, bu qədər səbir etmək olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifə desin ki, mən onunla görüşmək istəyirəm. O vaxt açıb ürəyimin dərdini ona deyərəm. Yusif insafa gəlib işi təxirə salmaz. (Gedib Nazlını dişarıdan səsləyir) Nazlı! Ay Nazlı!

 

Nazlı daxil olur.

 

 

İKİNCİ GƏLİŞ



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info