Qonaq Kitabı
ŞAMDAN BƏY

M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan.

S u l t a n (ayağa durur). Zalım oğlunu bir gülləyə qurban edəsən.

R ə s u l (ayağa durur). Heç elə sözlər danışmayın. (Qeyriləri Rəsula baxırlar) O sözlər əbəsdir.... Onun burada heç kəsi yoxdur, heç kəsin də onunla əlaqəsi olmasın. Mənim fikrimcə, biz hərgah onunla bilmərrə əlaqəmizi kəssək, özü sonra düşünüb yoldaşına xəyanət etməz və onu da eşitmişəm ki, o qızı, o ala bilməyəcəkdir.

Y u s i f. Qızı almamaqdan mən də arxayınam....

M u r a d. A kişi, necə arxayınsan ki, atası, anası razı olub, kəbinini də bu yavuq vaxtda kəsəcəkdir.

R ə s u l. İnanma.

Y u s i f. Mən ona görə deyirəm ki, o qız ona getməz. Amma çünki qızı zorla verəcəklər, ona görə ... m ... m.... Qız özünü həlak edəcəkdir. Ancaq bu iş məni təşvişə salıbdır.... Və onu da bilirəm ki, o qızdan sonra mən gərək bu dünyada qalmayam. (Tərəfə) Uf, Allah, nə yaman fikirlərdir başıma gəlir!.... (Başını əli ilə tutur).

H a m ı s ı. Sən heç darıxma, yaman adam öz cəzasına çatar!....

 

Bu vaxt dişqarıdan qilü-qal səsi gəlir. Bunlar gedirlər qapıya sarı. Rza bəy,

Heydər bəy, Nəcəf bəy içəri daxil olurlar.

 

 

 

YEDDİNCİ GƏLİŞ

 

Əvvəlkilər və Rza bəy, Heydər bəy, Nəcəf bəy.

 

R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f bəy. A kişilər, bu nə əhvalatdır şəhər

də danışırlar?

 

Yusif başını aşağı salıb fikrə gedir.

 

M u r a d, R ə s u l, S u l t a n. Bir işdi, olubdur.

R z a b ə y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdədir. Siz onu öz yanınıza salıb hamıya tərif edibsiniz və o dəxi sənin xatirinə görə mənim (əli ilə göstərir), Heydər bəyin, Nəcəf bəyin və qeyri mütəşəxxis adamların əziz qonağı olubdur. Amma indi başınıza olmayan işləri gətirir....

H e y d ə r b ə y. Təəccübdür! Bu neçə ildə onu tanıya bilməyibsiniz.

N ə c ə f (tərəfə). Doğru deyiblər ki: "Ətə baxma, dona baxma, içindəki cana bax".

Y u s i f. Doğru buyurursunuz ki, hamı günah məndədir.... (Başını aşağı salır).

R z a b ə y. A kişi, bilməyirsiniz şəhərdə nələr danışırlar? Utanmaz oğlu özünü belə qələmə veribdir ki, guya Fətəli şahın nəvəsidir.

H e y d ə r b ə y. O günlərdə deyirlər bir yerdə oturub bizim qeybətimizi edirmiş. Deyirmiş guya buranın bəyləri acdırlar və yemək-içməyi bacarmırlar.

H a m ı. Gör sən Allah?!

R z a b ə y. Bundam da pis xəbərlər eşitmişəm. Ancaq Yusifin xatirəsi üçün bu vaxtadək danışmırdım.

 

Rəsul, Sultan, Murad bir-biri ilə yavaşdan söhbət edirlər.

 

N ə c ə f b ə y. Təvəqqe edirəm bundan sonra onunla heç kəsin əlaqəsi olmasın. Ta onu bir hala gətirək ki, ağlının naqisliyini və nacins olmağını özü anlasın.

H a m ı. Yaxşı sözdür.

R z a b ə y. Sizin canınız üçün, indi gedib onun piçini elə yerdən buracağam ki, axirətədək yana-yana qalsın. Xülasə, çox danışmaqdan bir şey çıxmaz. Gedirsiniz, gedək.

H a m ı. Bəli, buyurunuz, (Yusifə) Salamat qalın!

 

Əvvəl Rza bəy, sonra qeyrilər dişarı çıxırlar.

 

Y u s i f (tək). Mənə nə desələr, haqdır. Mən nə edim, nə çarə qılım? Mənim ürəyimdə bir kin-küdurət yoxdur. Ona görəözgəni də özüm kimi bilirəm və gözüm görə-görə özümü çürbəcürə bəlalara kiriftar edirəm.... Ah! Bircə Xədicə ilə görüşüb ürəyimdəki dərdimi deyəydim, bəlkə bir az sakit olaydım. (Fikrə gedir) Nə etməli? Hə? Nə tövr edim ki, onunla görüşüm. (Fikrə gedir) Cəhənnəmə, nə olar-olsun. Bir kağız yazıb göndərim, nə olar-olsun. (Oturub istəyir kağız yazsın).

 

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

Qulu və Yusif.

 

Q u l u (içəri daxil olur). Ağa, Pərzad qarı sizi görmək istəyir.

Y u s i f (qələmi yerə atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrə gedir).

 

Qulu çıxmaq istəyir, birdən Yusif dalınca gedib.

 

Y u s i f. Pərzad qarı arada gəzəndi, bu, yəqin sözsüz olmayacaqdır. Qoy çağırım, görüm nə deyir. A gədə, Qulu! Çağır gəlsin. (Özü oturub yenə kağız yazmaq istəyir).

 

Pərzad daxil olur.

 

 

DOQQUZUNCU GƏLİŞ

 

Yusif və Pərzad.

 

P ə r z a d. Salaməleyküm, Yusif bəy!

Y u s i f (Pərzada diqqətlə baxır). Əleyküməssalam! Pərzad nənə, əyləş görək.

P ə r z a d (əyləşir). Dəxi nə əyləşim, iş qurtarıb gedibdir.

Y u s i f (təəccüblə). Nə var? Nə olub?

P ə r z a d. Dəxi nə olacaq? Veriblər gedib....

Y u s i f. Kimi?

P ə r z a d. Xədicəni....

Y u s i f (tərəfə). Guya ki, mən bilmirəm. (Başını bulayır). Genə qoy soruşum görüm.... (Pərzad tərəfə) Pərzad nənə! Bu nə xəbərdi sən mənə verirsən?

P ə r z a d. Atamın ərvahına and olsun, oğlumun canıçün, belə gəlinim ölsün ki, veriblər gedibdir.

Y u s i f. Axı kimə veriblər?

P ə r z a d. Nə bilim, bir bığıyoğuna.... Deyirlər belə, Şirvanda əvvəlimci adamdır.

Y u s i f. Necə yəni əvvəlimci?

P ə r z a d. Nə bilim, deyirlər Şirvanın yarısı onundur, o qədər qoyunu, malı, mülkü, maşı vardır ki, itinə də tök.... Deyirlər belə böyüklər yanında da sözü ötkün, qılıncı kəskindir.... Hamı deyir ki, Xədicə qızıl mədəninə düşübdür.... Hanı bir belə qapı, mənim qızıma da açılaydı!....

Y u s i f (tərəfə, fikirli). Dövlətli!.... Demə genə gop vurubdur.... (Pərzada tərəf) Əgər dövlətə görədir, Xədicə dövlətə aldanıb getməz.

P ə r z a d. Yusif bəy! Qadan ürəyimə, belə şeyi demə. Arvadın kökü kəsilsin, arvad pulsuz kişini sevməz.... Sən, doğrudur, oxuyubsan, amma vallah, arvad tayfasını tanımırsan. Mən yaxşı tanıyıram, mənim oğlumu dərdəcər eləyən arvad deyilmi? A bu gəlinlərin boynuna ip ölçüm, a bunlar qırılsınlar!

Y u s i f (tərəfə). Yazıq, elə gəlinindən dəm vurur. (Pərzada). A Pərzad nənə! Gəlinin görünür səni çox incidir?

P ə r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elə ki, oğlumun beş-altı şahı pulu var, başına dolanır. Elə ki, yoxdur, biçarənin balasının yediyi çörəyi burnundan gətirir.... Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş-işdən keçibdir....

Y u s i f. Axı, nə çarə qılım? Hərgah qızı mənə vermirlər, mən küclə almayacağam ki? (Tərəfə) Dilim deyir, ürəyim yox.

P ə r z a d. Necə ki, nə çarə?.... Puluna qızırqalanma, belə dua yazdır, kitaba baxdır.

Y u s i f (tərəfə). Qəribə avam-avam danışır. (Pərzada.) Sonra nə olsun?

P ə r z a d. Heç, nə olacaq? Cadıynan oğlanın da ürəyin bağlat, qızın da.

Y u s i f. Pərzad nənə! Bunlar hamısı boş işdir. (Durub gəzinir, tərəfə) Çıxıb getməz evi yıxılmışın qızı. İndi də cadubazlıq ilə məşğul olacayıq. (Fikrə gedir).

 

Qulu içəri daxil olur.

 

 

ONUNCU GƏLİŞ

 

Yusif, Pərzad, Qulu.

 

P ə r z a d. Əbəs yerə fikrə-zada getmə. Bu iş çox az pula başa gələr.

Q u l u. Ağa Niyaz bəy sizi görmək istəyir.

Y u s i f (təəccüblə). Niyaz bəy?

Q u l u. Bəli.

Y u s i f (tərəfə). Pərvərdigara! Görəsən nə ittifaq üz veribdir. (Mizin üstünü təmiz edir. Quluya tərəf) Ay gədə, oraları yığışdır, de, buyursun.

 

Qulu dişqarı çıxır.

 

P ə r z a d (durur). Mən də gedim, salamat qal. Amma dediyimi elə, cavansan, yazıqsan. (Gedir).

Y u s i f (kitabları duzəldir). Sağ ol!

 

Niyaz bəy daxil olur.

 

 

ON BİRİNCİ GƏLİŞ

 

Niyaz bəy və Yusif.

 

N i y a z b ə y. Səlaməleyküm, Yusif bəy!

Y u s i f. Xoş gəlibsiniz, əyləşin.

 

İkisi də əyləşirlər.

N i y a z bəy. Yusif bəy! (Yusif xəcalətdən yerə baxır) Mən çox təəccüb edirəm ki, bu vaxtadək siz öz dost-düşməninizi tanımırsınız.... Mənim burada sizinlə açıq danışmağım əbəsdir.... Ümidvaram ki, mən dediyimi başa düşərsiniz.

Y u s i f (başı aşağı). Bəli....

N i y a z b ə y. Amma, bağışlayınız, mən sizə nəsihət edirəm.

Y u s i f. Niyaz bəy! Mən sizi başdan özümə böyük bilmişəm. Ona görə nə buyursanız, mən sizin qulluğunuzdan çıxmaram....



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info