Qonaq Kitabı
ŞAMDAN BƏY

Hacı İbrahim və Niyaz bəy.

 

N i y a z b ə y. Salaməleyküm!

H a c ı İ b r a h i m. Əleyküməssalam! Gəl görək Niyaz bəy, əyləş. (Yer göstərir).

 

Niyaz bəy gəlib əyləişr.

 

N i y a z b ə y. Xeyir ola, Hacı əmi?

H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xədicənin işindən ötəri zəhmət vermişəm.

N i y a z b ə y. Mən təəccüb edirəm sizin işinizə. Nə üçün bu vaxta qədər belə işi qoyursunuz qala? Yusif necə ki, mən eşitmişəm, işə tul verməyinizdən narazıdır.

H a c ı İ b r a h i m. A kişi, Yusif nədir – zad nədir? Qızı özgə adama verirəm.

N i y a z b ə y. Nə deyirsiniz? Mən sizin sözlərinizi başa düşə bilmirəm.

H a c ı İ b r a h i m. Nə başa düşməyi var. Qızı dəxi Yusifə vermirəm, özgə adama verirəm.

N i y a z b ə y (təəccüblə). Kimə?

H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bəylərindəndir, çox yaxşı mülkü-maşı var. Özünün deməyinə görə, kefi çox kökdür.

N i y a z b ə y. Hacı əmi, belə şeyi eləmə. Eyib şeydir. Xalqı üstünüzə güldürməyin və görün bir oxuyub, tərbiyəsi vardırmı?

H a c ı İ b r a h i m. Ay sağ olmuş, mənim nəyimə lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hər şeydən yaxşıdır....

N i y a z b ə y. Elə deməyin. Nə qədər pulu çox olmuş olsa da, yenə Yusif ondan məsləhətdir. Çünki zəmanəmiz belə zəmanədirki, indiki mədəiiyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. Zira ki, bunların əlində qələm var və o qələmlə həmişə bir parça çörəkləri var. Amma baxırsan bizim dövlətlilər öz nəfslərini pula satıb cürəbəcürə yollarla pul qazanırlar və öləndən sonra onların tərbiyəsiz olan uşaqları qalan dövlətin qədrini bilmirlər. Çünki asanlıqla əllərinə düşüb. Bir az müddətdə atadan qalan dövlətin axırına çıxırlar.... Ondan masəva, bu oxuyub tərbiyə alanların nəzərləri külfətə ayrı, avamlarınkı ayrı, məsələn, mərifətli kişi heç vaxt övpətüstünə övrət almaz. Övrəti öz zindəganlığında özünə yavuq yoldaş bilib onu qoymaz pis günlər çəksin. Amma mərifətsiz kişidən hər şeyi gözləmək olar. Gündə bir övrəti döyər, elə ki, bir az pulu artıq oldu, bir özgəsini də alar. Axırda görərsən ki, biçarənin ocağı viran oldu. Belə ittifaqlar azdırmı?

H a c ı İ b r a h i m. Niyaz bəy! Niyə elə şeylər danışırsınız? İki övrət almaq şəriətdə də var ki?! Və hərgah o, mənim qızımın üstünə övrət alsa, bir saat qoymaram qızım onun evində qala.

N i y a z b ə y. Mən təəccüb edirəm ki, siz şəriəti yaxşı bilə-bilə nə üçün şəriətə böhtan deyirsiniz?

H a c ı İ b r a h i m. Necə?

N i y a z b ə y. Ondan ötəri ki, şəriətimiz buyurmur ki, iki ya üç övrət al. Şəriətdə deyilir ki, yaxşı olar ki, övrətin ola-ola ikincisini almayasan. Amma elə ki, alırsan, gərəkdir bu şərt-şürut gözləyəsən. Ona görə sizin canınız, üçün, hərgah şəriətə görə iki övrət alsaq, əsla düz deyil. Zira ki, o şərt-şürutu ki, qanunda var, onu heç kəs layiqincə yerinə yetirə bilməz.

H a c ı İ b r a h i m. Xülasə, iş olub-gedibdir. Qızı vermişəm, siz də gediniz qıza xeyir-dua veriniz.

N i y a z b ə y. Mən xeyir-dua verməyə həmişə hazıram, amma işlərinizə qarışmayacağam. (Hirsli).

H a c ı İ b r a h i m. Niyaz bəy! Belə söz nə üçün danışırsınız? Görükür,yəqin oğlanı görməyibsiniz. Hərgah görsəniz, bilərsiniz ki, mən səhv etməmişəm.

N i y a z b ə y (ayağa durur getməyə). Bəli, dəxi mən gedim.

H a c ı İ b r a h i m. Xeyr, getməyin, mən oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tədarük edə. İki həftədən sonra toydu. Əyləşin, indi oğlanı siz də görüb aşna olarsınız.

 

Dişqarıdan səs gəlir.

 

H a c ı İ b r a h i m. Gərək ki, gələn odur. (Durub qapıya gedir) A.... Salaməleyküm! Salaməleyküm! Buyurun görək.

 

Şamdan içəri daxil olur.

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

Ş a m d a n (Niyaz bəy tərəfə gedib əl verir). Salaməleyküm!

 

Şamdanı Niyaz bəy görüb tanıyır və danışmayıb heyran qalır.

 

H a c ı İ b r a h i m. Əyləşiniz. Allah qoysa, nə vaxt təşrif aparırsınız?

Ş a m d a n. İnşaallah, bir-iki gündən sonra.

H a c ı İ b r a h i m. Bəs eşitdim ki, sabah buyuracaqsınız.

Ş a m d a n. Bəli. Fikrim var idi sabah gedəm. Ancaq qubernatorla bir az işim olmağa görə qaldım.

H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı?

Ş a m d a n. Necə ki? Dünən məni çaya çağırıb saat on birədək oturub söhbət etmişik. (Hacı İbrahim Niyaz bəyə baxıb lovğalanır) Çoxusu ondan ötəri getmirəm ki, qubernatorun bu günlərdə qonaqlığı olacaqdır. Məndən təvəqqe etdi ki, mən də orada olam.

 

Hacı. İbrahim Niyaz bəyə baxır və Niyaz bəy başını bulayır.

 

H a c ı İ b r a h i m. İnşaallah, gələndən sonra mənim də bir işim var. Qubernatordan keçir, onu da düzəldərsiniz.

Ş a m d a n. Çox əcəb. Bu vaxtadək bir iş olmuyubdur ki, mənim təvəqqemi yerinə yetirməyə. Mənim burada çox dostlarım var. Sudun predsedateli, prokuror və qeyriləri. Bunların vasitələri ilə neçə adamları qulluğa qoymuşam.

 

Cəfər çay gətirir.

 

H a c ı İ b r a h i m. Buyurun çay içək.

 

Mizə yavuq oturub çay içirlər.

 

Ş a m d a n. Bir ay bundan müqəddəm mənim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-əqrəbaları bilirdilər mənim divan adamları ilə dostluğum var. Hamısı gəlib ayağıma düşdülər ki, onu qurtaram. Həqiqət, özümün də çox yazığım gəldi. Bir balaca kağız yazıb o saat onun işini təmizə çıxartdım. Xülasə, sizin dövlətinizdən sözüm çox ötkəmdir. Burada, bəlkə tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündə çox zəhmət çəkib müəllimlikdən özgə yerə təyin etdirdim. (Yavaşdan).

H a c ı İ b r a h i m. Maşallah sizə. (Fəxr edir) Belə işlərdə hünər lazımdır. (Stəkanları aparıb çay gətirir).

Ş a m d a n. Belə adamlar ilə aşna olmağıma səbəb görürsünüz ki, xalq də mənə hörmət edir. Məsələn, indi şəhərə gedəndə qabağıma heç olmasa əlliyədək adam gələcəkdir.

N i y a z b ə y. Bəli ... m ... m.... Bu mərtəbəyə çatmaq üçün böyük hünər lazımdır.

H a c ı İ b r a h i m. Əlbəttə, əlbəttə.

N i y a z b ə y (tərəfə). Amma yaxşı gop vurur.

Ş a m d a n (ayağa durur). Məni dəxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlə söhbət edəm.

H a c ı İ b r a h i m. Bəs niyə belə tez? Əyləşəydiniz bizimlə bərabər çörək yeyərdik.

Ş a m d a n. Çox məmnun və məsrurəm. Ancaq knyaz Sakarilinlə, qubernatorun yeznəsidir, bu gün firəng konsulu ilə ki mənim qədim dostumdur, bağda rast gəlib çox-çox təvəqqe etdilər ki, bu gün onlara gedəm.

H a c ı İ b r a h i m. Bəli, hərgah söz veribsiniz, vacibdir.

Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklərin hələ gözlərinə görükmürəm. (Əl verir) Xudahafiz. (Gedir və onun dalınca Hacı İbrahim. Birdən guya yadına qapıda bir şey düşüb geri qayıdır).

Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır.

H a c ı İ b r a h i m. Bəli, bəli. (Özü gedib qələm və kağız gətirir).

 

Şamdan yazır və danışır.

 

Ş a m d a n. Elə indi yadıma düşdü. Gərək bir tel vuram Peterburqa, qraf

Zamburski məni dəxi gözləməsin. (Tel yazıb gedir) Salamat qalın!

 

Hacı İbrahim də onun dalınca.

 

N i y a z b ə y (tək, ayağa durur). Bizim qızların evlərini elə belə şeylər yıxır. A kişi, qəribə bihəya adamdır! Məni utandırır ki, mənim yanımda özünü bu qədər tərif edir. Dəxi mən nə danışım.... (Fikrə gedir) Heyf! Heyf ki, elə qızı belə adama verirlər.... Gör sən allah, o adama xəyanət edir ki, evində yeyir-içir və özü də dəxi bir adam olubdur. Doğrudur,ata istəyər ki, qızını yaxşı yerə versin, tainki axırda bir parça çörək sahibi olsun. Amma bunlardan baş məhəbbətdir,zira ki, bir övrətlə kişinin bir-birinə məhəbbəti oldu, onlar heç vaxt korluq çəkməzlər. Onlar bir-birinə xoş gəlməkdən ötrü hər ikisi çalışacaqlar ki, zindəganlıqları xoş keçsin, ta bir-birindən narazı olmasınlar. O məhəbbət ki, Xədicə və Yusifdə var, neçə ki, mən bilirəm, bu xoşbəxtlikdir.... (Fikrə gedir) Bəlkə qız dəxi istəmir.... Yaxşı olar ki, özünü mən buraya çağırıb bir neçə sual verim. (Gedib qapıdan səs edir) Nazlı! Ay Nazlı! Xədicəni bura çağır. (Gəlib əyləşir və fikrə gedir).

 

Xədicə içəri daxil olur.

 

 

DOQQUZUNCU GƏLİŞ

 

Xədicə və Niyaz bəy.

 

X ə d i c ə. Salaməleyküm, dayı!

N i y a z b ə y. Əleyküməssalam! (Üzünə diqqətlə baxır) Niyə saralıbsan? Azarlısanmı?

X ə d i c ə (başı aşağa). Bəli, bir az başım ağrıyır.

N i y a z b ə y. Ay balam, mən sənin dayınam. Təvəqqe edirəm, səndən bir şey xəbər alacağam, doğrusunu mənə deyəsən. Heç məndən utanma....

X ə d i c ə. Nə buyuracaqsınız, buyurun.

N i y a z b ə y. Doğrusunu de görüm, sən Yusifə getmək istəyirsən ya yox?

 

Xədicə utanıb başını aşağı salır, cavab vermək istəmir.

 

N i y a z b ə y. Sən mənim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gərək mən biləm....

X ə d i c ə (yavaş-yavaş oturur və tərəfə). Ah, görəydim, pərvərdigara, mən nə vaxtadək səbr edəcəyəm?

N i y a z b ə y (gedir Xədicənin yanına). Xədicə, sən mənim canım, de!

X ə d i c ə. Mən artıq cavab vermək istəmirəm. Ancaq onu bil ki, mənim Yusifə olan məhəbbətim məni, ya bizdən birimizi bədbəxt edəcəkdir. Of! (Ürəyi gedib uzanır).

 

Niyaz bəy tez başını tutur və adam çağırır.

 

N i y a z b ə y. Xədicə! Özünü toxtat.... Ay Nazlı! (Bərkdən) Su gətir. (Nazlı

gəlib qapıdan baxıb tez gedir su gətirməyə) Ağanı, xanımını çağır bura.

 

Hacı İbrahim, Nigar, Nazlı tez gəlirlər. Hamı heyran qalır.

 

N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hələ nə oldu?

 

Pərdə

 

 

Üçüncü məclis

 

 

ƏVVƏLİNCİ GƏLİŞ

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info