Qonaq Kitabı
ŞAMDAN BƏY

N i y a z b ə y. Çox sağ ol, əzizim! Bu iş sizin üçün gərəkdir dərs olsun. Adam hər bivəfa adama çörək verib özünə rəfiq etməz. Yaxşı ki, mən işi bir az uzadıb qızın ata və anasını inandırmışam ki, Şamdan əsla layiq deyil ki, ona qız veriblər.

Y u s i f (başını qaldırıb). Necə ki?!

N i y a z b ə y. Şirvandan onu tanıyan adam gəlib və mən hətta kağız almışam. Görünür, çox nanəcib və bədəsil adamın biriymiş.... Bunu yəqin edəndən sonra fikirlərini dəyişib yenə əvvəlki fikirdə oldular....

Y u s i f (gedib Niyaz bəyin əlindən öpür və Niyaz bəy ona xeyir-dua verir). Niyaz bəy, əvvəldən axıradək mənə ata yerində olubsunuz və təvəqqe edirəm ki, məni bağışlayasınız. Çünki mənim bu işimdə çox zəhmət çəkibsiniz.

N i y a z b ə y (ayağa durur, əlini Yusifin çiyninə qoyub). Xudavəndialəmdən istəyirəm ki, hər ikiniz ömrünüzü xoşbəxtliklə keçirəsiniz! Və yaman adamın dostluğundan Allah sizi saxlasın! Dəxi mənim bir sözüm yoxdur, ancaq təvəqqe edirəm ki, hazırlaşıb bir həftəyədək toy edəsiniz....

Y u s i f (baş əyib). Çox məmnunəm.

N i y a z b ə y. Dəxi mən gedim. (Əl verir) Salamat qal! (Çıxır).

Y u s i f (qapıyadək dalınca gedir). Xoş gəldiniz. (Gələ-gələ). Niyaz bəyin mənim boynumda çox haqqı vardır. Of ... Allah! Nə xoş xəbərdi, mən eşitdim!.... Neçə gün idi gözümün yaşı tökülməkdən qurumuşdu.... Başım fikirdən az qalırdı çatlasın. Neçə dəfə istəmişəm özümü həlak edəm.... Çox şükür, çox şükür ki, xoşbəxtlik yenə mənim üzümə güldü!....Zalım oğlu özünü qəribə pis qələmə verdi! (Fikir edir) Cəzasıdır, qoy çəksin! Ümidvaram ki, bundan da pis günə düşə.... (Fikrə gedir).

 

Murad tez içəri daxil olur.

 

 

ON İKİNCİ GƏLİŞ

 

Murad və Yusif.

 

M u r a d. Yusif! Muştuluğumu ver, iş düzəlibdir.

Y u s i f (gülə-gülə). Sən ver, mən səndən tez bilmişəm.

M u r a d. Sən mənim canım!?

Y u s i f. Sənin canın üçün.

M u r a d. Hardan bildin?

Y u s i f. İndicə qızın dayısı gəlmişdi, o dedi.

M u r a d. Niyaz bəy?

Y u s i f. Bəli.

M u r a d. Səndə xəbər varmış. De görüm, nə söhbət etdi?

Y u s i f. Söhbət çox oldu, sonra danışarıq.... Xülasə, nə istəyirsən, iş

qurtarıbdır. Bir həftədən sonra toydu.

M u r a d (əlini-əlinə vurur). Ay can! Amma o zalım oğlunun acığına gərək

bir iş edək ki, utandığından ölə.

 

Bu vaxt Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul və Sultan daxil olurlar.

 

 

 

ON ÜÇÜNCÜ GƏLİŞ

 

Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul, Sultan, Murad və Yusif.

 

R z a b ə y. Sizə demədim, Murad indi orada olacaq?

H a m ı s ı. Salaməleyküm.

 

Yusifə və Murada əl verirlər.

 

H e y d ə r bəy. Yəqin muştuluq almağa gəlibdir.

 

Hamı gülür.

 

M u r a d. Elə ondan ötəri gəlmişdim, amma Yusif qabaqladı.

H a m ı s ı (Yusifə tərəf). Necə ki?

Y u s i f (gülə-gülə). Niyaz bəy buraya gəlmişdi, o dedi.

H a m ı s ı. Çox yaxşı!

Y u s i f. Əyləşiniz.

 

Hərə bir stul ustə oturur.

 

R z a b ə y. Bəli, indi toya hazırlaşmalıdır.

H a m ı s ı. Əlbəttə, əlbəttə.

H e y d ə r b ə y. Keçən gecə İsrafil bəylə qəstində əyləşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qəstin yiyəsi ilə dava edir. Söhbətlərindən belə məlum oldu ki, neçə gündür qəstində yeyib-içib, indi pul istəyirlər, deyir yoxdur. Qəstin sahibi də şələsini dalına verib qovaladı.

H a m ı s ı. Ay nə olubdur!

N ə c ə f b ə y. Hələ bundan da pis gün görəcəkdir.

H a m ı s ı. Qoy görsün, əməlinin meyvəsidir.

R ə s u l. Dünən də bizə gəlibmiş. Evdə olmamışam.

H a m ı s ı. Hə ... Hə ... Genə yavuqlaşmaq istəyir.... Görükür, başına dəyibdir....

R z a b ə y. Hələ onun pis günü daldadır, qoy bir toyu eləyək. Doğrudan,

Yusif, toy nə vaxtdır?

Y u s i f. İnşaallah, bir həftəyədək!

H a m ı s ı. İnşaallah!

R z a b ə y (Murada). Sən allah, Murad, toy üçün bir şer yaz oxuyaq.

H e y d ə r b ə y. Həqiqət, Nəcəf bəyin toyunda ki, yazmışdın, bir eləsini yaz

görək.

M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilə oxumaq olar.

R ə s u l. Yanındasa, görək necə şeydir.

H a m ı s ı. Doğrudan, bir bax görək.

M u r a d (əlini qoynuna salıb çıxarır.) Budur, tapdım.

 

Hamı gedib onun yanına kağıza baxır.

 

R z a b ə y. Bir oxu görək, necə şeydir?

M u r a d. Hamısını hələ qurtarmamışam.

H e y d ə r b ə y. Zərəri yoxdur, oxu görək necə şeydir.

 

Murad oxuyur.

 

H a m ı s ı. Bərəkallah! İndi qoyun hava ilə oxuyaq.

 

Murad qabaqda oturub, onlar dalda, oxuyurlar.

 

Gecə aydın, yuxum gəlməz yatmağa,

Gül üzündən yarım qoymaz dadmağa,

hay dadmağa,

Bülbül düşüb ayrı güldən, çöllərə,

Necə deyim dərdimi mən ellərə,

hay ellərə.

 

İnsan gərək ağa olsun dilinə,

Gətirməsin heç vaxt pis söz dilinə,

hay dilinə.

 

Yaxşı olmaz yoldaşlıqda xəyanət,

Tutar çörək gözlərini həməvaxt,

hay həməvaxt.

 

Pərdə

 

 

Dördüncü məclis

 

Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kənarında kürsülər. Bağçada

qaranlıqdır. Şamdan bəy dəli halətində, tək bağçada gəzinir, köhnə paltarda, başı açıq, qorxa-qorxa danışır.

 

Ş a m d a n (ətrafa baxa-baxa). Yaxşı vaxt tapıb gəlmişəm ... heç kəs məni burada görməz.... Yusif Xədicə ilə hər axşam burada çay içirlər. Bu ağacın dalında gizlənib gələndə ikisini də burada gərək bu (xəncər əlində) xəncər ilə öldürüm.... Qoymaram Yusif mənim çörəyimi əlimdən alsın.... (Birdən diksinir) Vay! (Ətrafa baxır) Gərək ki, gələn var.... (Bir az fikirdən sonra) Yox, heç kəs yoxdur. (Gedib bağçadan Yusif olan evə baxır) Ax, namərd! Əlimdən dövləti yaxşı aldın, dədəmə od vurdun.... Bax, Xədicə çıxdı... Sənin boyuna qurban!... Dərdindən gör mən nə hala düşmüşəm... Yox, Xədicə deyilmiş. (Gəzinir. Bir az fikirdən sonra) Pərvərdigara! (Ətrafa baxır) Mən nə səbəbə buraya gəlmişəm?.... (Fikrə gedir) Hə ... Hə.... (Bərkdən) Gərək öldürəm.... Onları öldürəndən sonra özümü də öldürrəm.... Çünki bundan da pis gün görmək istəmirəm.... Bundan sonra qalıb nə edəcəyəm?.... Yemək yox, içmək yox, dost yox, aşna yox.... Hamı məndən qaçır.... Səbəbi? (Fikir. Bərkdən diksinir) Vay, gəldilər.... (Qaçıb gizlənir. Ətrafa baxır) Yox, gələn yoxdur.... (Üstünə baxır və əli ilə ətrafı yoxlayır) A kişi, insafdır ki, belə xoşbəxtliyi əlindən verəsən?.... Gələsən bu bağçaya od vuram? Onda hamı tökülüb gələcək.... Qarışığa salıb hamısını öldürərəm. Uf, nə bədbəxt oldum.... (Tez-tez diksinib dəli məqamına gəlir) Hə.... Gəlir!.... (Ağacın dalında gizlənir) Qoy gəlsin.... Oturanda.... Mən dalından başını kəsib ataram. (Yavaş danışır, guya gözünə Yusif görünür) A.... Yaxşı əlimə düşübsən. (Guya Yusif gəlib oturur. Şamdan yavaşdan xəncəri qaldırıb vurur) A.... İndi qal yerində.... (Gəlib baxır, guya ölübdür) Mən indi nə edim?.... Ha?.... (Özünü itirir) Yox.... (Bərkdən qışqırır, özünü tamam itirir) Mən ... mən.... (Xəncəri öz qarnına vurub ağacın dibində yıxılır) Uf!.... Uf!.... (Ölür)

 

 

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Qulu əlində çıraq bağçaya gəlib mizin üstünü çay içməkdən ötəri hazır edir

və qeyriləri bağçada elə gərək gəzsinlər ki, guya Şamdanı görmürlər.

 

Q u l u (tək, danışa-danışa mizin üstünü hazır edir). Xədicə xanım görükür, Yusif bəyi çox istəyir. Lap onu uşaq kimi bəsləyir. Yaxşıca yatmışdım, gəlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elə, indi Yusif ağa gələcəkdir, çay içsin. Deyirəm, ay xanım! Axı niyə evdə içmir? Deyir ona bağçada xoş gəlir. Nə bilim, vallah, evdə Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstə gəzin ki, onu durquzmayasınız. Səhər də duranda evdə nə ki qulluqçular var, gərək onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedə. Arvad da deyəndə belə olar. Mən yanı deyirdim ki, mənim də arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı səhər durub məni öpməkdənsə iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gətirir) Gözümdə qaldı, bir gün oturub saqqalıma həna yaxa. Görüm gorbagor olsun, necə ki, oldu! O gün Yusif ağa deyir ki, "sənə arvad alacağam". Deyirəm ki, Allahı sevirsən, ağa, bu fikrə düşmə. Ondan ötəri ki, əvvəl genə canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdərim qarnıma gedər. Qocası olsa, genə yaxşıdı, hər deyəndə döymək olar. Amma Nazlı kimi olsa, ərinin saqqalını yolan kimi mənimkini də yolar.Yox, istəmirəm.... Arvadsız da yola gedərəm.... (Birdən əlindən stəkan düşüb sınır) Vay! Gör sən Allah, mən arvadı neyləyirəm: əlim titrəyir, başım titrəyir, bir ayağım burda, birisi gorda.... Bunları yığışdırım. (Stəkanın qırıqlarını yığır).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info