Qonaq Kitabı
ŞAMDAN BƏY

 

Nazlı əlində şəkərdan, bir də çaynik içəri daxil olur və Qulunu belə görüb acıqlı deyir.

 

 

 

İKİNCİ GƏLİŞ

 

Qulu və Nazlı.

 

N a z l ı. Ay əli qurumuş, bunu nə üçün sındırdın?

Q u l u (acıqlı baxır). Əlin də qurusun, dilin də. Mən ki, sındırmadım, özü düşdü....

N a z l ı. Yalansa üzünü mürdəşir yusun!

Q u l u. Mürdəşir sənin əzizdərini yusun!

N a z l ı (gəlib əlindən dəsmalı alır və stəkanları başlayır silməyə, Qulunu itələyir). Get, rədd ol. Ver mənə, sən get çörək gətir. Gör çörəyi də salıb dağıda bilərsənmi?

 

Qulu acıqlı baxa-baxa gedir.

 

Q u l u. Kökün kəsilsin. (Gedir).

N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş də deyəndə adamı yarıtmaz. İndi mən Xədicə xanıma nə cavab verəcəm? (Çaynikə su açır) Ah.... Bu da bir iş imiş! Bu gecə vaxtında bağda oturub çay içmək nədir? Qaranlıqda göz-gözü görmür....

 

Qulu tələsmiş əlində çörək gəlir.

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Qulu və Nazlı.

 

Q u l u. Tez ol, ağa da, xanım da bu saat gəlirlər. (Nazlı tələsib nəlbəkinin birini salıb sındırır).

N a z l ı. Bay, evin yıxılsın! İmansız o qədər tələsdirir ki, nəlbəkini də sındırdım.

Q u l u. Canın çıxsın, bərk tut.

N a z l ı. A səni görüm yarımayasan. Sən olmasaydın mən də sındırmazdım, elə tələsdirirsən ki, adam bilmir nə eləsin.

Q u l u. Çox danışma, tez ol yığ, görməsinlər. (Tərəfə baxır) Odu, gəlirlər.

 

Nazlı tez hər şeyi hazır edir. Xədicə içəri daxil olur,

çəkilib kənarda durur.

 

X ə d i c ə. Ay Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gəlsin. (Oturur).

N a z l ı. Xanım, gədən salıb istəkanı da, nəlbəkini də sındırdı.

X ə d i c ə. Nə edək, görünür yazıq qocalıb, gözləri görmür.

 

Xədicə Yusif üçün çay tökür.

Nazlı gedir və o saat Yusif daxil olur.

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Xədicə və Yusif.

 

Y u s i f (gəlib əyləşir). Bu gün qəzetdə oxuyub görürəm ki, bir şəhərdə məhəbbətdən bir ayın ərzində iyirmi adam ölübdür.

X ə d i c ə. Övrət, ya kişi?

Y u s i f. 15 kişi, 5 övrət. (Çay içir).

X ə d i c ə (özünə çay tökür). Həqiqət, məhəbbət edən şeyi heç bir şey edə bilməz.

Y u s i f. Bunların ölməklərinə səbəb səbirsizlikdir.

X ə d i c ə. Yusif demə heç, vallah, insan bir halətdə olur ki, heç tab gətirməyə səbir qalmır.

Y u s i f. Doğrudur. Amma səni inandırıram ki, hərgah bizdə səbir olmasaydı, biz də bədbəxt olmuşduq.

X ə d i c ə (gəlib Yusifin yanında əyləşir və əlini əlinə alır). Sənin canın üçün elə ki, iş aşkar oldu və bildim ki, biinsaf oğluna söz veriblər, neçə dəfə istəmişəm özümü həlak edim. Yenə demişəm qoy görək axırı necə olacaqdır.

Y u s i f. Mən də elə fikirlər ilə özümü saxladım.

X ə d i c ə. Hərçənd bu yolda çox göz yaşı tökmüşəm, amma yenə Allah-taala hamını belə arzusuna yetirsin, necə ki, bizi.

Y u s i f. Xədicə! Məhəbbət, həqiqət, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir.

X ə d i c ə. Ağıllını da dəli!....

Y u s i f. Bəli, o intiha dərəcəsidir. (Çay içir).

 

Qulu gəlir.

 

 

BEŞİNCİ GƏLİŞ

 

Qulu, Xədicə Yusif.

 

Q u l u. Ağa, vallah bu Nazlı mənə göz verir, işıq vermir. Gəlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi....

Y u s i f. Nə istəyir?

X ə d i c ə (gülə-gülə). Görünür, stəkan-nəlbəkini sındırmağın üstə.

Y u s i f. Qulu sındırıbdır?

Q u l u. Xeyr, canım! Stəkanı mən sındırmışam, nəlbəkini o özü.

X ə d i c ə. Ha ... Ha.... (Gülür) Hamısını sənin üstünə atıbdır.

Q u l u. Di gör, sən Allah!

 

Nazlı içəri daxil olur.

 

 

ALTINCI GƏLİŞ

 

Nazlı və qeyriləri.

 

N a z l ı. Xanım! Niyaz bəy gəlib deyir ki, əgər çay varsa, gəlim içim.

X ə d i c ə. Var, de gəlsin.

Y u s i f. Ay qız, bu Qulunu nə üçün incidirsən?

N a z l ı. Mən neyləmişəm?

X ə d i c ə. İndi gəlib sənin əlindən şikayət edirdi.

Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi də başım ağrıyır.

Y u s i f , X ə d i c ə. (gülürlər). Ha!.... Ha!....

N a z l ı (Quluya). Yavaş, gözünün ikisini də çıxardacağam....

Y u s i f. Yaxşı, bəsdir. (Nazlıya) Get Niyaz bəyə de gəlsin.

 

Nazlı gedir.

 

X ə d i c ə (Quluya). Ay Qulu, sən onun sözünə baxma, o cavandır, sən qoca,

ona niyə qoşulursan?

Q u l u. Vallah, ay xanım! Mənim onnan işim yoxdu, özü də həmişə mənə sataşır. Yatıram, gəlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşləyirəm, deyir sən bacarmırsan. İşləmirəm, deyir tənbəlsən. Axı, mən başıma nə daş salım.... Dünən də gedib Nigar xanıma şikayət eləyir ki, mən plovun qazmağını altından çıxardıb yemişəm. O da bu sözə inanmayıb ağzına gələni ona deyibdir.

Y u s i f. Yaxşı, bəsdir, get.

Q u l u (gedə-gedə). Nazlının işini yaxşı xarab elədim!....

 

 

YEDDİNCİ GƏLİŞ

 

Niyaz bəy və qeyriləri. Yusif və Xədicə yerlərindən dururlar.

 

N i y a z b ə y (Yusifə). Qəribə ləzzət aparırsınız!

Y u s i f. Necə ki?

 

Xədicə çay tökür.

 

N i y a z b ə y. Dəxi necə olacaq? Belə gecədə, bu bağçanın içində oturub çay-içmək nəyə desən dəyər.

X ə d i c ə. Elə də pis öyrənibdir, ay dayı, evdə iki stəkan içəndə burada dördünü içir.

 

Niyaz bəyə çay verir.

 

Y u s i f. Həqiqət, elədir.

N i y a z b ə y. Elə də gərək olsun. (Fikir) Təzə xəbər eşidibsinizmi?

X ə d i c ə, Y u s i f. Yox nə var?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info