Qonaq Kitabı
ŞAMDAN BƏY

Yusifin otağı. Şamdan bəy.

 

Ş a m d a n (ayaq üstə). İndi bildim ki, mən Şirvanı bir gecənin içində nə üçün atıb buraya gəldim. Deyəsən mənə elə deyirdilər: get. Görükür, xeyrim var imiş. Yoxsa belə şey olmazdı ki, mən elədim. Cibin bir qəpik pulsuz gələsən belə şəhərə, çox çətin işdir. Bəli, görükür səbəbi var imiş. Dəxi nəyimə lazım Yusif tapdığı qulluq.... (Fikrə) Xülasə, dünyanın işini bilmək olmaz. Görükür, mənim alnımda bunlar hamısı yazılıbmış. Heç yatanda da belə xoşbəxtlik fikrimə gəlməzdi. Dəxi bundan artıq nə istəməli? Hacı İbrahim mənə qızını verir. Amma qəribə qızdır ha ... yemə, içmə onun camalına bax. Qızın yaxşı cehizi, pulu, mülkü. Özü də, nəhayətdə ağıllı-kamallı qızdır və hətta Hacı İbrahim məxsusi mənə dedi ki, toy olandan sonra köçüb onunla bir yerdə olum. Çünki tək bir qızı olmağına görə istəmir ki, gözündən uzaq versin. Bu mənim üçün dəxi də yaxşı oldu ki! Mənim nəyim var ki, mən onu saxlayam. Ondan savayı Hacı İbrahim heç qoymaz ki, özü dura-dura mən xərc edim. Dövləti başından aşıbdır. Özü yeyincə yeznəsi yeyər. Ah! Ah! (Gülür) Həqiqət, heç belə ittifaq olmazdı ki, mənə üz veribdir, amma.... (Yavaş danışıb qapıya baxır ki, eşidən olmasın) Amma ... gərək (tərəfə baxır) hm ... mənim bu hiyləmi heç kəs bilməsin. Hacı İbrahim bilsə ki, mən ona gop vurmuşam, qızı da verməz və əlim də bu qədər dövlətdən çıxar. Bunlar hamısı keçər gedər.... Ancaq bir şey qabağımı tutubdur. (Tərəfə baxır) Mən bu vaxtadək Yusifin evində oluram. Özü də axşam evə gələcəkdir. Onsuz da olmaz ki, bu xəbəri eşitməsin, ona görə buradan gərək uzaq olam. Zira ki, qızı əlindən almışam, bu iş davasız olmayacaqdır. Bunun evində də əyləşib onunla dava etmək olmaz, ona görə gərəkdir indi köçüb gedim bir ayrı yerə.... (Fikrə gedir) Yaxşı, bəs hara köçüm?.... Ah, gedərəm qəstinə! Bəs ... hm.... Pul lazım olanda nə edim?.... (Fikrə gedir) Zərər yoxdur. Yazaram Hacı İbrahimə ki, evdən pul gələnədək mənə min manat göndərsin. Onda həm qəstinin pulunu verərəm, həm toy tədarükünü görərəm. Onu da yəqin bilirəm ki, Hacı İbrahim verəcəkdir. Çünki özümü elə qələmə verməmişəm ki, verməsin, bəlkə iki min də verə.... Ah! Ah! (Gülür) Amma dil də insanda yaxşı şeymiş! Çox adam dilin səbəbinə bədbəxt olur, amma mən xoşbəxt olmuşam.... Uf! (Ürəyini əli ilə tutur). Ürəyim nə pis döyündü. (Fikrə gedir və başını əli ilə tutur) Ah, nə axmaq fikirlərdi başıma gəlir? Mənə guya biri deyir ki, yoldaşa xəyanət eləmə. Bundan nə xəyanətlik var, Hacı İbrahim qızını Yusifə vermək istəmir, mənə verir.... Bu da yəni bir işdir.... Mal yiyəsi bilər.... Mənə indi bir ay çörək veribdir ki, mən bu qədər dövləti əlimdən çıxardım. Vaxt olar mən də ona edirdərəm.... Xeyr ha.... Bunlar boş fikirlərdir. Bu dünyanınkı belə gərək olsun: harda əlinə düşdü ovla.... (Fikrə gedir) Dəxi mən şeylərimi yığıb gedim. Həqiqət, istəmirəm ki, bu işdən sonra Yusif ilə görüşəm. (Şeylərini yığışdırır. Qapıya gedib səs edir) Qulu! Ay Qulu!

 

Qulu daxil olur.

 

 

İKİNCİ GƏLİŞ

 

Qulu və Şamdan.

 

Q u l u. Nə buyurursunuz?

Ş a m d a n. Yusif nə vaxt gələcəkdir?

Q u l u. Gərək ki, saat yeddidə.

Ş a m d a n. Bu uzaq oldu.... Mən onu gözləyə bilməyəcəyəm.... Gərək gedim....

Q u l u (şeyləri görüb təəccüb edir). Ağa, hara buyurursunuz?

Ş a m d a n. Mən ... m ... m.... Özgə yerə köçürəm ... m ... m.... Burada dolana bilmirəm.

Q u l u. Niyə, Allaha şükür! Yusif ağam sizin başmağınızı cütləməyə hazırdır, mən də sizin qulluğunuzda varam.

Ş a m d a n. Bura ... m ... m.... Doğrusu, mənim ... m ... üçün ... layiqli yer deyil.... Ayrı otaq tutmuşam. Ondan savayı bundan sonra mənim yanıma gəlibgedən olacaqdır. Nə lazımdır özgəyə zəhmət verim?.... Qoçaq, dəxi durma, fayton çağır, şeyləri qoyum gedim.

Q u l u. Ağa, doğrusu, mən sizi qoymaq istəmirəm. Ondan ötəri Yusif ağam elə fikir edər ki, mən sizi incitmişəm, ona görə siz gedibsiniz. Mənim dərimə od vurar.

Ş a m d a n. Sən qorxma, mən özüm sabah gəlib onunla danışaram.... Ancaq yubanma, get faytona.

 

 

Qulu istər-istəməz gedir.

 

Ş a m d a n (şeyləri hazır edə-edə). Axmaq oğlu, mənim fikrimdən xəbəri yoxdur, durub hələ üsuliddin xəbər alır. (Əlini cibinə aparır) Faytona pulum yoxdur, nə etməli? (Fikrə gedir) Zərər yoxdur.... Quludan alaram.

 

Qulu daxil olur.

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Q u l u. Ağa, fayton hazırdır.

Ş a m d a n. Səndə ... m ... m... bir, ya iki abbası pul olarmı faytonçuya verim. Məndə m ... m ... yüzlükdür, onu da hər saatda xırdalamaq mümkün olmur.

Q u l u (tez əlini cibinə aparıb). Var, var, hərgah istəyirsiniz, çox verim.

Ş a m d a n. M ... m ... yaxşı, varınsa, bir manat ver. (Qulu ikinci dəfə pul çıxardıb verir) Salamat qal.

 

Qulu şeyləri götürüb gedir, tez qayıdıb evi yığışdırır.

 

Q u l u (tək). Bu işə mən mat qalmışam.... Bu vaxtadək burada yeyəsən, içəsən, indi nə oldu ki, bizim evi bəyənmədi? Yox, burada bir iş var, görükür ağamla araları dəyibdir. Yoxsa belə olmazdı. (Fikrə gedir) Amma bu da ola bilməz. Çünki mənim ağam heç qəlb sındıran adam deyil və bunun başına pərvanə kimi gecə-gündüz dolanırdı. Xülasə, görəsən nə var, indi ağam gələr, iş aşkar olar.

 

Səs gəlir. Yusif acıqlı içəri daxil olur.

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Qulu və Yusif.

 

Y u s i f. Qulu! Çay hazırdırmı? (Fikrə gedir) Şamdan hələ gəlməyibdirmi?

Q u l u. Gəlmişdi. Bir az bundan qabaq getdi.

Y u s i f. Hara?

Q u l u. Bilmirəm. Şeylərini də götürüb getdi.

Y u s i f. Necə? Şeylərini?

Q u l u. Bəli, dedi ki, mən indi özgə yerdə olacağam.

Y u s i f. Özgə yerdə ... m ... m.... (Fikrə gedir) Yaxşı, indi anladım ... m ... m....

Q u l u. Ağa, sən Allah de görüm, axı nə olubdur?

Y u s i f. Heç, get.... (Fikrə gedir və sonra əli ilə mizin ustə bərkdən vurur) Uf! Ruzigar!

Q u l u (qorxub atılır və papağı başından yerə düşur, papağını götürüb Yusifə qorxa-qorxa baxa-baxa gedir) Mən ömrümdə bunu belə hirsli görməmişdim.

Y u s i f. Zəmanəyə baxırsan? (Fikrə gedir) Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. Sual edirəm: necə? Cavab verir ki, Şamdan Xədicəni alır və atası dəxi razıdır. Mən əsla buna inanmadım. Amma bunun buradan köçməyi ona dəlalət edir. Görünür, Murad mənə deyən söz doğrudur. (Ayağa durur gəzinir) Di gəl, bundan sonra yoldaşa inan. Pərvərdigara! Özün şahidsən ki, əlimdən nə yaxşılıq gəlib ona eləmişəm. Belə oldu ki, mənim çörəyimi yeyə-yeyə mənə quyu qaza.... (Fikir) Pərvərdigara! (Bərkdən) Uf! Uf!.... Hanı insaf? Mürvət? (Mizin yanında oturub başını əli ilə tutur) Mən dəxi bu dünyada qalmaram. Gör heç rəvadırmı ki, illərlə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola.... Dünya bivəfa imiş. Onun hər işi cövrücəfa imiş. (Bərkdən əli ilə mizun üstə vurur) Uf! Uf!.... (Durub gəzinir) Uf.... Xədicə!.... Xədicə!.... (Bərkdən ağlayır) And olsun, mənim məhəbbətimə! And olsun bugözlərimin yaşına ki, məhəbbət yolunda tökülür.... (Fikrə gedir) Yox! Yox.... Bir az səbir etmək. (Gedir mizin yanında oturub başını əlləri ilə tutur).

 

Rəsul daxil olur.

 

 

BEŞİNCİ GƏLİŞ

 

Rəsul və Yusif.

 

R ə s u l. Yusif! Salaməleyküm! (Yusif cavab vermir. Rəsul gedib yavuğa)

Yusif! Sənə nə olubdur? (Cavab vermir, gedib əlini çiyninə qoyur. Bərkdən) Yusif!

Y u s i f (birdən ayılıb Rəsula təəccüblə baxır). Bəli!

R ə s u l. Nə üçün belə qəm dəryasına mübtəla olmusan? Nə olub, Allaha şükür?

Y u s i f (əlini mizə vurur). Yox, gərək elə ola....

 

Rəsul qorxub bir az uzaqlaşır.

 

R ə s u l (tərəfə). Yazığın başına hava gəlib, nədir?.... Qardaş, Yusif! Söylə görüm, nə üz veribdir?

Y u s i f. Hə ... hə ... Nə olub? Ruzigar bivəfa imiş.... Uf!....

R ə s u l (tərəfə). Pərvərdigara! Biçarəyə görəsən nə bədbəxtlik üz veribdir. Gedim Quludan sual edim, bəlkə bir şey bilir. (İstəyir getsin).

 

Birdən Sultan və Murad bərkdən. danışa-danışa içəri daxil olurlar. Biri deyir: "Belə biinsaf iş olmaz ki, edibdir!" İkinci deyir: "Adətdən dişqarı bir şeydir".

Yusif üzünü tutub oturur. Sultan, Murad daxil olurlar.

 

 

ALTINCI GƏLİŞ

 

Sultan, Murad, Pəcyl, Yusif.

 

S u l t a n, M u r a d. Salaməleyküm!

R ə s u l. Səs salmayın görək.

S u l t a n, M u r a d. Nə olubdur ki?

R ə s u l. Bir saatdır gəlmişəm, mənə dürüst cavab vermir. Ancaq natamam kəlmələr deyib hirslənir.

M u r a d (Sultana). Sənə nə dedim?

R ə s u l. Bircə deyiniz görək, nə olubdur?

M u r a d. Nə olacaqdır? İnsafsız oğluna bir ay çörək verib əzizləyibdi, indi Xədicəni almaq istəyir.

R ə s u l. Şamdan?

S u l t a n. Bəli, Şamdan bəy....

R ə s u l. Tfu!....

M u r a d. Belə adamı boğazından asmalıdır!

R ə s u l. Bəs elə bilirsən o, papaq qoyub bu vilayətdə gəzə biləcəkdir?

S u l t a n, M u r a d, R ə c u l. (Hamı təəccüblə Yusifə baxır). Yusif, danış görək nə var, nə yox?

Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gəlibsiniz.... Əyləşin....

M u r a d. Yusif, sən mənim canım, çox da fikir eləmə, o xəbər ki, mən sənə dedim, ara sözüdür. Bəlkə əsli də olmasın.

Y u s i f. Xeyr, elədi ki, var. Çünki hərgah doğru olmasa idi, buradan köçməzdi.

H a m ı s ı. Köçübdür?

Y u s i f. Bu gün mən gəlməmişdən köçübdür.... (Fikrə gedir).

R ə s u l. Ay zalım oğlu, necə tez başa düşübdür!....

M u r a d. Mən təəccüb edirəm Hacı İbrahimə ki, belə adama qızını verir.

R ə s u l. Görükür, genə gop vurubdur.

 

Yusif əlləri ilə başını tutub fikrə gedir.

 

M u r a d. İndi olan olub qurtarıbdır. Mən təəccüb edirəm ki, Yusif nə əcəb onunla dostluq edirdi, və halonki kişi danışanda özünü bildirirdi.

S u l t a n. Bunu haqq deyirsən. Mən özüm də o fikirdə idim. Amma Yusifin ürəyi məndən sınar deyib söz açmırdım.

Y u s i f (başını qaldırıb). Həzərat! Sizin canınız üçün bugünədək onun hiylələrini başa düşməmişdim. Hətta bir neçə təklifləri mənim aşkar zərərim isə də, yenə fikir edirdim ki, bu zalım oğlu məni özünə dost bilib mənim ayağımdan çəkməz. Mən nə bilim ki, bu biinsaf oğlu mənə başdan quyu qazırmış. (Fikrə gedir).

R ə s u l. İndi de görək, axı, bu işi belə qoymaq olmaz.Fikrin nədir?

M u r a d, S u l t a n. Doğurdan de görək, necə olacaqdır?

Y u s i f (bir az fikirdən sonra). Mənim bir özgə fikrim yoxdur. (Durub gəzinir) Ancaq onu bilirəm ki, bu iş xeyirliklə qurtarmayacaqdır.... Arada bir qan olacaq.... (Fikrə gedir).

 

Qeyriləri bir-birinə təəccüblə baxırlar.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info