Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Dörd yanını kafər aldı, bəlli bilgil.

İgit oğlan səmirədi,

Uru durdu qılıncının

Qəbzəsinə əl atdı kim,

Onu çırpsın, gördü əlində

Qopuz var, belə dedi:

– Mərə, kafər, Dədəm Qorqud

Hörməti üçün çırpmadım.

Əgər qopuz olmasaydı,

Dustaq ağam başı üçün

Səni iki bölər idim.

Çəkdi qopuzunu aldı

Sonra dönüb belə aydır:

– Ala sabah, dan yelləri əsəndə,

Yerimdən durduğum qardaş üçündür.

Ağ-boz atlarımı qamçılıyıban

Tərlədib yorduğum qardaş üçündür.

Qalanızda dustaq vardır, degil mənə,

Qara başım qurban olsun, kafər, sənə.

Burada Əgrək söyləmiş 

Baxaq görək nə söyləmiş:

– Ağzın üçün ölüm, qardaş,

Dilin üçün ölüm, qardaş,

Qalarından-qoparından

Sorar olsam nə yerdənsən?

Qara gərdun içərsində

Yolun azsan umarın nə?

Qaba ələm götürən sərdarız kimdir?

İgit, sənin baban kimdir?

Alp ər, ərdən ad yaşırmaq ayıb olur,

Söylə, igit adın nədir?

Bir daxı burda söyləmiş:

– Qaytabanımı güdəndə sərvanımmısan?

Qara qoçum güdəndə ilxıçımmısan?

Ağayılım güdəndə çobanımmısan?

Qulağımda şurlayan nayıbımmısan?

Beşikdə qoyub getdigim xırdaca qardaşımmısan?

İgit kimsən, deginən mənə,

Qara başım qurban olsun bugün sənə.

Səgrək burda ağasına belə demiş:

– Qara gərdun içərsində yol azarsam, umudum Allah,

Qaba ələm götürənim Xan Bayındır,

Qırış günü həmlə qılan alpım, Qazan,

Babam adın sorar olsan, Uşun Qoca,

Mənim adım sorar olsan, Səgrək,

Qardaşım varımış Əgrək.

Bir daxı aydır:  

– Qaytabanın güdəndə sərvanınam,

Qara qoçun güdəndə ilxıçınam,

Beşikdə qoyub getdigin qardaşınam!

Ulu qardaş Əgrək burada söyləmiş:

– Ağzın üçün ölüm, qardaş!

Dilin üçün ölüm, qardaş!

Ərmi oldun, igitmi oldun?

Qəribligə qardaşını axtarı gəldin?

İki qardaş bir-birini

Quca-quca görüşdülər.

Ulu qardaş Səgrəkin

Boynun öpdü, Səgrək daxı

Əgrəkin əlin öpdü.

Üç yüz kafər iraqlardan

Baxırdılar ayıtdılar:

– Görüşdülər, kaş bizimki

Onu yıxa, qalıb çıxa.

Gördülər ki, görüşdülər

Qucuşdular Qazılıq atlar

Minişdilər, qara donlu

Kafərlərə at saldılar.

Qırılanlar qırıldılar,

Qaçanları qova-qova

O, qalaya tıxadılar.

Dönüb-gəlib yuntları otlağından

Çıxardılar, dovul vurub

Önlərinə buraxdılar.

Yola girib, Dərəşam

Suyundan keçib,

Gecə-gündüz yol gəldilər,

Oğuzlara yetişdilər.

Qanlı kafər ellərində

Qardaşını alıb gələn

Bəy Səgrək ağ saqqallı

Babasına muştuluqçu

Göndəribən, babam mənə

Qarşı gəlsin, dedi, durdu.

Uşun Qoca obasına

Çapar gəldi xəbər verdi:

– Muştuluq ver, gözün aydın,

Oğlanların hər ikisi

Sağ-salamat çıxıb gəldi.

Qoca eşidib şad oldu.

Gumbur-gumbur nağaralar döyüldü,

Tunc borular çalındı,

Ala bargah tikildi,

Atdan ayğır, dəvədən buğra,

Qoyundan qoç qırdırıldı.

Uşun Qoca iki oğluna

Qarşı gəldi atdan, yendi,

Oğlanları ilə görüşdü,

Qucaqlaşdı, əhval sordu:

– Siz xoşmusuz,

Oğlanlarım? Şükür qıldı,

Altunluca günlügünə,

Qayıtdılar.

Yemək-içmək, şadlıq oldu.

İki qardaş analarına gəldilər,

Əlin öpüb sevindilər.

Uşun Qoca ulu oğluna

Daxı gözəl gəlin aldı.

Toy tutuldu iki qardaş

Bir-birinə sağduş durdu.

Hər ikisi gərdəklərə

Varıb girib, mətləb alıb,

Xoş oldular.

Çağırdılar, Dədəm Qorqud

Gələr oldu, şadlıq çaldı,

Söy söylədi, boy boyladı,

Belə dedi:

– Qardaşına arxa duran

Mərd igidə haqq yar olsun!

Ayrı düşən cüt qardaşlar



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info