Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Yazıq anam sən doğulan,

“Həsən damı” adlanılan,

Bir göz damlı daxmacığı,

Hər ayını beş qırana, 

Yiyəsindən kira tutdu.

 

Onda bizlər uşaq idik. 

Atam-qağam ölmüşdülər.

Böyügümüz irəhmətlik,

Atan idi, o, da ancaq,

Ondörd-onbeş yaşındaydı.

Qara günlü, yazıq anam,

Böyük oğlun nökər verib,

Özü isə varlıların

Evlərində çörək yapıb,

Yetimlərin saxlayardı,

Günlər ötüb dolanardı.

 

Sonra atan evlənərkən,

Daxmamızı iki eylədik.

Səni anan burda doğdu.

Deyə, əmim ürəginin

Kitabını varaqlayıb,

Həyatının, həyatımın,

Hirman dolu, kədər dolu,

Lövhələrin, səhnələrin

Bir-bir mənə göstərərkən,

An içində, xatirimin

Dərin-dərin diblərində

İtib-batan xatirələr,

Dirçəlirdi, canlanırdı.

İlk günlərim, keçmişlərim,

Əmim deyən dar daxmacıq,

Bir sinama pərdəsi tək,

Qənşərimdən gəldi keçdi.

İzzət nənəm, Kişvər əmməm

“Can nənə”mi xatırladım.

 

Mən hələ çox kiçik ikən,

“Ayaz” ya da “Araz” adlı

Xırdaca bir qardaşım da

Varım imiş.

Sir-sifəti,

Mənə yuxu kimi gəlir.

Söyləyirlər, o, bir gözəl,

Ətli-canlı, istiqanlı,

Qara telli, şirin dilli,

Dəmir kimi uşaq imiş.

Bir gün mənlə oynayarkən,

Sürütməsin dalı-dalı,

Çəkə-çəkə, birdən-birə,

Həyətin bir bucağında,

Qoyublarmış qaynar suyun

Qazanına düşüb ölmüş.

 

Yadımdadır, yazıq anam,

Hərdən-hərdən, qəmlənərkən,

Gözlərinin yaşı pır-pır

Yanağına axa-axa,

Dövr-bərin unudaraq,

Göz vurmadan, baxışların

Bir nöqtəyə zilliyərək,

Yana-yana ağlayardı,

Həzin-həzin sızlayardı.

 

Araz, Araz, xan Araz, 

Dənizə axan Araz!

Sevdigim gəmidədir,

Gəl eyləmə qan, Araz!”

 

Arazı ayırdılar,

Qumunan doyurdular.

Mən səndən ayrılmazdım, 

Zülm ilən ayırdılar!

 

Araz səndən kim keçdi,

Kim qərq oldu, kim keçdi?

Yar məndən əl çəkməzdi,

Bilməm kimdən him keçdi!

 

Mən qardaşsız, tək, böyüdüm.

Tək gəzəndə, dolananda,

Uşaq ikən uşaqlarla,

Oynaşanda, savaşanda,

Həyatımın hər bir, hər bir,

Yenişində, yoqquşunda,

Çətinligə tuş gələndə,

Qardaşsızlıq, köməksizlik,

Dərdi, məni sarsıdardı.

Qardaş, arxa, el, ürəkdir.

Qardaşsızlıq yaman dərddir.

 

***

Son illərdə “Qorqud Dədə”

Dastanları sırasında, 

Səgrəkin nağılını,

Oxuyarkən, şeir edərkən,

Bizim qədim adətlərdə

“Qardaş andı” deyə, borcun,

Hər igidin zəmməsində,

Olduğunu anlayaraq,

Bir də dərdim təzələndi.

Ancaq bu qəm təkcə mənə,

Ata-ana birligindən

Doğuluban doğrulan bir

Qardaşlıqdan məhrum olmaq

Dayaqsızlıq, arxasızlıq,

Dərdi deyil, qəmi deyil,

Ara, axtar ürəgimin

Nisgilini dərdindən bil.

Mədəniyyət yüksəlsə də,

Uzaq yollar qısalsa da,

Elm-sənət insanları

Bir-birinə bağlasa da,

İnsanlığa çox yaraşan

Umanizmə, insançılıq, 

Mütərəqqi , internaşnal,

Fikirləri, hissləri,

Haqqı sevər, insanpərvər,

Ürəkləri qapsasa da,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info