Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Öz yolumdan ayırmayın.

Yalqız ağam tutulduğu

Qalaya mən varmayınca,

Qardaşımın ölüsünü,

Dirisini bilməyincə,

Ölmüşsə də onun qanın

Kafərlərdən almayınca,

Qalın Oğuz ellərinə

Qayıdıban gəldigim yox!

Ata-ana ağladılar,

Qazana adam saldılar:

– Oğlan qardaşını anmış,

Durmaz, gedər, bizə

Nə öyüd verirsən?

Salur Qazan: – Ayağına  

At tuşağın vurun, dedi!

 

İgit oğlan nişanlı idi,

Tər-tələsik toy eyləyib,

Dəvə kəsib, at öldürüb,

Qoç qırdırıb, oğlancığa

Gərdək qurub, gəlin ilə

Bir gərdəgə buraxdılar.

Oğlan qılıncın çıxardı

Qız ilə öz arasına buraxdı.

Qız aydır: – Qılıncın kəsər, igit

Murad ver, murad al.

Yoxsa, mən saralaram.

Oğlan aydır: – Mərə, qavat qızı,

Bilgil qılıncıma doğranayım,

Oxuma sancılayım, oğlum doğmasın,

Doğa isə on yaşına varmasın,

Ağam üzün görməyincə,

Ölmüş isə qanına qan etməyincə,

Bu gərdəgə girdigim yox!

Uru durdu, geyim geydi,

Şahbaz atın yəhərlədi,

Silahlandı dönüb aydır:

– Qız, sən bir il gözləyərsən,

Mən bir ildə gəlməsəm,

Sən iki il gözləyərsən,

Üç il gözlə, gəlməzsəm,

Onda mənim öldüyümü

Duyub, bilgil, ayğırımı

Boğazlayıb yasımı tut,

Aşımı ver, gözün hər kimi

Tutarsa, könlün hər kimi

Sevərsə, ona vargil!

 

Qız burada söyləmiş, 

Görək, xanım nə söyləmiş:

– Mərd iyidim mən səni bir il

Gözlərəm, gəlməsən iki il

Gözlərəm.

Gəlməsən üç, bəlkə də dörd,

Beş-altı il gözlərəm.

Altı ildə gəlməz olsan,

Altı yolun ayrıcında

Çadır qurub ev tikərəm,

Gəlib-gedəndən soraram.

Xeyir xəbər gətirənə

At verərəm, don verərəm.

Yaman xəbər gətirənin

Başın kəsib öldürərəm.

Ərkək sinik üzərimə qondurmaram,

Bu dünyada yar tutmaram,

Murad verib murad al get.

Oğlan aydır: – Qavat qızı,

Qardaşımın başına mən,

And içmişəm, dönməgim yox!

Qız aydır: – Qədəmi şum ad alınca,

Ürəksiz gəlin desinlər.

Mən gedəlim qayın atama,

Qayın anama söyləyəlim.

Anamdan iyi qaynana,

Atamdan iyi qaynata:

– Qaytabanın[8] buğrası ürkdü, gedər,

Sərvanlar önünü ala bilməz.

Qara qoç ayğırın ürkdü, gedər,

İlxıçılar önünü ala bilməz.

Ağayılın qoçları ürkdü, gedər,

Çoban önünü ala bilməz.

Ala gözlü oğlun,

böyük qardaşını andı, gedər,

Ağca üzlü gəlinin önünü ala bilməz,

Sizə məlum olsun dedi.

 

Ata-ana ah etdilər

Yerlərindən qalxdılar

Oğul, getmə, söylədilər

Gördülər çarə olmadı.

Oğlan dedi: – Əlbəttə, o

Ağam tutulan qalaya

Varmayınca ola bilməz.

Ata-ana: – Var get, oğul,

Uğurların açıq olsun,

Gələcəyin olsa əgər,

Əsən varıb sağ gələsən!

İgit oğlan atasının, anasının

Əlin öpdü, qara qoç ata sıçradı

Gecəni gündüzə qatdı.

Üç gün gecə-gündüz yürütdü

Dərəşam ucundan keçdi.

Qardaşının tutulduğu

O, qoruğa gəldi çıxdı.

Neçə kafər ılxıçısı

Gördü yabı gözləyirlər.

Qılınc çəkib altı kafəri təpələdi,

Dovul çalıb yuntları hürkütdü, 

Gətirib qoruya saldı.

Gecəni gündüzə qatıb,

Üç gecə-gündüz at çapmış

Qaranqulu gözlərini yuxu aldı.

Qazılıq atın cilovunu

Biləginə keçirərək

Çəmənlikdə yatdı, uydu.

Məgər kafərin casusu 

Gəlib belə xəbər verdi:

– Oğuzdan bir dəli igit

Çıxıb gəldi, ılxıçıları öldürdü.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info