Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Yuntaları hürküdübən

Gətirib qoruya saldı.

Təkur aydır: – Altmış nəfər

Hazır yaraq adam seçin,

Gedib tutub gətirsinlər.

Altmış yaraqlı seçdilər

Seçilənlər oğlancığın

Üzərinə yönlədilər.

Geyimin cingiltisindən,

Bədöy atlar şihəsindən

İgit məgər ayılarmı?

At qulağı sayıq olur,

İgidin mindigi ayğır

Çəkdi oğlanı oyatdı.

Baxdı gördü kim, bir ala

Atlı gəlir sıçradı,

Atın mindi, adı gözəl

Məhəmmədi yada saldı.

Qara donlu kafərlərə

Qılınc qoydu basdı,

Qalaya qaytardı.

İgit yuxudan doymayıb

Yatağına dönüb gəldi,

Yenə atın cilovunu

Biləginə keçirərək

Başın qoyub düşdü yatdı.

Kafərlərin sağ qalanı

Qaçıb Təkurə gəldilər.

Təkur aydır: – Tü üzüzə!

Altmış kişi bir oğlanı

Basmarlayıb tutanmadız!

Bu kərə yüz kafər minib

Oğlana hücüm etdilər.

Ayğır yenə çəkdi oğlanı oyatdı.

Oğlan durdu, baxdı-gördü

Kafər alaylanıb gəlir. Ata mindi,

Adı gözəl Məhəmmədi yada saldı,

Kafərlərə qılınc qoydu,

Gətirib qalaya tıxdı.

Döndü gəldi, yuxusundan

Əl çəkməyib atdan yendi,

Cilov qolda düşdü yatdı.

Bu kərə at cilovunu

Oğlancığın biləgindən

Boşaldaraq qoydu, qaçdı.

Kafərin can qurtaranı

Qaçıb Təkura gəldilər.

Təkur aydır: – Bu dəfə

Üç yüz atlanın.

Kafər aydır: – Varanmarıq,

Hamımızı qırar tökər.

Təkur aydır: – Bəs nə etmək?

Varın gedib dustaq olan

O iyidi alıb gəlin.

Təpik vuranın əlindən

Buynuz vuran gələ bilər.

Oğlana siz don geydirib 

Ayğır verin bu dəlinin

Qarşısına göndərin.

Gəldilər Əgrəgə söylədilər:

– Mərə, igit, Təkur sənə

Himmət qıldı, burada bir

Dəli igit tapılıbdır.

Bütün yolçu-yolaqçının,

Çobanların, çoluqların

Ətməklərin tutub alır.

O, dəlini tutub öldür,

Səni buraxaq, qoy çıx get!

Əgrək, xoş ola, dedi.

Əgrəgi çıxartdılar,

Saçın saqqalın yoldular,

Bir at, bir qılınc verdilər,

Üç yüz kafərlə birlikdə

Səgrək üstə yolladılar.

Üç yüz kafər gendə durub

Çox iraqdan o dəlini göstərdilər.

Əgrək aydır: – Gəlin, varalım tutalım.

Kafər aydır: – Təkurdan buyuruq

Sənə oldu, sən tutgilən.

Əgrək aydır: – O, yuxuda

Siz qorxmayın, gəlin tutaq

Harda yatıb? Qoltuğu

Altından baxar, qalxar bizə

Gen dünyanı dar göstərər.

Özün var-get söylədilər.

Mən vararam əl-ayağın

Bağlayaram, ondan sonra

Siz gələrsiz, – Dedi, Əgrək.

O, sıçrayıb kafərlərdən

Aralandı, atın sürüb

Qoç igidin üzərinə

Gəldi-çıxdı, atdan yendi,

Cilovunu bir budağa ilişdirdi.

Baxdı gördü ayın on dördünə

Bənzər ala gözlü, məhbub üzlü,

Gənc bir igit mıncıq-mıncıq

Tər damlası gül üzündə

Mıncıqlanmış, gələnindən,

Gedənindən xəbəri yox.

Dolandı başı üstə gəldi,

Arxasında qopuz gördü,

Çıxarıb əlinə aldı.

Dilləndirib söy söyləmiş,

Görək, xanım, nə söyləmiş:

– Qalxıbanı yerindən duran igit,

Qara yallı Qazılıq ata minən igit,

Ala dağdan gecə ikən aşan,

Axıntılı gur suları dəlib keçən,

Qəribligə gələn yatarmı olur?

Mənim kimi, ağ əllərin dalısından bağladıban

Donuz damında yatırmı olur?

Ağ saqqallı babasını, ağ birçəkli anasını

Ağladıban sızladırmı olur?

Nə yatırsan, qafil olma, gözəl başın qaldır, igit!

Gözün açgıl, igit!

Qadir verən dadlı canın yuxu almış,

Arxasından qollarını bağlatmadan,

Ağ saqqalı bəy babanı, qarı ananı ağlatmadan,

Qalın Oğuz ellərindən gələn igit, nə igitsən?

Yaradanın haqqı üçün durub gəlgil,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info