Qonaq Kitabı
TAZİYANƏLƏR

ALMANİYA İMPERATORU VİLHELM DEYİR Kİ:

 

Möhtərəm iranlılar, sizdən təmənnamız budur;

Bir də İran hifzini bizdən təmənna etməyin;

Çünki rusun, ingilisin xatiri bizdən sınar,

Incinərlər; siz dəxi artıq təğəlla etməyin.

 

Aləmi-insaniyyət də deyir ki:

 

Növ`pərvər, rəhmgüstər, mədələtfər Vilhelm,

Bir də ali namımı dillərdə icra etməyin;

Çünki vicdanın o nazik xatiri sizdən sınar

İncinər; artıq ona minbəd iyza etməyin.

 

İlk dəfə “Günəş” qəzetində (12 noyabr 1910, â„– 66) “Ə.S.” imzası ilə çap olunmuşdur. Taziyanə həmin günlərdən Berlindən alınmış teleqraf xəbərləri əsasında yazılmışdır.

 

 

61

EYNÜDDÖVLƏNİN İSTEFASINDAN DOLAYI BƏSTƏ GİRMƏK İSTƏYƏN TEHRAN TACİORANİ QEYRƏTMƏNDANƏLƏRİNƏ!

 

Bəstə iqdam eyləyin, ey tacirani-mötəbər!

Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!

Olmayın razı ki, Eynüddövlə[xix] istefa verə!

Iştə Təbriz, iştə Eynüddövlə ar olsun sizə!..

 

İlk dəfə “Günəş” qəzetində (14 noyabr 1910, â„– 67) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

62

HATİF DEYİR Kİ:

 

Bəs Şəmaxidə məktəbi-nisvan

Açacaqdın, buna güman çox idi...

 

Müdir əfəndi deyir ki:

 

Bəli, onda müəllimə qızımın

Bakudə çünki məktəbi yox idi!

 

İlk dəfə “Günəş” qəzetində (16 noyabr 1910, â„– 69) “Ə.S.” imzası ilə çap olunmuşdur.

Şamaxı şəhərində işləyən Şeyxzadə Hafiz əfəndi müəllimə qızını Şamaxıya gətirərək qız məktəbi açmaq təşəbbüsündə olur. Lakin qızı Bakıya çağırıldığından Şamaxıda məktəb aşmaq fikrindən əl çəkir.

 

63

“OSMANLICADAN TƏRCÜMƏ TÜRKƏ” – BUNU BİLMƏM

 

“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm

Gerçək yazıyor gəncəli, yainki hənəkdir;

Mümkün iki dil bir-birinə tərcümə, amma

“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!

 

İlk dəfə “Günəş” qəzetində (17 noyabr 1910, â„– 78) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

64

ŞİMDİ HƏR MİLLƏT EDİR NƏFSİNİ İRFANƏ FƏDA

 

Şimdi hər millət edir nəfsini irfanə fəda,

Vətən övladı üçün elmə, dəbistanə fəda.

Qara məxluq deyil, bizdəki ariflər də

Vətən övladın edir nəfi-cibişdanə fəda.

 

İlk dəfə “Günəş” qəzetində (18 noyabr 1910, â„– 71) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

65

OYLƏ QORXMAM “BİŞ”DƏN KİM, QORXURAM “CƏDVAR”DƏN

 

Oylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,

Yardən olmam əmin, olsam da gər əğyardən;

Qorxmuram vəhşiyyəti-gürgani-insanxardən,

Qorxuram insansifət, vəhşitəbiət yardən.

 

İlk dəfə “Günəş” qəzetində (19 noyabr 1910, â„– 72) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

66

BAKIDA ŞAMAXI YOLUNDAKI HƏBSXANƏNİN

QABAĞINDA OXUNAN NÖVHƏDİR:

 

Asta-asta, ey hacı, izhar olur xəlvətdəki;

Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;

Pərdə çəkdin, yorğan altında yatırdın işləri,

Bilmədinmi bir zəman bidar olur xəlvətdəki?!

 

İlk dəfə “Günəş” qəzetində (19 noyabr 1910, â„– 72) “Palanduz” səhifəsinin 7-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 

 

67

SƏFİL TACİR DEYİR Kİ:

 

Bir neçə ildir ki, uyub işrətə,

Bilməmişəm əmri-ticarət nədir?

Indi deyirlər, hacı, borcun da var...

Çox da var, ondan mənə xiffət nədir?

Xiffəti qeyrətli edər, mən ki, hiç

Bilməmişəm dəhrdə qeyrət nədir?!

 

İlk dəfə “Günəş” qəzetində (22 noyabr 1910, â„– 74) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

68

TUMANOV İZN ALIR Kİ, ŞİRVANƏ

 

Tumanov izn alır ki, şirvanə

Sığnağdan çəkə dəmir yolunu;

Buna, aya, bizimkilər nə deyir?

Boşlayırlarmı Kürdəmir yolunu?

 

İlk dəfə “Günəş” qəzetində (25 noyabr 1910, â„– 77) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

69

ÖVRƏT ALMAQ, BOŞLAMAQ, ÖVLADA AD QOYMAQ KIMI

 

Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimi

Nəsnələrdən ücrət almaqçın Qazan mollaları

Ittifaq etdisə də, lakin cənabət qüslünün

Muzdunu heyfa unutdu xatiri-valaları.

 

İlk dəfə “Günəş” qəzetində (26 noyabr 1910, â„– 78) “Ə.S.” imzası ilə çap olunmuşdur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info