Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

 

Sərvər birdən dönüb cəld qaçır.

 

M ə ş ə d i  İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə iş idi mənim başıma gəldi, ay tutun, ay qoynayın!..

 

Camaat hamısı dolur içəri, səs-küy düşür.

H ə s ə n q u l u  b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşədi İbad, nə olub, nəql eylə görək!

M ə ş ə d i  İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?

H a m ı. Bu nə əcəb sözdür? Həlbəttə, gəlin arvad olar!

M ə ş ə d i  İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi, o da qaçdı getdi.

H a m ı. Paho!.. Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?

B i r i s i. Bəs nə tövr olsun, neyləməli?

H ə s ə n q u l u  b ə y. Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya gətirim? Razısan?

M ə ş ə d i  İ b a d (azarlı kimi). Yox...

R z a  b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, razısan?

M ə ş ə d i  İ b a d. Yox...

Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, razısan?

M ə ş ə d i  İ b a d. Yox...

H a m ı. Bəs nə eyləməli?

M ə ş ə d i  İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün kəssin!

H a m ı. Ha!.. Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis deyildir.

(Musiqi)

H a m ı

Gedin, gedin, qazıya deyin,

Qoy kəbini kəssin.

(Sənəmə) Məşədiyə arvad edək,

Razısan?

S ə n ə m. Hə!.. Hə!..

H a m ı (Məşədi İbada). Razısan?

M ə ş ə d i  İ b a d. Hə!.. Hə!..

H a m ı. Razısız?

M ə ş ə d i  İ b a d     S ə n ə m. Hə!.. Hə!..

H a m ı. Bəs gedək biz?

M ə ş ə d i  İ b a d

Gedin, gedin, qazıya deyin,

Qoy kəbini kəssin.

(Sənəmə) Səni mənə arvad edə, razısan?

S ə n ə m. Hə!.. Hə!..

M ə ş ə d i  İ b a d (xora). Razısız?

X o r. Hə!.. Hə!.. Razıyıq!.. Hə, Hə!.. Bəs gedək biz?

 

Bu əsnada səhnənin dal pərdəsi qalxır,

Sərvər ilə Gülnaz hündürdə dayanıb görünürlər. Tar çalınır.

 

S ə r v ə r (bayatı-qacar oxuyur)

Yetişdim vüsalına yarın, çəkdim əzabını,

Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını.

G ü l n a z

Çün qalxdı pərdə, əyan oldu həp kəsə,

Məşuqə aşiqə vasil edər əlbəttə canini.

H a m ı (Məşədi İbada)

Sən qoca, qız cavan,

Səndə yoxdur eşq odu.

Sərvərindir eşqi,           

Sənə olmaz heç meyli.   

M ə ş ə d i  İ b a d

Yanıma gəl, arvad, yanıma gəl, (2 dəfə)

Yanıma gəl, et məni şad!..

H a m ı

Pulunu verdin sən, Məşədi İbad,

Əlinə düşdü dul arvad,

Qəm yemə hərçi badəbad,

Olmasa o, bu olsun!..

 

P Ə R D Ə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info