Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

 

M ə ş ə d i  Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən?

H a m ı. Hamamda!

M ə ş ə d i  Q ə z ə n f ə r. Yazın istisində harada sərinləyə bilərsən?

H a m ı. Hamamda!

M ə ş ə d i  Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Əşi, heç kəs!

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs belə de!

U s t a  M ə h ə r r ə m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyifsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o kluba, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?

H a m ı. Hamamda!

U s t a  M ə h ə r r ə m. Harada bir parça ləzzət görərsən?

H a m ı. Hamamda!

U s t a  M ə h ə r r ə m. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Əşi, heç kəs!

U s t a  M ə h ə r r ə m. Bəs elə, de gəlsin!

 

(Musiqi)

H a m ı

Hamamın içində, içində də çölündə (2 dəfə)

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

H a m a m d a n  b i r  s ə s. Gəl, ey ha!.. Bir papiros, özü də müştük ucunda. (Aparırlar.)

H a m ı

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

 

(Musiqi)

K ə r b ə l a y ı  N ə s i r (dəllək ülgücü itiləyərkən). Mən özüm bisavadam, amma kitabda yazılanlardan oxuyubdurlar, mən də eşitmişəm: müsəlman padşah-ları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvan-sara, ondan sonra məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harada təmiz olursan?

H a m ı. Hamamda!

K ə r b ə l a y ı  N ə s i r. Harada pak olursan?

H a m ı. Hamamda!

K ə r b ə l a y ı  N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Əşi, heç kəs!

K ə r b ə l a y ı  N ə s i r. Bəs belə!

M ə ş ə d i  Q ə z ə n f ə r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, nağıl deyənlər, dərvişlər – hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyziyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidir-sən?

H a m ı. Hamamda!

M ə ş ə d i  Q ə z ə n f ə r. Harada dünya qayğısını yadından çıxardarsan?

H a m ı. Hamamda!

M ə ş ə d i  Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Əşi, heç kəs!

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!

(Musiqi)

H a m ı

 

Hamamın içində, içində də çölündə (2 dəfə)

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, gəl, gəl, yerin var!..

H a m a m d a n  b i r  s ə s. Gəl, ey he!.. Ab xurdan, içində qəmiş. (Aparırlar)

 

(Musiqi)

H a m ı

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, gəl, gəl, yerin var!.. gəl.

U s t a  M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harada yaxşı qan aldırmaq olar?

H a m ı. Hamamda!

U s t a  M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar?

H a m ı. Hamamda!

U s t a  M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar?

H a m ı. Əşi, hamamda!

U s t a  M ə h ə r r ə m. De, bəs belə!

M ə ş ə d i  Q ə z ə n f ə r. Həna dedin, yadıma Sədi Əlyəəlrəhmənin bir şeri düşdü ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir:

Gili-xoşbuyi dər həmmam ruzi

Rəcid əz dəsti-məhbubi be dəstəm.

Bədu qoftəm ke, mişki, ya ənbəri

Ki, əzbuyi-delavizi-to məstəm.

Bəqofta mən gili-naçiz budəm

Və leykən moddəti ba gül neçəstəm.

Kəmali-həmneşin bər mən əsər kərd

Və gərna mən haman xakəm ki, həstəm!

İnandırıram sizi ki, əgər Sədi Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Heç kəs!

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs belə isə de gəlsin!

 

(Musiqi)

H a m ı

Hamamın içində, içində də çölündə (2 dəfə)

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

H a m a m d a n  b i r  s ə s. Gəl, ey ha!.. Qəftə! Gəl apar!

 

Camadarlar qəftə ilə gedirlər.

 

H a m ı 

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

 

İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir. Amma zurna səsi gəlir. İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnə-dəkilər geyinmələrini tamam edirlər. Məşədi İbad yaxasını düymələyir, sonra əlinə aynanı alıb, saqqalına baxır. Həsənqulu bəy surtukunu geyir, Rza bəy varatnikini taxır. Həsən bəy başanı darayır. Əsgər çəkmələrini geyir, hambal patavasını dolayır. Sairələr də kimi başını qurudur, kimi düymələrini bağlayır.

M ə ş ə d i  Q ə z ə n f ə r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-uşaqlı olasan!

M ə ş ə d i  İ b a d. Sağ olasan, vücudun bibəla olsun!

H a m ı. Allah mübarək eləsin, Allah mübarək eləsin!

M ə ş ə d i  İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir.

Ə s g ə r. Maşallah, lap cavan olubsan ki!

M ə ş ə d i  İ b a d. Cavan olmayanda qoca qoca deyiləm ki...

M ə ş ə d i  Q ə z ə n f ə r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram.

H ə s ə n q u l u  b ə y. Mən çoxdandır ki, töbə eləmişdim ömrüm olanı müsəlman hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanımda o qədər əzizdir ki, töbəmi sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də... Heç, daha keçibdir.

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs belə!

R z a  b ə y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməz-dim. Lakin Məşədi İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim.

M ə ş ə d i  Q ə z ə n f ə r (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində urus çimir, yəhudi çimir?!

R z a  b ə y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdi-yim sudur, neftdir, həlimdir, yixsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Belə eləməyin!

H ə s ə n q u l u  b ə y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? (Hambalı göstərir.)

H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil?

H ə s ə n  b ə y. Rza bəy prav. Doğrudur, mən də xəznəyə girib bilmədim ki, sudu, yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyə) No vı, vı rassujdayete kak burjuy! Necə yəni mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil?

H a m b a l. Əlbəttə, adamam!

H ə s ə n  b ə y. Onun da iki qulağı var, sənin də!

H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi?

H ə s ə n  b ə y. Onun da bir burnu var, sənin də!

H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi?

H ə s ə n  b ə y. Yedinstvennaya raznitsa bundadır ki...

H ə s ə n q u l u  b ə y (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan.

H ə s ə n  b ə y. Net, mən kak istinnıy narodnik protestuyu!

Bunlar, – Rza da iştirak edir, – əllərilə işarələrlə danışıb bəhs edirlər.

M ə ş ə d i  İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını hamam pulunu, inşallah, mən verəcəyəm, hə?.. Bu bahalıqda bir bu qədər hamam pulu heç bilirsən neçə elər? Görürəm, hamamçını bir no kələkləyə bilərəmmi?

H ə s ə n q u l u  b ə y (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye!

H ə s ə n  b ə y. Net! Ya doljen protestovat.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info