Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

Dedin qocalıqda bir qız alasan, (2 dəfə)

Cavan qızı alıb evə salasan.

Ay belə iş olmaz!..

H a m b a l. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da vergilən.

M ə ş ə d i  İ b a d (lap azarlı kimi). A gedə, rədd ol başımdan! Mən nəyin dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı.

Millətpərəst Həsənqulu bəy gəlir.

 

H ə s ə n q u l u  b ə y. Məşədi İbad, salamünəleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?

M ə ş ə d i  İ b a d. A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin. Sənin yanın-da Rüstəm bəy demədi ki, qızı sənə verirəm?

H ə s ə n q u l u  b ə y. Dedi!

M ə ş ə d i  İ b a d. Sonra məni evinə çağırmadı?

H ə s ə n q u l u  b ə y. Çağırdı!

M ə ş ə d i  İ b a d. Siz də qonaq gəlmədiniz?

H ə s ə n q u l u  b ə y. Gəldik!

M ə ş ə d i  İ b a d. Qonaqlıqda məni mübarəkbad eləmədiniz?

H ə s ə n q u l u  b ə y. Elədik!

M ə ş ə d i  İ b a d. Birisi də mənə orada meymun demədi?

H ə s ə n q u l u  b ə y. Dedi!

M ə ş ə d i  İ b a d. Mən də onunla dalaşmadım?

H ə s ə n q u l u  b ə y. Dalaşdın!

M ə ş ə d i  İ b a d. Siz də bizi aralaşdırmadınız?

H ə s ə n q u l u  b ə y. Aralaşdırdıq!

M ə ş ə d i  İ b a d (bərkdən). Bəs bu nə kələkdir ki, Rüstəm bəy mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir.

H ə s ə n q u l u  b ə y. Sən heç qəm eyləmə. İşi düzəltmək asandır. İstərsən mən düzəldərəm!

M ə ş ə d i  İ b a d. A kişi, atana Allah rəhmət eyləsin, düzəlt, düzəlt, yoxsa əhvalım çox pərişandır.

H ə s ə n q u l u  b ə y. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə bir balaca pul lazımdır.

M ə ş ə d i  İ b a d (təəccüb ilə). Nə? Beş yüz manat pul verim?!

H ə s ə n q u l u  b ə y. Əlbəttə, pulsuz olmaz ki!..

M ə ş ə d i  İ b a d. Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim!

H ə s ə n q u l u  b ə y. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir.

M ə ş ə d i  İ b a d (əlini qoynuna salıb pul çıxardır). Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz borclusan, elədi beş yüz.

H ə s ə n q u l u  b ə y. Hə!.. İndi işi düzəldərəm, ancaq sən bir qəzetəçi Rzanı da gör, çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (Baxır.) Aha, budur, özü də gəlir.

Rza vaqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir.

 

R z a  b ə y. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki adaxlısı var imiş!

M ə ş ə d i  İ b a d. Aya Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və bu əhvalatı qəzetədə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm!

R z a  b ə y. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm!

M ə ş ə d i  İ b a d. Neçün?

R z a  b ə y. Çunki o cür şey mənim məsləkimə müğayirdir, bu iş sənin öz xüsusi işindir, camaata nə dəxli var qəzetədə yazam?!

M ə ş ə d i  İ b a d. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır.

R z a  b ə y. Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğayirməslək iş görə bilmərəm!

M ə ş ə d i  İ b a d (əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız əvəzinə göstərir). A kişi, axır bu bir parça kağızı yazmaq çətin şeydirmi?

R z a  b ə y (pulu görür). Hə!.. Bu başqa məsələdir, indi başa düşdüm ki, sən nə deyirsən; yazaram, çox yaxşı yazaram!

M ə ş ə d i  İ b a d. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin... Adı nədir?.. Siz ona nə deyirsiniz?

R z a  b ə y. İzhari-nifrət!

M ə ş ə d i  İ b a d. Hə, hə!.. İzhari-nifrət, izhari-nifrət!

 

Bu halda intelligent Həsən gəlir.

H ə s ə n  b ə y. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda çəkmişəm.

M ə ş ə d i  İ b a d. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, sonra da suda çəkirsən?!

H ə s ə n  b ə y. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən.

M ə ş ə d i  İ b a d. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, səni suda çəkirəm!

H ə s ə n q u l u  b ə y (Məşədini bəri çəkir). Məşədi, ağzına bir şey ver, rədd olsun!

M ə ş ə d i  İ b a d. Yəni buna da pul verim?

H ə s ə n q u l u  b ə y. Bir əlli manat ver, əl çəkər.

M ə ş ə d i  İ b a d (çıxardır). Ala, ala, rədd ol başımdan!..

H ə s ə n  b ə y. Eto druqoye delo. Ərizəmi geri alaram.

M ə ş ə d i  İ b a d. Diriqoy, ya qeyri diriqoy...

H a m b a l. A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan!

M ə ş ə d i  İ b a d. Əşi, rədd ol o yana, bir sən qalmışdın ki, məni soyasan. (Yüyürür hambalın üstə, hambal qaçır, amma sonra yenə gəlir.)

H ə s ə n q u l u  b ə y. Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Axı belə iş olmaz ki, Rüstəm bəy eyləyir, Bu kişi də axı yazıqdır. Pulu gedir, özü də biabır olur. Gəlin bu saat Rüstəm bəyi bura çağıraq və onunla seryoznı danışaq!

H a m ı. Əlbəttə, əlbəttə.

Qapını döyürlər. Rüstəm bəy gəlir.

(Musiqi)

Böylə olmaz ki, sən aldadasan bizi,

Sən verirsən qızı

Özgə adama ərə getsin. (2 dəfə)

Bəs bu kişi yazıq necə etsin? (2 dəfə)

M ə ş ə d i  İ b a d

Allaha and olsun, budur deyirəm:

Qızı mənə, qızı mənə gərək verəsən.

Verməsən hərgah, eylərəm bədnam,

Çünki mən bir adamam, baxmaram bəyə.

H a m ı. Böylə olmaz ki, sən... (i.a...)

R ü s t ə m  b ə y. Sözün doğrusu, mən qanmıram ki, siz nə deyirsiniz!

M ə ş ə d i  İ b a d. Hecə qanmırsan? Mənim pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə verəcəyəm, amma özgəsinə verirsən.

R ü s t ə m  b ə y. Kim deyir onu?

M ə ş ə d i  İ b a d. Öz gözümlə gördüm ki, sənin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, ədə, sən kimsən, dedi: mən qızın adaxlısıyam!

R ü s t ə m  b ə y. Ha, ha, ha!.. O kişi zarafat edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir. Sən də inanırsan və bir də (onlara) Həsənqulu bəy, Rza bəy, sizin üçün eyb olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Mən çox inciyirəm.

H ə s ə n q u l u  b ə y. Rüstəm bəy, vallah, bağışla bizi, Məşədi İbad yoldan çıxartdı.

R z a  b ə y. Sən Allah incimə bizdən, burada, rus demişkən, nedarazumeniya əmələ gəlibdir.

M ə ş ə d i  İ b a d (Rüstəm bəyə tərəf gedib, əlindən tutur). Bağışla, bəy, Allah səndən razı olsun ki, bizi şəkki-şübhədən çıxartdın. Amma, vallah, əhvalım çox pərişan olmuşdu. Ə kişi, mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, Allah şeytana lənət eyləsin! (Gülə-gülə) Rüstəm bəy mən istəyirəm ki, toyu bu günlərdə başlayam. Nə deyirsən?

R ü s t ə m  b ə y. Çox da yaxşı olar, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

M ə ş ə d i  İ b a d. Onda mən bu gün istixarə elətdirərəm, bu yaxın xoş günlə-rin birində toyumuzu başlarıq.

H a m ı. Allah mübarək eyləsin! Məşədi İbad, toy hamamında bir yerdə çimək.

M ə ş ə d i  İ b a d. İnşallah, bir yerdə çimərik. (Kənara) Bu şərtlə ki, hamam pulu sizdən.

H a m ı

Məşədi İbad, çox mübarək olsun!

Toyun sənin çox mubarək əst!

M ə ş ə d i  İ b a d

Çox sağ olun, çox da razıyam,

Zəhmət çəkib iş düzəltdiniz.

H a m ı

Məşədi İbad, çox mübarək olsun!

Toyun sənin çox mübarək olsun!

Çox mübarək olsun, çox mübarək olsun!

Olsun, olsun, olsun, olsun!..

 

P Ə R D Ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Bir hamamın soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxar-kən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə bürünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta Məhərrəm Kərbəlayı başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camandar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.

(Musiqi)

H a m ı (oxuyurlar)

Hamamın içində, içində də çölündə (2 dəfə)

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

H a m a m d a n  b i r  s ə s

Gəl, ey ha!.. Bir yumurta!

 

 

H a m ı

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

 

(Musiqi)

Dəllək qırxır, hamamçı qəlyan çəkir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info