Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

R ü s t ə m  b ə y

Bu sən öl!

M ə ş ə d i  İ b a d

Bəs elə isə?

R ü s t ə m  b ə y

Ver əlini!

 

Musiqi çalınır, ikisi də oynayır.

 

M ə ş ə d i  İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mənə verərsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!

R ü s t ə m  b ə y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir.)

M ə ş ə d i  İ b a d

Min manat sənə bəsdirmi?

R ü s t ə m  b ə y

Min də üstə artır.

M ə ş ə d i  İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var.

R ü s t ə m  b ə y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyif ki, qocasan, taxsır özündə-dir.

M ə ş ə d i  İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm. (Pul çıxardıb verir.)

R ü s t ə m  b ə y. Olar. (Pulu alır.) Zərər yoxdur.

M ə ş ə d i  İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

R ü s t ə m  b ə y. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm.(Gedir)

M ə ş ə d i  İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!... (Sükut) A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır) Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır.) Deyəsən burada bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır.) A zəhrimar!... Görünür ki, heyvanbalası dəllək hənanı pis yaxıbdır. (Çıxardır) Puf... Rədd ol, şarlatan!... Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir.) İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: hərgah belə qoysam (kəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cür qoysam (lap dala qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əyər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşayaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başı açıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik menşi nelza. (Səs gəlir) Aha, deyəsən qız gəlir; indi gərək mən серÑ‘зныски olam. (Bir kreslo üstündə bardaş qurub oturur.)

Gülnaz ilə Sənəm daxil olur.

 

G ü l n a z. Uy, mən bu kişidən qorxuram!

S ə n ə m. Nə kifir kişidir, ay Allah!

M ə ş ə d i  İ b a d (kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsa yaxşıdır. (Onlara) Bir deyin görüm xanım hansınızdır, qulluqçu hansınız?

S ə n ə m. Mən qulluqçuyam, bu xanımdır. (Otururlar)

M ə ş ə d i  İ b a d. Çox gözəl, çox əcəb! (Kənara) Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara (Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır.) Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qo-yursan.

G ü l n a z. Xeyr, həna qoymuram!

M ə ş ə d i  İ b a d. Hə!... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara) Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.

G ü l n a z. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola.

S ə n ə m. Allaha şükür, xanım qocalmayıb ha!

M ə ş ə d i  İ b a d (tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım – həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkərdə olmuşam və fars da deyir ki, “tərki-adət bə movcibi mərəzəst”. (İrəli gəlir) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyirdi ki, başımın hənasının xaxtı keçəndə başım ağrıyır. Çünki adətkərdə olmuşdu.

G ü l n a z. Yəqin sizin də saqqalınızın hənasının vaxtı keçəndə ağrıyır.

M ə ş ə d i  İ b a d. Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (Başını göstərir)

G ü l n a z. Heç qara da yoxdur.

M ə ş ə d i  İ b a d. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər.

S ə n ə m. Görünür ki, sənin çox pulun vardır.

M ə ş ə d i  İ b a d. Sənin dövlətindən kefim çox kökdür.(Əlini cibinə salıb, bir abbası çıxardır.) Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən.

S ə n ə m. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.

M ə ş ə d i  İ b a d. Aha, o başqa məsələ. (Pulu qoyur cibinə.) Heç pis arvad deyildir. (Ona) Bir mənə de görüm sənin ərin var?

Sənəm. Xeyr, yoxdur.

M ə ş ə d i  İ b a d. Çox gözəl. (Kənara) Qabaqdan bilsəydim, əvvəlcə bunu alardım, sonra xanımı! (Ona) Kefin necədir, yaxşı dolanırsanmı?

Sənəm. Nə üçün, şükür Allaha, yaxşıyam.

M ə ş ə d i  İ b a d. Çox gözəl. (Gülnaza) Xanım, heç sən danışmırsan?

G ü l n a z. Mən qulaq asıram.

M ə ş ə d i  İ b a d. Çox gözəl. Qulaq asmaq da yaxşı şeydir. (Kənara) Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki (oxuyur):

Hüsn bağında gəzəsən,

Gülü sünbül dərəsən.

Sən kimi bir gözəli

Bağın içində görəsən.

G ü l n a z. Baxasan gül yanağına, olasan məstü xumar.

B i r  y e r d ə. Deyəsən heç belə işrət olmaz, sən öləsən!

 

(Musiqi)

 

S ə n ə m

Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?

Qorxmayırsanmı ki, axırda gələ başa kələk.        

G ü l n a z

Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək!

B i r  y e r d ə. Üzünü it də görərsə yalamaz, sən öləsən!

 

(Musiqi)

M ə ş ə d i  İ b a d

Görürəm kim, mənə sən çox yetirirsən gözünü,

Qorxuram kim, ki axırda itirərsən özünü

G ü l n a z

İstəyirsənmi, sözün mən deyərəm lap düzünü

B i r  y e r d ə. Sən kimi bir qocaya qız yaramaz, sən öləsən!

G ü l n a z (dururlar). Hələ ki, xudahafiz, biz gedək.

M ə ş ə d i  İ b a d. Ay çox sağ olun, Allah pənahında olasınız! (Gedirlər). Bir dəli şeytan deyir ki, ikisini də birdən al!

R ü s t ə m  b ə y (daxil olur). Necədir, qızı bəyəndin?

M ə ş ə d i  İ b a d. Qızı da bəyəndim, hələ desən qulluqçunu da!

R ü s t ə m  b ə y. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eləyim.

M ə ş ə d i  İ b a d. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim!

R ü s t ə m  b ə y. Yox, Məşədi, bir az dayan!

M ə ş ə d i  İ b a d. Nə var ki?

R ü s t ə m  b ə y (yalançı sədaqət ilə). Məşədi İbad, sənin üzünə demirəm, amma sən bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik.

M ə ş ə d i  İ b a d. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy – ki, mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir, – keçən gün mənə deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcəyəm. Amma mən hər adamla qohum olmaq istəmirəm. Qərəz... Qonaqların kimdir?

R ü s t ə m  b ə y. Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan.

M ə ş ə d i  İ b a d. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcəkdir.

R ü s t ə m  b ə y. Birisi qəzetəçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünki o bir qədər mərdimgirizdir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (Qapı döyülür) Aha, gəldilər. Buyurun-buyurun!

 

Qapı açılır, həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç durub, guya söhbət edir kimi oxuyurlar.

(Musiqi)

 

H ə s ə n q u l u  b ə y

Deyirlər ki, toy olacaq.

R z a  b ə y

Məşədi İbad qız alacaq.

Ə s g ə r

Söylə görüm toy haçandır?

H ə s ə n  b ə y

Doğrudurmu toy olacaq?

H a m ı

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

R ü s t ə m  b ə y

Allah qoysa, tez toy olar.

R z a  b ə y

Söylə görüm toy haçandır?

M ə ş ə d i  İ b a d

İnşaallah, tez toy olar.

H ə s ə n  b ə y

Doğrudurmu toy olacaq?

H a m ı

Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə)

H ə s ə n q u l u  b ə y

Yəqindir ki, bu toyda...

Ə s g ə r

Bu toyda...

H ə s ə n  b ə y

Bu toy, bu toy, bu toyda...

H a m ı

Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə)

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

(Musiqi)

R ü s t ə m  b ə y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağı-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm.

R z a  b ə y (kənara). Kişiyə yox, kişinin puluna.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info