Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

R z a  b ə y. Əşi, ayıbdır hamamın içində.

H ə s ə n q u l u  b ə y. Da protestuyte, skolko xotite!

H ə s ə n  b ə y (bərkdən). Ya ne pozvolyu, çtobı...

Əsgər, Rza tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar.

M ə ş ə d i  Q ə z ə n f ə r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyu-nun təsirindəndir.

M ə ş ə d i  İ b a d (onlara). Bura bax, a!... Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki... (Sükut; hamamçıya müraciətən) Məşədi Qəzənfər, sənin yadına gəlməz, çünki çox kiçikdin, mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuza-nın qızı, rəhmətlik Sonanı almışdım, toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik sənin atan Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki... Nə qədər eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı... Qərəz, rəhmətlik çox gözəl kişi idi.

Hamı bir-birinə baxıb himləşir.

M ə ş ə d i  Q ə z ə n f ə r. Heç mənim özümü demirsən. Keçən həftə bizim Məşədi Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük üstümə atdı, istədim almayam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların hərəsinə on manat naçay bağışladı; onun sabahı bir də gördüm ki, bir dəst yaxşı libas, iki kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfəşanlıq oldu.

Bəylər himləşib gözləşirlər.

H ə s ə n q u l u  b ə y (Həsən bəyə). Vı vezde umestno, neumestno lezite sporit.

R z a  b ə y. Yenə başladılar ki...

H ə s ə n  b ə y. Ya ne moqu, ya doljen protestovat, ya çelovek s ubejdeniyem.

H ə s ə n q u l u  b ə y. Da vı, prosto obmanşik i vse!

H ə s ə n  b ə y (bərkdən). Çto? Vı menya oskorblyayete?

H ə s ə n q u l u  b ə y (o da bərkdən). Da oskorblyu!

Ara qarışır, Rza, Əsgər, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər.

H ə s ə n  b ə y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za oskorbleniye. (Gedir.)

R z a  b ə y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da onun dalınca gedir.)

H ə s ə n q u l u  b ə y (kefsiz). Həzərat, bağışlayın, xudafiz!.. (Gedir.)

Ə s g ə r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik!

Gedir, adamları da onun dalınca çıxırlar.

Qalır hamam əhli ilə Məşədi İbad və hambal.

M ə ş ə d i  İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı!

M ə ş ə d i  Q ə z ə n f ə r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır?

M ə ş ə d i  İ b a d. Havanın təsirindəndir. (Ona) Qərdəş oğlu, haqqhesabımız neçə elədi?

M ə ş ə d i  Q ə z ə n f ə r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver, istərsən mən də atam kimi səndən heç zad almayım...

M ə ş ə d i  İ b a d. Xeyr, çox sağ ol! (Kənara) O, mənə baha oturar. (Pul çıxardır verir.) Bəsindirmi?

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəsdir, Allah bərəkət versin!

M ə ş ə d i  İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə verərsiniz.

C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin!

H a m b a l. Məşədi, abbasını vermədin, ha!..

M ə ş ə d i  İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın, hamam pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara) Balam, siz də bir şey çalın, camaat yığılsın hamama, çıxaq gedək.

Zurnaçılar çalırlar, bir qədər keçmiş çıxıb gedənlər hamısı geri qayıdırlar.

M ə ş ə d i  İ b a d (durur). Ya Allah!..

Hambal kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər. Hamamçı, dəllək Məhərrəm, Kərbəlayı Nəsir və camadarlar yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar.

M ə ş ə d i  Q ə z ə n f ə r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə danışaq: harda yuyunub təmiz olarsan?

H a m ı. Hamamda!

U s t a  M ə h ə r r ə m. Harda suya batıb çıxa bilərsən?

H a m ı. Hamamın xəznəsində.

K ə r b ə l a y ı  N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Əşi, heç kəs!

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!

 

(Musiqi)

H a m ı

 

Hamamın içində, içində də çölündə (2 dəfə)

Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

 

(Musiqi)

(Usta Məhərrəmlə Məşədi Qəzənfər kürkünü salıb oynayırlar,

camadarlar da çırtıq vururlar.)

 

P Ə R D Ə

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Məşədi İbadın evində vaqe olur. Toy məclisidir. Qoçu Əsgər “Padşah” olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: Həsənqulu bəy, Rza bəy, Əsgər və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəədə çıxıb gedir.

 

Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir “Roza” havası çalsın, Həsənqulu bəy durub oynasın!

H ə s ə n q u l u  b ə y (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmi-rəm, məni bağışla!

Ə s g ə r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib oynadırlar. Bəədə haman qərar ilə Rza bəy oynayır.) Çəkin buraya Məşədi İbadı! Bəy gərək toyunda oynasın ki, ucuzluq olsun.

 

O biri otaqdan Məşədi İbadı gətirirlər. Məşədi İbad “Mirzəyi” havasını oynayır.

 

H ə s ə n q u l u  b ə y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə.

H a m ı. Bəli vaxtdır. (Ayağa durub hamı gedir.)

M ə ş ə d i  İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi bilmişəm ki, mənim bir eyibim varsa, o da eyibsizli-yimdir. Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir danə eyibim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ bundadır. Vəssəlam... Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu: beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz manat... Əşi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis geyinməmişəm, ha!.. (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə əyləşir.) Bəli, qız gəlsin görək nə olacaq-dır. (Zümzümə eyləyir:)

Şəb əsl şəhido şəmo şərabo şirin,

Qənimət əst ke, şəbi ruyi dustan bini!

Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla) Ağzı nədir! Vallahi, bax bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedən-də qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qədər; qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmi-şəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kimi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərrə olsun üzümə durma-dı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır. (Yumruq göstərir. Bu əsnada daldan: “Allah”, “Allah” cəci gəlir, zurna çalınır.) Paho, gəlin gəldi, mən qaçım!

Qaçır o biri otağa. Gəlini gətirirlər. Sənəm dəxi gəlin ilə içəri girir.

 

B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl.

 

Hamı çıxır, tək gəlin qalır.

(Musiqi)

 

M ə ş ə d i  İ b a d (daxil olur)

Mən nə qədər, nə qədər qoca olsam da,

Dəyərəm min cavana...(və i. a .oxuyur.)

Xanım, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban!

 

Çarşabın içindən gəlin əvəzinə Sərvər çıxıb,

əlindəki siğarı tapança kimi uzadır Məşədi İbada tərəf.

 

M ə ş ə d i  İ b a d. Vay!.. (Deyib çökür.)

S ə r v ə r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür!

M ə ş ə d i  İ b a d (qorxu ilə). De qoy tapım da!.. (Stolun üstündən kağız-qələm götürür.) Bəs indi nə qayırım?

S ə r v ə r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni!

M ə ş ə d i  İ b a d. Yazım da, vallah, bu saat yazım!

S ə r v ə r. Yaz! (Bərkdən deyir.) Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu..

M ə ş ə d i  İ b a d. Vaxsey!.. Atamın adını da bilir!

S ə r v ə r. Danışma, yaz, yoxsa adlaram səni!

M ə ş ə d i  İ b a d. Vallah, danışmıram, yazıram, sonra?

S ə r v ə r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.

M ə ş ə d i  İ b a d. İstəyirəm...

S ə r v ə r (acıqlı). İstəmirəm!..

M ə ş ə d i  İ b a d. Yaxşı, istəmirəm, istəmirəm!..

S ə r v ə r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.

M ə ş ə d i  İ b a d. Bunu kim təvəqqə edir?

S ə r v ə r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!

M ə ş ə d i  İ b a d. Yazıram, yazıram, sonra?

S ə r v ə r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?

M ə ş ə d i  İ b a d. Yazdım...

S ə r v ə r. De qol qoy!

M ə ş ə d i  İ b a d. Vaxsey!.. Bəs mənim pullarım...

S ə r v ə r. Qol qoy, yoxsa partladaram səni. (Qol qoydurur.) İndi tərpənmə!

M ə ş ə d i  İ b a d. Tərpənmirəm.

S ə r v ə r. Danışma!

M ə ş ə d i  İ b a d. Danışmıram.

 

Sərvər dal-dalı gedib Sənəmi gətirir.

 

S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir.) İndi tərpənmə!

M ə ş ə d i  İ b a d. Tərpənmirəm.

S ə r v ə r. Danışma!

M ə ş ə d i  İ b a d. Danışmıram.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info