Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

R ü s t ə m  b ə y. Və özüm də bu qohumluğu özüm üçün...

R z a  b ə y. Pul dağarcığı hesab edirəm.

R ü s t ə m  b ə y. Böyük bir şərəf hesab edirəm.

H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin!

Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və “zakuska” düzürlər.

R ü s t ə m  b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş edək.

Hamı oturur, Məşədi İbaddan başqa.

 

R z a  b ə y. Bəs Məşədi İbad?

M ə ş ə d i  İ b a d. Xeyr, məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məş-ğul olun, mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir.)

H ə s ə n q u l u  b ə y. Həzərat! Təvəqqə edirəm stəkanlarınızı doldurasınız və mənə də izin verəsiniz ki, bir neçə kəlmə söz deyim.

H a m ı. Buyur, buyur,

H ə s ə n q u l u  b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir.

M ə ş ə d i  İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm.

H ə s ə n q u l u  b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam gör-mək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad!

H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad!

Ə s g ə r (ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, osaat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə, dayan!.. Dayanmadı, part, bir güllə!.. Bir də gördüm: şarap!.. Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gördüm kim?.. Həmin bu Məşədi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, Allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına.) Sağ ol Məşədi İbad! Sağlığına içirəm.

M ə ş ə d i  İ b a d. Çox sağ ol! (Kənara) Heç görün dəxli var?!

R z a  b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir.) Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir.) Əfəndilər, bir də cavab vermə-yəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir.) Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?

R ü s t ə m  b ə y. Çox sağ ol, çox razıyam!

R z a  b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam! (Tələsik papağını geyir.)

R ü s t ə m  b ə y. Rza bəy, hara buyurursan?

R z a  b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izin istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.

H ə s ə n q u l u  b ə y. Deməli, sən bizdən izin istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.

O  b i r i l ə r i. Vallah, biz də başa düşmədik.

M ə ş ə d i  İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur.)

R ü s t ə m  b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.

H ə s ə n  b ə y (ayağa durur). Qospada, mənə pazvolt eləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!

H a m ı. Buyur-buyur!

M ə ş ə d i  İ b a d. Görək, bu nə deyir?

H ə s ə n  b ə y. Qaspoda! Platon demişdir ki, çelovek jivotnoye obsestvennoye, yəni insan bir sürü heyvandır.

M ə ş ə d i  İ b a d. Heyvan özünsən!

H ə s ə n  b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı “buşmen”lərə və “kontintot”lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağı salır.) Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəyirəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymundur ki, durubdur. Mən yenə povtarit eləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir.Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, əzr eylədim ki, çirkindir.

M ə ş ə d i  İ b a d. Mürtəd oğlu mürtəd yıxıb ağzına-ağzına vurasan.

H ə s ə n  b ə y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr, Rustəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanin-dir; i tak, Rustəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rustəm bəy!

H a m ı (yavaşdan). Yaşasın, yaşasın!

R z a  b ə y. Maşallah bu kəlama!

H ə s ə n q u l u  b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa!

H a m ı. Duraq! (Dururlar)

Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?

H a m ı. Bəli, vaxtdır.

H ə s ə n q u l u  b ə y. Rüstəm bəy, xudahafiz. (Əl verir) Məşədi İbad xudaha-fiz. (Əl verir)

Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşədi İbad, xudahafiz.

H ə s ə n  b ə y. Rüstəm bəy, xudahafiz, Məşədi İbad, xudahafiz. (Əl verir)

M ə ş ə d i  İ b a d. (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?

R ü s t ə m  b ə y. Nə oldu, nə oldu?

H ə s ə n  b ə y. Pozvolte, pozvolte, ya yemu zadam, merzavsu!

 

Hamı yığılır. “Nə oldu, nə oldu?” deyib, araşdırırlar, şuluqluq düşür.

(Musiqi)

 

H ə s ə n  b ə y

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə)

Darbadağın lap dağılar, rədd ol burdan.(2 dəfə)

H ə s ə n q u l u  b ə y.

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,

İntiligent ola-ola savaşırsan. (2 dəfə)

M ə ş ə d i  İ b a d.

Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə)

Meymun özü ola-ola mənə deyir.

H a m ı

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)

Xalqın evində dava etmək pis şeydir.

Xalqın evində dava etmək pis şeydir.

Adama yaraşmaz, adama yaraşmaz,

Adama yaraşmaz, maz, maz, maz, maz, maz...

 

P Ə R D Ə

 

 

İKİNCİ PƏRDƏ

 

Rüstəm bəyin heyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin heyəti hasar ilə məhsurdur. Pərdə qalzdıqda həyətdə Sərvər ilə Gülnaz görünür. Pərdədən qabaq musiqi çalır. Sonra tarda “Şahnaz” çalınır. Pərdə qalxır.

S ə r v ə r

Cahanda var görəsən dərdi-eşqə bir çara,

Bu eşq o eşqdir ki, Məcnuni qoydu avara.

G ü l n a z

Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı,

Dübarə tişəni çaldırdı başa biçara.

 

(Musiqi)

 

İ k i s i  b i r  y e r d ə

Çün bahar oldu açıldı...

Gül açıldı hər yanda.

 

(Musiqi)

 

Çün bahar oldu açıldı...

Gül açıldı hər yanda.

Bülbül etdi ahü zarü

Nalə çəkdi oxudu. (2 dəfə)

 

(Musiqi)

 

Çünki gördü xari bülbül,

Söylədi ki, ey birəhm!

 

(Musiqi)

 

Çünki gördü xari bülbül

Söylədi ki, ey birəhm!

Səndə yoxdur eşq odu,

Gəl həzər et naləmdən. (2 dəfə)

 

(Musiqi)

 

Aşiq oldur ki, veribdir canini ol canana.

 

(Musiqi)

 

Aşiq oldur ki, veribdir canini ol canana.

Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə)

 

Bu əsnada Məşədi İbad, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın yanında dayanır.

 

 

M ə ş ə d i  İ b a d. Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki gündüz də bu hasardan aşmaq çətindir. Ya Allah!.. (İstəyir hasardan aşsın, amma bacarmayır.) Yox, görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır.) Ada, hambal!

H a m b a l (yüyürür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır.)

M ə ş ə d i  İ b a d (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info