Qonaq Kitabı
ARAZ

Bir saat sonra Dusya ilə dadlı-dadlı gülüb-danışırdı. Axşam bərabər kinoya getdilər. Gecə evə dönərkən Maşa onları sevinclə qarşılayaraq:

- Ağaya xeyir işinizi dedim. Çox razı qaldı. “Mişa bizim adamdır, getsin” – dedi. Sabah axşam toyu başlayarıq.

Sevindiyindən o gecə Mişanın gözlərinə yuxu getmədi. Maşa vasitəsi ilə yüksək vəzifə ala biləcəyini düşünür və bu işə ürəkdən sevinirdi.

Səhəri Mişa ilə kilsəyə gedib nikah oxutdular. Toy bazar günü olduğundan o gecə səhərə qədər dost-aşnalarla yeyib-içməyə, çalıb-oynamağa məşğul oldular. Bazar ertəsindən Mişa yenidən fəaliyyətə başladı. Indi ona iki göz, iki qulaq kifayət etmirdi. Insanların qəlbinə, vicdanlarına yol tapa bilmək üçün iki göz, iki qulaq da satın almaq istəyirdi. O yenə istədiyi kimi müxtəlif qiyafələrə girir, böyük bir iş açmaq üçün hər fədakarlığa qatlanırdı. Gözlərinin rəngini dəyişmək üçün qaşlarına, kirpiklərinə sürmə çəkir, stansiya salonlarını, şübhələndiyi meyxanaları, çayxanaları gecə-gündüz dolaşır, cin kimi insanların qulağına girir, “nəhəngləri, dənizin dərinliklərində tutmaq olar” – deyə şəhərin tünlük yerlərində olan yeraltı qaranlıq meyxana və çayxanalara qədər soxulurdu. Bir gün yenə şəhərin ən məşhur pasajının anbarında olan meyxana qarşısında durub ov axtarırdı. Ona şübhəli gələn bir adamın meyxanaya girdiyini gördü. Bir saniyə sonra Mişa da həmin meyxanaya girdi. Meyxana uzun, koridor kimi bir yer idi. Heç bir tərəfə pəncərəsi olmadığından gecə-gündüz elektrik lampaları yanırdı. Bir-birindən aralı dörd adamlıq stollar qoyulmuşdu. Stol başında oturan müştərilərin üzü, siması tavana bağlanmış kiçik lampaların sarımtıl işığında zor-güc seçilirdi. Ancaq bufetin ətrafı işıq idi. Mişa ağ döşlük tutmuş bufetçiyə, onun yanında duran xidmətciyə yanaşıb sifariş verdikdən sonra, bütün müştəriləri aydın görə biləcək bir stol yanındakı skamyaya oturdu. Stol başında oturan müştəriləri lampaların sarımtıl işığında bir-bir gözdən keçirirdi. Təqib etdiyi adamı görmədi. Dərin bir heyrət içində düşünməyə başladı. O bu təəccüblü hadisədən həm maraqlanır, həm də şübhələnərək:

- Burada mühüm bir sirr var, bu işi açmaq lazımdır, - dedi. Bu hadisə onu o qədər məşğul etmişdi ki, sifariş verdiyini unutmuşdu. Bu işi açmaq, bu sirri tapmaq üçün tədbirlər düşünürdü. Xəyalından keçən müxtəlif tədbirlər Mişanı rahatsız edirdi. İstər istəməz əlini yeməyə uzatdı. Selyodka balığının qabığını iki əli ilə soyub atdıqdan sonra acgözcəsinə yeməyə məşğul oldu. O qədər sürətlə yeyirdi ki, onun yeyişinə bütün müştərilər, bufetçi və xidmətçi göz altından baxıb gülürdülər. Yeməyi bitirincə meyxanadan çıxdı. Gecə yarısına qədər meyxanaya gedən adamların keşiyini çəkdi. Ancaq meyxana qapısından girib gözdən itən adamı görə bilmədi. O gecə oxu daşa dəymiş ovçu kimi kor-peşman evə qayıtdı.

Mişa bu sirri açmağa qərar vermişdi. Üç gün-üç gecə haman meyxananın ətrafında sərsəri kimi dolaşdısa, axtardığı adamı görə bilmədi. Acığından dil-dodağını gəmirir, xəfiyyəlik işlərindəki məharətsizliyinə lənətlər yağdırırdı. Bu üç gün içərisindəki yorğunluq və həyəcandan onda sir-sifət qalmamışdı. Rəngi uçmuş, nəşəsi qaçmışdı. Onun bu halını görən Dusya:

- Sənə nə olmuşdur, xəstəsən, nədir? – deyə ondan soruşdu. Mişa Dusyanın fikrini azdırmaq məqsədi ilə xəstə olduğunu söylədi.

Səhər tezdən qalxıb Mişa yenə şübhəli adamı tapmaq məqsədi ilə haman meyxanaya getdi. Bu dəfə o, dilənçi paltarı geyinmişdi. Bütün günü gözlədi, haman adamı görə bilmədi. Gecə saat 12 radələri idi. Mişa evə qayıtmaq istəyirdi ki, birdən haman adamın sürətlə meyxanaya girdiyini gördü. Dərhal özünü meyxanaya saldı, sərxoşlara məxsus bir əda ilə:

-       Mərhəmətli insanlar, mənim bir qədəh arağa ehtiyacım var. Kim mənim ehtiyacımı təmin edə bilər? – deyə ona yanaşdı. Adam şübhəli nəzərlə Mişanın sərxoş dilənçi qiyafəsinə, bulaşıq gözlərinə, üzünün spirtdən yanmış dərisinə diqqətlə baxdıqdan sonra onun adi bir səfil olduğunu görüb, ovcuna bir abbası qoyub: - Get, bufetdən al! – dedi. Mişa razılıq edib dəli kimi koridordakı bufetə tərəf getdi. Fəqət o adamın içəri girmədiyini görüncə, qapı ağzında bir saniyə dayandıqdan sonra tez geri döndü. O adamı görmədi. O, küçə qapısı ilə bufet qapısı arasında yox oldu. “Onu burada axtarmaq lazımdır! – dedi, hər tərəfə diqqətlə baxdı, nə bir tərəfə gediləcək bir yer, nə də açılacaq bir qapı vardı. Odur ki, əli ilə divarları yavaş-yavaş vurmağa başladı. O bir də əlini divara yavaşca vurarkən, divar başqa cür səsləndi. Mişanın qəlbində ümid doğdu. Gözləri sevincdən qaraldı, əlini divara bir də vurdu. Divarın arxası boş olduğunu yəqin etdi. Iki əli ilə divarı bütün qüvvəti ilə itələdi: birdən-birə kiçik bir qapı açıldı. Özünü zor-güc saxlayıb tez içəri girdi. Bilməsinlər deyə qapını yenə örtdü. Qarşısında qaranlıq uzun bir yol vardı. O qaranlıq yolla on beş addım getdi. Birdən-birə qəlbinə qorxu çökdü, “Bu uzun, qəbir kimi qaranlıq dar yol hara gedir? Burada məni tutub öldürsələr kimsənin xəbəri olmaz!” – deyə artıq irəli getməyə cəsarət etmədi. Ancaq burada mühüm işlər görüldüyünü yəqin etdi. Bir tərəfdən qorxu, bir tərəfdən sevinc və həyəcan onun qəlbini aldı, artıq orada dura bilmədi. Çıxarkən qapını açdığından qapı səsləndi. Xidmətçi bu səsdən özünü dişarı atdı. Qapı yanında Mişanı görüncə şübhəli baxışlarla onu süzərək soruşdu:

-       Sən burada nə edirsən? – Mişa özünü itirdi. Əli-ayağı titrəyə-titrəyə özünü sərxoşluğa vurub:

-       Ey mərhəmətli adam, mənə bircə rumka araq, - deyə yalvardı.

Xidmətçi onu bir də şübhəli nəzərlə süzüb:

-                      İçəri gəl! – deyə onu bufetin qarşısına gətirdi. Gözü ilə bufetçiyə işarə edərək:

-                      Buna bir qədəh araq ver! – dedi.

Bufetçi dumanlı gözləri ilə onu süzdükdən sonra bir qədəh araq verdi. Mişa arağı içib razılıq etdikdən sonra yarımsərxoş bir halda meyxanadan çıxdı. Mişa qapıdan çıxarkən xidmətçi onu gözləri ilə təqib edərək:

- Bu dilənçi mənə şübhəli görünür, - dedi.

Bufetçi istehza ilə gülərək:

- Səfil, sərxoş bir diləmçi, görmürsənmi üz-gözündən zəhirmar yağır, - deyə cavab verdi.

Mişa meyxanadan çıxıb getmək istərkən yanından keçən bir nəfər birdən-birə dayandı. Qaranlıqda Mişanın qolundan çəkərək:

-       Dostum, ələ ov keçirməmisənmi? – deyə istehza ilə soruşdu. Mişa onu səsindən tanıdı. Bu Tanya idi. Bi qiyafədə Tanyanın onu tanımasına heyrət etdi və belə bir vaxtda ona təsadüf etməsindən bərk dilxor oldu. Ələ keçirə biləcəyi ovu onun ələ keçirməsindən qorxaraq azdırmaq üçün bir tədbir düşündü, Tanyanın sualına cavab verməyib:

-       Xoş gördük, dostum, məqsədin nədir? – deyə soruşdu.

Tanya ona cavab verdi:

- Mənim bu gün heç bir məqsədim yoxdur. Həris ovçu kimi gözlərini meyxananın qapısına nə dikmisən? kimi güdürsən?

Mişa ona azdırma vermək üçün:

- Hələ heç kimi! Ümid yaxşı şeydir, - deyə cavab verdi.

Tanya inandırıcı bir səslə:

- O xaraba meyxananı gecə-gündüz güdməkdən yoruldum. Heç bir şey ələ keçmədi. İnqilabçıların orada nə işi var? Görmürsən bayquşlar ulaşır. Gəl gedək, bu yaxın dükanda bir az pivə içək! – deyə onun qolundan çəkdi. Bu təklif Mişanın ürəyindən olduğundan məmnuniyyətlə qəbul etdi. Qaranlıq podyezdlərdən birində üstdən geydiyi dilənçi paltarını və başındakı pariki çıxarıb Tanya ilə bilrikdə yaxındakı pivəxanaya getdi.

Inqilabçılara kömək məqsədilə Tanya Mişanı gözdən qoymur, ona göz verib işıq vermirdi.

Bu gün Tanya Mişanı bu məqsədlə yaxalamışdı. Onlar kiçik bir pivəxanada oturub danışırdılar. Tanya bu gecə Mişadan şübhələndiyi üçün ondan söz almağa tədbirlər düşünürdü. Mişa öyünməyi sevən, özünü tərifləməyi bacaran bir xəfiyyə idi. Içdiyi zaman bu halda onda özünü daha çox göstərirdi. Tanya Mişanın bu zəif cəhətini bildiyindən onu çox içirməyə qərar verdi. Ayaq üstə durmuş kelleri yanına çağıraraq:

- Bizə iki şüşə araq və yavanlıq gətir! – dedi.

Mişa etiraz etdi.

- Pivə ilə araq? Sən neyləyirsən?

Tanya gülə-gülə:

- Sən əmrə və vaxta qiymət verməyən qəribə adamsan. Gecə-gündüz bu adamların dalınca düşüb, onu-bunu güdməkdən bir şey çıxmaz. Bir az da dincəlmək, əylənmək lazımdır! – dedi.

Onlar yeyib-içməyə başladılar. Qədəhlər içildikcə başlar qızdı. Mişa Tanyanı tez başdan edib kəşf etdiyi yeniliyi jandarm idarəsinə xəbər verməyə can atırdı. Lakin Tanya ondan daha tədbirli hrəəkət etdi. O, Mişada yeni bir xəbər olduğunu hiss etdiyindən onu içirdir, müxtəlif söhbətlərlə onu qızışdırır və bildiklərini öyrənməyə çalışırdı. Mişanın artıq başı qızmış, ağlı dilinə hakim deyildi. O əvvəlcə xəfiyyəlikdə göstərdiyi məharətləri ilə öyünməyə başladı. Sonra əlindəki qədəhi başına çəkib:

- Təzə bir işə başlamışam, ona böyük ümidim var. Bunu aça bilsəm, göylərə nərdivan qoyacağam, - dedi.

Tanya gülümsəyərək:

- Heç inana bilmirəm. Sən həmişə kiçik məsələlərə böyük əhəmiyyət verir, həmişə də özün özünü biabır edirsən.

Mişa əlini stola çırparaq:

- Yox, doğru demirsən! – deyə etiraz etdi, sonra əhvalatı olduğu kimi ona danışdı.

Mişanın danışdıqları Tanyanı bərk təşvişə saldı. O Azadın həmin bu meyxanaya iki dəfə girdiyini görmüş, orada inqilabçıların məşğul olduqlarını hiss etmişdi. Indi isə hər şey ona aydın idi. O hər necə olursa-olsun, həmin gizli qapını tapmalı, ora yığışanları xilas etməli idi. Heyəcanını gizlətmək üçün Tanya dərhal qədəhi Mişanın müvəffəqiyyəti şərəfinə qaldırdı. Bu zaman xəfiyylikdə böyük şöhrət qazanmış Salman içəri girdi. Onları görüncə yaxınlaşıb: “dostlar, yaman kef edirsiniz”, - dedi. Tanya yanındakı stulu göstərib: “otur, Salman, otur!” – dedi. Qədəhləri tez doldurub: “bu qədəhləri də işlərimizin müvəffəqiyyəti şərəfinə içək” – deyə başına çəkdi. Qədəhi yerə qoyduqdan sonra paltosunu soyunub stuldan asdı, redikülünü stol üzərinə qoyub:

-       Ürəyim bulanır, görünür çox içmişəm. Mən bu saat gəlirəm, - deyə pivəxanadan çıxdı. Oradan birbaş meyxanaya gəldi. Mişanın verdiyi nişanələr üzrə qapının yerini tapdı. Lakin qapı daldan bağlı idi. Tanya nə edəcəyini bilmədi. Elə bu zaman Tanyanın hərəkətlərindən şübhələnən xidmətçi yanaşaraq:

-       Nə istəyirsiniz? – deyə şübhəli nəzərlərlə ona baxdı. Tanya özünü itirmədi. Xidmətçi buradakı işlərdən xəbərdar olan adama oxşayırdı. Onun inqilabçılarla əlaqədə olması haqqında da Tanyanın az-çox məlumatı var idi. Odur ki, dərhal məsələni açıb xidmətçiyə söylədi. Xidmətçi heyrətlə soruşdu:

-       Qoca dilənçi qiyafəsində bir kişidir?

Tanya:

- Odur! – deyə cavab verdi, artıq dayanmayıb meyxanadan çıxdı.

Xidmətçi gizli qapını açıb əhvalatı xəbər verməyə getdi. Bir adaç gecə biləcək qədər dar, fəqət uzun, qaranlıq dalanda otuz addım keçdikdən sonra alçaq bir qapını açıb iç

Ri girdi. İclasdakılar iki stolu birləşdirib oturmuş, nə isə mühüm bir məsələ həll edirdilər. Stol üzərində çörək, göyərti, balıq və boşqablar qoyulmuşdu. Xidmətçi içəri girincə6

-       Sizi təqib edən var, tez dağılın! – deyib əhvalatı qısaca onlara anlatdı. Təşkilat üzvləri qapıdan çıxarkən Vanya yavaşca:

-       Yoldaşlar, Araz gələcəkdi, bu işdən xəbəri olmayıb, yaxalanmasından qorxuram, - dedi.

Azad bir az düşündükdən sonra dedi:

- O bu gecə Hövsan kəndindədir. Görünür iclası uzun çəkib, şəhərə gec gələcək. Birinci tində onu tanıyan bir yoldaş qoymalıyıq, Araz gəlsə, xəbər versin.

Elə də etdilər, tində Arazın gələcəyi yerdə onu tanıyan bir yoldaş qoyub iclası qurtarmaq üçün başqa yerə getdilər.

Mişa çox içmişdisə də, huşunu itirməmişdi. Tanyanın pıvəxanadan tələsik çıxması isə onu bir qədər də özünə gətirdi. Ürəyi açıqlıq edib kəşf etdiklərini danışdığına bərk peşman oldu. Indi onun ürəyindən min bir fikir keçirdi. Bəlkə Tanya onu qabaqlamaq üçün getmişdi? Bəlkə bu gizli qapı ilə çox böyük hadisələr bağlıdır, belə bir fürsəti əldən çıxarsa onda nə deyərlər? Bütün bunları fikrinə gətirdikcə dəli kimi yerindən qalxdı. Onun bu hərəkətinin səbəbini çox yaxşı başa düşən Salman:

- Sənə nə oldu, Mişa, deyəsən araq sənə bərk təsir edib? – deyə istehza ilə soruşdu.

Mişa öz talaşının səbəbini büruzə verməməyə çalışırdı:

-       Yox, başım ağrayır, həm də işim var, mən getməliyəm, - deyə cavab verdi. Salmanla sağollaşıb getməyə tələsirdi ki, qapıda Tanya göründü. Gözləri ona sataşan kimi ürəyi buz kimi soyudu, təlaşı azaldı. Tanya onlara yaxınlaşan kimi Mişa:

-       Xeyr ola, hara belə getmişdin? – deyə soruşdu.

Tanya çox sakit və təmkinlə:

- Ürəyim bulanırdı, içdiklərimdən xilas olmaq üçün getmişdim, - deyə cavab verdi və öz yerində oturdu.

Bu cavab Mişanı qane etmədisə də bir qədər sakit oldu. Işi olduğunu Tanyaya da bildirdi və hər ikisi ilə görüşüb tələsik qapıdan çıxdı. Tanya onun hara və nə üçün getdiyini çox gözəl bilirdi. Dalınca baxaraq gülə-gülə:

- Yəqin, yerini kəşf etdiyi ovları ələ keçirmək üçün tələsir, - dedi.

Mişa qapıdan çıxan kimi küçədə vəzifə başında duran bir polisə yanaşdı. Vəsiqəsini göstərib ondan 5 polis nəfəri tələb etdi. Polis, fışqırığı ilə bir neçə polis daha çağırdı. Mişanın göstərişi ilə onlar meyxanaya getdilər. Mişa qapıdan dəhlizə girincə gizli qapını əli ilə çəkib açdı. Dar dalana səssiz, otuz addım getdikdən sonra artıq gediləcək yer olmadığından hamı dayandı. Mişa əli ilə ikinci qapını açdı. Ətraf qaranlıq idi. Kibrit yandırıb içəri girdilər. Hər tərəfə diqqətlə baxdılar, hər yeri axtardılar, heç kəs və heç bir şey görmədilər. Bu koridor kimi uzun boş yerdə heç bir adam əsəri görünmürdü.

Mişanın üzü heyrət içində qar kmii ağardı, qəlbi buz kimi dondu, heyrət içində başını yerə dikib qaldı.

O gecə həmin meyxanada Bakı kəndlərindən yerli təşkilatların birgə iclası çağırılmışdı. Iclas bakı Komitəsinin rəhbərliyi ilə keçirilirdi. Azad gördüyü işlər haqqında məruzə edirdi. Iclasa Araz da çağırılmışdı. Lakin həmin gecə o Hövsan kəndində partiya özəyinin iclasını çağırmış, iclas uzun sürdüyündən şəhərə çox gec gəlib çıxmışdı.

Araz həmişə tanıdığı bu meyxanaya onun sağ tərəfindəki küçədən gəlirdi. Bu gecə isə gecikmiş olduğundan yolu qısaltmaq məqsədi ilə meyxananın sol tərəfindəki küçədən gəlmiş, xəbərdarlıq üçün o biri tində onu gözləyən adamı görə bilməmişdi. Odur ki, Araz heç nədən şübhələnməyərək birbaşa gizli meyxanaya daxil oldu, meyxananın birinci qapısından keçib ikinci qapısından girmək istədi. Bu zaman Mişa:

- Şübhəsiz, bura inqilabçılar yuvasıdır, hayıf ki, biz onlar iclas etdiyi zaman gəlməmişik, - deyə qaranlıq koridora çıxırdı ki, qarşısında böyük bir kölgə gördü. Araz onu görüncə tez dönüb getmək istədi, lakin gec idi. Mişa onu görən kimi tanıdı.

- Oho, köhnə dostum, xoş gördük səni! – sonra polislərə onu tutmağı işarə etdi, məğrur tövrlə dedi:

- Bu yerdə toplananlar haqqında bundan məlumat alacağıq.

 

1936-1937

 

 

 

 

 

 



[1] Sərvət, dövlət.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info