Qonaq Kitabı
ARAZ

Azad səfərə hazırlaşırdı. O bu münasibətlə təşkilatın sınanmış üzvləri ilə məsləhətləşirdi. Losman Əlimərdan da burada idi.

Əlimərdan məşhur Bakı taciri Hacı Hadinin gəmisində işləyirdi. Tez-tez Həştərxana neft aparırdı. Uşaqlıqdan gəmidə işlədiyindən, Xəzər dənizinin, xüsusən Həştərxan və Bakı limanını çox yaxşı tanıyırdı. Liman fəhlələri arasında böyük hörməti vardı. Üzü boğulmuş mis rəngində olduğundan hamı ona Qara losman deyirdi. Əlimərdan Bakı bolşevik təşkilatının fəal üzvlərindən biri sayılır, Bakıdan Həştərxana, eləcəd də Həştərxandan Bakıya ədəbiyyat daşımaq işində təşkilata böyük kömək göstərirdi.

Azad gözünün üstünə tökülən saçlarını barmaqları ilə darayıb deyirdi:

- İrtica hər yanda hücuma başlamışdır. İndi bolşevik mətbuatını qüvvətləndirmək və onu geniş kütlələr arasında yaymaq əsas vəzifədir. Möhkəm, mütəşəkkil bir inqilab ordusu yaratmaq üçün bu ən gözəl vasitələrdən biridir. Indi düz söz qılıncdan da kəsərlidir.

Bayaqdan Vanya ilə yanaşı oturub Azadı dinləyən Araz da söhbətə qarışdı:

- Azad yoldaş doğru deyir ki, çox vaxt söz qılıncdan da kəsərli olur. Biz onu öz işimizdə də görürük. Məgər mitinqlərdəki odlu çıxışlar, fəhlələr arasında yaydığımız gizli intibahnamələr bunu sübut etmirmi?

Vanya onun sözünü təsdiq edərək:

- Düzdür, - dedi.

Qara losman Azad yoldaşı Həştərxana tacir Hacı Hadinin barjında aparacağını söylədi və Azadın təhlükəsiz gedib-gəlməsi üçün şərait yaradacağına hamını əmin etdi.

Yoldaşları Azada işində müvəffəqiyyətlər arzu etdilər. Araz əlini qara losmanın kürəyinə vura-vura:

- Azad yoldaş, bu bakılı sizi elə aparıb gətirəcək ki, heç quş da xəbər tutmayacaq, - dedi.

Qara losman gülümsədi. Azad məmnun bir halda losmana baxaraq zarafatla:

- Həmişə qara neft daşıyıb, indi qoy ədəbiyyat daşısın, nə fərqi var. Ikisi də xalqa işıq verir, - dedi.

Azadın bu sözü hamının xoşuna gəldi.

Ertəsi gün sübh tezdən Azad tacir Hacı Hadinin neftdaşıyan barjında Həştərxana yola düşdü.

 

 

 

SƏKKİZİNCİ  FƏSİL

 

I

 

Elçi və nişan məsələsi bir-birini o qədər sürətlə təqib etmişdi ki, Almas qaranlıqda yol azmış yolçu kimi nə edəcəyini bilmirdi. Daxilindəki müdhiş fırtınanın dalğaları onun lətif simasına, iri, qara gözlərinin saf parıltısına donuq bir rəng vermişdi, ləkəsiz qəlbi iztirablar içində çırpınırdı. Dərdlərini açacaq, kədərlərinə şərik olacaq bir nəfər tapmırdı. Hətta bütün dərdlərindən xəbərdar olan, hər zaman ona güvənərək arxalandığı anası belə bu gün ona qarşı tamamilə laqeyd görünərək, büsbütün dəyişilmişdi. Almas bu gün öz ailəsi içərisində yalqız və kimsəsizdi. Qəlbi kimi sevdiyi Poladdan ayrılmaq ona hər şeydən ağır görünürdü. Poladın onu sevdiyini, uşaqlıqda keçirdikləri o şən və qayğısız günləri, atasının Poladı təhqir edib həyətdən qovduğunu, Varisə getməklə sevgilisi Poladın qəlbində dərin və sağalmaz bir yara açacağını düşündükcə ürəyi yerindən oynayırdı. Bunları xatırlayınca ürəyində acı bir ağrı hiss etdi. Həmin ağrının üzücü yorğunluğu ilə yerindən qalxdı. Son bir ümid, son bir çarə düşünmüşdü. Bibisi Rəşxəndənin yanına gedəcək, qızı Dilguşə vasitəsi ilə əhvalatı ona başa salacaq, yalvarıb-yaxaracaqdı.

Bibisi Rəşxəndə qardaşı Əlisəfanın qandıracaq, yanında ağlayıb-sıtqayaraq qardaşının daş ürəyini yumşaldacaq, beləliklə Almas istədiyinə çatacaqdı. Bu şirin düşüncələr sadədil Alması cığırından çıxardı. O, qapının ağzından anasına:

-           Ana, mən Dilguşəgilə gedirəm, - deyə pilləkənləri başıaşağı düşərkən Pakizə pilləkən başına yüyürüb:

-           Ay qız, bu gün gəzmək vaxtı deyil, tez gəl, yoxsa dalınca gələcəyəm! – deyə arxasınca çığırdı.

Almas cavab vermədi, arxasına baxmadan qapıdan çıxdı. Sürətlə gedərkən küçədə iri püstə ağacı altında bir qaraltı gördü. Addımlarını yavaşıdaraq diqqətlə baxdı. Bir nəfər ağac altında oturub əli ilə torpağı qarışdırırdı. Qız onu tanıdı. O, Polad idi. “Ah, o mənim kimi dəli-divanədir. Bugünkü nişan məsələsini yəqin ki, bilir, ona görə də fikirlidir. Görəsən o nə düşünür? Nə tədbir, nə çarə axtarır?” – deyə irəlilədi.

Polad Alması incə təbəssümlərlə qarşılayaraq, salam verdi. Həsrətli nəzərlə qızı süzdükcə: “bu qız getdikcə başqa bir bəla olur” – deyə düşündü, onun gözəlliyini bu gün hər zamankından daha çox təqdir etdi. Çarşabı altında təzə, güllü ipək paltarını görüncə:

- Bu gün özünə yaman yar-yaraşıq vermisən, xeyir ola? – deyə soruşdu.

Qız məyus halda:

- Bu gün evimizdə yasxana qurulacaq, - deyə cavab verdi.

Polad heyrətlə:

- Nə? Yasxana? Ölən kimdir? – deyə soruşdu.

Bu sadə və düz sual Almasın varlığını büsbütün sarsıtdı; çünki o, tamamilə başqa söz gözləyirdi. Artıq dayana bilmədi. Birdən-birə yaz buludu kimi göz yaşı töküb, hıcqıra-hıcqıra ağlamağa başladı. İşdən tamamilə bixəbər olan Polad Almasın axıtdığı göz yaşından mütəəssir oldu. Onu sakit etmək üçün:

- Ağlama, ağlama – dedi, - səni heç bir zaman gözü yaşlı görməyim.

Təsəlli üçün deyilən sözlər Alması sakit edə bilmədi, çünki o, Poladdan: “ağlama, o yasxananı mən toy büsatına çevirəcəyəm, şən və xoşbəxt yaşayacağıq” kimi bambaşqa sözlər gözləyirdi. Qızın yenə də ağladığını görən Polad:

- Bəsdir, bəsdir, - deyə acıqlandı, - özünü üzmə, onsuz da bu gün ağlayacaqsan! Ancaq mənə bir de görüm ölən kimdir?

Almas Poladın bu sözlərinə daha dözə bilməyib, acıqlı, lakin qırıq bir səsl:

- Ölən mən... Mən bədbəxt! – deyə cavab verdi, yoluna davam etdi.

Polad yenə bir şey anlamadı. Gözləri yaşlı uzaqlaşmaqda olan Almasın dalınca həsrətlə baxa-baxa qaldı. O getdikdən sonra Poladın marağı daha da artdı: “Kİm ölmüşdür? Yaxın qonşu olduğum halda nə üçün xəbər tutmamışam?”. Bu acı düşüncələr onu getdikcə rahatsız edirdi. Almasa göz yaşı tökdürən kədərin səbəbini öyrənmək üçün evə qaçdı. Poladı ilk əvvəl Günəş qarşıladı. O, əlini anasının çiyninə qoyub:

- Bu gün Almasgildə nə var? – deyə soruşdu.

Günəş şübhəli baxışlarla onu süzərək, çatılmış qaşlarından, dalğın simasından nişan məsələsini eşitmiş olduğunu yəqin etdi. Işi birdəfəlik açıb söyləmək istədi, cəsarəti çatmadı, dərhal sözü dəyişərək:

- Heç bir şey, oğlum, - deyə cavab verdi.

Polad Almasla görüşdüyünü, onun: “Bu gün evimizdə yasxana var...” dediyini anasına xəbər verdi. Günəş əlindəki iri bıçağı yerə qoyub, mənalı bir nəzərlə Polada baxdı. Gözlərini onun cavab gözləyən gözlərinə dikərək:

-                      Daha nə dedi? – deyə soruşdu.

-                      Başqa heç bir şey. Sən de görüm ölən kimdir?

Günəş özünü tamam itirdi. Sonra acı-acı gülümsəyərək:

- Ölən heç kim, oğlum, o gün olsun sənin üçün olsun! Bu gün Almasın nişan məclisidir, - deyə cavab verdi.

Bu qara xəbər Poladın beynində ildırım kimi partladı. Onun bütün vücudu yarpaq kimi titrədi. Lakin daxilində qopan fırtınanı gizlətməyə çalışaraq soruşdu:

- Nə? Nişan məclisi? Kimə verdilər?

Günəş Poladın üzünə baxmağa cəsarət etməyərək:

- Aslan bəyin oğlu Varisə, - dedi, - yazıq qız bədbəxt oldu!

Polad daxilində sanki bir şeyin qırılıb düşdüyünü hiss etdi. Bu ağrını o vücudunun hər güşəsində duydu.

Indi bütün məsələ ona aydın idi. Lamasın onunla görüşməsinin, ağlamasının səbəbini və matəm məclisinin mənasını indi başa düşmüşdü. Onunla görüşərkən söylədiyi sözlər arasındakı uyğunsuzluğu düşünür və düşündükcə vücudunu soyuq tər basırdı. Xüsusən Almasa: “onsuz da bu gün ağlayacaqsan, ölən kimdir?” – deyə verdiyi yersiz sualı unuda bilmirdi.

Polad daxilində sanki bir şeyin qırılıb düşdüyünü hiss etdi. Almas qayıdarkən bir də onunla görüşmək, onun son fikrini öyrəndikdən sonra bir çarə və tədbir görmək fikri ilə ağacın altında oturub, onun yolunu gözlədi. Bu zaman Pakizə onu görmədən keçib getdi. Onun qızının dalınca getdiyini düşünən Polad: “Görəsən görüşə biləcəyikmi?” – deyə fikrə getdi. Hər halda ümidi tamamilə qırılmamışdı. O, pusquda duran ovçu kimi, dərin bir həyəcan içində Almasın yolunu gözləyirdi. Onunla görüşdüyü zaman bilməyib qəlbini qırdığı, ağlamasına səbəb olduğu üçün Almasdan üzr istəyəcək, sonra zehnində hazırladığı bir çox mühüm fikirləri ona söyləyəcəkdi. Bu zaman alıcı gözləri uzaqdan Almasın neçə qadınla birlikdə gəldiyini görüncə bütün ümidi qırıldı. Görünməmək üçün ağacın dal tərəfinə keçdi.

Onlar yaxınlaşırdılar. Polad gözlərini Almasdan götürmürdü. Qız da gözlərini ağacdan ayırmırdı. Bibisi Rəxşəndə deyirdi:

- Pakizə, mən saçlarımı qardaşımın ayağı altında süpürgə edib, Almasın göz yaşlarına razı olmayacağam.

Pakizə onun sözünü kəsərək:

- Boş yerə özünü hörmətdən salma, sən ki qrdaşını tanıyırsan. O, Alması dünya dağıla kasıb adama verməz! – deyə cavab verdi.

Bu sözlər Poladın qəlbinə neştər kimi saplanıb qaldı. Bu zaman Almasın ağlamaqdan qızarmış gözləri ağac altındakı Polada sataşınca addımlarını yavaşıtdı. Qızın hər bir hərəkətini gözdən qaçırmayan Pakizə şübhə ilə ətrafı nəzərdən keçirərkən, Poladı ağac altında gördü, tez qızın biləyindən tutub yaxınlaşmaqda olduqları qapıdan içəri saldı.

Polad bir müddət heç bir şey düşünməyərək, dalğın gözlərini qapıya dikib qaldı. Dərin düşüncələr içərisində zehnindən bir çox şeylər keçirtdi, lakin heç birinə qəti cavab verə bilmədi. Birdən-birə gözləri bir saat əvvəl Almasla görüşdükləri zaman qumun üstündə barmağı ilə çəkdiyi mənasız şəkillərin pozuq və qismən silinmiş, qarışıq cizgilərinə ilişdi. O, gözəl dəqiqələrdən son xatirə olaraq qalmış qarışıq cizgilərin ona bağışladığı təsiri qəlbinin içində gizləyərək, “ah, yoxsulluq” – deyə pıçıldadı.

 

 

II

 

Hava sakit və isti idi. Günəşin hərarətindən ağaclar qol-budaqlarını sallamışdı. Yarpaqlar qımıldanmırdı. Almasla Dilguşə artırmada oturub dərdləşirdilər. Almas deyirdi:

- Məni Poladdan ancaq əcəl ayıra bilər.

Dilguşə onun sözünü kəsərək:

- Ancaq o indi səni heç saya da almır, - deyə gileyləndi. – Səni istəsəydi, min çarə tapardı. Hələ o gün səninlə görüşərkən dediyi sözləri yadına salırsanmı? Sən boş yerə özünü üzmə.

Almas Poladı müdafiə edərək:

-   O gün nişan məclisindən xəbəri yoxmuş, - dedi.

-   Necə xəbəri yoxmuş, qulağının dibində qapı-qapıya yaşayan adam bundan xəbərsiz ola bilər? On gündür elçilər gəlir-gedir, nişan məclisi qurulur, necə olur ki, bunların heç birindən xəbər tutmur?

Almas cavab verməyib, başını aşağı saldı.

İçəridə cehiz hazırlığı gedirdi. Pakizə ayırmış olduğu yoxsul cehizi gözdən keçirərək:

- Heç olmasa şeylərini yığmaq üçün bir komod alaydın, - dedi.

Əlisəfa acı-acı gülümsəyərək:

- Axmaqsan, axmaq! Onu elə adama verirəm ki, evində hər şeyi var, - dedi.

Bu zaman Dilguşə birdən-birə qopan burağandan qorxaraq çığırdı.

- Almas, Almas, ora bax!

Almas dalğın gözlərini Dilguşənin əli ilə göstərdiyi bostan tərəfə çevirdi. Dilguşə həyəcanla dedi:

- Bax, bax burağandır, çəpəri qoparıb göyə necə sovurur, hələ havada uçan tikanlara bax!

Almas gözlərini getdikcə havalanıb uzaqlaşan tikanlara dikərək, onların hara düşəcəklərini böyük bir maraq içində gözləyirdi.

Birdən-birə qopan şiddətli külək bostanın ortasında qumları tünd bir tüstü kimi burum-burum havaya sovurub, ətrafı sıx sarımtraq dumana bürüdü.

Almasla Dilguşənin bərk qorxudduqlarını görən Əlisəfa ilə Pakizə də artırmaya çıxdılar. Əlisəfanın gözləri küləyin axıntısına doğru yüksəklərdə uçmaqda olan tikanlara ilişincə:

- Pah, bunlar nədir belə? – deyə çığırdı.

Dilguşə:

- Burağanın bostandan qopardığı çəpər tikanlarıdır, - deyə cavab verdi.

Indi hamı toz-duman içində burum-burum ucalıb uçuşan qara gölgələrə baxırdı.

Tikanlar sürətlə fəzanın dərinliklərinə, boşluqlara doğru yüksələrək gözdən itirdi.

Dilguşə əlini Almasın əlinə vuraraq:

- Almas, sən də bu axşam belə uçub gedəcəksən, - dedi.

Almas  kədərli bir səslə:

- Heçliklərə, boşluqlara! – deyə pıçıldadı.

Fəlakət fəlskət üstündən gəlirdi. Polad mədəndən çıxdığı gündən bəri onu güldürəcək, sevindirəcək heç bir hadisəyə təsadüf etməmişdi. Yaxın-uzaq mədən məntəqələrini axtarmış, tanıdığı bir çox adamlarla görüşmüş olduğu halda işsiz qalmışdı. Bu yaşda ikən atasına yük olması, mədən işlərində əldə etdiyi ixtisas və məharətin ona heç bir şey verməməsi onu düşündürürdü. Kiçikliyindən qolları arasında sevə-sevə oynatdığı, qəlbi qədər sevdiyi Almasdan həmişəlik ayrılacağını düşündükdə isə həyat gözünə nuru sönmüş günəş kimi görünürdü. Hələ Almasla görüşərkən danışdığı mənasız sözləri xatırladıqca sanki ixtisas və məharətin də heç bir şey verməməsi onu əzən, varlığını sarsıdan bu hal uzun sürə bilməzdi. Hər halda iki şeydən birinə qərar verməli idi. Ya Almasa qovuşmalı, ya da ondan əl çəkməli idi! Daxilində bir-birinə zidd olan iki qüvvə şiddətli surətdə çarpışmağa başladı. Birinci qüvvə ona: “sən Alması götürüb qaçmalı, sevgilinə qovuşmalısan!” deyirdi. Bu hökmü verən səs Poladda böyük bir cinayətdə ittiham edilərək məhkəmə qarşısında edam qorxusu ilə titrədiyi zaman bəraət qazanmış adamlarda doğan bir hal oyatdı. Qəlbində şəfəqli bir günəş doğmuş kimi bütün kədəri uçub getdi. Eşqinin nurlu şəfəqləri gülümsəyən gözlərində, açıq, saf simasında şən köpəklər kimi uçuşmağa başladı. O, indiyə qədər bütün ömründə bu bir anın ona vermiş olduğu xoşbəxtliyi heç zaman belə dərindən dadmamış və duymamışdı. Illərdən bəri sevə-sevə ümid bəslədiyi Almasına qovuşacaq, bütün ömrünü onunla birlikdə şən və bəxtiyar keçirəcəkdi. Polad bu fikri son və qəti bir qərar kimi qarşılamışdı. Ancaq iradəsi fəaliyyətə başladığı zaman başqa bir qüvvə ona: “dur!” əmrini verdi, görüləcək işin son nəticələrini təsvir edən bir çox müdhiş və qanlı lövhələri olduğu kimi canlandırmağa və onun törədə bildiyi fəlakətləri əsaslı dəlillərlə isbat etməyə başladı. Polad əvvəlcə bu acı lövhələri soyuqqanlı qarşılayıb, hər şeyi öz eşqinə fəda etmək istədi, lakin get-gedə o acı lövhələri bir-bir zehnindən keçirdi. Bunlar onun bütün varlığını, bütün arzu və istəklərini alt-üst etdi. O indi məsələyə bir aşiq hissi ilə deyil, həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş bir münəqqid kimi yanaşaraq, hər şeyi incidən-inciyə düşündü: “İndi ki, bu qədər maneələr var, mən eşqimi qəlbimin ən dərin guşələrinə dəf edib, onun parlaq xatirələri ilə yaşaya bilərəmmi? – deyə öz-özünə söylədi. Özünə verdiyi bu acı sual kimi, bu suala verdiyi cavab da onu məmnun etdi.

Başını aşağı salıb, acı düşüncələrin ağırlığı altında qısılaraq, məyus bir halda daşın üstündə oturduqda çiyninə qüvvətli bir əl toxundu və qulaqları dibində:

-           Qalx! - əmrini verən kəskin və qəti bir səs gurladı. Başını qaldırıb baxdıqda atası Arazı gördü. O eyni səslə:

-           Qalx, miskin qarılar kimi başını çiyninə sallayıb düşünmə! – dedi.

Polad demdik qalxdı. Araz əlini onun çiyninə vuraraq:

- Arutyunovun mədənində mexanik yeri var, tez get, xəbər tut! – dedi.

Polad ayrılıb getdi.

Araz onun dalınca:

- Axşam evə tez gəl, Almasın toyudur, səni də çağırıblar, - deyə qışqırdı.

Polad cavab vermədən yoluna davam etdi. Arutyunovun mədənində: “Gecikmisən, başqa adam götürdülər” cavabı verdilər.

Polad ordan Qanbayın yanına getdi. O, özünü şən göstərməyə çalışır, deyib-gülürdü. Lakin daxilindəki həyəcan üz-gözündən sezilirdi. Polad bir qədər susub düşüncəyə daldıqdan sonra başını qaldırıb:

- Qanbay, biz yoxsulların ən böyük düşməni kimdir? – deyə sual verdi. Qanbay bu qəfil suala nə cavab verəcəyini bilmədi.

Sadəcə gülümsəyərək:

-           Necə? – deyə soruşdu.

-           Deyirəm ki, biz yoxsulların düşməni kimdir?

Qanbay susub cavab vermədi. Polad özündən çıxaraq qəzəblə:

-           Sən deyə bilmirsənsə, mən deyərəm qulaq as! – dedi.

-           Məni və mənim kimiləri işdən kim qovur? Sahibkarlar, varlılar. Almasımı əlimdən kim aldı? Varlılar. Bu varlılar, bizi insan yerinə qoymurlar!

Qanbay onun sözlərini təsdiq etdi, sonra sazı götürüb:

- Bütün dünya bizə düşmən olub neyləyəcək? Tək bu saz bizə dost olsun, çal görək, çal! – deyə sazı ona uzatdı.

Polad sazı alıb çalmağa başladı. Dərd-qüssələri dağıldı.

Nəhayət, Polad sazı divardakı mıxdan asıb:

-           Qanbay, bu gecə sən mənə yoldaşlıq edə bilməyəcəksən, - dedi, - mən Əhmədliyə gedirəm!

-           Nə üçün?

-           Həm gəzməyə, həm də balıq ovuna.

-           Polad, bu nə sözdür? Gecə vaxtı balıq tutmaq olar?

-           Işıq yandıracağam, balıq işığa gələr.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info