Qonaq Kitabı
ARAZ

O biri iki nəfər də qalxdı. Onlar uzaqda görünən və get-gedə yaxınlaşmaqda olan gəmidən gözlərini ayırmırdılar.

- Sağ olsun Qara losman. Elə bil gəmiyə qanad veribdir, gəmi dəıniz üzərində quş kimi uçur.

- Sən qayığı hazırla!

- Mən hazıram, sən arabanı sazla, - deyə o birisi qayığın ipini qayadan açdı, onu suya tərəf itələyib cəld içinə atıldı, gülə-gülə:

- Mən getdim, yoldaşlar, hələlik sağ olun! – deyə kürəkləri işə saldı.

Sahildə qalan iki nəfər gözlərini yaxınlaşan gəmidən, uzaqlaşan qayıqdan ayırmayıb, ikisinin bir-birinə çatmasını səbirsizliklə gözləyirdilər. Onlardan biri:

-           Sən bu pəhləvan Arazın bir qayıq sürməsinə bax, elə bil uçur, uçur!

-           Yaxınlaşırlar, yaxınlaşırlar... Gəmi dayandı. Heyif ki, qaranlıqdır, aydın görünmürlər.

-           Mən də aydın görmürəm. Ancaq deyəsən hələ yan almamışdır.

-           Necə yan almamışdır? Bəs onda nə üçün gəmi tərpənmir?

Hər ikisi əllərini qaşları üstünə qoyub, diqqət və maraqla baxırdı. Qayıq gəmidən ayrıldı.

- Gəlirlər, gəlirlər, sən arabanı sazla!

Bir az sonra qayıq sahilə yan aldı. Sahildəkilər:

-           Xoş gəldin, Azad, - deyə qayıqdan sahilə sıçrayan adamla görüşdülər.

-           Danış görək nə var, nə yox? İşləriniz nə haldadır?

-           Yavaş, yavaş, ayaq səsi gəlir.

Hamısının nəzəri səs gələn tərəfə dikildi. Bir az uzaqda bir kölgə sahil boyu ilə onlara doğru irəliləyirdi.

-   Hər halda bu dost adama oxşamır.

-   Ehtiyatlı olmaq lazımdır, bu yəqin mayak qarovulçusudur. Görünür, qayığın sahilə çıxdığını görmüşdür... Azad, sən qayanın arxasına keç!

-   Bəs siz?

-   Biz öz işimizi bilirik.

Bu zaman kölgə uzaqdan çığırdı:

- Ey, kimsiniz?!

Araz tanış bir adam kimi uca bir səslə:

- Qorxma, balıqçıyıq, - dedi.

Kölgə, əlində tüfəng yaxınlaşa-yaxınlaşa:

-       O qayıq kimindir?

-       A kişi, tüfəngini bir aşağı sal, gəl görüm sən kimsən?

-       Siz gözümə ala-bula görünürsünüz. Bu qayıq bizim mayakındır. Düzünü deyin görüm gəmidən qayığa aldığınız adam kimdir?

-       Kim olacaq, bizim kimi bir adam.

-       Aldada bilməzsiniz. Əllərinizi yuxarı qaldırın!

-       A kişi, yolkəsən quldur deyilik. Yaxın gəl, nədən qorxursan?

-       Məni anam qorxaq doğmamışdır, igidin igiddən bir ehtiyatı artıqdır, deyərlər. Siz yaxşı yuvanın quşuna oxşamırsınız, deyin görüm, kimsiniz? Hardan gəlib, hara gedirsiniz!

-       Biz yaxın bağlardanıq. Axşamdan buraya balıq ovuna gəlmişik. Gecəni də burada qalmaq istəyirdik.

-       Yalan deyirsən. lap yalan deyirsən. silahınızı atın yerə, əllərinizi qaldırın. Yoxsa vurdum.

Araz gur səslə:

- Silahımız yoxdur, əllərimizi qaldırırıq, gəl görüm bizdənnə tapacaqsan?

Arazın işarəsi ilə hamı əlini yuxarı qaldırdı. Kölgə şübhəli adamlara yaxınlaşdı, onları qaranlıqda bir-bir gözdən keçirdi:

- Kimin yarağı var desin, yoxsa...

Araz iki əlini havaya qaldırıb, kölgəyə tərəf gedərək:

- A kişi, bu mən, bu sən, istəyirsən axtar, bizdə silah nə qayırır...

Kölgə çəkildi. Qaranlıqda Arazın dağ gövdəsinə diqqətlə baxdıqdan sonra:

-                      Yaxın gəlmə, vuraram, - dedi. Sonra başını geri döndərib ucadan:

-                      Müslüm! – deyə bağırdı.

Araz fürsətdən istifadə edib, alıcı quş kimi onun üstünə atıldı. Tüfəngin lüləsindən tutub bütün qüvvəti ilə özünə tərəf dartdı. Kölgə üzüqoylu yerə yıxılıb:

- Müslüm, Müslüm! – deyə bağırmağa başladı.

Araz tüfəngi bir tərəfə tullayıb, iki əli ilə onun boğazından yapışaraq:

-       Çığırma, səsini çıxartsan, əlimdə öləcəksən. indi de görüm sən kimsən? – deyə soruşdu. O birdən-birə bütün qüvvəsi ilə dartınıb, Arazın əlindən çıxdı, acıqlı səslə:

-       Ədə, donuz oğlu, məni boğursan? Zöhrabı boğan hələ anasından olmamışdır, - deyərək arxa cibindən mauzerini çıxartdı. O, tapanca ilə nişan almaq istərkən Arazın nişan aldığı tapancadan açılan güllənin zərbindən səndələyib iki-üç addım geri çəkilərək, ayaq üstə dura bilməyib yerə yıxıldı. Güllə onun lap ürəyinin başından dəymişdi. Araz üzünü yoldaşlarına çevirib:

-       Bilirsinizmi bu hansı Zöhrabdır? – dedi. – Şüvəlanda bizim özək katibini öldürən və bolşevik yoldaşlarımızı hədələyən Zöhrab!

Onlar qayıqdakı içi kitabla dolu yeşikləri daşıyıb, səliqə ilə arabaya yığdılar. Sonra Araz yoldaşlarının köməyi ilə meyiti götürüb qayığa atdı. Qayığı dənizə doğru itələyib:

- Al, bu sən, bu da sənin qayığın! İndi hara istəyirsən get, - dedi.

Arabanı döşəyib Azadı xəstə kimi oraya uzatdılar. Arazın işarəsindən sonra araba hərəkət etdi.

Araba gecənin qaranlığında Bakı kəndlərinin dizə qədər çıxan qumlarını yara-yara irəliləyir, hərlənən çarxların ahəngdar səsi dərin sükut içində yatan təbiətə layla çalırdı.

Azad Həştərxan səfərindən xeyli danışdı. Azadın Həştərxan fəhlələri arasında, dərnəklərdə apardığı söhbətlərin, Bakı fəhlələrinin inqilabi mübarizəsindən danışdığı səhnələrin böyük ruh yüksəkliyi ilə qarşılanması Araza xüsusi xoş təsir etdi. Sonra Azad orada Peterburqla əlaqə saxlayan inqilabçılarla görüşdüyünü, təbliğat işini gücləndirmək üçün inqilabi ədəbiyyat gətirdiyini söylədi. Araz da ona son hadisələrdən, təşkilatın işlərindən danışdı. Aralarında gedən söhbət, sual-cavab o qədər maraqlı idi ki, yolun uzaqlığını duymadan Binə kəndinə yetişmişdilər. Arabaçı atları dayandırıb:

-       Araz, aşağı yoldan sürüm, yoxsa yuxarı yoldan? – deyə soruşdu. Arabadakılar:

-       Yuxarı yoldan, yuxarı yoldan. Vanya bizi orada gözləyir, - deyə yerlərindən səsləndilər.

Araba yenidən hərəkət edir. Bir qədər getdikdən sonra şərtlənmiş olduqları yerdə Vanya onları qarşıladı. Azadla görüşdükdən sonra o, Araza araba ilə getməsini tapşırdı. Azadı isə evlərinə qədər özü ötürəcəyini bildirdi. Arabadan düşərkən Azad tapşırdı ki, yeşikləri möhkəm yerdə gizlətsinlər.

Araz gülə-gülə:

- Xatircəm ol, o xüsusda tədbir görülmüş, ehtiyatlı yerlər hazırlanmışdır, - deyə cavab verdi. Xudahafizləşib ayrıldılar.

Araba mədənlərin içindən keçirdi. Arabir buruqların arasından iki-üç silahlı adam çıxıb, onları qarşılayır yolların qorxusuz olduğunu söyləyib, arabanı o biri qarovul məntəqəsinə qədər ötürürdü.

Bir az sonra araba birmərtəbəli kiçik bir evin qarşısında dayandı. Bu, fəhlə evi idi. Ilk xoruz banı başlamış, hava yavaş-yavaş ağarırdı...

Azad Həştərxan səfərindən qayıtdıqdan sonra təşkilatın fəaliyyəti daha da canlandı. Təbliğatı genişləndirmək, təşkilat üzvlərini qabaqcıl fəhlələr hesabına artırmaq üçün bir sıra tədbirlər görüldü. Bu məqsədlə Azad uzaq, yaxın qəzalara gedir, kəndlərdə özəklər təşkil edirdi.

Gizli təşkilat işlərində fəal çalışmaq, nümayiş və tətillərdə iştirak etmək, inqilab rəhbərlərinin odlu nitqlərini eşitmək nəticəsində Araz mətin bir bolşevik olmuşdur. O indi partiya təşkilatının göstərişi ilə təhkim olunduğu fəhlə dərnəklərində çalışır, yeri gəldikdə natiqlərin çıxışlarında eşitdiklərindən, şirin-şirin danışırdı.

Bu illər Bakı komitəsi partiyanın möhkəm və etibarlı bir qalasına çevrilmişdi. Bolşeviklərin getdikcə artan nüfuzu, fəhlə təşkilatlarının möhkəmlənməsi və genişlənməsi Bakıda hökumət məmurlarını, yerli neft sahibkarlarını qorxu və həyəcan içində buraxmışdı. Odur ki, onlar irtica qüvvələrinə arxalanaraq, inqilabçılara divan tutur, nümayiş və tətilləri amansızcasına yatırır, fəhlə hərəkatının əzəməti qarşısında sarsılan çarizmi bir az da yaşatmaq üçün hər cür cinayətə əl atırdılar. Cəza tədbirləri, təqib və həbslər fəhlələrin qəzəbini daha da artırırdı. Bakı fəhlələrinin məhəbbətini qazanmış Xanlar Səfərəliyevin öldürülməsi xəbəri isə əsarət və zülm altında əzilən kütlələrin mütləqiyyətə nifrətini daha da artırırdı. Bakının bütün rayonlarında bu qanlı cinayətə cavab olaraq, tətillər keçirilməyə başladı. Xanların dəfni isə qüdrətli xalq nümayişinə çevrildi.

Xanların öldürülməsi xəbərini eşidən kimi Azad təşkilat üzvlərinin təcili iclasını çağırdı. Iclasda Xanların dəfnində iştirak etmək üçün Azad və Vanyanın rəhbərlik edəcəyi 30 nəfərdən ibarət bir nümayəndə heyəti ayrıldı. Hökumətin bu qanlı tədbirinə cavab olaraq Suraxanıda da geniş tətil keçirilməsi qərara alındı. Partiya təşkilatı bu tətilə Arazın başçılıq etməsini məsləhət gördü. Təşkilat tətilə hazırlıqlı gəlmək, əldə olan silahın inanılmış fəhlələr arasında paylamaq haqqında göstəriş verdi.

Suraxanı mədənlərində çalışan fəhlələr səhər tezdən işi atıb bir gün əvvəl təyin edilmiş yerə yığışmışdılar. Bəzilərinin əlində silah parlayırdı. Hamıdan əvvəl gəlmiş Araz cəld oraya-buraya yüyürərək göstərişlər verir, tətilin mütəşəkkil keçməsi üçün tədbirlər görürdü. Əllərdə səhər nəsiminin asta-asts əsdirdiyi şüalarda: “Xanların qatillərinə ölüm!”, “Rədd olsun mütləqiyyət!” sözləri yazılmışdır.

Bir az sonra Arazın xüsusi işarəsi ilə dəniz kimi dalğalanan insan kütləsi hərəkətə gəldi. Tətilçilər “İnternasional” oxuya-oxuya yarıpalçıq, yarıdaşlı .ose ilə irəliləyib, neft buruqları arasında yerləşən böyük bir meydançaya toplandılar. Bura sarı gillə örtülmüş, qara neft çuxurları ilə dolu bir sahə idi. Neft sahibkarlarının kontorları da əsasən bu arada idi.

Çox çəkmədi ki, Araz fəhlələrin özləri ilə gətirdiyi kürsünün üstündə göründü. Fəhlələr onu böyük sevinclə qarşılayırdılar. Arazın gur səsi eşidildikdə hər yerə dərin bir sükut çökdü. Araz Xanlar Səfərəliyevin vəhşicəsinə öldürülməsinə etiraz əlaməti olaraq Suraxanı fəhlələrinin keçirdikləri mitinqi açıq elan etdi. Ilk söz fəhlə İvanova verildi. Ivanovun kürsüdə görünməsini fəhlələr alqışla qarşıladılar. İvanov üzünə tökülmüş sarı saçlarını əli ilə yuxarı qaldıraraq, qəzəb və nifrət dolu bir səslə danışmağa başladı. O, fəhlələrin yaxın dostu Xanları öldürənlərə, bu cinayəti təşkil edənlərə nifrətlər yağdıraraq, nitqinin sonunda bütün fəhlələri birləşdirməyə, zülm və əsarət dünyasını yıxmağa çağırıb dedi:

- Yoldaşlar, biz Bakı proletarları, istismarçılarla mübarizədə həlak olan dostlarımızın xatirəsini həmişə əziz tutmalı, yadda saxlamalıyıq. Sevimli Xanların xatirəsi həmişə ürəyimizdə yaşayacaqdır. Xanların qatillərinə ölüm!

Natiqin son sözləri tətilçilər arasında bomba kimi partladı. Alqış səsləri göylərə ucaldı. Ivanovdan sonra daha bir neçə fəhlə çıxış etdi. Mitinq adi qayda üzrə davam edirdi. Gördüyü tədbirlərin yaxşı bəhrələr verdiyi Arazı çox sevindirirdi. Indi son söz deyib mitinqi bağlamaq, tətili davam etdirmək lazım idi. Son natiq nitqini bitirdikdən sonra Araz kürsüyə qalxaraq, danışmaq istəyirkən fəhlələrdən biri onun bozarmış şalvarından tutub darta-darta:

-   Araz, Araz, burda bir qadın səni axtarır, - deyə Arazı saxladı. Araz qan-tər içində ona doğru gələn qadını gördü. Dərhal kürsüdən düşdü. Qadın tələsik Araza yaxınlaşaraq:

-   Bu tətilçilərə sizmi rəhbərlik edirsiniz? – deyə soruşdu:

Araz:

-       Yox, bu tətili fəhlələrin özləri təşkil edib, - deyə cavab verdi.

-       Elə isə tez dağılmağı məsləhət görürəm. Tətili dağıtmaq üçün silahlı dəstələr gəlir.

Xəbərdarlıq üçün gələn qadın Tanya idi. O, zor-güclə boynuna qoyulan casusluq vəzifəsinə dərin bir nifrət bəsləyirdi. Onun bütün fəlakətlərinə səbəb olan bir dövlətin xeyrinə çalışmaq, yüksək əməllər uğrunda mübarizə edən fəhlələrə qarşı mübarizə aparmaq, onlara tələ qurmaq Tanyaya mənəvi bir əzav verirdi. Odur ki, o bu vəzifəyə qəbul edilən gündən fəhlələrə yaxınlaşmağı, onlara kömək etməyi qərara almışdı. Lakin bunu həyata keçirmək çox çətin idi. Ona heç kim inanmazdı. Buna görə Tanya öz işi ilə inqilabçılara kömək etməyə çalışır, onlara sadiq və dost olduğunu sübut etmək üçün fürsət axtarırdı. Jandarm idarəsinin rəisi Mişa ilə onu çağırıb Suraxanıda hazırlanan tətili boğmaq üçün göndərilən polis dəstələri ilə getməyi tapşıranda Tanya öz fədakarlığını ancaq indi yerinə yetirə biləcəyini düşünüb, özünü şəhərdən tez bura yetirmişdi.

O, tətili boğmaq üçün göndərilən polislərin sayını və döyüş planlarını Araza ətraflı danışdı. Onun dediyi sözlər o qədər səmimi və ürək çırpıntısı ilə söylənmişdi ki, onan inanmaq mümkün deyildi. Araz bu sadə, lakin cəsarətli qadına təşəkkür edib, onun əlini bərk-bərk sıxaraq yenidən kürsüyə qalxdı. Onun kürsüdə görünməsi ilə ətrafa dərin bir sükut çökdü. Çox çəkmədi ki, Arazın əzəmətlə gurlayan səsi eşidildi:

- Yoldaşlar! Çar quldurları tərəfindən əziz dostumuz Xanların öldürülməsi biz fəhlələri həddindən artıq kədərləndirməklə bərabər mütləqiyyətə qarşı qəzəbimizi bir qat da artırdı. Biz indi öz mübarizəmizi mərdliklə davam etdirməliyik. Heç bir hədə, təhlükə bizi qorxutmamalıdır. Çarizm Xanlar kimi oğulları aradan çıxarmaqla sıralarımızı zəiflətmək istəyir. Lakin o bu arzusuna çata bilməyəcəkdir!

Araz qəzəb və həyəcanını heç cürə söndürə bilmirdi. Tanyanın verdiyi xəbər isə onu qorxmaz bir aslana döndərmişdi. Belə bir ruhda da o hərarətli nitqinə davam edirdi.

- Əziz dostlar! Elə bu dəqiqə aldığım məlumata görə yerli hökumət tətili yatırmaq üçün bura silahlı dəstələr göndərmişdir. Onlar tətilçilərə divan tutmağa çalışacaqdır. Bu hökumətin bu qanlı tədbirlərinə öz gücümüzlə, qüvvətimizlə cavab verməliyik.

Tətilçilər:

-   Doğrudur! Doğrudur! – deyə qışqırdılar.

-   Biz öz gücümüzü göstərməliyik. Biz, bu insan düşmənlərinə bildirməliyik ki, Xanlar kimi dostlarımızı öldürmək onlara ucuz başa gəlməyəcəkdir.

Araz son sözlərini deyib yenicə qurtarmışdı ki, şose yolu ilə irəliləyən polis dəstələri göründü. Onların arasında soldatlar da nəzərə çarpırdı. Onlar birbaş mitinqin toplandığı yerə doğru irəliləyirdilər. Belə bir vəziyyətdə tətilçilərə ürək-dirək vermək, tətili davam etdirmək lazım idi. Bütün tətilçilərin nəzərləri gələn polis dəstələtinə dikildiyi bir vaxtda Arazın gur səsi eşidildi:

- Yoldaşlar, tətilimiz davam edir, atəşə atəşlə cavab verəcəyik!

Böyük iradə və inamla deyilmiş bu sözlər fəhlələri hərəkətə gətirdi.

Polis dəstəsinin yaxınlaşması ilə ətrafı atəş səslərinin bürüməsi bir oldu. Bu, fəhlələri qorxutmaq üçün edilən ilk təşəbbüs idi. Tətilçilər isə öz yerlərindən bir addım da geri çəkilmədilər. Əksinə, atəşə atəşlə cavab verdilər. Fəhlələrin silahlı olduğunu görən polislər dərhal dağılışıb, ətrafa səpələndilər. Atışma qızışıb getdikcə daha da şiddətləndi. Araz əlində silah tətilçilərə göstərişlər verir, düşmənin sıx yerləşdiyi yerləri atəşə tuturdular. Tətilçilər böyük cəsarət və mətanət göstərirdilər. Onları dağıtmaq məqsədilə gələn polislər indi özlərini müdafiə etməyə məcbur olmuşdular. Düşmənin zəiflədiyini görən Araz uca bir səslə hücuma keçmək haqqında əvr verdi. Lakin polislər üçün gələn kömək vəziyyəti dəyişdi. Tətilçilərin üstünə güllə yağış kimi yağmağa başladı. Vəziyyətdən çıxmaq, tələfata yol verməmək lazım idi. Araz dərhal atəşi dayandırmaq haqqında əmr verdi. Buna baxıb qarşı tərəf də atəşi kəsdi. Bir anda əli silahlı polis və soldatlar fəhlələrin arasına soxulub tətilçiləri dağıtmağa başladılar. Müqavimət göstərən fəhlələr həbs olundu.

Mişa xəfiyyə kimi ifşa edildikdən və jandarm idarəsindən töhmət aldıqdan sonra dəmir yolu jandarm idarəsində çalışırdı. O səhvlərini düzəltmək, əvvəlki etibarını qazanmaq məqsədi ilə əlverişli bir vəzifə seçmişdi. Vaqonlardan miniklərin şeylərini daşıyırdı.

Mişanın vağzalda işləməsi inqilabçı fəhlələrin şəhərdən mədənə, mədəndən şəhərə gəlib-getmələrində böyük əngəl törədirdi; çünki o hamını tanıyırdı. Mişa onların şəhərə nə üçün gəldiklərini bildiyindən fəhlələr təqib edilməkdən qorxurdular.

Mişa hamballıq vəzifəsində dəmir yolu jandarm idarəsinə az kömək göstərmirdi. Jandarm idarəsinin müdiri Mişanın xəfiyyəliyə böyük istedadı olduğunu görüb ona yaxından hörmət edir, hətta, onu bir neçə dəfə mühüm iş üçün öz evinə göndərmişdi. Şəfqət bacısı Dusya ilə orada tanış oldu. Dusyanın qoca anası Maşa jandarm müdirinin uşaqlarına dayəlik edirdi. Uşaqlara yaxşı can yandırdığından həyətdə, asağı qatda ona bir otaq vermişdilər. Maşa öz dul qızı Dusya ilə orada yaşayırdı. Dusya az savadlı olduğuna baxmayaraq müdirin vasitəsi ilə xəstəxanada şəfqət bacısı vəzifəsində çalışırdı. Otuz beş yaşında dul bir qadın idi. Mişa 48 yaşında olduğu halda bu vaxta qədər evlənməmişdi. Maşanın bu ailədə böyük hörməti olduğunu bildiyindən Dusya ilə evlənməyə qərar verdi. Arabir Maşanın evinə gəlir, Dusya ilə görüşür, danışır, onu kinoya, gəzməyə aparır, özünü ona sevdirməyə və bu vasitə ilə yenə xəfiyyəlikdə əvvəlki etibarını qazanmağa çalışırdı.

Bir gün miniklər salonda oturub Tiflis qatarını gözləyirdi. Mişa salona girdi. Stol başında, uzun skamyalarda oturan minikləri bir-bir gözdən keçirdi. Küncdəki stolun ətrafında iki nəfər oturub qəlyanaltı edirdi. Stol üstündə bir şüşə şərab, bişmiş balıq və çörək vardı. Onlar yavaş-yavaş danışır, qədəhləri bir-birinə vurub içirdilər. Bu simalar tanış gəldiyindən Mişa qapı ağzında durub onların bütün hərəkətini gözdən keçirirdi. Onlar məşğul olduqlarından Mişanı görmürdülər. Mişa onlardan ancaq birini tanıya bildi. Bu təşkilatın fəal üzvlərindən olan Qriqor idi. Mişa stolun altında iki böyük çamadanı gördüyü zaman onların Tiflisə, yaxud kəndlərə mühüm siyasi iş üçün getdiklərini yəqin etdi. Əhvalatı jandarm müdirinə xəbər verdi. Müdir onları yoxlamaq üçün iki nəfər agent göndərdi. Agentlər onlara yaxınlaşıb hara getdiklərini soruşdu, biletlərini alıb baxdı. Hər iki bilet Yevlax stansiyasına alınmışdı. Agentlər çamadanların açılmasını tələb etdilər. Onlar açmaq istəmədiklərindən, hər ikisini jandarm idarəsinə gətirdilər. Çamadanlar açıldı, çap olunmuş müxtəlif intibahnamələr çıxdı. Hər ikisi dərhal həbsxanaya göndərildi.

Bu hadisədən sonra Mişanın etibarı olduqca artdı. Bir gün müdir onu öz kabinetinə çağırıb fəhlə nümayişlərinin qarşısını almaq üçün hər polis dairəsində bir talan dəstəsi təşkil etmək lazım gəldiyini söylədi. Beşinci polis dairəsində talan dəstəsi təşkil etməyi ona tapşırdı. Mişa bu təklifi məmnuniyyətlə qəbul etdi. Talan dəstələri hazırlandıqdan sonra müəyyən edilmiş gündə dəstələr əllərində ling, balta və kəlbətin kimi alətlər, şəhərə yayılıb dükan və mağazaları dağıtmağa başladılar. Silahsız dükançı və mağazaçılar talançılar görüncə qaçıb canını qurtarmağa çalışırdı. Talançılar əvvəlcə kassanı, sonra da gücü çatdığı, qoltuğu tutduğu qədər malları götürüb gedirdilər. Mişa bu talandan varlanmışdı.

Arazı xəstəxanadan apardıqdan sonra doktor Dusyaya qarşı dərin bir nifrət bəsləyir, onun bacarıqsızlığını və şəfqət bacılığına layiq olmadığını hər gün üzünə vururdu. Dusya onun fikrini anlamışdı. Bir gün doktor dörd yaşında sətəlcəm olan bir uşağı xardal suyuna salmağı tapşırmışdı. Dusya bir qutu xardal otunu suya töküb xəstə uşağı vannaya saldı. Doktor ona inanmadığından gəlib yoluxdu. Ovucu ilə sudan götürüb diqqətlə baxdıqdan sonra:

-           Buna nə qədər xardal otu tökdün? – deyə soruşdu. Dusya başını qaldrımayıb etinasız bir tövrlə:

-           İki qutu, - deyə cavab verdi.

Doktor təkrar soruşdu:

- Necə tökdün?

Dusya başını qaldırdı, qeyzlə gülümsəyərək:

- Bu nə süaldır? Xardal otunu necə tökürlər? Qutunun ağzını açıb vannaya boşaltdım və suyun içində əritdikdən sonra uşağı vannaya saldım.

Doktor acıqlı-acıqlı ona baxıb:

- Fikrin talançılarla məşğuldur. Səndən şəfqət bacısı olmaz, çıxar uşağı vannadan! Sadəcə xardal otu vannasını bacarmayan şəfqət bacısı mənə lazım deyil! – deyə çığırdı.

Dusyanın gözləri yaşardı, ağlaya-ağlaya:

- Bilmirəm sən nə istəyirsən? Son zamanlar hər gün məni nə üçün təhqir edirsən? - deyə uşağı vannadan çıxartdı.

Doktor Marusyanı çağırdı:

- Al, bu uşağı isti suda yaxala, geyindir, sonra xardal otu vannasında çimdir, - deyə tapşırdı.

Üzünü Dusyaya tutub:

- Mən səninlə işləyə bilmərəm. Get, özünə başqa iş tap! – dedi.

Dusya o gün gözləri yaşlar içində evə qayıtdı. Taxtın üstündə uzanıb uşaq kimi ağlayırdı. Anası Maşa əhvalatı zor-güc öyrəndikdən sonra:

-   Axmağın qızı, mən də deyirəm, bu nə üçün ağlayır. O kimdir ki, səni qovsun. Ağadan rica edərəm səni yenə öz yerinə təyin etdirər, yaxud ondan da yaxşı iş tapar, - deyə nə qədər təsəlli verdi, qız sakit olmadı. Qızın bu halı onu çox düşündürdü. Ana ürəyi davam etməyib onu sakit etmək üçün tədbirlər düşündü. Nəhayət, Mişanı çağırmaqdan başqa çarə tapmadı. Son zamanlar Dusyanın Mişaya qarşı hörmət və məhəbbətinin artdığını bilirdi. O birbaş stansiyaya getdi. Mişanı axtarıb tapdıqdan sonra əhvalatı ona danışdı. Işdən sonra Dusyanı sakit etmək üçün onlara gəlməsini tapşırdı.

O gün müdir gülərüzlə ona bir-iki mühüm tapşırıq vermişdi. Bu tapşırıqlar gələcəkdə jandarm idarəsindən ala biləcəyi yeni vəzifə ilə bağlı olduğundan Mişa sevinir, əli, ayağı yerə dəymirdi. Maşanın dedikləri isə onu ürəkdən sevindirirdi. Dusya ilə evlənmək üçün bu, ən gözəl bir fürsət idi. Işini bitirər-bitirməz Maşanın evinə gəldi. Dusya taxtın üstündə uzanmışdı. Mişa qapı ağzından içəri girmək üçün icazə aldığı zaman Dusya taxtdan qalxdı. Kədərli bir səslə:

- Gəliniz! – deyə əzilmiş paltarının qırışlarını əli ilə açmağa başladı. Mişa içəri girincə onun əlini əlləri içində sıxaraq:

- Sənə nə olmuşdur, Dusya! Nə üçün kədərlisən? – deyə soruşdu. Dusya qızarmış gözlərini qapaqları içində gizlədərək:

- Heç bir şey! – deyə cavab verdi. Ancaq onun solğun üzü, qızarmış gözləri daxilindəki kədərini açıq göstərirdi. Hər ikisi stol yanındakı skamyaya oturdu. Mişa hadisəni bildiyi halda onu qızın öz ağzından eşitmək istəyirdi. Qız əhvalatı qısaca ona danışarkən ürəyi kövrəlib gözləri yaşardı. Mişa fürsətdən istifadə edərək onun əlini dodaqlarına götürüb öpdükdən sonra:

- Kədərlənmə əzizim, o şeytan qılıqlı doktorun üzündən qurtardığın üçün sevinməlisən. Sənə işmi yoxdur? Mənə qalırsa bir müddət sənə rahatlanmaq lazımdır, - deyə mənalı gülərək onun əlini təkrar dodaqlarına apardı. Cibindən bir qutu şokolad, iki apelsin çıxarıb qızın qabağına qoydu. Bu zaman Maşa da gəlmişdi. Mişanın bu sözləri ürəyinə kərə yağı kimi yayılmışdı. Məmnun və şən bir səslə gülə-gülə:

- Dusyanın ürəyindən bu kədəri tamamilə silmək üçün xeyir işi başlamaq lazımdır – dedi. Sonra hər ikisini məmnun baxışlarla süzərək qəhqəhə ilə güldü. Dusya qaşlarını çataraq:

- Yox, mən hələ hazır deyiləm, - dedi.

- Çox danışma, xeyir işi uzatmaq yaxşı deyil, - dedi. Sonra apelsini götürüb soya-soya əlavə etdi:

- Bu gecə ağadan, xanımdan izin alaram. Yaxın dostlara xəbər verərəm. Sabah axşam kilsəyə gedib nikah oxutdurarsınız. Nədənsə mənim də ürəyim şənlik və toy istəyir. Əlimizi, qolumuzu bir az atıb tutarıq.

Maşa soyduğu apelsini dilimləyib onlara payladı.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info