Qonaq Kitabı
ARAZ

 

I

 

Araz oğlu Poladı çox sevirdi. Polad ağıllı-kamallı bir oğlan olmuşdu. Araz hərdənbir Günəşə:

- Buna yaxşı bax, başqa oğuldur, - deyirdi.

Polad vaxtını hər gün qonşusu Əlisəfanın qızı Almasla keçirir, onu saf, səmimi bir uşaq qəlbi ilə sevirdi. Polad Almasdan beş yaş böyük idi. Onlar hər gün bir yerdə, qayğısız və şən uşaqlıq həyatı sürürdülər.

Araz yoxsul olduğuna baxmayaraq Poladı yeni açılmış altı sinifli məktəbə verdi. O, arabir başını qucaqlayaraq:

- Oğlum, çalış, yoxsul olsam da yeməyib, içməyib səni oxudacağam, - deyirdi.

Polad məktəbdən döndüyü zaman hər şeydən artıq Almasla əylənirdi.

Almas uzaqdan Poladın gəldiyini görüncə kiçik qollarını kəpənək qanadları kimi açaraq nəfəsi darıxmış halda qaçır, ayaqlarını yerə çırpa-çırpa “Polad! Polad!” – deyə qollarını onun boynuna dolayırdı. Polad onu çiyninə alır, oynadır, güldürür və sevdiyi oyunlarla əyləndirirdi. Arabir anası Pakizə etdiyi yaramazlığa görə qıza cəza verdiyi vaxt buna hər kəsdən çox Polad qüssələnirdi. O, qızın məsum gözlərindən tökülən yaşları qurutmağa, onun könlünü almağa çalışırdı. Almasın uzun, qara kirpiklərini ucundan süzülüb, qırmızı yanaqlarında şeh kimi parıldayan göz yaşı damlaları qurumamış, Poladın boynunu qucaqlayır, sonra:

- Polad, Polad, mənə gəlin qayır, - deyirdi.

Zaman axdıqca hər iki uşaqda səmimi yoldaşlıq hissi və sevgisi də o nisbətdə artır, qüvvətlənirdi.

Əlisəfanın bacısı oğlu Teymur kəndin yeni yetişmiş ziyalılarından sayılırdı. O, kənddə bir qız məktəbi açmağa müvəffəq olmuşdu. Teymur dayısı qızı Alması zor-güc Əlisəfanın cəngindən qoparıb məktəbə vermişdi. Ara-sıra yolda bir-birinə rast gəlirkən Polad onun kiçik tumbul əllərini əlləri içində oynadaraq oxuduğu dərsləri soruşur, əzbərlədiyi mənzumələri oxudur, sonra əli ilə onun başını oxşayaraq:

- Afərin, sən ağıllı bir qız olacaqsan, - deyərdi.

Polad altısinifli məktəbi bitirdi. Ailə həyatındakı dəyişiklik, maddi vəziyyətin ağırlığı təhsilini davam etdirməyə mane oldu.araz ehtiyacın ağır yüklərini yalqız çəkirdi. Bu ağırlığı Polad da yaxından hiss edirdi. Onu hər şeydən artıq atasının üzərində yük olması sıxırdı. O həm özünü idarə edə bilmək, həm də atasına maddi kömək etmək fikri ilə bir iş başlamaq istədi. Buruq işlərində atasından çox məharət göstərmiş, təcrübəsi ilə bir mühəndis qədər bilik qazanmış olan dayısı usta Nuruşun əli altında işləməyə qərar verdi. Bu fikrini atasına açıb söylədiyi zaman Araz acı-acı gülümsədi:

-       Onun yanında nə üçün? “Bağa çanağından çıxdı çanağını bəyənmədi”, buna deyərlər. Mədəndə mən işləyən zaman dayın Nuruş qanqal otlayırdı! – dedi. Sonra bir az düşünüb, əlini oğlunun arxasına vuraraq:

-       Bir cəhətdən haqqın var, oğlum, get, işlə! – dedi.

Polad adi bir fəhlə deyil, mahir bir usta olmaq istıyirdi. Dayısı Nuruşun yanında muzdsuz qulluq edib buruq işlərində təcrübə sahibi olmağa can atdı. Mədən işləri ona yabançı deyildiY yüksək ehramlı buruqların küləkli kölgəsində doöulmuş və neft havasını uda-uda böyüməmişdimi? Sevimli Almasa quyu qazaraq taxtalardan buruq qayırıb onu əyləndirməyi günümü vardı? Onun ciyərləri, neft qoxusuna o qədər alışmışdı ki, şəhərə, yaxud bağlara getdiyi zaman sıxılır, darıxırdı. Uşaqlıqdan bir çox sirrini bilmədiyi və ürəkdən sevdiyi bu işi az zaman içərisində öyrəndi. Nəhayət, dayısı Nuruşun köməkliyi ilə mədənə qəbul edilərək bir usta kimi çalışırdı. Artıq kimsəyə yük deyildi. Tökdüyü alın təri ilə özünü idarə edə bilirdi.işdən döndüyü zaman sağlam vücudunda əsla yorğunluq hiss etmir, üzü gülür, gözü gülür, dodaqlarından axan zümzümələr belə gülürdü. Onu sıxan, onu rahatsız edən yalnız son zamanlar Almasın ondan qaçıb gizlənməsi idi.Əlisəfanın göstərişi ilə Almas ona görünməməyə başladığı zaman Polad buna çox darılmışdı. O, Almasa o qədər alışmış və isinişmişdi ki, onu görmədiyi gün ən qiymətli bir şey itirmiş olan adamlara məxsus gözləri onu axtarır, fikri onunla məşğul olurdu. Fəqət Alması sevdiyini bu vaxta qədər açıqdan-açığa nə sözlə anlatmışdı, nə də hərəkətlə. İndi bir qurd onun qəlbini gizli-gizli gəmirir, şən simasında, sürəkli qəhqəhələrinə donuq rəng, sönük bir ahəng qatırdı. Bunu anası Günəş hiss etmişdisə də, onun əsl səbəbini anlamamışdı.

Bir gün Almas anası ilə bərabər həyətdə paltar yuyarkən anasının ona dediyi bir sözdən sürəkli qəhqəhələr qopardı. Bu zaman Polad bağçada əncir ağacı altında uzanmışdı. Ona məhrəm olan bu səsi eşidincə iki əlini qulağına tutdu, nəfəs almamaq, qəlbinin çırpıntısını belə eşitməmək üçün köksünü irəli doğru qabardaraq mahir bir tarçının mizrabından qopan canlı bir musiqi kimi onu dinləməyə başladı. O lətif səs qulaqlarının ucunda canlandıqca ruhunun damla-damla əriyib qəlbinin ən isti güşələrinə töküldüyünü hiss edirdi.

Günəş onu uzaqdan bir müddət seyr etdikdən sonra mühüm bir məsələni həll etmiş adamlara məxsus bir səslə:

- Demək qızı sevir, - dedi.

Aslan bəy istirahətdən qayıtdıqdan sonra Arazın onunla etdiyi rəftarı, dediyi ağır sözləri heç yadından çıxara bilmir, bunları yadına saldıqca əsəbiləşir, qəzəbindən ürəyi şiddətlə döyünürdü. Öz-özünə: “Yox, bu həyasız oğluna mən kim olduğumu göstərməsəm, onun sinəsində sağalmaz bir yara açmasam, Rəhim bəyin oğlu deyiləm!” – deyridi. Odur ki, Aslan bəy Araza ağır zərbə eindirmək, onu fəhlələr arasında etibardan salmaq üçün gecə-gündüz yollar axtarır, tədbirlər düşünürdü. O, nəhayət, bu işi Arazın işlədiyi mədənin sahibi Qasım bəylə birlikdə görməyə qərar verdi. Qasım bəyin istirahətdən yenicə gəldiyini və orada əməlli-başlı kef etdiyini öyrəndikdən sonra Vəliyə faytonu qoşmağı əmr etdi. Bir neçə dəqiqədən sonra fayton qapıda Aslan bəyi gözləyirdi. O, cəld qapıdan çıxıb, faytona oturdu, birbaş Qasım bəyin evinə sürməyi əmr etdi.

Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. Lakin Aslan bəy qapıdan içəri girərəkən onu xoş üzlə qarşıladı, onun gəlişindən məmnun olduğunu bilirdi. Onlar zalda, məxmər örtüklü girdə stolun dövrəsində oturub bir qədər yay səyahətlərindən söhbət etdilər. Aslan bəy öz yay səyahətnii o qədər də yaxşı keçirmədiyini bildirdikdən sonra söhbəti Arazın üstünə gətirdi:

- Qasım bəy, bizim ən böyük düşmənimiz mədənlərimizdə işləyib, çörəyimizi yeyən bu azğın fəhlələrdir. Bu ac qurdlar var-yoxumuza sahib olub, bizi də öz günlərinə salmaq istəyirlər. Vallah, onları görəndə gözüm ağrıyır. Elə biri sənin mədənində işləyən Araz. Məni boğaza yığıb, sənin fəhlən olduğu üçün bir şey elətdirə bilmirəm. Bu xaxta qədər fəhlələri yolundan azdırır, üstümüzə qaldırırdı, indi də başlayıb özümüzə sataşmağa, heyvan oğlu heyvan, nə böyük-kiçik tanıyır, nə hörmət saxlayır. Peşmansan ki, bir söz deyəsən, həyasız oğlu, bir deyirsən, beş cavab qaytarır. Sənin yanına bir iş üçün gəlmişəm. Gərək bu şeytan oğlunu mədəndən iti qovan kimi qovasan. Ondan sonrası mənim boynuma.

Aslan bəyi diqqətlə dinləyən Qasım bəy gülümsəyərək:

- Aslan bəy, ilanın ağına da lənət, qarasına da, - dedi. – Fəhlələrin hansı bizə dostdur? Çarə yoxdur. Mədəni dayandırmaq ki olmaz. Canları çıxsın, qoy gündə 2 saat toz-torpaq, his-pas içində işləyib biz xozeyinlərə pul qazansınlar. Bir də indi pis vaxtdır. Bilirsən ki, bütün Rusiyada fəhlələr dünyanı dağıdır. Nikolay onların qorxusundan tir-tir əsir, birinə əl vuran kimi yüzü onu müdafiə edir. Bizimkilər də onların yolu ilə gedir. Bunu görə-görə fəhlələr içində böyük hörmət qazanan Arazı işdən necə qova bilərəm. Fəhlələr mədəni alt-üst elər. Biz indi onlarla pişim-pişimlə dolanmalıyıq. Elə mən özüm də onunla qorxa-qorxa rəftar edirəm. Odur ki, Aslan bəy, gərək məni bağışlayasan, sənin xahişini yerinə yetirə bilməyəcəyəm.

Bu sözlərdən sonra Aslan bəyin bütün ümidləri qırıldı. O, anladı ki, Qasım bəy öz fəhlələrindən, xüsusən Arazdan it kimi qorxur. Qasım bəyin dedikləri elə Aslan bəyin özünü də az qorxuya salmamışdı. Bu məsələ ətrafında danışmağı artıq bildiyindən Aslan bəy söhbətin mövzusunu dəyişdi, bir qədər neft ticarətdən danışdıqdan sonra çox pərt halda xudahafizləşib getdi.

 

 

II

 

Varis atasının tapşırığı ilə ayrı-ayrı buruqları yoxlamaq, neft istehsalı işlərini qaydaya salmaq məqsədi ilə kəndə, mədənlərə gəlmişdi. Vəziyyəti öyrəndikdən sonra şəhərə dönmək istədi. Yolda gedərkən bibisi Humayın bir ay əvvəl ona: “Daha bizi yaddan çıxarmısınız” – deyə etdiyi şikayəti xatırlayaraq, onu görmək üçün yolunu dəyişdi. Bu vaxt qonşu qapıdan çarşaba bürünmüş bir qız çıxdı. Qız Varisi görən kimi üzünü gizlədib, iti addımlarla yeyin-yeyin getdi. Varis qızın təmiz al yanağını, iri qara gözlərini, qara, sıx uzun kirpiklərini görə bilmiş və o saat ona məftun olmuşdu. Heyrətlə: “Bu nədir? Kənddə belə gözəl qız!” – deyə ayağını saxladı. Qız gözdən itincəyə qədər onun arxasınca baxdıqdan sonra bibisinin yanına gəldi. Humayla görüşdülər. Bibisinin uzun-uzadı şikayətindən Varis qızı tamamilə unutmuşdu. Birdən onu xatırlayaraq, əhvalatı bibisinə danışdı. Humay gülüb:

- Bilirəm, - dedi. – O, Əlisəfanın qızı Almasdır. Gözəl qızdır. Kiçiklikdən Arazın oğlu Polada deyiklidir. Polad onun dərdindən dəli-divanədir.

Varis Polad adı eşidincə hiddət və qəzəblə bağırdı:

- Kim? Polad, Arazın oğlu Polad? Bu lap yerində oldu. Elə onda mən bu qızı özüm alacağam.

Humay bir az düşündükdən aonra:

-           Sənə o qızı yalvarıb verərlər, - dedi, - ancaq atan bu işə razı olmaz.

-           Atamlıq nə var? Mən bu ceyran kimi qızı lüt Arazın oğluna verməyəcəyəm.

-           Yaxşı, sabah şəhərə gedib atanla danışaram.

-           Mən atama, anama baxmayacağam. Bilirəm onlar pullu qız istəyir. Qalx, qalx, bərabər gedək, - deyə Varis bibisinin qolundan tutub çəkdi.

Humay Varislə bərabər şəhərə getdi. Aslan bəy evdə yox idi. Humay söz açıb əhvalatı Qəmərə danışdı. Qəmər əli ilə ağzını tutub:

- Ağzını yum, bir daş altdan, bir daş üstdən. Onlar hara, biz hara? – dedi.

Varis ayağını yerə çırparaq:

-       Dediyimdən dönən deyiləm, - deyə qışqırdı. – Mən o qızı Poladın əlindən çıxarmalıyam.

-       Demək sən acığa düşüb alırsan?

-       Həm acığa düşüb alıram, həm də qızı gözüm tutub. O Arazla oğlunun ürəyinə elə dağ çəkəcəm ki, ölüncə sağalmasın.

Axşam əhvalatı Aslan bəyə xəbər verdilər. Aslan bəy özündən çıxdı:

- Bu heç ola bilməz! Mən it-qurd tayıyam, nəyəm? Ona özümüzə yaraşan qız alacağam.

Lakin Varis atasını çox asanlıqla razı saldı. Qəmərin ah-vayına qarşı Aslan bəy dedi:

- Mən bu işə o lüt Arazın oğlu Poladdan intiqam almaq üçün hələlik razı oluram. Yoxsa atam Rəhim bəyin otağında qotur Əlisəfanın qızını gəlin olmağa qoymazdım. İndi ki, qızı Varisin gözü tutub qoy beş gün kefini çəksin. Gözü doyandan sonra kəbin pulunu qabağına sayıb yola salarıq, gedər. Vəssalam:

Qəmər yumşalıb:

- Varis də elə deyir, - dedi. – Mən bu qızı üç aydan artıq saxlamaram.

Bu şərtə hər üçü razı oldu.

Bir neçə gün sonra Qəmər baldızı Humayla qonşusu Püstəni Almasa elçi göndərdi.

Əlisəfa evdə idi. Pakizə onları hörmətlə qəbul etdi. Bir-biri ilə umu-küsü etdikdən sonra əhvalatı açıb dedilər.

Pakizə nəzakətlə Humaya:

- Əlisəfa ilə məsləhətləşib, sabah sənə cavab göndərərəm, - dedi.

Elçilər getdikdən sonra Pakizə əhvalatı Əlisəfaya danışdı. Əlisəfa bu işdən çox razı qaldı. Başını oynadaraq:

- Pakizə, mən razıyam, kişilər bizimlə ata-baba qonşu olub, həm də adlı-sanlı adamlardır, - dedi.

Pakizə:

-   Bəs Polad? Günəş bizi buradan köçürər! Kiçikliyindən qız ona ad olub, - deyə barazılığını bildirəndə Əlisəfanın qaşları çatıldı, kirpiklərini tez-tez qırparaq:

-   Nə? Mən lüt Arazın, dəli Günəşin oğluna qız verim? Bu sözü bir də ağzına almazsan, eşitdinmi? – deyə bağırdı.

Sabahı gün Pakizə Humaya belə bir xəbər göndərdi:

“Qudalarıma de ki, kişi razıdır”.

 

 

III

 

Son zamanlar Günəş qonşusu Pakizə ilə çox az-az görüşürdü.

Bir gün Pakizə onu həyətə çağırdı. Günəş getdi, görüşdülər. Pakizə bir qədər nəşəsiz görünürdü. Günəş əhəmiyyət vermədi, çünki Əlisəfa ilə sözü düşdüyü gündən o həmişə belə görünürdü.

Günəş ətrafa göz gəzdirərək:

- Almas hanı? Heç görünmür? – deyə soruşdu.

Pakizənin siması daha da dumanlandı. O, həzin bie səslə:

-       Evdədir! – dedi. Sonra başını aşağı salıb, gözlərini qapaqları içində gizləyərək: - Xəbərin var? Dünən Almasa elçi gəlmişdi, - dedi.

-       Kimdən?

-       Aslan bəyin oğlu Varisdən.

Günəş soyuqqanlılıqla:

-                      Nə cavab verdiniz?

-                      Əlisəfa razıdır.

Bu sözdən Günəşin bütün vücudu titrədi. O, iri pəhləvan əlləri ilə Pakizənin yaxasından tutub:

- Vaeisə mən qız vermərəm! Əvvəlindən Almas Poladındır demişəm! – deyə acıqla qışqırdı.

Günəşin qüvvətli qolları arasında Pakizə yarpaq kimi titrədi. Cavab verəcək bir söz tapmadı. Bu uzun müddət qonşuluğu zamanında Pakizə ondan bu hal və hərəkəti görməmişdi. Qızlıq zamanlarında gördüyü, eşitdiyi hərəkətlər isə indi bir dastan kimi yalnız dillərdə söylənirdi. Odur ki, Pakizə onu heyrətlə süzərək:

-           Ay qız, məndən nə istəyirsən? – dedi. – Sən istədiyin vaxt quzuya, istədiyin zaman qızmış aslana dönürsən. bir də axı, məndə günah yoxdur.

-           Bunlar kiçiklikdən bir-birini istəyirlər. Bəs sizin insafınız nə deyir? O şorgöz ata ilə oğulu da ki, yaxşı tanıyırsan; “Yava itin, yava da küçüyü olar!” – deyərlər. Bilirəm, ərin onun puluna bənd olub. Donuzun da yağı çoxdur, neyləyim?.. Yüz il əlində çıraq axtarsa, Polad kimi oğul tapmaz. Almas ondan qaçıb gizləndiyi gündən uşağım biləsən nə qədər dəyişmişdir. Ürəklə oynamaq olmaz! Bunun axırı pis olar.

Arazın ailəsi Pakizənin çox xoşuna gəlirdi. Polad kimi kürəkəni olması onun ən böyük arzusu idi; yoxsul olsalar da sürdükləri dinc həyata hamı qibtə edirdi. Almasın da Poladı sevdiyini çoxdan bilirdi. Poladdan qaçmağa əmr aldığı gündən, xüsusən elçi gəldikdən sonra Almasın daxilində get-gedə şiddətlənməkdə olan müdhiş fırtınanın gizli izlərini onun üzündə sezirdi. Almas büsbütün dəyişilmişdi. O yemir-içmir, gecə-gündü düşünürdü. Iri, qara gözlərinə bir duman, gülər saf çöhrəsinə bir dalğınlıq çökmüşdü. Bunu Pakizə  görür, duyur, ürəyini sıxmaqda olan bu hissin ağırlığı altında əzilirdi. Onu rahatsız edən bu sirri nə ərinə, nə də günəşə açmağa cəsarət edirdi. O indi Günəşdən daha pis vəziyyətdə idi. Günəşin iri-iri açılan qığılcımlı gözləri ondan qəti bir cavab istəyirdi. O, çıxılmaz bir vəziyyətdə di. Nə edəcəyini, nə söyləyəcəyini bilməyərək, dərindən içini çəkdikdən sonra Günəşin ağzından aldığı sözü biixtiyar təkrar etdi:

- Doğru deyirsən, bu işin axırı pis olacaq.

Hər ikisi susub, bir-birlərinin dik gözləri içinə baxa-baxa qaldılar.

Bu zaman əhvalatdan xəbəri olmayan Almasın otaqdan həzin bir səslə oxuduğu bayatı bu sükutu bir az da uzatdı:

Qərənfilsən, putasan,

Saldın yanar oda sən,

Mən o güldən deyiləm,

Iyləsən, atasan...

Sükutu yenə Günəş pozdu:

-       Pakizə, Polada bir çarə elə, yoxsa uşaq bu dərdə dözə bilməz, - dedi. Pakizə də:

-       Durma, Almasa bir çarə! – deyə bağırmaq istədi. Lakin boğazı elə qəhərləndi ki, bir kəlmə söz deməyə belə iqtidarı olmadı. Nəfəs borusu qapanmış adamlar kimi çırpınmağa, hıçqıra-hıcqıra ağlamağa başladı. Günəş əvvəlcə bərk qorxdu. Onu qolları arasına alıb, yerə oturtdu, köynəyinin yaxasını açdı. Üzünə çiləmək üçün “su, su!” – deyə çığırdı. Bu səsə hər iki qonşu ailənin üzvləri həyətə atıldılar. Bir az sonra Almas boynunu bükərək əlində bir kasa su anasının başı üstündə durub ağlayırdı. Günəş isə xəstənin üstünə su çiləyərək:

-       Pakizə, Pakizə!- deyə səslədi.

Səsə Polad gəlib çıxdı. O, kasanı Almasın əlindən alıb, Pakizənin dodaqlarına gətirdi. Iki-üç qurtum su içdikdən sonra:

- Qorxmayın, qorxmayın, indi ayılar, - dedi.

Poladın qətiyyətlə dediyi bu söz Almasın qəlbinə böyük bir qüvvət verdi. Polad əlindəki kasanı Almasa uzadaraq hər ikisi həsrətli baxışlarla bir-birlərini süzdülər. Bu baxışlar üç aydan bəri gündən-günə böyüyərək, gündən-günə artaraq ürəklərində bərkimiş olan sıxıntı və kədərin əzici ağırlığını, təcrübəli bir doktorun verdiyi əlac kimi bir anda hər ikisinin üzərindən götürdü. Hər ikisi özlərini yüngül hiss etdilər. Lakin Almas yenə çox qəmli və pərişan idi. Düşüncəli gözlərini yerə dikərək durmuş, sanki bununla: “Almasını səndən ayırmaq istəyirlər, tez bir çarə elə!” – demək istəyirdi. Təəssüf ki, bu xoş görüş uzun sürmədi. Əlisəfa qapıdan içəri girər-girməz Poladı görüb, sərt və qəti bir səslə:

- Sənin daha oğul-uşaq içinə girən vaxtın deyil, böyümüsən, bir də buralara gəlmə! – dedi.

Polad acığından tir-tir əsdi. Ancaq bir söz demədi, yeyin addımlarla çıxıb getdi. Əlisəfanın bu hərəkəti Günəşin qəlbini bir neştər kimi dəldi.

Pakizə artıq ayılmış, gözlərini açmışdı. Əlisəfa onun qolundan tutub qaldırdı. Günəş əsəbi halda evə döndü.

 

 

IV

 

Polad əncir ağacı altında oturub, həzin səslə oxuyurdu. Günəş bilə-bilə onu tək buraxmışdı. Yalnız Araz gəldyii zaman:

- Oğlum, gəl çay iç, - deyə onu çağırdı. Polad gəlmədi, qalxıb hara isə getdi.

Günəş əhvalatı açıb Araza danışdı. Araz onu çox soyuqqanlıqla dinlədi. Sadəcə gülümsəyərək:

- Allah xeyir versin! – dedi.

Arazın bu işə əhəmiyyət verməməsinə. Günəş heyrət etdi, çünki onun Poladı həddindən çox sevdiyini bilirdi. Gözlərini geniş açaraq ciddi bir səslə:

-                      Gülmə, - dedi, - bunun axırı bilirsənmi nə olar?

-                      Nə olar? Özünü öldürər? Mənim oğlum elə iş görməz!

-                      Birdən gördü, sonra?

Araz gülümsəyərək:

- Mən də cavan ikən məhəbbətin hər macərasını görmüşəm, hər acısını dadmışam, - dedi. – O mənim qədər istəməmiş və istəyə də bilməz!

Arazın bu sözləri Günəşi çox maraqlandırdı.

Günəş:

-                      Səndə tzəə xəbərlər varmış! – dedi və heyrətlə soruşdu:

-                      İstədiyin kim imiş?



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info