Qonaq Kitabı
ARAZ

-                      Sən!

-                      Yalan!

-                      Ömrümdə yalan danışdığım yadıma gəlmir.

Günəş doğrudan da iyirmi beş il ərzində Arazın bir dəfə də yalan danışdığını eşitməmişdi. Odur ki, mənalı-mənalı gülümsəyərək soruşdu:

-                      Bu nə zaman olmuşdu?

-                      Sən hələ qız ikən!

-                      Nə qız ikən nə də sonra səndə bunu görməmişəm.

-                      Arvad gözü mənim məhəbbətimi görə bilməz!

Günəş şirin düşüncələr içində susdu. Arazın son sözü onun qadınlıq qüruruna toxunduğu halda məmnun idi. Arazın etirafı onun iyirmi beş illik həyatının bütün sirlərini açmış, dumanlarını silmiş, təmizləmişdi. Bu xoş xəbər Günəşin qəlbindəki şöləni daşqın bir surətdə partlatdı. O şölənin nüfuzedici şəfəqləri ilə iyirmi beş illik həyatı zehnində canlandı. Onu incədən-incəyə keçirərək hər yarpağında, hər sətrində Arazın anlatmaqda olduğu sevdanın büllur izlərini yavaş-yavaş duymağa başladı. O artıq Araza haqq verirdi. Ancaq ona dadlı xatirələr, qızğın duyğular bəxş edən eşqin bu vaxta qədər ondan gizlətməsini əsla bağışlaya bilmirdi.

Uzun bir müddət birlikdə həyat keçirmiş olduğu bu adamın gizlətdiyi hissləri indiyə qədər duya bilmədiyinə yanıb-yaxılırdı. Dəmir təbiətli, polad iradəli Arazda gördüyü, bildiyi bu kimi fövqəladə hallara heyrət edirdi. Bu düşüncələr içində Günəş birdən-birə başını qaldırıb heyrətlə parıldayan gözlərini Araza dikərək qaldı. Araz: “Nə baxırsan?” – deyə soruşduğu zaman Günəş gülümsəyərək “Heç!” deyə məhcub və məmnun bir tövrlə başını aşağı dikdi.

Artıq hər ikisi dadlı düşüncələrin büllur qanadlarında uzaq aləmləri dolaşır, ulduzlu, günəşli həyatın zehinlərindən bir-bir sürətlə keçməkdə olan canlı xatirələri ilə məşğul görünürdü. Günəşi bu dadlı xəyallardan Arazın gur səslə:

-       Yatmaq vaxtı gəlib, - deməsi oyatdı. Düyməsinə barmaqla azca toxunan kimi sönən elektrik lampası tək Günəşin ruhunu oxşayan xoş xatirələrin şəfəqləri bir anda zehnindən silindi. Poladı yenidən xatırlayınca nəşəsi qaçdı, üzü dumanlandı. O. titrək və həzin bir səslə:

-       Mənə hər nə deyirsən de, bu iş məni yaman qorxudur, - dedi.

Araz qəti və gur səslə:

- Qorxma, hər şey öz qaydası ilə gedəcək! – deyə cavab verdi.

Günəş susmağa məcbur oldu. Düşüncəli gözləri ilə onun pəhləvan gövdəsini nəzərdən keçirərək Araza haqq verdi. Oğlu Poladın atasına bənzədiyini düşünərək ürəkdən sevindi. Lakin bu sevinc çox sürmədi. Günəşin üzünü yenə duman aldı. O, Almasın Varisə verilməsinə Poladın dözə bilməyəcəyindən qorxurdu. Araz onun qəlbindəki fırtınanı üz-gözündə seyr edirdi. O birdən-birə əlini yerə çırparaq:

-       Qalx, sən də yaşa dolduqca kövrəlirsən, əvvəlki Günəş deyilsən, - dedi.

-       Polad kimi oğul anasıyam yenə də dəyişilməyim?

-       Mən nə üçün dəyişilmədim?

-       Mən də ona heyrət edirəm.

-       Dünyada sevmədiyim, ən çox qorxduğum şey zəiflikdir. Bu kövrəkliyi, zəifliyi Polada keçirməkdən qorxuram. Mən bilmirəm, səhərə qədər ürəyindən bu sıxıntını silib təmizləyəcəksən, anladınmı?!

Günəş dinməz-söyləməz yerindən qalxdı, lakin yenə oğlunu xatırlayıb: “Polad gəlib çıxmadı” demək üçün üzünü Araza çevirdi. Ancaq cəsarət etməyib, geri döndü. Araz onun nə demək istədiyini dərhal başa düşüb:

- Sən onu düşünmə, o indi daha yaxşı yerdədir, - dedi.

Günəş heyrət edərək “necə də insanın qəlbini oxuyur” – deyə düşündü. O indi yatağında yuxuya gedə bilməyərək, Arazın dediklərini bir-bir yadına salır, Poladın bu gecə evə dönmədiyini düşünüb, yenə narahat olmağa başlayırdı. Araz isə çoxdan xoruldayırdı. Birdən qapı şiddətlə vuruldu. Günəş cəld yerindən sıçrayıb, ayağa durdu. Yeyin addımlarla qapıya qaçdı. Şüşə arxasından Poladın fəhlə yoldaşı Qanbayı görüncə qorxu ilə:

- Nə var, Qanbay? – deyə soruşdu.

Qanbay onun qorxduğunu hiss edərək:

-   Heç bir şey, Polad sazını istəyir, onu aparmağa gəldim, - deyə cavab verdi.

 

V

 

Polad gecəni yoldaşı Qanbayla birlikdə çox xoş keçirmişdi. Səhər qalxıb işə getdikləri zaman hər ikisi nəşəli görünürdü. Poladın qara və sıx kiprikləri arasında qaynayan alıcı laçın gözlərində, al-qırmızı yanaqlarında oynaşan parlaq şəfəqlər simasına bir başqalıq vermişdi. O, elə sürətlə işləyirdi ki, Qanbay heyrətlə parıldayan gözlərini ondan ayıra bilmirdi. Fyodor əli ilə Qanbayı vurub, yaxındakı buruğun yanında duran adamları göstərərək:

- Bu qurdlar yenə burada nə gəzir? – deyə soruşdu.

Hamı onlara doğru çevrildi.

Mədən sahibi Aslan bəy yaxındakı mədəni əli ilə məhkəmə pristavına göstərib:

- Onun mədəni  budur, - deyirdi, - yuxarı tərəfdən on beş sajen mənim yerimə giribdir. Bax, bu mənim yerimin planı, hələ nöyütümün yarısı da oğurlanır.

Məhkəmə pristavı heyrətlə Aslan bəyə baxaraq:

- Necə oğurlanır ki, heç kəs görmür? – deyə soruşdu.

Aslan bəy başını oynadaraq:

- Çox gözəl, öz qaydasilə. Bu gün ən böyük firmalar bu oğurluqla məşğuldur. Mənim trubamdan öz turbasına yol açdırıb gecə-gündüz inək kimi sağır. Üç-dörd dəfə oğurluğunu tutmuşam, yenə də fürsət tapdıqca sağmaqda davam edirlər.

Polad astaca:

- Siz bizi sağdığınız kimi, - deyə yoldaşlarının üzünə baxdı.

Bu sözləri Aslan bəy eşitmədi. Məhkəmə pristavı Aslan bəyin dediklərini təsdiq edib dedi:

-           O, sizə haqsızlıq etmişdir. Qəsb etmiş olduğu yer sizə qaytarılacaq. Bu gün yazacağam, bunların hamısını göstərəcəyəm. Neft oğurluğuna onu da açaram. Arxayın ol. Bu xüsusda yəqin ki, məhkəmə sədri ilə də görüşmüsünüz.

-           Onu çoxdan görmüşəm.

Məhkəmə pristavı mənalı-mənalı gülərək, əlini Aslan bəyin çiyninə qoydu.

-           Demək, işi qazanmısan, - dedi və hər ikisi söhbət edə-edə yanlarındakı iki polislə birlikdə mədəndən uzaqlaşdılar. Polad onları nifrətli baxışlarla yola saldı:

-           Fyodor, bu oğru-quldur dünyasından qurtardığımız günü görsəydik, - deyə köksünü ötürdü.

Qanbay:

- Bunlar bizim həyatımızı zəhərləyən mikroblardır, - deyərək qaşlarını çatdı.

Arşak

Burjuaziya dünyası mikrobsuz yaşaya bilmir, görünür, bunda da bir hikmət var.

Polad kəskin bir səslə:

- Bu hikmət deyil, zillət və möhnətdir. Onu kökündən qoparıb atmaq lazımdır, - deyib sürətlə işləməyə başladı.

Polad bu sözü o qədər kəskin bir tərzdə dedi ki, hamısı dərin bir düşüncə içində susdu. Qanbay əlində bir parça çörək Polada yanaşıb:

-           Sən yaman çalışırsan! – dedi.

-           Demək, yaşayıram.

-           Çalışmayanlar yaşamırmı?

-           Yox sürünürlər, bir az sonra da öləcəklər!

-           Bu mədənlərə sahibolan ağalar gecə-gündüz kefdən ayrılmırlar. Bu vur-çatlasın, çal-oynasındır ki!.. Səncə onlar, yaşamırmı?

Polad onun sözünü kəsərək:

-           Məqsədsiz həyat keçirən, alın təri tökməyən, əmək çəkməyən insanlar həyatın həqiqi zövqünü dadmayanlar və duymayanlardır. Onların bütün zövq və nəşəsini toplayasınız (alnının tərin silərək) mənim bu alın tərindən aldığım zövq və nəşə yanında çox kiçik qalır.

-           Iş nəşə deyil, yorğunluq verir.

-           Doğru deyirsən, aslanbəylər üçün işləmək heç vaxt nəşə doğura bilməz. Lakin işsizlik və səfalət, əyyaşlıq isə insanı daha çox yorur və sağlam düşüncədən uzaqlaşdırır. Insan ikən hətta onu heyvan dərəcəsinə qədər alçaldır. Bu səfalət və əyyaşlığın onlar bir gün çəzasını çəkəcək.

Polad daha danışmayıb ciddi surətdə işinə davam etdi. Mühəndisin dediyinə görə daha bir metr qazıldıqdan sonra üst neft təbəqəsinə çatmalı idi. O qazdıqca quyudan çıxan torpağı gözdən keçirir, iyləyir, ancaq neftdən bir əlamət tapmırdı. Bu təcrübə onu çox maraqlandırmış olduğundan böyük bir həvəslə çalışırdı.

Fyodor Poladın belə bir maraq və həvəslə çalışdığını görüb:

- Nə olub, Polad? Bu gün səndə başqa bir hal var? – deyə soruşdu.

Polad işinə davam edərək:

-   Onu mən də hiss edirəm. Demək, həyatımda doğacaq bir fırtınanın müjdəçisi...

-   Bu fırtına xeyirdənmi doğacaq, şərdənmi?

-   Onu yəqin bilmirəm, hər halda ikisindən birisi...

-   O fırtınanın nə üçün səndə bu qədər həvəs doğurduğuna çaşıram.

-   Çaşmaq, çaşqınlıq iradəsizlikdən doğar və döyüşdə insanı həmişə məğlub edər.

Fyodor:

- Oho, dostum, sənin filosofluğun da varmış, - deyə qəhqəhə ilə güldü.

Polad bir şey hiss etmiş kimi durdu; ştanqlar qalxıb-endikcə baltanın diqqətlə dinlədi, sonra qəti bir səslə:

- Balta qırılmışdır, - dedi.

Qanbay, Fyodor və Arşak heyrətlə ona baxdılar.

Fyodor ona yaxınlaşdı, ştanqın quyuya enib-qalxmasına diqqətlə baxdıqdan sonra gülümsəyərək:

- İnjener olduğunu bilmirdim! Heç bir şey qırılmamışdır, - dedi.

Polad qəti səslə:

- Balta qırılmışdır, - deyə təkrar etdi.

Qanbay ona yaxınlaşaraq:

-           Hələ sən qırılanın balta olduğunu nədən bildin? – deyə soruşdu. – Qırılan bəlkə ştanqdır ya başqa şeydir?

-           Balta olduğunu indi sübut edərəm, - deyə Polad quyunun içindən baltanı çıxarmağa çalışarkən, mühəndis gəlib çıxdı və onları bir yerdə görüncə:

-           Tənbəllər, nə üçün işləmirsiniz? – deyə çığırdı.

-           Mixail Andreyeviç, balta qırılmışdır. Onu quyudan çıxarmaq istıyirik.

Mixail Andreyeviç acıqlı-acıqlı Poladı süzdükdən sonra:

-       Ey, nə üçün qazmırsan?

-       Balta qazmayır, onun üçün.

-       Qazmadığını nədən bildin?

-       Qulağımın alışmış olduğu səsdən. qazdığı qaman başqa cür səslənir.

-       Nə həssas qulağın varmış! Quyunun iki-üç yüz metr dərinliyində baltanın qırıldığını səsindən bilir!

Mühəndis sonra Poladı əli ilə kənara itələyib, ştanqları özü quyuya buraxdı. Ştanqlar quyuya enib qalxdıqca baltanın səsinə qulaq asmağa başladı. Sonra Polada tərəf dönüb:

- Ay uşaq, qırılan balta da belə səslənər? Yoxsa sənin qulağın mənim başımdan çox bilir? – deyə hirslə soruşdu.

Polad gülümsəyərək:

- Onu ölçməmişəm, - deyə cavab verdi.

Mühəndis öz bilik və təcrübəsini göstərmək, Poladı susdurmaq üçün baltanı quyudan çıxarmağa başladı. Fəhlələr işin nə ilə bitəcəyini böyük bir maraqla gözləyirdilər. Ştanqlar quyudan çıxdıqdan sonra Polad qırılmış baltanı reşteldən çıxarıb, əli ilə yuxarı qaldıraraq:

- Baxın! – deyə hamıya göstərdi.

Balta doğrudan qırılmışdı. Fəhlələr onu məmnun baxışlarla süzərək:

- Sağ ol, Polad, - dedilər.

Fyodor ona yaxınlaşıb əli ilə çiyninə vuraraq:

- Sağ ol, sağ ol, Polad! – dedi və dönüb Mixail Andreyeviçə baxaraq güldü. Mixail Andreyeviç qızardı, bizardı, bir söz deməyib tələsik çıxıb getdi.

Poladın bu qələbəsi fəhlələrdə öz istedad və bacarıqlarına böyük bir inam doğurmuş, ruh yüksəkliyinə səbəb olmuşdu.

Iki gün sonra Poladı kontora çağırdılar. Polad işini yarımçıq qoyub kontora getdi. Hesabdar onu görçək bir parça kağız uzadıb:

-           Bura qol çək! – dedi və 3 manat 21 qəpik pulu onun qabağına qoydu. Polad məsələnin nə yerdə olduğunu dərhal anladı.

Kontora kiçik adamlarla işdən nə üçün çıxarıldığı haqda söhbət açmağı qüruruna sığışdırmadı.

Aldığı pulu cibinə qoydu, üz-gözündə oynaşan qəzəb və intiqam qığılcımlarını gizlətməyə çalışaraq kontorda oturmuş adamlara tərs bir nəzər saldı və heç bir söz demədən çıxıb getdi.

Fəhləlik həyatında olan bu ilk zərbəni Polad çox soyuqqanlı və mətanətlə qarşıladı. Öz iş bacarığına güvəndiyi üçün iki-üç gün içində daha əlverişli bir iş tapacağına inanırdı. Çünki, nə qədər gənc olsa da, o indi özünü adi fəhlə deyil, mahir bir usta və təcrübəli bir mexanik sayırdı. Quyunun üç yüz metr dərinliyində baltanın qırıldığını duyan qulaqlarına, təcrübəsinə inanırdı. Maşınlar və müxtəlif mədən alətləri onun əlində bir oyuncaq kimi idi. Lazım gəldiyi zaman açar, ən kiçik hissələrini bir-birindən ayırar, yenidən qurardı. Hətta ehtiyac olursa kiçik təmiratı belə özü edirdi. Ondan biliksiz usta və mexaniklər ayda qırx beş, əlli manat aldığı halda, o nədən qorxacaqdı. Bu xülyalarla evə döndüyü zaman Araz iri döşəkcəsi üzərində əli ilə sağ dizinə dirsəklənərək oturmuş, Günəş də dəlləyə getmədiyindən şikayət edir, əli ilə onun qolundan çəkərək: “Qalx, get, başını qırxdır, gəl!” – deyirdi. Polad aldığı pulu atasının qabağına ataraq:

- Vuruşmayın, dəllək pulumuz var! – dedi.

Araz heyrətlə:

-                      Bu nə puldur? – deyə soruşdu.

-                      Əmək haqqımızdır.

Arazın heyrəti bir qat daha artdı:

- Hələ donluq almağına çıx qalır. Yoxsa işdən qovdular?

Polad atasının yanında oturdu. Əhvalatı bütün təfsilatı ilə ona danışdı. Hər üçü bu hadisənin təsiri ilə bir an susub qaldılar. Oğlunun söhbətini böyük maraqla dinləyən Günəş, birinci olaraq sözə başladı:

- Sən də kişinin biliyini heçə vurduqdan sonra heç olmasa üzr istəyəydin, - dedi.

Araz Polada cavab verməyə imkan vermədi, narazı vəziyyətdə Günəşə baxıb:

- Polad öz işini bizdən yaxşı bilir. Ac qalmaq, acından ölmək fəlakət deyil, ən böyük fəlakət namussuz yaşamaqdır! – dedi və Poladın onun qabağına qoyduğu puldan iki şahı götürüb dəlləyə getdi.

O gün Azad Bakı Komitəsinin qərarı ilə Həştərxana yola düşməli idi. Azadı yola salmaq isə Arazla Vanyaya tapşırılmışdı. Araz dəlləkdən qayıtdığı zaman Vanya evdə oturub Poladla şirin söhbət edirdi. Araz öz vaxtından bir az tez gəlib çıxmışdı. Odur ki, söhbət üçün bir qədər vaxt qalırdı. Vanya Poladın işdən çıxarılmasını Araza xatırladıb mədənlərdəki hərc-mərclikdən, haqsızlıqlardan qəzəblə danışdı.

Araz və Polad onun dediklərini təsdiq etdilər. Saat 10-u vurduqda Arazla Vanya qalxıb onlara tapşırılan vəzifəni yerinə yetirmək üçün getdilər.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info